Frankenşteyn və ya müasir Promotey. Мэри Шелли. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Мэри Шелли
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
Жанр произведения:
Год издания: 0
isbn: 9789952242195 
Скачать книгу
daha dərindən düşünməyə məcbur etdi. Aqrippanı, Paraselsi, Alberti unutdum, köhnə məşğuliyyətimdən əl çəkdim və gecə-gündüz riyaziyyatı, fizikanı öyrənməyə girişdim.

      İndi geri baxıb keçdiyim həyat yoluna nəzər salanda düşünürəm ki, Tanrı bu möcüzəsini məni səhvlərdən qorumaq, haqqa qaytarmaq üçün göstərmişdi. Heyif ki, başa düşmədim. Tale məni öz arxasınca sürükləyir, məhvə doğru aparırdı.

      III fəsil

      On yeddi yaşımda valideynlərim məni İnqolştadt şəhərinə universitetə göndərməyi qərara aldılar. Yola çıxmağa hazırlaşırdım ki, həyatımda ilk böyük bədbəxtliklə üzləşdim.

      Elizabet skarlatin xəstəliyinə tutuldu. Anamı ona yaxın qoymaq istəmirdilər ki, yoluxa bilər. Amma anam qızın yanından çəkilmirdi. Özü ona qulluq edirdi. Anam Elizabeti xilas etdi, əvəzində özü ağır xəstələndi. Həkimlərin üzündən başa düşmək olurdu ki, sağalacağına ümid getdikcə azalır. Ölüm yatağında da anam mətinliyini itirmədi. Son nəfəsində Elizabetin əlini mənim ovcuma qoyub: “Övladlarım, – dedi, – həmişə sizin toyunuzu arzulamışam, bu sevinci atanızdan əsirgəməyin”.

      Əziz adamını itirmiş insanın iztirablarını təsvir etməklə qanınızı daha da qaraltmayacağam. Bircə onu deyim ki, artıq heç yerə getmək istəmirdim. İstəyirdim həmişəlik Elizabetin, atamın, qardaşlarımın, dostumun yanında qalım.

      Nəhayət, səfər günü yetişdi. Məni sevdiyim adamlardan ayırıb uzaqlara aparan arabada oturub qəmli xəyallara dalmışdım. Amma yavaş-yavaş arxada qoyduqlarım deyil, qabaqda məni gözləyənlər barədə düşünməyə başladım. Elmə olan həvəsim hələ də güclü idi.

      Səhər İnqolştadtda zəmanət məktublarımı götürüb bir neçə professora baş çəkdim. Görünür, bu da taleyin hökmü imiş ki, birinci təbiət elmləri professoru cənab Krempenin yanına getdim. Krempe kobud, amma çox savadlı alim idi. Biliyimi yoxlamaq üçün bir neçə sual verdi. Oxuduğum kitablar arasında kimyagərlərin də kitablarını sadaladım. Professorun gözləri bərəldi: “Bu cəfəngiyyata da vaxt sərf etmisiniz?” Sonra o, gələn həftədən dərslərə başlayacağını deyib məni evə buraxdı. Bir də dedi ki, kimya dərsini həmkarı Valdman keçəcək, indi o, şəhərdə yoxdur, amma bir həftəyə qayıdacaq.

      Cənab Krempenin qaba səsi və eybəcər xarici görünüşü var idi, ona görə də onu bəyənmədim. Həm də quru elm tərəfdarı kimi, əbədiyyət və sonsuzluq axtaran kimyagərlər, o dahi xəyalpərvərlər haqqında dediyi sözlər xoşuma gəlmədi.

      Məndən böyük arzularımı darıxdırıcı reallığa dəyişməyi tələb edirdilər.

      Növbəti həftə könülsüz-könülsüz Valdmanın mühazirəsinə getdim. O, həmkarından fərqlənirdi. Əlliyaşlı bəstəboy kişi idi, sifətindən xeyirxahlıq yağırdı, ömrümdə belə yumşaq səs eşitməmişdim. Əvvəl kimya tarixinin icmalını verdi, kəşflər, keçmişin dahi alimləri haqqında danışdı. Sonda isə ömrüm boyu unutmayacağım bir fikir söylədi:

      – Qabaqlar həyatını bu elmə sərf etmiş böyük insanlar mümkün olmayan şeylər vəd edirdilər və heç nə edə bilmədilər. İndiki alimlər çox az şey vəd edirlər, bilirlər ki, bir metalı başqasına döndərmək olmaz, həyat cövhəri isə əlçatmaz arzudur. Amma məhz bu alimlər kiçik-kiçik ixtiralar etməklə əsl möcüzələr yaradırlar. Onlar təbiətin ən xəlvət sirlərinin üstünə işıq salırlar. Bədənimizdə qanın necə dövran etdiyini, nə ilə və necə nəfəs aldığımızı öyrənirlər. Onlar təbiət qüvvələrini, hətta gözəgörünməz dünyanı da ram etməyə çalışırlar.

