Bir dəqiqə axmaqlıq. Энтони де Мелло. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Энтони де Мелло
Издательство: Altun Kitab
Серия: Hikmət
Жанр произведения:
Год издания: 0
isbn: 9789952242935 
Скачать книгу
dost! Mən bunu böyük məmnuniyyətlə edərdim, ancaq bir əngəl var!

      – Hansı?

      – Müdrikliyi öyrətmək mümkün deyil.

      – Deməli, burada öyrənəcəyim heç nə yoxdur.

      – Müdrikliyi öyrənmək olar. Lakin onu öyrətmək olmaz.

      Kimsə Ustaddan bəxtə inanıb-inanmadığını soruşdu.

      – Əlbəttə, – Ustad göz vuraraq cavab verdi. – Əks halda, sevmədiyin insanların uğurlarını necə izah etmək olar?

***

      Məhəbbət qavrayışı təhrif edir – Ustad bunu tez-tez deyirdi.

      Bir dəfə şagirdlər bu sözlərin düzgünlüyünü sübut edən söhbətin şahidi oldular. Ustad bir qadından qızının necə yaşadığını soruşurdu.

      – Mənim sevimli qızım! O çox xoşbəxtdir! Onun elə gözəl əri var! Qızıma maşın bağışlayıb, zinət əşyaları alıb, onun üçün qulluqçular tutub. Səhər yeməyini özü onun çarpayısına gətirir, qızım isə hər gün günortadan qabaq yerindən qalxmır. Ər deyil, əsl şahzadədir!

      – Bəs oğlunun vəziyyəti necədir?

      – Ah, mənim yazıq oğlum! Elə deyingən arvadı var ki! Oğlum onun üçün nə istəyirdisə, edib; maşın, zinət əşyaları alıb, bir ordu qulluqçu tutub. O isə günortayacan yatağında sərilib qalır! Heç ərinə səhər yeməyi hazırlamaq üçün də qalxmır!

      Hamı təzə xəbəri müzakirə edirdi: çox dindar olan bir adam intihar edib.

      Məbəddə intihar edənin əməli təqdir edilmədi, lakin bəziləri onun imanına heyranlıqlarını dilə gətirməyə başladı.

      – Onun imanı? – Ustad soruşdu.

      – Axı o öz qərarında mətin olub, elə deyilmi?

      – Bu, fanatizmdir, iman yox. İman daha çox mətinlik tələb edir: öz qənaətlərini nəzərdən keçirmək və faktlara uyğun gəlmirsə, onlardan imtina etmək.

      Ustad hələ uşaq olarkən məktəbdə onu dalaşqan sinif yoldaşı tez-tez incidirdi.

      Böyüdükdən sonra peşman olan həmin adam məbədə gəldi. Ustad onu çox gülərüz qarşıladı.

      Bir dəfə yoldaşı özünün o vaxtkı kobud rəftarından söhbət açdı, ancaq Ustad özünü elə göstərdi ki, guya heç nəyi xatırlamır.

      – Doğrudan, heç nə yadında deyil? – deyə dostu soruşdu.

      – Niyə ki, mən bunu unutduğumu aydın şəkildə xatırlayıram! – cavabı gəldi və hər ikisi güldü.

      Yaxınlıqdakı meşənin yanğın nəticəsində məhv olduğunu eşidən Ustad bütün şagirdlərini yanına yığdı:

      – Biz sidr ağacları əkərək meşəni bərpa etməliyik.

      – Sidr ağacları? – şagirdlər təəccübləndi. – Axı onların böyüməsi üçün iki min il lazım olacaq!

      – Belə olan halda bir dəqiqə də ləngiməyək. Dərhal işə başlamaq lazımdır.

      Bir şagirdə sual verdilər:

      – Ustadın yanına niyə gedirsən? O sənə yaşamaq üçün pul qazanmağa kömək edir?

      – Xeyr, ancaq mən pul qazananda Ustadın köməyi sayəsində həyatımla nə edəcəyimi biləcəyəm.

      – Sənin dini liderlərin sənin özün kimi kordurlar və başlarını itirmişlər, – Ustad dedi. – Həyatın çətinlikləri ilə qarşılaşdıqda İncildən hazır cavablar axtarırlar. Lakin həyat həddindən artıq genişdir və hər hansı bir kitaba sığa bilməz.

      Sözlərinin sübutu kimi Ustad soyğunçu haqqında danışdı:

      – Bu, soyğundur! Pul, ya da başqa bir şey! – deyə cani qışqırdı.

      – Konkret olaraq nə?

      – Məni çaşdırma. Bu mənim ilk işimdir!

      – Ustad dünyada şərin olmasını necə izah edir? – ziyarətçi soruşdu.

      Şagirdlərdən biri cavab verdi:

      – Heç cür izah etmir. O, çox məşğuldur, hələ bir bununla da məşğul olmağa vaxtı yoxdur.

      Başqa şagird əlavə etdi:

      – İnsanlar ya daim dünya ilə mübarizə aparırlar, ya da darıxmaqdan üzülürlər. Ustad dünyanı valehedici, ecazkar, dərkedilməz hesab edir – o, sadəcə, dünyaya vurğundur.

      Ustad uzun müddət idi ki, bir qrup müəllimlə qızğın söhbət edirdi, axı onun özü də nə vaxtsa müəllim olmuşdu. Müəllimlərin problemi bundadır ki, onlar təhsilin vəzifəsinin bilik yığmaqda deyil, həyatın özünü dərk etməkdə olduğunu həmişə unudurlar.

      Ustad bir dəfə çay sahilində bir oğlan uşağına rast gəlməyindən danışdı. Uşaq balıq tuturdu.

      – Salam! – Ustad salamlaşdı. – Balıq tutmaq üçün yaxşı gündür!

      – Çox, – oğlan razılaşdı.

      Bir qədər sonra Ustad soruşdu:

      – Bəs sən nə üçün bu gün məktəbə getməmisən?

      – Axı, cənab, siz özünüz bayaq dediniz ki, bu gün balıq tutmaq üçün yaxşı gündür.

      Ustad həmçinin balaca qızı Minanın bir gün məktəbdən gətirdiyi xasiyyətnamədən danışdı:

      “Dərslərini yaxşı oxuyur. Və bir qədər də yaxşı ola bilərdi, əgər buna bir şey mane olmasaydı – o, həyata həddindən çox sevinir”.

      Vaiz ehtiramla: – Qanun Tanrı iradəsinin müqəddəs ifadəsidir və hörmət edilməli və sevilməlidir, – söylədi.

      – Cəfəngiyyatdır, – Ustad etiraz etdi. – Qanun qaçılmaz şərdir və minimum dərəcəyədək azaldılmalıdır. Mənə qanunu sevən bircə nəfər göstər və mən sənə qanmaz tiranı göstərim.

      Bir dəfə o, bacısı haqqında danışdı. Qadın balaca qızının oturduğu arabanı itələməkdən bezərək ona kiçik mühərrik qoşmuşdu. Həmin andaca polislər peyda olmuşdu. Qadına bildirmişdilər ki, mühərrikli uşaq arabası saatda beş kilometrədək sürətlə gedir, deməli, “özü hərəkət edən nəqliyyat vasitəsi”dir. Buna görə də ana gərək dərhal motovasitəsinə sahiblik haqqında sənəd, nömrə, fara, əyləc əldə etsin və nəhayət, sürücülük vəsiqəsi alsın!

      Конец ознакомительного фрагмента.

      Текст