On beş yaşlı kapitan. Жюль Верн. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Жюль Верн
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
Жанр произведения:
Год издания: 0
isbn: 9789952241839 
Скачать книгу
etdiyi şimal-qərb küləyi əsmirdi. Görünür, bir neçə gün də gözləmək lazım gələcəkdi.

      İndi “Səyyah”ın heyətinin işi, sadəcə, dənizi müşahidə etməkdən ibarət idi.

      Günorta göyərtədə gəzən xanım Ueldon dənizin səthinin qəfildən qızardığını gördü. Sanki suya qan tökülmüşdü. Ancaq bu qəribə qırmızı rəng get-gedə hər tərəfi bürüyürdü.

      Xanım Ueldon Ceklə oynayan Dik Sendə müraciət etdi:

      – Dik, bax gör dənizin rəngi nə qəribə oldu? Görəsən, bu nədir belə? Yəqin, dənizotudur?

      – Xeyr, xanım Ueldon. Bu rəngi dənizə, adətən, böyük dəniz məməlilərinə yem olan saysız-hesabsız balaca xərçəngkimilər verir. Balıqçılar onları “balina yemi” adlandırırlar.

      – Elə balacadırlar ki, onlara dəniz həşəratları da demək olar! Benedikt əmioğlu! Bura gəlin.

      Benedikt kapitan Qulla eyni vaxtda kayutdan çıxdı.

      – Baxın, Benedikt əmioğlu! Dənizdəki böyük qırmızı ləkəni görürsünüz?

      – Aha! – deyə kapitan Qul Benediktdən əvvəl dilləndi. – Balina yemləri! Onları öyrənməyiniz üçün yaxşı fürsətdir, cənab Benedikt!

      – Boş şeydir! – deyə entomoloq cavab verdi. – Unutmayın ki, mən həşəratları – əsasən də altıayaqlı həşəratları öyrənirəm.

      – Deməli, xərçənglər sizi maraqlandırmır, cənab Benedikt? Ancaq balina olsaydınız, onlara qarşı belə laqeyd qala bilməzdiniz!

      Bu vaxt növbətçi matrosun səsi eşidildi:

      – Üfüqdə balina görünür – sol bort tərəfdə!

      Kapitan Qul deyilən tərəfə boylanaraq:

      – Balina! – deyə qışqırdı. Sonra gəminin burnuna qaçdı. Xanım Ueldon, Cek, Dik Send və Benedikt də onun ardınca getdilər.

      Həqiqətən, dörd mil aralıda dənizin bir yeri elə bil qaynayırdı. Təcrübəli balina ovçusu yanılmış ola bilməzdi: qırmızı dalğaların arasında nəhəng dəniz məməlisi hərəkət edirdi. Ancaq aradakı məsafə heyvanın növünü müəyyənləşdirməyə imkan vermirdi.

      Kapitan Qul və “Səyyah”ın bütün heyəti acgözlüklə məməlini izləyirdi. Birdən kapitan Qul:

      – Bu, əsl balina deyil! – deyə qışqırdı. – Əsl balinaların yaratdığı fontanlar daha hündür və daha nazik olur. Dik, sən nə deyirsən?

      – Mənə elə gəlir ki, bu, zolaqlı balinadır. Suyu havaya çox böyük təzyiqlə sovurur.

      – Düz deyirsən, Dik. Orada – dənizin qırmızı hissəsində zolaqlı balina var.

      – Nə yaxşı! – deyə balaca Cek qışqırdı.

      – Elədir, balaca! Özü də sakitcə yeməyini yeyir, ovçuların onu izlədiklərindən isə xəbərsizdir!

      – Əla! – deyə bosman qışqırdı. – Altı dənə bu cür balina tutsaq, anbarımızı doldura bilərik.

      – Elədir, altı dənə bəs edər, – deyə kapitan Qul ah çəkdi.

      – İki yüz çəlləyimiz boşdur, – deyə bosman əlavə etdi. – Bu balinanı tuta bilsək, yüzə qədər çəlləyi piylə doldura bilərik…

      – Haqlısınız, – deyə Dik Send də söhbətə qoşuldu, – amma bu qədər böyük bir balinaya hücum etmək asan iş deyil.

      – Düzdür. Çox çətindir. Ancaq risk etməyə dəyər.

