– Mən də səninlə gəlirəm, – Dik dedi.
Axırda uşaqların hamısı Sümsüyün arxasınca kolluqlara tərəf yollandı. Çox keçmədən bir az aralıda qarayanız, qaşqabaqlı bir kişinin dayandığını gördülər. Onun sıx, qıvrım saçları vardı, qulaqlarından da iri halqavari qızıl sırğalar asılmışdı. Uşaqlar ona yaxınlaşdılar.
– Sizin at hələ düz-əməlli yeriyə bilmir, – Culian dedi. – Ya sabah, ya da birisi gün onun arxasınca gələ bilərsiniz, kapitan Conson belə dedi.
– Mən atımı elə indi götürüb aparacağam, – kişi dilləndi. – Biz ya bu gecə, ya da sabah tezdən yola düşürük. Gözləməyə vaxtım yoxdur.
– Hara tələsirsiniz ki? – Culian soruşdu. – Xam Torpaqlar bir yerə qaçmır!
Kişi üz-gözünü turşudub ayağının birini götürərək o birini qoydu.
– Siz bir-iki gecə burada qalıb sonra öz köçünüzün arxasınca gedə bilməzsiniz? – Dik soruşdu.
– Hə, ata, o biri köçlə gedərsən, – qaraçı oğlan da dilləndi. – Ya da sən Moiseylə get, mən də burada qalıb gözləyim. Atımız sağalan kimi sizin arxanızca gələrəm.
– Bəs yolu necə tapacaqsan? – Corc soruşdu.
– Asanca! – oğlan dedi. – Onlar mənə yolu başa salmaq üçün patrinlər qoyacaqlar.
– Elədir ki var! – Dik dilləndi. – Patrinlər tamam yadımızdan çıxıb.
Sonra üzünü oğlanın atasına tutub dedi:
– Nə qərara gəldiniz?
Kişi cavab verməyib üzünü oğluna tərəf tutaraq nəsə dedi. Uşaqlar heç nə başa düşmədilər, çünki onlar qaraçı dilində danışırdılar. Sonra kişi bir-bir onları başdan-ayağa süzərək sırğalarını yellədə-yellədə oradan uzaqlaşdı.
– O nə dedi? – Culian oğlandan soruşdu.
Qaraçı uşaq, adəti üzrə, burnunu çəkərək dilləndi:
– Çox hirsləndi, dedi ki, bu gün yola düşür, mən isə sonra Klipi, yəni atımızı götürüb onların arxalarınca getməliyəm. Gecəni də Lizlə birlikdə buralarda bir yerdə keçirərəm.
– Liz kimdir? – Enn soruşdu.
– İtimdir, – oğlan bunu deyib ilk dəfə gülümsündü. – Onu buradan bir az aralıda bağlamışam, yoxsa hindtoyuğularının üstünə cumur, kapitan Conson da əsəbiləşir.
– Kim olsa, əsəbiləşər! – Culian dilləndi. – Deməli, hər şey yoluna qoyuldu. Sabah öz Klipinin dalınca gələrsən, görək o, yola çıxmağa hazır olacaq, ya yox!
– Əslində, atın burada qalması mənim də ürəyimdəndir. Klipin ömürlük axsaq qalmasını istəmirəm. İntəhası nə edim ki, atam çox qəzəblənir.
– Yaxşı, sabah gələrsən, – Culian bir də təkrarladı. – Bizə patrinləri də göstərərsən, onların mənasını bilmək istəyirik.
– Gələrəm, – oğlan əli ilə burnunu silib dedi. – Bəs mənim komama baxmaq istəmirsiniz?
– Onsuz da bir işimiz yoxdur, – Dik dedi. – Bəlkə, gedib baxaq?
– Gəlin gedək! – oğlan onları razı salmağa çalışdı. – Sizə patrinləri də göstərərəm. Liz də öz məharətini nümayiş etdirər. Bilirsiniz, o necə ağıllı itdir! Bir vaxtlar sirkdə çıxış eləyib!