      Professorun son sözlərini mən taleyin göstərişi kimi qəbul etdim. “Əgər başqaları bu qədər iş görüblərsə, – deyə Frankenşteynin ruhu qışqırırdı, – sən onlardan artığına nail olacaqsan, bəşəriyyəti təbiətin ən mübhəm sirlərindən agah edəcəksən”.

      O gecə gözümə yuxu getmədi. Səhər açılanda artıq qəti qərara gəlmişdim: mən köhnə məşğuliyyətimə qayıdır və fitri istedadımı məhz bu işə həsr edirəm! Yenidən Valdmanın yanına getdim. Professor məni çox mehriban qarşıladı. Fikirlərimi onunla bölüşdüm. Aqrippanın, Paraselsin adını eşidəndə gülümsədi, amma cənab Krempe kimi istehza etmədi:

      – Müasir alimlər bu insanlara göstərdikləri böyük səylərə görə minnətdar olmalıdırlar. Dahilərin əməyi, hətta yanlış məqsədlərə sərf olunsa belə, son nəticədə bəşəriyyətin inkişafına xidmət edir. Xoşbəxtəm ki, sizin kimi şagirdim var. Uğur qazanacağınıza şübhə etmirəm, kimya elmini hələ çox böyük kəşflər gözləyir.

      Sonra cənab Valdman məni laboratoriyasına apardı, bəzi məsləhətlər və lazım olan kitabların siyahısını verdi.

      Mənim taleyim məhz həmin gün həll olundu.

      IV fəsil

      Məhz həmin gündən təbiət elmləri, xüsusilə kimya mənim yeganə məşğuliyyətimə çevrildi. Mən oxuyur, mühazirələrə qulaq asır, universitet müəllimləri ilə söhbət edirdim. Cənab Valdmanla dostlaşmışdım. Səhərlərimi də laboratoriyada açırdım.

      İki il keçdi, bu müddət ərzində bir dəfə də əzizlərimi görmək üçün Cenevrəyə getməyə imkan tapmadım. Bütün vaxtımı elmi axtarışlara sərf edirdim. Xeyli uğur qazandım, universitetdə ad çıxardım.

      Həyat nədən başlanır? Bu sualın cavabını axtara-axtara insan bədəninin, ümumiyyətlə, canlı orqanizmlərin quruluşunu, fiziologiyanı, anatomiyanı öyrənirdim. Həyatın ölümə, ölümün yenidən həyata çevrilməsinin səbəb və formalarını araşdırırdım. Nəhayət, zil qaranlığı yaran gur işıq seli kimi beynimdə bir fikir doğdu. Mən qarşımda açılan imkanlardan dəhşətə gəldim, həm də heyrətləndim ki, bu qədər dahi kimyaçının arasında təbiətin ən böyük sirrinin üstünü açmaq bacarığı məhz mənə verilib.

      Mən həyatın açarını tapdım, cansız materiyaya ruh verməyin yolunu öyrəndim! Dünyanın ən müdrik adamları əsrlər boyu buna can atıblar!

      Gözlərinizdən görürəm ki, kəşfimin nədən ibarət olduğunu soruşmaq istəyirsiniz. Soruşmayın, mənim əhvalatıma axıradək qulaq asıb təbiətin işinə qarışmağın hansı fəlakətlərə gətirib çıxara biləcəyini düşünün.

      Mən nəzəriyyəmi təcrübədə sınaqdan çıxarmaq qərarına gəldim. İşə sadə varlıq yaratmaqdan başlamaq əvəzinə, dərhal insan bədəni kimi mürəkkəb bir orqanizm formalaşdırmağa başladım. Günümü qəbiristanlıqda, sallaqxanada, meyitxanada, laboratoriyada keçirir, gecələr evimin çardağında qurduğum emalatxanaya çəkilirdim. Şübhə etmirdim ki, insan orqanizmi qədər mürəkkəb bir mexanizm yaratmaq vəzifəsinin öhdəsindən gələcək, ona nəfəs verə biləcəyəm. Tezliklə necə böyük şöhrət sahibi olacağım barədə düşünür, bəşəriyyətin minnətdarlığını qazanacağıma inanırdım. Əgər materiyanı canlandırmağın üsulunu tapmışamsa, deməli, ölmüş insanı həyata qaytarmağın yolunu da əvvəl-axır öyrənəcəyəm.

      Gərginlikdən arıqlamışdım, hərdən işim alınmayanda çox həyəcan keçirir, amma ümidsizliyə qapılmır, cəhdlərimi uğur qazananadək təkrar