Gördüm vaxt keçir, getdim mənzilə.
Axşam saat altıda yuxudan oyanıb samavar istədim. Nökər samovarı gətirib stolun üstünə qoydu. Çaynikə çay salıb, üstünə su alıb qoydu samavarın başına. Çay dəm alınca, mən də əl-üzümü yuyub, gəlib əyləşdim.
Bir az keçmişdi, Məşədi Həsən gəldi. Məşədi Həsənlə bahəm adama bir neçə stəkan çay içdik. Sonra Məşədi Həsən dedi:
– Dur gedək gəzməyə.
Dedim:
– Bundan sonra haranı gəzəcəyik?
Dedi:
– Bir az gedib Sərdar bağında gəzərik, oradan da gedərik dumaya. Bu gün orada yığıncaq olacaq, bizim dumaya baxarsan, görərsən Tiflis dumasına oxşayır, ya yox.
Məşədi Həsənin təklifinə “baş üstə”dən özgə cavab tapmayıb, durdum ayağa paltonu geydim, ağacı aldım əlimə, dedim. “Bismillah”.
Məşədi Həsən də ayağa durdu, bir yerdə düzəldik bağa tərəf. Nömrədən çıxıb, sağ tərəfə gedib, oradan da Yaqubson küçəsinə döndük ki, birbaş Sərdar bağına və birbaş da müsəlman qiraətxanasına çıxır.
Bağ gözəl bağdır: bir böyük xiyabanı var ki, iki tərəfindən uca çinarlar qalxıb baş-başa dəyib, gündüz günün işığını, gecə Ayın işığını camaatdan kəsir. Ancaq gündüz eyib eyləməz, sərin olur. O ki gecə, Allah göstərməsin, gözə barmaq dürtsən görülməz, xiyabanda, duma tərəfdən üç çıraq asıblar, çıraqlardan da heç işıq düşmür, deyirlər ki, duma buyurub ki, neftə qənaət olunsun. Bağın sair yerlərində çıraq yoxdur, ancaq göy ot və uca ağaclar adamın könlünü açır. Bunlara baxıb Gəncənin cavanlarına şükür edirdim ki, Qarabağ cavanları tək ağaclarda xəncərlərini imtahan edib, şəhəri bağsız qoymuyublar. Xülasə, Gəncənin bağı hər barədə tərifə layiqdir. Xiyabanın iki tərəfində skamyalar qoyulub ki, gəzənlər əyləşib dincəlsinlər və səyahət edən gimnaziya uşaqlarına tamaşa etsinlər. Bir az gəzib, biz də yorulub bir skamya üstündə əyləşdik. Mənim sağ tərəfimdə də üç nəfər cavan müsəlman əyləşmiş idilər. Gördüm cavanlardan biri üzünü o birilərinə tutub dedi:
– A kişi, burada oturmaqdan fayda yoxdur, durun gedək bir az yellədək.
O saat yoldaşları bunun sözünü təsdiq edib durdular ayağa. Üçü də getdi.
Dedim:
– Məşədi Həsən, yellədək nədir?
Dedi:
– Bu, Gəncə dilidir, yellətmək içməyə deyirlər, bunlar bu saat getdilər “Sansusi” deyilən restorana içməyə.
Soruşdum:
– “Sansusi” haradadır?
Dedi:
– Yaxındadır, elə dumanın yolundadır.
Dedim:
– Amandı, məni bir oraya çək.
Bağdan çıxıb əvvəl sol tərəfə getdik, sonra döndük bulvar küçəsinə, küçə ilə gedib əvvəl Çeralovun hamamı, sonra “Sentralnı” deyilən qastinsənin yanından ötüb, çatdıq “Sansusi”yə. “Sansusi” ibarətdir iki otaqdan: biri bufetdir və biri də zaldır. Həm bufetdə, həm zalda çoxlu stollar qoyulub. Stolların hamısında gördüm müsəlman cavanları əyləşib urhaura məşğuldurlar: pivə, araq, şərab Gəncə çayına dönüb.
