– Təşəkkür edirəm, ser.
– Onsuz da səni qəbul edəcəklərinə elə bir şübhəm yoxdur, – deyə o əlavə etdi.
Bilmirəm nədən, amma III Oliver Barrett məni tərifləyəndə də sanki aşağılayırdı.
– Bilmək olmaz. Onların hokkey komandaları yoxdur.
Yaxşı, mən özüm özümü niyə belə aşağılayırdım? Bəlkə, ona görə ki atam mənim haqqımda əks fikirdə idi, sadəcə, onun əleyhinə getmək istəyirdim.
– Sənin başqa üstünlüklərin də var, – deyə III Oliver Barrett mənə təsəlli verdi. Amma fikrini dəqiqləşdirmədi (çətin ki, bunu edə də bilərdi).
Yeməklər söhbətimiz kimi dadsız və duzsuz idi. Amma masaya gətirilən çörəyin köhnə olacağını əvvəlcədən söyləyə bilsəm də, atamın növbəti anda dedikləri ağlıma belə gəlməzdi.
– Bir də ki istənilən halda Sülh Korpusu18 var. – Gözlənilmədən atam mətləbə dəxli olmayan bir söz işlətdi.
Başa düşmədim, o, rəy bildirirdi, yoxsa sual verirdi?
– Ser?
– Yəni düşünürəm ki, Sülh Korpusu gözəl təşkilatdır, elə deyilmi?
– Əlbəttə, – deyə təsdiqlədim. – Heç şübhəsiz, müharibə korpusundan minqat yaxşıdır.
İndi ikimiz də eyni vəziyyətdə idik. Nə mən onun bu söhbəti niyə ortaya atdığından baş açırdım, nə də o mənim fikrimi öyrənə bilirdi. Bəlkə, atam bunu elə-belə, dialoqumuzu davam etdirmək xatirinə demişdi? Bəlkə, dünyada baş verənlərdən, hökumət proqramlarından danışmaq üçün növbəti mövzuya keçid edirdi? Yox. Mən bir anlığa unutdum ki, bizim söhbətimizin yeganə mühüm mövzusu mənim planlarımdır.
– Əgər sən Sülh Korpusuna qoşulmaq qərarına gəlsən, mən buna etiraz etmərəm, Oliver.
– Qarşılıqlı hisdir, ser, – deyə özümü ondan da ürəyigeniş göstərməyə çalışdım. Bilirəm ki, Qoca Daşsifət heç vaxt mənə qulaq asmır, ona görə də sonuncu replikamdakı sarkazmı hiss etmədiyinə təəccüblənmədim.
– Bəs sənin kurs yoldaşların? – atam davam etdi. – Onların buna münasibəti necədir?
– Nəyə, ser?
– Sülh Korpusunun onların həyatında mühüm rol oynadığını hiss edirlərmi?
Balıq susuz yaşaya bilmədiyi kimi, atam da «Bəli, ser» ifadəsini tez-tez eşitməsə, ürəyi dayanar.
– Bəli, ser.
Hətta ofisiantın axırda gətirdiyi alma piroqu da daş kimi bərk idi.
Təxminən saat on ikinin yarısında onu maşınına qədər ötürdüm.
– Sənin üçün nə edə bilərəm, oğul?
– Heç nə, ser. Gecən xeyrə qalsın, ser.
Və o sürüb getdi.
Əlbəttə, Nyu-York ştatının İtaka şəhərindən Bostona təyyarələr uçurdu. Amma III Oliver Barrett avtomobilə üstünlük vermişdi. Bu uzun yolu maşınla gəlməkdə məqsədi oğluna olan məhəbbətinin böyüklüyünü nümayiş etdirmək deyildi, yox, sadəcə, mənim atam sürətlə avtomobil sürməyi xoşlayırdı. Gecənin bu vaxtında isə ikiyerlik «Aston Martin DBS»də19 rahat və boş şosedə ən yüksək sürət yığmaq mümkün idi. Heç şübhəsiz, III Olivet Barrett ötən il biz Kornell komandasını darmadağın edib «Sarmaşıq Liqası»nın çempionu olandan sonra İtaka–Boston yolunda qoyduğu şəxsi rekordunu təzələməyə hazırlaşırdı. Çünki o, maşına oturanda saata baxdığını gördüm.
