Lessi. Эрик Найт. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Эрик Найт
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
Жанр произведения:
Год издания: 0
isbn: 9789952243475 
Скачать книгу
məsələ belədir də…

      – Hə, ya yox?

      – Bir növ, hə, həqiqətən də, qaçmışdı… amma mən sizi narahat etmək istəmədim. Amma daha qaça bilməyəcək. Heç başa düşmürəm ki, necə qaçır… İndi ona elə göz-qulaq olacam ki…

      – Hünərin var, olma! – hersoq bağırdı. – Gicbəsərin biri! Sal iti qəfəsə. Bir də qaçsa…

      Hersoq sözünü bitirməyib çıxıb getdi, heç Kerraklafa təşəkkür də etmədi.

      Pristsilla bunun heç yaxşı olmadığını düşündü, əvvəlcə babasının ardınca yollandı, sonra dayandı, geri çöndü, baş verənləri müşahidə etməyə başladı. Haynz əsəbindən coşmuşdu:

      – Onu qəfəsə salıb ağzını bağlayacağam. Hünəri var, bir də qaçsın. Onun başına elə…

      Haynz sözünü bitirə bilmədi, o, əlini atıb Lessinin boynundan tutmaq istəyirdi. Amma itə yaxınlaşa bilmədi, çünki Sem Kerraklafın dəmir nallı, ağır çəkmələri onun ayağının üstünə çıxıb tərpənməyə qoymadı. Kerraklaf sakitcə dedi:

      – Mən oğlumu özümlə gətirmişəm ki, bu dəfə iti qəfəsə o salsın. İt qaçıb onun yanına gəlir. Oğlum onu qəfəsə salıb burada qalmasını əmr edəcək. – Sonra qüdrətli səsi ilə əlavə etdi: – Bıy, bağışla. Ayağının üstünə çıxdığımı heç hiss eləməmişəm. Co, oğlum, gedək. Haynz, daxmanın ağzını aç, onu içəri salaq.

      Pristsilla itin daxmanın yanı ilə öz yerinə tərəf getdiyini gördü. Oğlan məftil çəpərboyu hərəkət edəndə başını qaldırıb ona yaxınlaşdı. Kolli qəfəsə sıxıldı, oğlansa barmaqlarını içəri salıb itin soyuq burnunu sığallayaraq xeyli beləcə dayandı.

      Sükutu kişi pozdu:

      – Co, oğlum, gedək. Vaxtdır, qurtar. Uzatmağın nə mənası var? Əmr elə qalsın… de ki, bir də evə gəlməsin, de ki, olmaz.

      Pristsilla oğlanın əvvəlcə atasına, sonra sanki haradansa kömək gözləyirmiş kimi ətrafa baxdığını gördü. Sonra Co sakit səslə, sözləri güclə ağzından çıxararaq dedi:

      – Lessi, burada qal və xoşbəxt ol. Bir də… evə gəlmə. Daha qaçma. Bir də dalımca məktəbə gəlmə. Burada yaşa və bizdən əl çək… çünki… çünki sən daha bizim deyilsən və biz səni görmək istəmirik… heç vaxt. Çünki sən pis itsən… və biz səni daha sevmirik, görmək də istəmirik. Həmişəlik burda qal və heç vaxt evə gəlmə!

      İt elə bil hər şeyi başa düşdü, qəfəsin uzaq küncünə çəkilib uzandı. Oğlan üzünü çevirib oradan uzaqlaşdı. Ayağı nəyəsə ilişdi. Yanında gedən atası onu çiynindən tutdu:

      – Ayağının altına bax!

      Pristsilla qəfəsə yaxınlaşdı. Kolli qəfəsdə dayanıb oğlanın tini burulub gözdən itdiyi yerə baxırdı. İt başını qaldırıb hürdü.

      Haynz qəfəsə yaxınlaşana qədər qız iti müşahidə etdi. Pristsilla kişini çağırdı:

      – Haynz!

      – Bəli, miss Pristsilla?

      – Nə üçün it qaçıb onların evinə qayıdır? Burada ona pisdir?

      – Nə danışırsınız, miss Pristsilla, burada ona çox yaxşıdır. Ayrıca damı, gəzmək yeri var! Evə isə sadəcə ona görə qaçır ki, onu belə öyrədiblər. Onlar belədirlər, iti geri gələn kimi tez başqasına satırlar.

      Pristsilla fikrə getdi, burnunu qırışdırdı:

      – Belədirsə, onda niyə iti geri gətirdilər?

