93-cü il. Виктор Мари Гюго. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Виктор Мари Гюго
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
Жанр произведения:
Год издания: 0
isbn: 9789952243918 
Скачать книгу
baş çəkər və hamısına parolumu çatdırarsan. Özün isə katolik kral ordusuna qoşularsan. Sağ qalmış bütün sərkərdələrlə görüşərsən. Mənim kokardamı göstər. Onlar bunun nə olduğunu bilirlər. Bu ayın axırına qədər mənim meşədə gizlənmiş beş yüz min əsgərim olmalıdır. Respublika ordusu – mənim şikarımdır. Bir də onlara de ki, ingilislər də bizimlədir. İnqilabı boğmaq lazımdır. Tapşırıqlarımı yerinə yetirə bilsən, sənə Müqəddəs Lüdovik ordeni verəcəyəm.

      8

      Qalmalo gözdən itənə qədər qoca yerindən tərpənmədi. Sonra bürüncəyinə bürünüb yola düzəldi. Çox hündür bir təpəyə qalxmağa başladı. Buradan bütün ətraf ovuc içi kimi görünürdü. Qoca uzaqlara baxmağa başladı. Kilsə zəngləri gecənin sükutunu pozurdu. Bu nə zəng səsləri idi? Yəqin, həyəcan zəngi çalırdılar. Bəs, görən, həyəcan zəngləri kimin üçün səslənirdi?

      Bu dəmir iradəli adam diksindi.

      Yox, ola bilməz ki, onu axtarsınlar. Onun burada olduğunu necə biliblər? Ola bilməz ki, kimsə bunu respublikaçılara xəbər versin. Axı sahilə bir az bundan qabaq çıxıb. Korvetdən isə, yəqin ki, heç kim xilas ola bilməyib.

      Artıq bir neçə dəqiqə idi ki, başının üstündə və arxada xışıltı eşidirdi. Əvvəlcə buna fikir vermədi, lakin səs dayanmadığı üçün geri döndü. Bir parça kağız idi. Külək sütuna yapışdırılmış kağızı yellədirdi. Yazı iri hərflərlə çap edilmişdi ki, oxuna bilsin:

      «FRANSA RESPUBLİKASI VAHİD VƏ BÖLÜNMƏZDİR!

      BİZ – MARNA NÜMAYƏNDƏSİ PRİYOR VƏ ŞERBURQ SAHİL ORDUSUNUN KOMİSSARI ƏMR EDİRİK: ÖZÜNÜ BRETAN ŞAHZADƏSİ ADLANDIRAN, XƏLVƏTCƏ QRANVİLDƏ FRANSA SAHİLLƏRİNƏ ÇIXMIŞ SABİQ MARKİZ DE LANTENAK QANUNDANKƏNAR ELAN OLUNUR. ONUN BAŞINA QİYMƏT QOYULUB. ONU HÖKUMƏTƏ ÖLÜ, YAXUD DİRİ TƏHVİL VERƏN ADAMA ALTMIŞ MİN LİVR9 VERİLƏCƏK. BU PUL ƏSGİNAS İLƏ DEYİL, QIZIL İLƏ ÖDƏNİLƏCƏK! ŞERBURQ ORDUSUNUN BİR BATALYONU TƏCİLİ SURƏTDƏ YUXARIDA ADIÇƏKİLƏN MARKİZ DE LANTENAKI AXTARMAĞA GÖNDƏRİLİR. KƏND İCMALARI ƏSGƏRLƏRƏ YARDIM ETMƏYƏ ÇAĞIRILIR. QRANVİL, 2 İYUN 1793-cü İL.

İmza: Marna nümayəndəsi Priyor».

      Qoca şlyapasını gözünün üstünə basaraq bürüncəyini düymələdi və iti addımlarla təpədən aşağı endi.

      Ətrafda heç kim görünmürdü. Lakin yolayrıcına çatanda kimsə onu səslədi:

      – Hara gedirsiniz?

      Qoca dönüb baxdı. Arxasında onun kimi ucaboy, qoca və saçları ağarmış bir adam dayanmışdı. Ancaq geyimindən yoxsulluq yağırdı.

      – Yaxşısı budur, siz deyin, mən haradayam? – qoca təkəbbürlə cavab verdi.

      – Siz Tanis mülkündəsiniz. Mən buranın dilənçisiyəm, siz isə buranın ağasısınız.

      – Mən?

      – Elədir ki var, cənab markiz de Lantenak.

