Sindbadın yeddi səyahəti. Группа авторов. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Группа авторов
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
Жанр произведения:
Год издания: 0
isbn: 9789952241105 
Скачать книгу
keçdik, torpaqlar gördük. Haradan keçsək, orada mal satıb mal alırdıq, dəyiş-düyüş eləyirdik. Dəryada xeyli gedəndən sonra bir adaya gəlib çatdıq, bura elə bil behişt bağlarından biri idi. Gəminin sahibi adaya yan aldı, lövbər salıb körpünü endirdi, gəmidə olanların hamısı quruya çıxdı. Ocaq qaladılar, hərə başladı bir işlə məşğul olmağa – kimi xörək bişirirdi, kimi paltar yuyurdu, kimi də seyrə çıxmışdı. Mən adanı gəzməyə çıxanların arasındaydım.

      Bir xeyli keçəndən sonra bütün gəmi əhli bir yerə toplaşdı, başladılar yeyib-içməyə, gülüb-oynamağa. Hamının başı buna qarışanda bir də gördüm gəmi sahibi göyərtəyə qalxıb oradan bizə qışqırır:

      – Camaat, tez olun, gəmiyə qalxın, durmayın, cəld tərpənin! Nəyiniz var, qoyun qalsın, qaçın canınızı qurtarın. Nə qədər ki ölməmisiz, qaçın. Siz gəzdiyiniz ada deyil, nəhəng balıqdır, suya yatıb. Külək onun belinə daş-torpaq gətirib səpib, beli olub ada kimi, üstündə ağac-uğac bitib. İndi siz ocaq qalamısız deyə balıq istidən başlayıb tərpənməyə, bu saat sizinlə birgə suyun dibinə çökəcək. Başınızın çarəsini qılın, yoxsa hamınız boğulacaqsız…

      Adamlar onun dediyini eşidəndə tez əl-ayağa düşdülər, ayın-oyunlarını, qazanlarını, manqallarını orada qoyub gəmiyə sarı qaçdılar. Kimi özünü gəmiyə yetirə bildi, kimi yetirə bilmədi. Elə bu vaxt ada hərəkətə gəlib üstündəkilər qarışıq dəryanın dibinə yatdı. Dəniz yerindən oynadı. Mən adada ləngiyib suya qərq olanların arasındaydım. Ancaq Allah-taala köməyimə yetib məni boğulmağa qoymadı, yolçuların paltar yuduğu iri təknələrdən birini mənə yetirdi. Can şirin olur, tez təknədən yapışıb üstünə çıxdım, başladım ayaqlarımla avar kimi suyu kürəkləməyə. Ləpələr məni elədən-belə qovurdu, belədən-elə. Gəmiçi yelkənləri açıb qurtulanlarla birgə uzaqlaşırdı, suda boğulanlara fikir də vermirdi. Gəmi ta gözdən itənəcən dalınca baxdım, elə ki gəmi görünməz oldu, dedim daha axırım çatıb.

      Gecə oldu, qaranlıq düşdü. Bir gün, bir gecə bu minvalla keçdi, axırda külək, ləpə köməyimə yetdi, təknəni qova-qova gətirib sıldırım qayalıq bir adanın qırağına çıxartdı. Burada çoxlu ağac bitmişdi, qol-qanadları suya əyilmişdi. Əlimi atıb hündür bir ağacın budağından bərk-bərk yapışdım, birtəhər dırmaşıb sahilə çıxdım; bu vaxt az qalmışdı yıxılam öləm. Adada gördüm ki, ayaqlarım şişib, baldırlarımda balıq dişlərinin yeri qalıb. Ancaq elə qəmgin olmuşdum, elə yorulmuşdum ki, ayaqlarımın ağrısını da duymurdum. Huşumu itirib gecəni səhərəcən ölü kimi qaldım. Səhər gün çıxanda gözümü açdım, gördüm ayaqlarım bir az da şişib. Amma ağrıya baxmadım, sürünə-sürünə, iməkləyə-iməkləyə adanı görməyə getdim. Burada çoxlu meyvə ağacı, şirin sulu çaylar vardı. Meyvələrdən yığıb yedim, sudan içdim.

      Bu qayda ilə neçə gün neçə gecə adada qaldım. Bir az özümə gəlib dirçəldim, qıvraqlaşdım. Adanın qırağınca gəzib fikirləşdim, Allah-taalanın bu ağacların arasında xəlq elədiklərinin tamaşasına durdum. Ağac budağından özümə çəlik düzəldib axsaya-axsaya yeridim. Bu minvalla xeyli müddət adada qaldım.

      Günlərin bir günü yenə dəryanın kənarı ilə gedirdim, birdən aralıda gözümə qəribə bir məxluq dəydi. Fikirləşdim ki, ya vəhşi heyvandır, ya da dəniz heyvanlarındandır. Başladım ona sarı getməyə, özüm də gözümü ondan çəkmirdim. Yaxınlaşanda gördüm ki, bu, çox iri bir atdır, dənizin qırağında ağaca bağlanıb.

