4
Ejen Rastinyak istedadlı və qabiliyyətli gənclərin hamısına xas şəkildə davranmağa başlamışdı. Parisdə yaşadığı birinci il məşğələlərin asan olmasından istifadə edərək boş vaxtlarını şəhərin gözəlliklərini seyr etməklə keçirirdi. Bu zaman o hər şeylə xüsusi maraqlanırdı. Tələbə yavaş-yavaş həyata daxil olur, köhnə adətlərdən uzaqlaşır, həyata baxışını genişləndirirdi.
Ejen dil və hüquq elmləri bakalavrı dərəcəsini aldıqdan sonra onun uşaqlıq xəyallarından, əyalət görüşlərindən heç bir əsər-əlamət qalmamışdı. Odur ki öz ata-baba malikanəsində yaşadığı zaman hər şeyə aydın nəzərlə baxırdı. Atası da, anası da, iki qardaşı, iki bacısı da, təqaüddən başqa heç bir sərvəti olmayan xalası da həmin kiçicik malikanədə yaşamaqda idi.
Ejen ailəsinin daim ehtiyac içində olduğunu, bu ehtiyacı alicənablıqla ondan gizlətməyə çalışdıqlarını görürdü. Bir çox hadisələr onun qəlbində həyatda uğur qazanmaq arzusunu on qat artırmışdı. O, cəmiyyətdə qabağa getmək ehtirası ilə alışıb-yanmaqda idi. Qadınların cəmiyyət həyatında nə qədər böyük nüfuza malik olduqlarını duyduqdan sonra, o özünə himayədarlıq edəcək bir qadın tapmaq eşqiylə dərhal aristokrat məclislərinə can atdı. Vaxtilə xalası madam de Marsilyak sarayda xidmət etmişdi. Onun yüksək kübar məclislərində dostları vardı. Ejen onlardan kiminlə tanış ola biləcəyini xalasından soruşdu. Qocalmış xanım çox götür-qoydan sonra bir qərara gəldi ki, bacısı oğluna yardım əli uzada biləcək ən münasib şəxs vikontessa11 de Boseandır. O, bu məqsədlə gənc xanıma məktub yazaraq Ejenə verdi. Rastinyak Parisə gəldikdən bir neçə gün sonra xalasının məktubunu madam de Boseana göndərdi. Vikontessa cavab olaraq onu bala dəvət etdi. Bal ertəsi günə təyin edilmişdi.
1819-cu il noyabrın axırlarında ailə pansionunda ümumi vəziyyət bu şəkildəydi.
Bir dəfə Ejen madam Boseanın təşkil etdiyi baldan evə düz gecə saat ikidə qayıtdı. O, hüquqa dair kitabları vərəqləməzdən əvvəl bir neçə dəqiqə dalğın-dalğın oturdu. Vikontessa de Boseanı ağlından çıxara bilmirdi. Bu qadın Paris əyan məclislərinin çariçası idi; evi Sen-Jermen məhəlləsinin ən gözəgəlimli evlərindən sayılırdı. Kübar aləminin yuxarı təbəqələrinə mənsub olan vikontessa yoxsul tələbəni yaxşı qarşılamışdı. Ejen vikontessa ilə yenicə bir neçə kəlmə kəsmişdi ki, diqqətini başqa bir yaraşıqlı qadın cəlb etdi. Bu, ucaboylu, şöhrəti bütün Parisə yayılmış qrafinya Anastazi Resto idi. Rastinyak iri, qara gözləri olan bu qadına yaxınlaşıb elə birbaşa soruşdu:
– Madam, sizi harda görmək olar?
– Hardamı?.. – qrafinya dedi, – Bulon meşəsində də olar, öz evimdə də olar… hər yerdə olar.
Ejen bu xanımı «adlı-sanlı» hesab edərək özünü madam de Boseanın əmisi oğlu kimi təqdim etdi. Bundan sonra qrafinya ona evinə gəlməyə icazə verdi. Vidalaşarkən gülümsəməsindən Ejen daha da ruhlandı və belə qərara gəldi ki, qrafinyanın görüşünə mütləq getmək lazımdır.