      Markiz de Lantenak (biz bundan sonra onu belə adlandıracağıq) halını pozmadı:

      – Deməli, məni ələ verə bilərsiniz.

      – İkimiz də burada öz evimizdəyik: siz – qəsrdə, mən – meşədə. Siz Erb-en-Peyl fermasına gedirsiniz? Ora getməyin.

      – Niyə?

      – Orada göy mundirlilər peyda olub.

      – Çoxdan?

      – Üç gün olar.

      – Fermadakılar, qəsəbə sakinləri, yəqin, onlara müqavimət göstəriblər?

      – Yox, darvazanı onların üzünə açdılar.

      – Bəs belə, – markiz mızıldandı. – Deyəsən, həyəcan zəngi çalırlar. Görəsən, nə ilə bağlıdır?

      – Əlbəttə, sizinlə bağlıdır. Sizi axtarırlar… Gedək mənim hücrəmə. Bilirsiniz, cənab markiz, mənim hücrəm kasıb olsa da, etibarlıdır. Orda yatıb dincələrsiniz, sabah səhər göy mundirlilər çıxıb gedərlər, siz də istədiyiniz yerə üz tutarsınız.

      Markiz bu adamı başdan-ayağa süzdü.

      – Siz kimsiniz? – soruşdu. – Respublikaçısınız, yoxsa monarxist?

      – Mən dilənçiyəm.

      – Başıma qiymət qoyulduğundan, məni ələ verənin altmış min livr alacağından da, yəqin, xəbəriniz var?

      – Sizi görəndə öz-özümə dedim: «Bu adamı ələ verən böyük sərvət sahibi olacaq. Onu tezliklə gizlətmək lazımdır!»

      Markiz dilənçinin arxasınca getdi.

      Onlar meşənin dərinliyinə girdilər. Dilənçinin qazması orada idi. İri palıd ağacının kökləri altındakı qazma alçaq və qaranlıq idi.

      – Sizin adınız nədir? – markiz soruşdu.

      – Adım Telmarşdır, ancaq məni «Səfil» deyə çağırırlar. Başqa bir ləqəbim də var – «Qoca». Çünki mən heç vaxt gənc olmamışam.

      – Siz məni xilas edirsiniz.

      – Monsenyor, yalnız… – Telmarşın səsi sərtləşdi: – …bir şərtlə ki, bura pis iş görməyə gəlməmisiniz.

      – Mən yaxşı iş üçün gəlmişəm, – markiz cavab verdi.

      – Çox yaxşı. İndi yataq.

      Onlar bir-birinə sığınaraq dəniz yosunlarının üstündə yatdılar.

      9

      O, yuxudan ayılanda hava işıqlaşırdı. Dilənçi qazmanın çıxışında əlindəki dəyənəyə söykənib dayanmışdı.

      – Monsenyor, Tanisdəki zəng qülləsində indicə saat 4-ü vurdu, – dilənçi dedi. – Başqa səs eşidilmir, demək, fermada sakitlikdir. Göy mundirlilər ya gediblər, ya da yatırlar. Təhlükə az-çox sovuşub. Daha ayrılsaq yaxşıdır.

      Az sonra markiz meşədən çıxıb daş xaç olan yolayrıcına tərəf döndü. Kağız hələ də yerində idi. Yenə, özü də bu dəfə daha diqqətlə oxudu. Yalnız bu zaman əmrin altında kiçik, güclə sezilən hərflərlə cəza dəstəsinin rəisi Qovenin də adının yazıldığını və imzasının olduğunu görə bildi.

      – Qoven! – dərin düşüncəyə dalmış halda bir neçə dəfə təkrar etdi.

      Yuxarıda – Erb-en-Peyl ferması tərəfdə qəfil səs-küy eşidildi. Orada nə baş verirdi? Tərəddüd içində olduğu vaxt bir dəstə adamın çığıra-çığıra meşəyə tərəf yüyürdüyünü gördü.

      – Lantenak! Lantenak! Markiz de Lantenak!

      Onu axtarırdılar.

      Markiz şlyapasını başına qoyub irəliyə doğru addımladı.

      – Mən sizin axtardığınız adamam… – dedi. – Mən kral ordusunun general-leytenantı markiz de Lantenakam.

      Əlləri ilə meşin pencəyinin yaxasını dartıb sinəsini açdı.

      Bu vaxt hər yerdən səslər eşidildi:

      – Yaşasın Lantenak! Yaşasın general!

      Şlyapalar sevinclə


<p>9</p>

Livr – 1799-cu ildə frank dövriyyəyə buraxılana kimi Fransanın pul vahidi