Makedoniyalı İsgəndər. Питер Грин. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Питер Грин
Издательство: Altun Kitab
Серия: Tarixi yaradanlar
Жанр произведения:
Год издания: 0
isbn: 9789952244199 
Скачать книгу
yaradır. O da maraqlıdır ki, Pavsanini təqib edib öldürən zadəganlar İsgəndərin dostları idilər. Qatili məhz onların aradan götürməsi çoxluğun şübhələrini bir az da qüvvətləndirmişdi: necə olsa da, həddindən artıq çox şey bilən Pavsaninin ölümü ən çox İsgəndər və yoldaşlarının işinə yarayırdı…

      Təbii ki, İsgəndər taxta çıxan kimi atasının qətlində məhz onun günahkar olduğuna dair söz-söhbətlərin də arası kəsildi. Necə deyərlər: «Kral öldü – yaşasın kral!»

      IV FƏSİL

      Hökmranlığın açarı

      Filipin dəfnindən sonra Makedoniya ordusunun rəhbərliyi İsgəndəri dərhal hökmdar elan etdi. Əlbəttə, taxt-taca ən azından iki namizəd daha var idi – Filipin kürəkəni Aminta və Kleopatranın körpə oğlu Karan. Ancaq onlar həmin vaxt yeni hökmdar üçün ciddi təhlükə yaratmırdılar. Aminta taxt-tac hərisi deyildi, yeni doğulmuş uşağı taxtda oturtmaq isə həm də ona qəyyum təyin edilməsi demək idi, bunu isə heç kim istəmirdi.

      İsgəndər hakimiyyətini gücləndirməyə potensial rəqiblərini «təmizləməkdən» başlasaydı, bu, nə Makedoniya daxilində, nə də onun hüdudlarından kənarda yaxşı təəssürat yaratmayacaq, yeni hökmdarın nüfuzuna ilk gündəncə ağır zərbə vuracaqdı. Bu səbəbdən də o, Aminta ilə Karana hələlik toxunmamağı qərara aldı. Makedoniya xalqına müraciət edib bildirdi ki, yalnız hökmdarın adı dəyişib, ölkə isə atasının zamanında olduğu kimi uğurla idarə olunacaq. Ardınca isə o, Makedoniya əhalisini hərbi xidmətdən savayı hakimiyyət qarşısındakı bütün digər mükəlləfiyyətlərdən azad etdi. Bundan başqa, öz mövqeyini möhkəmlətmək üçün vaxtilə atası tərəfindən sürgün edilən dostlarını geri qaytarıb, onları yüksək dövlət vəzifələrinə təyin etdi.

      Filipin qətli ilə bağlı xəbər təkcə yunan şəhərlərində deyil, digər qonşu ölkələrdə də böyük səs-küyə və həyəcana səbəb oldu. Bəzi şəhərlər, məsələn, Arqos və Sparta yaranmış vəziyyətdən özlərinin itirilmiş müstəqilliklərini qaytarmaq üçün istifadə etmək fikrinə düşdülər. Filipin hərbi dəstələri Ambrakiya və Fivdən çıxarıldı. Fivlilər və arkadiyalılar İsgəndərin hökmranlığını qəbul etməkdən boyun qaçırdılar. Ən pisi isə o idi ki, Makedoniyanın Afinadakı düşmənləri əməlli-başlı sevinc içində idilər. Filipin ölümü orada, az qala, bayram kimi qarşılandı. Bu münasibətlə tanrıların şərəfinə minnətdarlıq qurbanları kəsildi. Afinalılar indi Makedoniyanın yeni hökmdarına qarşı mübarizə yollarını axtarırdılar. Ən ağlabatan iş Kleopatranın tərəfini tutan zadəganlarla ittifaq qurmaq idi. Demosfen tezliklə Afina xalq yığıncağı adından qüdrətli sərkərdələrdən Parmeniona və Attala məktub yazıb onları İsgəndərə qarşı müharibə elan etməyə həvəsləndirir, onu «təcrübəsiz» və «sarsaq» adlandırırdı. Lakin İsgəndər öz əməlləri ilə Demosfen və tərəfdarlarını yanıltdı, yaxşı siyasətçi olduğunu əyani şəkildə göstərdi. O, dərhal başa düşmüşdü ki, hakimiyyətinin potensial düşmənləri Asiyaya hərbi səfərlərə göndərilmiş qoşun rəhbərləri, xüsusən də, Attal ola bilər. Buna görə də sınanmış dostu Hekatayı çox keçmədən Parmenionun qərargahına göndərdi ki, əgər mümkünsə, Attalı sağ-salamat onun hüzuruna gətirsin, bu mümkün deyilsə, bacardıqca tez bir zamanda onu öldürsün.

