Lessi. Эрик Найт. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Эрик Найт
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
Жанр произведения:
Год издания: 0
isbn: 9789952243475 
Скачать книгу
tle>

      I FƏSİL

      Satılmır

      Qrinol-Bric qəsəbəsində hamı Lessini – Sem Kerraklafın itini tanıyırdı. O, demək olar ki, bütün ətrafda ən məşhur it idi. Buna bir neçə səbəb var idi.

      Əvvəla, qəsəbənin hər bir sakini ondan daha qəşəng kolli1 görmədiyini etiraf edərdi. Bundan böyük tərif ola bilməzdi, çünki Qrinol-Bric Yorkşir qraflığında yerləşir. Yorkşirin itləri isə bütün itlərdən üstündür! Burada, İngiltərənin sərt iqlimi olan şimalında dünyada tayı-bərabəri olmayan itlər yaşayır. Çılpaq düzənliklərdə külək tüğyan edir, soyuq yağış göydən tökür, amma itlərin tükü daha da qalınlaşır və gözəlləşir. Onların özləri də buranın insanları kimi möhkəm olurlar. Buranın insanları isə itləri sevirdilər. Çoxunun da əla iti var idi. Amma qəsəbə sakinlərinin hamısı bir ağızdan təsdiq edirdi ki, əgər kimsə, nə vaxtsa Qrinol-Bricdə Sem Kerraklafın üçrəngli kollisindən, Lessidən daha qəşəng it böyüdübsə də, bu lap çoxdan, onlar dünyaya gəlməzdən qabaq olub.

      Amma Lessini hamının qəsəbədə yaxşı tanımasının başqa səbəbi də var idi. İş orasındadır ki, qadınların dediyinə görə, saatı bu itlə bilmək olardı. Hər şey üç il əvvəl, Lessi biryaşlı, şən və dəlisov küçük olan vaxt başlamışdı. Bir dəfə Sem Kerraklafın oğlu Co Kerraklaf bərk həyəcanlı vəziyyətdə qaçıb evə gəlmişdi.

      – Ana, ana! – o az qala nəfəsi kəsilərək qışqırırdı. – Bu gün məktəbdən çıxanda, səncə, kim orada oturub məni gözləyirdi? Lessi! Fikrincə, o mənim harada olduğumu necə bilib?

      – Yəqin, iyini alıb. Ağlıma ayrı heç nə gəlmir.

      Elə, ya da belə, amma Lessi səhəri gün də, üçüncü gün də məktəbin qabağında gözləyirdi. Həftələr, aylar, illər dolanır, amma bu davam edirdi. Qadınlar evlərinin pəncərəsindən boylanıb, dükançılar iş yerlərinin qabağında dayanıb yanlarından asta-asta, tələsmədən qaçan mərd, qızılı xallı, ağ-qara iti görür və deyirdilər: “Lessi qaçır – dördə qalıb beş dəqiqə!”

      Havadan asılı olmayaraq, istər göyün üzü açıq olsun, istər yağış yağsın, it həmişə eyni yerdə oğlanı gözləyirdi. Xoşbəxt görüş anı yetişir, sonra ikisi bir yerdə evə qayıdırdı. Artıq dördüncü il idi ki, bu hər gün belə davam edirdi.

      Yeknəsəq həyatla yaşayan qəsəbədə Lessi hamının sevimlisinə çevrilmişdi. İnsanlar Lessini ən çox özlərinin də izah edə bilmədikləri, ləyaqətləri ilə bağlı nəyisə təcəssüm etdirdiyi üçün sevirdilər. İnsanların ləyaqəti isə pul məsələsi ilə bağlı idi.

      Adətən, kiməsə məxsusi gözəl bir it böyütmək müyəssər olurdusa, günlərin bir günü o artıq it olmaqdan çıxıb pul qazandıra biləcək dördayaqlı nəyəsə çevrilirdi. O, əlbəttə, it olaraq qalırdı, amma onun haqqında varlı bir adam, yaxud hansısa alverçi xəbər tutsa, ona müştəri də çıxa bilərdi. Varlı da iti eynilə kasıb kimi sevə bilərdi, burada onların arasında fərq yox idi. Fərq onların pula olan baxışlarında idi. Kasıb oturub qışa nə qədər kömür, neçə cüt başmaq, uşaqların sağlam böyüməsi üçün nə qədər ərzaq lazım ola biləcəyi haqda düşünə, sonra isə evə gəlib deyə bilərdi:

      “Ayrı yolumuz yoxdur. Özümüzə ayrı bir küçük götürüb böyüdərik. Onu da bunun kimi sevərsiz”.

      Bu yolla Qrinol-Bricdən neçə-neçə it getmişdi. Amma Lessidən başqa!

      Bütün qəsəbə bilirdi ki, hətta buradan bir mil aralıda, özünün nəhəng malikanəsində yaşayan və çoxlu qəşəng iti olan hersoq Radlinqin özü belə Sem Kerraklafdan onun Lessisini ala bilməz.

      Üç il ərzində hersoq Sem Kerraklafdan onun kollisini almağa cəhd göstərdi, ancaq Sem dediyindən dönmədi:

      – Əlahəzrət, qiyməti artırmağa lüzum yoxdur, qiymət yaxşıdı, amma iş orasındadır ki, it satılmır. Heç bir pula.