– Onda Timmini də özümüzlə götürərik, – Enn dedi. – Qoy o da Lizin göstərəcəyi nömrəyə tamaşa eləsin. Ey, Timmi, nə deyirsən, gedək?
– Hav! – it bir ağız hürüb quyruğunu bulamaqla öz razılığını bildirdi.
– Yaxşı, onda biz sabah sənin komana baxmağa gələrik! – Dik oğlana dedi.
Tövlədə gecəyarısı
Həmin gecə oğlanlar tövlələrin birində gecələdilər. Onlara bircə qaraçıların atının qaldığı balaca tövlədə yer vermişdilər. Zavallı heyvan ayağı sarğılı halda dinməz-söyləməz yerdə uzanmışdı. Enn atı yavaşca sığallamağa başladı. Bu, arıq, çəlimsiz, bir o qədər də gözəgəlimli heyvan deyildi, ancaq qəşəng, qonur gözləri var idi.
Samanların üstünə qalın mələfə salınmışdı ki, çöpləri uşaqların ətinə batmasın.
Qızlar isə kapitan Consonun evində gecələyəcəkdilər.
Gecəyarıdan keçmişdi.
Oğlanların yatdığı tövlənin qapısı qəfildən yavaşca aralandı. Ay işığında qapıda kiminsə silueti göründü. Xəstə at dərhal başını qaldırıb qapıya tərəf baxdı, əvvəl elə bildi ki, gələn qaraçı oğlandır. Sümsük atını çox sevir, ona qarşı həmişə yaxşı davranırdı. Ancaq qapıda dayanan adam oğlanın atası idi. Atın bu adamdan zəhləsi gedirdi, çünki onu gah qamçılayır, gah da təpikləyirdi.
Klip qaraçı kişini görən kimi astadan kişnədi.
Zavallı heyvan ayağı sarğılı halda dinməz-söyləməz yerdə uzanmışdı. Enn atı yavaşca sığallamağa başladı.
Sümsüyün atasının oğlanların tövlədə gecələdiklərindən xəbəri yox idi. Ata tərəf gedəndə qaranlıqda Culianın ayağını tapdadı, büdrəyib tappıltı ilə yerə dəydi. Səsə Culian yuxudan oyandı.
– Kim var burada? – oğlan qışqırdı.
Kişi qaranlıqda çöməlib nəfəsini içinə çəkdi. Culian öz-özünə fikirləşdi ki, yəqin, yuxu görüb. Elə isə, bəs ayağı niyə ağrıyır? Deməli, onu kimsə tapdamışdı. Oğlan qardaşını dümsüklədi:
– Oyan! Deyəsən, burada kimsə var! Fənərimiz hanı? Ora bax, qapı taybatay açıqdır! Bu lənətə gəlmiş fənər haradadır axı?!
Onlar, nəhayət, fənəri tapıb yandırdılar. Əvvəl heç nə sezə bilmədilər, kişi Klipin o biri tərəfinə keçib gizlənmişdi. Lakin Culian fənərin işığını həmin yerə tutanda qaraçını gördülər.
– Bu ki qaraçı oğlanın atasıdır! – Culian qışqırdı. – Tez ayağa durun görək! Gecə vaxtı burada nə işiniz var?
Kişi ağır-ağır ayağa qalxdı, qaraçının sırğaları fənərin işığı altında par-par parıldayırdı.
– Klipin dalınca gəlmişəm, – o dedi. – Bu mənim atımdır, nədir, guya bilmirsiniz?
– Sizə dedik axı, o, hələ yeriyə bilmir, – Culian izah etməyə başladı. – İstəyirsiniz ki, yazıq at həmişəlik axsaq qalsın? Sizin ki atlardan başınız çıxır, özünüz də yaxşı bilirsiniz ki, bu vəziyyətdə onu yola çıxartmaq olmaz.
– Mənə əmr olunub ki, alaçığımı toplayıb hamı ilə birlikdə yola düşüm.
– Kim əmr eləyib? – Dik soruşdu.
– Barni Bosvella. O bizim ağamızdır. Sabah yola düşməliyik!
– Niyə axı? – Culian bu