      Mən yanına çatanda at elə bərkdən kişnədi ki, canıma lərzə düşdü, istədim geri qayıdam, elə bu vaxt yerin altından bir adam çıxıb üstümə qışqırdı, dalımca gəlib mənə dedi:

      – Kimsən, haradan gəlirsən, burada nə gəzirsən?

      Cavab verdim:

      – Ağa, məlumun olsun ki, mən qərib babayam. Gəmi ilə səfərə çıxmışdıq, yolda qəzaya düşdük. Suda boğulanda Allah-taala mənə bir təknə yetirdi, mindim təknəyə, başladım üzməyə, axırda dalğa məni gətirib bu adaya çıxartdı.

      Bunu eşidəndə adam qolumdan yapışıb dedi:

      – Gedək mənimlə.

      Onun yanına düşüb getdim. Məni bir zirzəmiyə endirib oradan da geniş bir yeraltı otağa apardı, otağın ortasında məni oturdub yemək-içmək gətirdi. Bərk acmışdım, başladım yeməyə, o ki var yeyib qarnımı doyurandan sonra toxtadım.

      Sonra bu adam başıma gələnləri yerli-yataqlı xəbər aldı. Mənə nə üz vermişdisə, hamısını əvvəldən-axıracan bir-bir ona nağıl elədim, kişi danışdıqlarımı eşidəndə mat qaldı.

      Mən öz əhvalatımı söyləyib qurtaranda dedim:

      – Ağa, səni and verirəm Allaha, mənə acığın tutmasın, başıma nə gəlib, hamısını sənə danışdım. İndi arzum budur, sən də mənə söyləyəsən görüm kimsən, nəkarəsən, niyə yerin altındakı bu otaqda oturmusan? Niyə atını dəryanın qırağında bağlamısan?

      O cavab verdi:

      – Məlumun olsun ki, biz burada çoxuq, bu adaya gəlib hərəmiz bir tərəfə səpələnmişik. Biz əl-Mihrcan şahın mehtərləriyik. Onun atlarına biz baxırıq. Hər dəfə ay təzələnəndə cins atları yığıb bura gətiririk, madyanları dəryanın qırağında bağlayırıq, özümüz də yerin altındakı bu otaqlarda gizlənirik ki, heç kim bizi görməsin. Dərya ayğırları madyanların iyini alıb sudan çıxır. Ayğır sağa-sola boylanıb görəndə ki heç kim yoxdur, madyanla cütləşir, sonra da onu çəkib dəryaya aparmaq istəyir. Ancaq madyan bağlı olduğundan ayğıra qoşulub gedə bilmir. Ayğır kişnəyib madyanı başı ilə itələyir, təpiklə vurur; biz onların kişnərtisini eşidəndə bilirik ki, madyanlarla cütləşib qurtarıblar. Onda zirzəmidən çıxıb ayğırları qovuruq, bizdən ürküb təzədən dəryaya girirlər. Madyan vaxtı-vədəsi çatanda doğur. Hər qulunun qiyməti bir dolu kisə qızıldır, çünki dərya ayğırından əmələ gələn atın yer üzündə tayı-bərabəri tapılmaz. İndi ayğırların çıxan vaxtıdır. Ondan sonra, Allah qoysa, səni götürüb apararıq əl-Mihrcan şahın yanına. Məmləkətimizi sənə göstərərəm. Yəqin bil ki, bizə rast gəlməsəydin, bu adada insan üzü görməyəcəkdin, tək-tənha ölüb-itəcəkdin, heç kim də səndən xəbər tutmayacaqdı. Qanının arasına mən girdim. İndi də kömək elərəm, vətəninə qayıdarsan.

      Mənə elədiyi yaxşılığın, göstərdiyi mərhəmətin əvəzində mehtərə razılıq elədim. Biz belə söhbətləşən zaman birdən ayğır dəryadan çıxdı, bərkdən kişnəyib madyanın üstünə atıldı, cütləşmədən sonra istədi madyanı özüylə aparsın, at bağlı olduğundan apara bilmədi. Onda ayğır başladı kişnəyib madyanı təpikləməyə. Belə olanda mehtər qılıncını-qalxanını götürüb otaqdan çıxdı, qılıncı qalxana vura-vura yoldaşlarını haraylayıb dedi:

      – Çıxın, yeriyin ayğırın üstünə.

      Bir dəstə adam əldə nizə tökülüşüb gəldi, başladılar hərə bir yandan qışqırmağa. Ayğır onlardan ürküb kəl kimi özünü verdi dəryaya, suyun altında gözdən itdi. Mehtər bir az oturub gözlədi, sonra yoldaşları onun başına toplaşdılar, hərəsinin də yedəyində bir madyan. Onlar məni mehtərin böyründə görəndə haradan gəlib hara getdiyimi xəbər