      Digər yandan, Antipatr başda olmaqla, İsgəndərin məsləhətçiləri onu ehtiyatlı olmağa, yunan şəhərlərinə müstəqillik verməyə, diplomatik gedişlərlə, məsələn, müxtəlif siyasi və iqtisadi güzəştlər verməklə barbarların könlünü almağa çağırırdılar. Yeni hökmdar isə onlara belə cavab verirdi ki, azacıq yumşaqlıq göstərsə, düşmənlər bundan cəsarətlənib üstünə yeriyəcəklər. İsgəndər deyirdi ki, məsələni «cəsarət və qətiyyət göstərərək» həll etmək niyyətindədir. Bundan sonra o, say-seçmə döyüşçülərdən ibarət qoşunu ilə paytaxtdan Fessaliyaya yola düşdü. Ordu Bababoğazı vadisinə çatanda düşmən ordusu tərəfindən keçidin tutulduğu məlum oldu. Fessaliyalılar tərəddüd içində idilər: bilmirdilər, İsgəndərin ordusunu keçiddən buraxsınlar, ya yox…

      İşi belə görən gənc hökmdar öz ordusunun hərbi mühəndislərinə gizlicə əmr etdi ki, qarşılarını kəsən dağın dik yamacını qalxmaq üçün yol düzəltsinlər. Fessaliyalılar nə baş verdiyini anlayana qədər İsgəndər öz döyüşçüləri ilə dağı aşıb onların arxasına keçdi. Fessaliyalılar çarəsiz qalıb danışıqlara başladılar. Hökmdar «xoş sözlərin və səxavətli vədlərin köməyi ilə» onları yola gətirməyi bacardı, beləliklə, Fessaliya tayfalarından ibarət ittifaqın ömürlük rəhbəri seçildi. Fessaliyalıların iri süvari ordusu da İsgəndərin nəzarətinə keçdi.

      İsgəndər vaxtı boş yerə itirmirdi. Yunanlar onun bu uğurlu manevrindən xəbər tutana qədər gənc hökmdar xeyli irəliləmişdi. İndi onu yalnız Fivlə münasibətləri yoluna qoymaq düşündürürdü. Mərkəzi Yunanıstanın bu qüdrətli şəhəri ilə dostluq Makedoniya hökmdarı üçün çox vacib idi, ancaq fivlilər bundan inadla boyun qaçırırdılar. Nəticədə bir gün onlar yuxudan oyanıb Makedoniya ordusunun şəhər yaxınlığında döyüşə hazır vəziyyətdə dayandığını gördülər və əməllicə heyrətləndilər. İsgəndərin tələbi sadə idi: Ellin ittifaqının başçısı seçilməsinə razılıq verilsin!

      Fivlilər say-seçmə döyüşçülərdən ibarət Makedoniya ordusuna müqavimət göstərməyin mənasızlığını başa düşüb danışıqsız təslim oldular. Bundan sonra Fivdən vur-tut qırx mil13 uzaqda yerləşən Afinada ciddi çaxnaşma başladı. Şəhər kənarında yaşayan afinalılar öz mal-mülklərini şəhərə daşıyıb, onun divarlarını möhkəmləndirməyə girişdilər. Lakin tezliklə bunun bir faydası olmayacağını anladılar və İsgəndərin şərtlərini onlar da qəbul etdilər. Makedoniya ordusunun tufan kimi Yunanıstandan keçdiyini eşidən Attal gənc hökmdarı devirmək barədə gizli planlarından əl çəkib, öz başına çarə qılmaq barədə düşünməyə başladı. Axırda İsgəndərə sadiqliyini sübut etmək üçün Demosfenin ona yazdığı bütün məktubları Makedoniya hökmdarına yolladı. Əslində isə bu, mənasız cəhd idi: hamının yanında İsgəndəri təhqir edən, onun Filipin qanuni oğlu olmasını şübhə altına alan Attal indi qarşı tərəfin mərhəmətinə boş yerə ümid bəsləyirdi. Bunu zamanında dərk etməməsi Attalın böyük səhvi idi, çünki Parmenion artıq İsgəndərin tərəfinə keçmiş, gənc hökmdara qarşı müxalifətdə olanların aradan götürülməsinə razılaşmışdı. Yeri gəlmişkən, Parmenion bu razılığın əvəzində İsgəndərin qarşısında müəyyən şərtlər irəli sürmüş, həmin şərtlər də qəbul edilmişdi. Öz rəqiblərini zərərsizləşdirmək üçün İsgəndərin elə də çox vaxtı yox idi, ona görə də Parmenionla çənə döyməyə gərək görməmişdi. Hər halda, Parmenion öz tərəfdaşlarını yeni hökmdarın ətrafında cəmləşməyə razı sala bilsəydi, çətin ki, kimsə İsgəndərə qarşı çıxmağa cəsarət edəydi.

      Bunu yaxşı başa düşən Makedoniya hökmdarının heç bir tərəddüdsüz Parmenionun şərtlərilə razılaşması sonradan ona ciddi problemlər yaratdı. Makedoniya ordusu Asiyaya girəndə hakimiyyətdəki bütün yüksək vəzifələr Parmenionun oğulları, qardaşları və ya tərəfdarları tərəfindən tutulmuşdu. Nəticədə İsgəndər


<p>13</p>

Mil – uzunluq vahidi, 1 mil – 1,6 kilometrə bərabərdir.