      Qəsəbədə bu hamıya məlum idi. Məhz buna görə Lessi buranın sakinləri üçün çox şey ifadə edirdi. Köpək pulun onların əlindən ala bilmədiyi xüsusi ləyaqətlərini təmsil edirdi.

      Ancaq itlər insanlara məxsus olur, insanları isə tale qamçılayır. Hərdən insanın həyatında elə məqam gəlir ki, tale ona çox ağır zərbə vurur və o, ailəsini ac qoymamaq üçün boynunu bükməli, məğrurluğundan vaz keçməli olur.

      II FƏSİL

      “Mənə başqa it lazım deyil…”

      İt yerində yoxdur! Co Kerraklafa məlum olan təkcə bu idi.

      Həmin gün o, dərsdən sonra hamı ilə birlikdə qaça-qaça məktəbdən çıxmışdı. Vərdişi üzrə həmişə Lessinin onu gözlədiyi yerə gəlmişdi. Amma o, orada yox idi!

      Möhkəm bədənli, xoşsifət oğlan olan Co Kerraklaf dayanıb baş verəni anlamağa çalışırdı. Əvvəlcə gözlərinə inanmaq istəmədi.

      O, küçəni başdan-ayağa gözdən keçirdi. Bəlkə, Lessi gecikir? Ancaq o, işin bunda olmadığını bilirdi. Heyvanlar insanlara bənzəmir. İnsanların saatları olsa da, həmişə gecikirlər. Heyvanlara isə vaxtı bilmək üçün mexaniki cihaz lazım deyil, onların daxilində saatdan daha dürüst işləyən nəsə var.

      Co Kerraklaf isti may günəşinin altında durub düşünürdü: “Bəlkə, it maşının altında qalıb?!”

      Bu fikirdən diksindi və onu özündən uzaqlaşdırdı. Lessi küçə ilə necə getmək lazım olduğunu bilirdi, yaxşı təlim keçmişdi. Qəsəbədə maşın da elə çox deyildi. Şose yolu bir mil aralıdan, çayın sahili boyu, vadidən keçirdi. Qəsəbəyə isə kəndarası yol gəlirdi. O da bataqlığa çatanda piyada cığırına çevrilirdi.

      Bəlkə, Lessini qaçırıblar!

      Amma bu da ağlabatan deyildi. Əgər Lessinin yanında Kerraklaflardan kimsə olmasa və tabe olmağı əmr etməsəydi, kənar adam ona yaxınlaşa bilməzdi. Bir də ki Qrinol-Bric və onun ətrafında Lessini yaxşı tanıyırdılar, onu qaçırmağa heç kim cürət etməzdi.

      Bəs o harda ola bilər?

      Co Kerraklaf bu suala cavab tapmaq üçün dünyada yüz minlərlə oğlan uşağının edə biləcəyini etdi. O, evə qaçıb anasından soruşmaq qərarına gəldi.

      Evə çatanda elə kandardaca ucadan qışqırdı:

      – Ana! Ana!.. Lessinin başına nəsə iş gəlib! O məni qarşılamadı!

      Bunu deyər-deməz nəsə bir pis iş baş verdiyini anladı. Nə anası, nə də atası yerlərindən sıçrayıb heç nə soruşmadılar. Onlar sanki gözəl itlərinin başına nəsə gəldiyindən qorxmadılar.

      Co buna fikir verdi. O, qapıya söykənib gözləyirdi. Anası açdığı çay süfrəsindən gözünü çəkmirdi. Bir saniyə susduqdan sonra ərinə baxdı.

      Co Kerraklafın atası ocağın qabağında, alçaq stulda oturmuşdu. O çöndü, sonra heç nə deməyib yenidən üzünü çevirib oda baxmağa davam etdi.

      – Ana, nəsə bədbəxtlik baş verib? – Co hıçqırdı.

      – Kimsə ona izah etməlidir axı, – əlindəki boşqabları stolun üstünə qoyan missis Kerraklaf dedi.

      Əri tərpənmədi. Qadın üzünü oğluna tutdu:

      – Co, onsuz da özün bunu öyrənəcəkdin. Lessi daha səni məktəbin qabağında gözləməyəcək. Bəsdir gözünün suyunu tökdün.

      – Niyə gözləməyəcək? Ona nolub?

      – Cünki o satılıb. Buna görə.

      – Satılıb? – oğlan təkrar etdi. – Axı siz onu niyə satdınız… bizim Lessini… niyə satdınız?

      – O satılıb, onu apardılar, vəssalam. Soruşmalı bir şey yoxdur. Daha heç nəyi dəyişmək olmaz. İt yoxdur, qurtardı. Bir daha bu barədə danışmayaq.

      – Ana, axı necə…

      Anası onun sözünü kəsdi:

      – Bəsdir! Gəlin çay içək! Hə, oturun görüm!

      Oğlan sakitcə stol arxasında öz yerinə əyləşdi.

      – Sem,


<p>1</p>

Kolli – Şotlandiya və Şimali İngiltərədə yaşayan çobaniti cinsi