Götürhagötürün, stəkanların bir-birinə taqqıltısının səsindən qulaq tutulur. Biri deyir: məşədi filan, sənin sağlığına ha. Biri deyir: kərbəlayı filan, çox razıyam. Xülasə, çox mehribançılıq və ittihad nişanəsi gördüm. Şərab, pivə içən hamısı müsəlman və heç birisindən şkola üzü görüb obrazovaniya almaq nişanəsi görünməyirdi. Öz-özümə dedim: yazıq bunların ataları bunları şkolaya qoymayıblar ki, gedib çaxır içərlər. Əlhəmdüllah, bunlar da atalarının haqq-səyini itirməyiblər və hər gün “Sansusi”də ibadətə məşğuldurlar.
“Sansusi”dən çıxıb getdik dumaya. Yuxarı mərtəbəyə çıxıb bir dar və alçaq otağa daxil olduq. Otağın bir başında bir böyük göy mahud örtülü stol, stolun dalında üç dənə kürsü, biri qlavaya, ikisi də üzvlər üçün qoyulub. Camaat vəkilləri yığılıb koma-koma orada-burada söhbət edirdilər. Bir az keçmişdi qapının zəngi çalındı: storojlar, piserlər, hamısı yüyürdülər qapıya. Bir də gördüm bir qoca kişinin qolundan neçə adam yapışıb yuxarı çıxartdılar, axırda gətirib üzvlər üçün müəyyən olan kürsülərin birisinin üstünə qoydular. Soruşdum:
– Bu kimdir?
Məşədi Həsən dedi ki, bu uprava üzvü Afşarov cənablarıdır.
Bu halda dübarə zəng çalındı, camaat qapıya yüyürüşüb tez ayrı qoca kişini haman qərar gətirib o biri kürsünün üstünə qoydular. Məşədi Həsən dedi ki, bu da ikinci üzv Cahangirxan Xoyski cənablarıdır. Məşədi Həsəndən soruşdum ki, səbəb nədir ki, hər bir şəhərdə uprava üzvlərini cavanlardan seçirlər, amma Gəncədə belədir?
Dedi:
– Şəxs dünyada nə qədər ömür etmiş olsa, bir eylə onun təcrübəsi artıq olar; upravada da gərək təcrübəli adamlar əyləşsinlər. Bu cənab Afşarov həmin ermənidir ki, bir vaxtında Gürcüstan padşahı İkinci İrakliyə hame olubdur və Cahangirxan cənabları Axtaxan19 əsrində Xoydan gəlib, o vədədən Gəncədədir; gələndə də cavan oğlanmış.
Dedim:
– Dur gedək.
Dedi:
– Dayan görək nə danışacaqlar?
Dedim:
– Lazım deyil, belə cahandidə20, cəngamudə21 üzvlərin danışı-ğında diqqət olmaz. Mənim də qələmim onların vəsfini yazmaqdan acizdir, necə ki, şair deyibdir:
Bəni-adəm əzaye yekdigərənd,
Ke dər afərineş ze yek cohərənd,
Ço ozvi bedərd avərəd ruzqar22…
Bəravərənd qolamane u derəxt əz bix23.
Məşədi Həsən dedi:
– Axır qafiyə düz gəlmədi.
Dedim:
– Eybi yoxdur, bunu da Sədi deyib.
Dumadan mənzilə qayıdıb yatdım.
Sabah tezdən Məşədi Həsən gəldi, getdik şəhəri gəzməyə. Gəncə şəhərinin ortasından bir böyük çay axır. Bu çay şəhəri iki hissəyə bölüb, yuxarı hissəsi ermənistandır, aşağı hissəsi müsəlmanıstan. Ermənistandan bir şey yazmaq istəmirəm, çünki hər şəhərin ermənistanı bir növdür. Keçək müsəlmanıstana. Müsəlmanıstan neçə məhəllədir ki, bura dilində küçə deyirlər. Küçələr: Ozan, Zərrabi, Əttarlar (burada, keçmişdə cavanların qazancı dərin bir quyuya düşüb hələ də gedir),