Tələbə oğlanı bu coşub-daşan fikirlərdən eşitdiyi inilti ayırdı. O, yavaşca qapını açıb dəhlizə çıxdı. Qorio atanın qapısı altından gələn işığı gördü. Ejen düşündü ki, qonşusuna nəsə olub. Odur ki qapıya yaxınlaşdı, açar deşiyindən içəri baxdı. Qoca işləyirdi. Tələbənin gördüyü mənzərə özünü keçmiş fabrikant kimi qələmə verən bu şəxsin dürüstlüyünə şübhə yaradırdı. Qorio ata stolu arxası üstə aşırıb, onun ayaqlarını yuxarı çevirmişdi. Əlində tutduğu gümüş qabı kəndirlə stolun ayaqlarına dolayıb var gücü ilə əzir, külçə halına salırdı.
Rastinyak qocanın gümüş qabı əzdikcə damarları çıxan əllərinə baxıb düşünürdü: «Bir bunun gücünə bax!” Sonra tələbə Ejen dikəlib belini düzəltdi və öz-özündən soruşdu: “Bəlkə bu, özünü əbləh yerinə qoyaraq oğurluq mal satan bir tacir, ya da oğrudur?”.
Tələbə yenə gözünü açar deşiyinə dirədi. Qəmgin nəzərlərlə əzib yumruladığı gümüş külçəsinə baxdıqca Qorio atanın gözləri yaşarırdı. Sonra o, otağı işıqlandıran burma şamı söndürdü. Rastinyak qocanın dərin bir ah çəkərək yatağa uzandığını eşitdi. Öz-özünə pıçıldadı:
– Bu adam lap divanədir!
Bu zaman o, Qorio atanın ucadan dediyi sözləri eşitdi:
– Zavallı balam!
Ejen bu sözləri eşidib belə qərara gəldi ki, bayaq gördükləri barədə heç kimə bir kəlmə də danışmasın. Düzdür, qocanın qəribə davranışları onun barəsində şübhələr yaradır, ancaq Rastinyak qonşusunu belə tələm-tələsik ittiham etməyi də mənasız sayırdı.
Rastinyak otağına qayıdıb hüquqa dair kitabları səhifələməyə başladı. Lakin fikirləri çox dağınıq idi deyə düz-əməlli çalışa bilmirdi. Bir yandan Qorio atanın şübhəli davranışları, o biri yandan qrafinya de Restonun xəyalı Ejeni çalışmağa qoymurdu.
Nəhayət, o, yatağına uzanıb ölü kimi yatdı.
5
Ertəsi gün Parisin üstünü duman bürümüşdü. Duman elə sıx idi ki, az qala bir addım irəlini görmək mümkün deyildi. Saata baxmasan, vaxtı təyin edə bilməzdin: səhərdir, günorta, ya axşama doğru? Halbuki səhər saat onun yarısı idi. Ancaq madam Voke hələ də yuxudan ayılmamışdı. Kristofla Silviya kirayənişinlər üçün bişirilən südün üzünə yığılmış qaymağı toplayıb hazırladıqları qəhvəni içməklə məşğul idilər.
Kristof dedi:
– Saat ona on beş dəqiqə qalıb, amma heç kəs yerindən tərpənmir.
Silviya:
– Nə xəbərdir? – dedi. – Tələsən yerin var? Evdə heç kəs yoxdur. Madam Kutür öz qızı ilə səhər saat səkkizdə müqəddəs Etyen kilsəsinə ibadətə gedib. Qorio ata əlində bir bağlama ilə küçəyə çıxıb harasa yollandı. Onlar gedəndə mən aşağıda pilləkən təmizləyirdim. Hələ Qorio ata əlindəki bağlama ilə mənə yüngülcə toxundu da: dəmir kimi bərk bir şey idi. Görəsən, bu qoca kaftar nə işlə məşğuldur? Hərəkətlərindən heç şeytan da baş açmaz. Düzdür, pansionda hamı onu dolayır. Ancaq kirayənişinlər arasında ən yaxşısı yenə də odur. Bəzən məni hər hansı bir iş üçün qızlarının yanına göndərir, onlar isə heç vaxt bəxşişimi əskik etmirlər.
– Sən əminsən ki, onlar Qorio atanın qızlarıdır? Bir düjündülər.
– Məni ancaq ikisinin yanına göndərib. Başqa qızlarının olub-olmadığını bilmirəm.
Bir neçə dəqiqədən sonra Voke aşağı endi. Bu vaxt pişik süd kasasından tələsə-tələsə süd içməkdəydi. Voke öncə pişiyə bağırdı, sonra isə qaravaşı səslədi:
– Piştə! Silviya, Silviya!
– Nə var, ay xanım, yenə nə olub?
– Bir