Motelə qayıdıb Cenniyə zəng etdim.
Bu zəng həmin axşamdan mənə qalan yeganə xoş təəssürat oldu. Oyun vaxtı dava haqqında hər şeyi detallarına qədər Cenniyə danışdım (təkcə bu davanın casus belli20-sini dəqiq demədim). Deyəsən, əhvalat xoşuna gəldi. Onun sısqa musiqiçi dostları arasında, çətin ki, kimsə yumruq atmağı, yaxud zərbəyə davam gətirməyi bacarardı.
– Ümid edirəm, səni vuran o gədəni yaxşıca əzişdirə bilmisən.
– Hə, kefin istəyən kimi. Xurd-xəşil eləmişəm.
– Heyif, görməmişəm. Yellə21 oyunda birini tapıb mənim üçün bu tamaşanı təkrar edərsən?
– Əlbəttə.
Mən güldüm. O, həyatı bütün adilikləri və qəribəlikləri ilə birgə sevirdi.
4
– Cenni aşağıda telefonla danışır.
Bazar ertəsi axşam Redkliffin yataqxanasına getdim. Mən «Briqqs Holl»a girən kimi, hələ ağzımı açmağa macal tapmamış kommutatorda oturan qız Cenninin yerini söylədi. Yəqin, bu qız «Crimson» oxuyurdu və mənim kim olduğumu özüm demədən də bilirdi. Belə hallarla çox rastlaşmışam. Amma ən başlıcası o idi ki, Cenni mənimlə görüşdüyünü gizlətmirdi.
– Təşəkkür edirəm, burada gözləyərəm, – deyə cavab verdim.
– Kornellə oyunda çox pis hadisə baş verib. «Crimson» yazmışdı ki, orada dörd oyunçu birdən sizə hücum çəkib.
– Hə. Və buna görə mənim özümü cəzalandırdılar. Beş dəqiqə!
– Elədir.
Dostla azarkeş arasında başlıca fərq ondan ibarətdir ki, sonuncu ilə söhbət çox qısa olur.
– Cenni danışıb qurtarmayıb?
Qız kommutatorun lampalarına baxdı:
– Hələ yox.
Maraqlıdır, yataqxanaya gələcəyimi bilə-bilə mənimlə qiymətli görüş vaxtını Cenni kimə sərf edir?
Bəlkə, ayaq üstə güclə duran hansısa musiqiçi oğlana? Bilirdim ki, Martin Devidson adlı birisi – «Adams Haus»un22 sonuncu kurs tələbəsi və «Bax cəmiyyəti»ndə orkestrin dirijoru Cenninin diqqətini cəlb etmək üçün hər şeyə hazırdır. Fiziki mənada yox: inanmıram ki, bu ölüvayın dirijor çubuğundan başqa əlinə alıb yellətməyə nəyisə olsun. İstənilən halda mənim görüş vaxtıma bu həyasız təcavüzün qarşısını almaq lazım idi.
– Telefon kabinəsi haradadır?
– Aşağıda, enən kimi görəcəksiniz, – deyə kommutatorçu qız istiqaməti nişan verdi.
Mən pilləkənlə zala endim. Uzaqdan telefon kabinəsində Cennini gördüm. O, kabinənin qapılarının ikisini də açıq qoymuşdu. Yavaş-yavaş, saymazyana yaxınlaşdım. Güman edirdim ki, bu tərəfə baxan kimi üzümdəki sarğını, ümumiyyətlə, döyüş yaralarımı görəcək, dəstəyi tullayıb qollarımın arasına atılacaq. Bir az da yaxına gələndə qulağıma Cenninin səsi dəydi.
– Hə. Əlbəttə. Tamamilə. Oh, mən də, Fil. Mən də səni sevirəm, Fil.
Yerimdə quruyub qaldım. Kimə