      VII fəsil

      Ova hazırlıq

      “Səyyah”da bir adi, üç balinaovlayan qayıq vardı. Ancaq gəminin heyətində matros az idi. Odur ki kapitan balinanı ovlamaq üçün yalnız bir qayıq göndərə bilərdi. Balinaovlayan qayığı idarə etmək üçün yalnız təcrübəli matroslar tələb olunurdu. Ona görə də o, işə qoşulmağa hazır olan zəncilərin köməyindən imtina etmişdi. Digər tərəfdən kapitan hər ehtimala qarşı gəmidə, heç olmasa, bir təcrübəli matros qoymadan onu tərk edə bilməzdi.

      Qayıqda güclü adamlara ehtiyac olduğundan Qul gəmini Dik Sendə tapşırdı. Dik Send ovda iştirak etməyi çox istəyirdi. Amma onu da başa düşürdü ki, təcrübəli balina ovçularının getməsi daha faydalıdır. Gəmidə isə kapitan Qulu yalnız o əvəz edə bilər. Odur ki gənc matros gəmidə qalmağa etiraz etmədi.

      Beləliklə, “Səyyah”ın heyəti ova hazırlaşmağa başladı. Zolaqlı balina “Səyyah”dan beş mil aralıda üzürdü. Hava ov üçün əlverişli idi, külək əsmirdi. Bosman Qovik qayığa iki nizə, bir neçə itiuclu mizraq, elastik və möhkəm kəndir qoydu. Matroslar da qayıqdakı yerlərini tutdular.

      Kapitan Qul “Səyyah”da hər şeyin qaydasında olduğuna əmin olduqdan sonra Dik Sendi yanına çağırdı:

      – Dik, səni gəmidə tək qoyuram. Çox uzağa üzəcəyimiz təqdirdə, ola bilər ki, “Səyyah”ın yanımıza gəlməsinə ehtiyac olsun. Onda Tom və yoldaşları sənə yelkəni açmaqda kömək edərlər.

      – Kapitan Qul, – deyə Tom dilləndi, – mister Dik bizə güvənə bilər.

      – Əmr edin! Əmr edin! – deyə Bat qışqırdı.

      – Bir də ki, nə olursa olsun, gəmini tərk etmə!

      – Oldu, kapitan!

      – Çox uzaqlaşsaq və “Səyyah”ın bizə yaxınlaşmağına ehtiyac olsa, bayraqla sizə işarə edəcəyəm.

      – Arxayın olun, kapitan. Gözümü qayıqdan çəkmərəm.

      – Əla, oğlum. İndi səndən soyuqqanlılıq və cəsarət tələb olunur! Unutma ki, sən artıq kapitan köməkçisisən. Hər adama bu yaşda bu adı daşımaq qismət olmur.

      Zolaqlı balina hələ də dənizin qırmızı hissəsində üzürdü. Kapitan Qul qayığın burnundakı yerini tutdu. “Səyyah”ın sərnişinləri ova tamaşa etmək üçün gəminin burnuna toplaşmışdılar.

      Qayıq “Səyyah”dan bir neçə yüz fut uzaqlaşmışdı. Birdən Dinqo yazıq-yazıq ulamağa başladı. Xanım Ueldon diksindi:

      – Sus, Dinqo! Ayıb olsun! Dostları ova belə yola salarlar?

      İt susdu. O, yavaş-yavaş yaxınlaşıb xanım Ueldonun əlini yalamağa başladı.

      – Dinqo boş yerə ulamaz, – deyə Tom pıçıldadı. – Pis əlamətdir!.. Pis əlamətdir!

      Birdən it tüklərini qabardaraq qəzəblə nərildədi. Xanım Ueldon arxaya baxdı. Neqoro kayutundan çıxmışdı. Görünür, o da ov prosesinə tamaşa etmək istəyirdi.

      Dinqo qəzəblə özünü müdafiə etməyə çalışan aşpazın üstünə atıldı. Sonra isə onun boğazını dişləməyə çalışdı.

      – Dinqo, geriyə! – deyə Dik qışqıraraq irəli atıldı. Xanım Ueldon da iti sakitləşdirməyə çalışırdı. Dinqo axırda könülsüz şəkildə aşpazdan əl çəkdi.

      Neqoro heç nə deməsə də, rəngi ağappaq olmuşdu. O, kayutuna qayıtdı.

      – Herkules! – deyə Dik Send nəhəng zənciyə müraciət etdi. – Aşpaza nəzarət etməyi sənə tapşırıram.

      – Oldu.

      Xanım