– Buranın təbiəti necə də gözəldir! Sən əvvəllər bu yerlərdə olmusan?
– Əlbəttə yox.
Qız təəccübləndi:
– Onda bizim burada nə işimiz var?
Qəfildən Susannanı arxadan itələdilər, az qala burnu qabaq şüşəyə yapışacaqdı – Çarli kəskin hərəkətlə əyləci basmışdı.
– Ötüb-keçdik, – o mızıldandı və maşını dala verdi, döngənin bərabərinə çatanda dayandı.
Həqiqətən də, yolun kənarında əkilmiş ağacların qol-budaqları bu dar döngəni gözdən gizlədirdi. Hətta üstündə «Özəl malikanə» yazılmış yol göstəricisi də yaşıl yarpaqların arasında itib-batırdı.
Çarli döngəni buruldu. İri şabalıd ağaclarının budaqları çətir kimi yolun üstünü örtürdü.
Yalnız bundan sonra Çarli Susannanın sualına cavab verdi:
– Balaca bir işim də qalıb. Tez bitirəcəyəm.
Çarli bu sözləri o dərəcədə böyük etinasızlıqla dedi ki, Susannaya qəribə gəldi: «xırda bir işə görə bu boyda yolu gəlmək nəyə lazımdır?» Qız Çarlinin gözlərinə baxdı, amma qara eynək bu gözləri Susannadan etibarlı şəkildə gizlədirdi.
Maşın yavaş gedirdi. Əyri-üyrü, daş yol kəndarası enli cığırı xatırladırdı. Amma bir neçə yüz metrdən sonra yol genişləndi və kəskin döngədən sonra dağa qalxmağa başladı. Hündür təpənin üstünə qalxanda onlar qarşılarında böyük ağ bina gördülər. Yaşıl çəmənliklərlə əhatə olunmuş bu bina gözəl olmaqla yanaşı, ətraf təbiətlə vəhdət təşkil edirdi. O, otelə bənzəyirdi, amma hansısa varlı bir adamın şəxsi malikanəsi də ola bilərdi.
– Biz haradayıq? – Susanna maraqlandı.
Onlar ördəklər üzən bir gölün yanından keçdilər. Gölün mamır basmış sahilində cürbəcür güllər əkilmişdi. Yolun kənarında arxası maşına tərəf bir nəfər dayanmışdı. O, rəngə bulaşmış xalatda şəkil çəkirdi, qabağında molbert var idi. Çarli həmin adamın yanında maşını saxladı:
– Bağışlayın, təsadüfən, Uollbruk bura deyil?
Kişi reaksiya vermədi. Çarli bir az da bərkdən dedi:
– Bağışlayın…
Kişi dinməzcə üzünü çevirdi və Susannanın heyrətdən ağzı açıq qaldı. Hətta Çarli də bir anlığa soyuqqanlığını itirdi. Kişinin əlləri və sifəti parlaq rənglərə bulaşmışdı. Xalatının ətəyi tamam ala-bəzək idi. Molbertdə isə ördəklər oynaşan gölün və gözəl ağ evin idillik mənzərəsi əvəzinə qarmaqarışıq bir şey çəkilmişdi. Buna şəkil də demək olmazdı: irili-xırdalı ləkələr, əyri-üyrü xətlər, yoğun cizgilər kətanın üzərinə əllə yaxılmışdı. Adam heç nə anlamayan məsum bir uşaq gülüşü ilə onlara baxırdı.
Çarli bir neçə saniyə gözlərini bu qəribə rəssamdan və onun anlaşılmaz əsərindən ayıra bilmədi. Sonra maşını yerindən tərpətdi və binanın qarşısında saxladı.
Girişdə girdə bürünc lövhədə bu müəssisənin adı yazılmışdı: «Əqli cəhətdən zəif adamlar üçün Uollbruk mərkəzi».
Çarli maşından çıxıb artırmaya qalxdı, qapıdan asılmış latun çəkici döyəclədi. Qapını ortayaşlı gözəgəlimli bir qadın açdı; o çox sadə geyinmişdi və görünür, işini yaxşı bilirdi.
– Mən doktor Brunerlə görüşmək istərdim.