      – Başınızı belə şeylərə görə ağrıtmayın! Burada, qəsəbədə heç kimə etibar etmək olmaz. Hər addımda adamı aldada bilərlər. Amma bizə kələk gələ bilməzlər!

      – Əgər oğlan itini geri istəyirdisə, onda, ümumiyyətlə, onu niyə satırdılar? İt mənim olsa idi, onu satmazdım.

      – Siz, əlbəttə ki, satmazdız.

      – Bəs onlar niyə satıblar?

      – Niyə? Çünki babanız itə görə onlara külli miqdarda pul verib! Bax belə! Qudurdub onları!

      Sonra Haynz hələ də hürən itə tərəf çevrildi:

      – İndisə, kəs səsini! Rədd ol damına! Uzan!

      İt ona heç fikir də vermədi. Haynz qəfəsə yaxınlaşıb iti vurmaq istəyirmiş kimi əlini qaldırdı. Lessi sakitcə çevrildi, üst dodağı yuxarı dartıldı, iri ağ dişləri parıldadı, mırıldamağa başladı.

      – Hə, hirslənirsən?

      Bu vaxt Pristsilla qabağa gəlib Haynzla qəfəsin arasında dayandı.

      – Miss Pristsilla, ehtiyatlı olun, yerinizə olsam, yaxın durmazdım.

      Haynz getdi. Qız yavaşca məftil çəpərə yaxınlaşdı. Barmaqlarını içəri saldı, Lessinin başına toxundu:

      – Gəl yanıma, dostum, sənə heç nə etməyəcəm, gəl! – qız mülayim səslə dedi.

      İt sakitləşdi, yerə uzandı. Onun qonur gözləri bir anlığa qızın mavi gözləri ilə toqquşdu. Sonra o, qıza heç fikir vermədən sakitcə uzanıb Sem Kerraklaf və onun oğlunu sonuncu dəfə gördüyü səmtə baxdı.

      VI FƏSİL

      Torf bataqlığında gizli yer

      Ertəsi gün Lessi öz həyətində, günəşin altında uzanmışdı. Burnunun ucu keçən axşan Sem Kerraklaf və oğlunun gözdən itdikləri səmtə yönəlmişdi. Qulaqları şəklənmiş və qabağa əyilmişdi. Bütün hissiyyat üzvləri – görmə, eşitmə və iybilmə – diqqət kəsilmişdi. Sahiblərinin qayıtmasından xəbər verə biləcək hər şeyi duymağa hazır idi.

      Amma günortanın keçməsinə baxmayaraq sakitlik idi.

      Axşam düşmək üzrə idi və Lessi canlandı. Daxildən nəsə onu hərəkətə gətirir, xəbərdar edirdi. Birdən Lessi başını qaldırdı və burnunu əsən küləyə tərəf tutdu. Amma bu ona bir cavab vermədi.

      O ayağa qalxdı, tələsmədən öz damına yaxınlaşdı və orada, kölgədə uzandı. Sonra durub o biri tərəfə keçdi. Daxili bir həyəcan onu inadla hərəkətə gətirmək istəyirdi. Gəzişməyə başladı. Çəpərin bir küncündə dayanıb pəncəsi ilə məftildən yapışdı.

      Birdən nə istədiyini anladı. Vaxtdır! Oğlanı qarşılamaq vaxtıdır!

      Lessi bərk-bərk tordan yapışdı, amma tor davam gətirdi. Yaddaşı ona xəbər verirdi ki, əvvəllər o məhz bu yolla qaçırdı. Caynaqları ilə çəpəri tərpədəcək, sonra torpağı eşəcək, toru qaldıracaq və sivişib çıxacaq. Ancaq Haynz azadlığa aparan bu yolu bağlamışdı. O, çəpəri daha qalın məftillə möhkəmlətmişdi. Lessi nə qədər əlləşsə də, bir şey çıxmırdı. Haynz hər yeri möhkəmlətmişdi.

      Lessi başını qaldırıb hürdü, sonra arxa pəncələri üstə durdu, qabaq pəncələrini məftil çəpərə qoyub o biri tərəfə baxdı. Çəpərin altından keçmək olarsa, deməli, üstündən də olar!

      Beləliklə, itin ağlına yeni fikir gəldi. Lessi hoppandı, amma yerə yıxıldı. Belə hündürə tullanmağa onun gücü çatmazdı. Nə qədər hoppansa da, çəpərin yuxarısına