Qadın başının işarəsi ilə Çarlini içəri dəvət etdi. Susanna da onun arxasınca getdi. Qadın qonaqları doktorun geniş, rahat qəbul otağına apardı. Otaqda şifon parçadan üzlük çəkilmiş kreslo və divanlar qoyulmuşdu, buxarı ona xüsusi yaraşıq verirdi, pəncərələrin dəmir zolaqlı pərdələri qaldırılmışdı, masanın üstündə xeyli bahalı jurnal var idi. «Xəstəxananın qəbul otağı, – Çarli fikirləşdi, – onu gözəl mebellə, qədimi və zəngin əntiq əşyalarla nə qədər bəzəsən də, yenə xəstəxana otağı olaraq qalır». Qadın masanın ətrafına qoyulmuş iki kreslonun yanında dayandı, Çarli və Susannanın əyləşməsini gözləyib dedi:
– Doktor Bruner səhər yoxlamasındadır. Siz burada bir az gözləyə bilərsinizmi?
Çarli başı ilə qadına razılığını bildirdi və ona «üç nömrəli» (sözəbaxan oğlan!) gülüşünü bəxş elədi. Qadın da cavabında gülümsünüb otaqdan çıxdı. Çarli dərhal qalxıb daxili dəhlizə aparan qapıya yaxınlaşdı. Sağa-sola boylanıb irəli addım atdı.
– Çarli, – Susanna həyəcanla dedi, – məncə, burada bizə hara gəldi burnumuzu soxmaq olmaz.
– Sən soxma, – Çarli çiyninin üstündən cavab verib qapının arxasında gözdən itdi.
Susanna yerindən dik atılıb qorxa-qorxa onun dalınca getdi. Qız tək qalmaq istəmirdi.
Kənardan xəstəxana başqa cür görünürdü. Qəbul otağındakı əntiq əşyalar və güllü divar kağızlarını burada yalnız iş üçün yararlı sadə mebel və yaşıl rəngə boyanmış divarlar əvəz edirdi. Bir sözlə, bu mərkəz əsl xəstəxana idi. Susanna bərk-bərk Çarlinin əlindən yapışdı, Çarli isə diqqətlə şəraiti öyrənirdi.
Şübhə yeri qalmamışdı: Uollbruk ciddi müalicə müəssisəsi idi. Amma buranın xəstələrinin fiziki mənada ağrıyan yeri yox idi, ruhları zədəli idi. Onlar, hər halda, Çarli ilə Susannanın dəhlizdə gördükləri adamlar hay-küy qaldırmır, dava salmırdılar, əksinə, ətraf mühitlə çox az maraqlanırdılar, öz kiçik dünyalarına qapanmışdılar. Əksəriyyəti televizora baxırdı, amma, əslində, ekranda baş verən dramları nə görür, nə anlayırdı. Bəziləri masanın arxasında oturub uşaq tapmacaları üzərində baş sındırır, şəkilli karton kartları qarışdırırdı. Kimi də yerdə uzanıb oyuncaqlarla oynayırdı. Ağsaç yaşlı qadın parça kuklanı qurumuş əlləri ilə sinəsinə sıxır, astadan ona layla deyirdi. Hərə öz aləmində idi, heç kim heç kimə baxmırdı, heç kimlə danışmırdı. Bir neçə nəfər pudinqə, ya alma püresinə bənzər uşaq yeməyi qaşıqlayırdı. Eyni cür paltar geyinmiş xidmətçilər onlara ən adi işlərdə kömək edirdilər: birinin şokolada bulaşmış dodaqlarını təmizləyir, o birinin ağzının suyunu silir, üçüncüsünü ayaqyoluna aparırdılar.
Hər yanda sakitlik idi. Nə qışqıran, nə sayıqlayan, nə başını divara vuran, nə də küncə qısılıb gizlənməyə çalışan vardı. Sakitləşdirici dərmanlar öz işini görürdü. Ahəngdar musiqi həbləri atmaq, üstündən portağal suyu içmək vaxtının yetişdiyini bildirirdi. Və beləliklə, qorxunc Atilla reklam çarxlarındakı pişik balası Morrisə çevrilirdi. Kimya elmi möcüzələr törədir!
Xəstələrin «cəmiyyət» içinə çıxmayanda vaxtlarını keçirdikləri və yatdıqları təkadamlıq kiçik otaqlar Çarli ilə Susannanın yaddaşında daha dərin iz buraxdı. Onlar bir neçə