Belə fikirlər də var ki, Olimpiada lap əvvəldən İsgəndəri hökmdar gözündə görürmüş. Bu, ata ilə oğul arasında söz-söhbətin yaranmasına səbəb olur, Olimpiada isə həmin vaxt daim İsgəndərin tərəfini saxlayırdı. İsgəndərlə atası arasında rəqabət Xeroneyadakı döyüşdən sonra lap qızışıbmış. Hətta belə fikir yayılıbmış ki, bu qələbənin memarı Filip yox, İsgəndərdir. Bu deyilənlər hökmdarın qulağına çatmaya və onu daha da qıcıqlandırmaya bilməzdi.
Olimpiada bir gün hökmdar olacağını uşaqlıqdan İsgəndərin beyninə yeritmişdi. Ancaq hökmdar olmaq üçün gərək şücaət göstərib qələbələr qazanaydın. İsgəndərin qarşısını isə atası kəsirdi. Filipin qırx altı yaşı vardı, gücü hələ aşıb-daşırdı, üstəlik, oğlundan daha şöhrətpərəst, daha təcrübəli idi. İrana qarşı yürüşdə qələbə qazanacağı təqdirdə əbədi şöhrətə İsgəndər yox, məhz o çatacaqdı…
İsgəndər həqiqətən atasını hakimiyyətdən kənarlaşdırmaq istəyibsə, bunun üçün ciddi səbəbləri olub. Ancaq dediyimiz kimi, bütün bunlar sadəcə fərziyyələrdir və yəqin ki, əsl həqiqəti biz bundan sonra da öyrənə bilməyəcəyik. Ola bilsin, saraydakı bəzi nüfuzlu şəxslərin gənc, dikbaş şahzadədən və onun hökmlü anasından bezməsi də ailədaxili nifaqı alovlandırmışdı. Onlar aranı qızışdırıb Olimpiada ilə İsgəndərdən canlarını qurtarmaq istəyə bilərdilər.
Beləliklə, ana ilə oğul sürgün həyatı yaşamağa başladılar, Filip isə bu zaman İran üzərinə hücumla bağlı ciddi hazırlıq işləri görürdü. Bir müddət sonra hökmdarın yeni arvadı Kleopatranın hamilə olduğu xəbəri yayıldı.
Lakin hadisələr heç kimin gözləmədiyi halda, qəfildən tamamilə başqa istiqamətdə cərəyan etməyə başladı…
İttifaqın hökmranı
Miladdan öncə 338–337-ci ilin qışında Ellin ittifaqı quruldu: yunan dövlətlərinin təmsilçiləri bir araya gələrək «əbədi sülh»ə imza atdılar. Hər şey Filipin planına uyğun gedirdi.
İttifaqa daxil olan dövlətlərin nümayəndələrinin qatıldığı ilk iclasdaca Filip hökmran seçildi. Bununla həm də avtomatik şəkildə İttifaq Şurasının sədri olan Filipin ilk imzaladığı qərar heç kim üçün gözlənilməz deyildi: o, bir zamanlar Kserksin müqəddəs yunan məbədlərini dağıtdığını əsas gətirərək intiqam məqsədilə İrana müharibə elan etdi! İttifaq üzvlərindən bu qərara qarşı çıxan olmadı.
Həmçinin, fərman verildi ki, indən belə İran taxt-tacına xidmət edən hər bir yunan satqın sayılır.
Belə bir vaxtda xəbər yayıldı ki, Misirdə İran hökmdarına qarşı qiyam baş qaldırıb. Bu xəbər, şübhəsiz ki, Filipi sevindirdi. Bu sevincə bircə şey kölgə salırdı: Kleopatra dünyaya körpə gətirdi, di gəl, yeni doğulan uşaq oğlan deyildi. Filip bundan özü üçün dərhal nəticə çıxardı: Makedoniyanı hamı tərəfindən qəbul edilən varissiz qoymaq təhlükəli idi, üstəlik, onun hakimiyyətinə qarşı bir sıra təhdidlər meydana çıxmışdı, bunların başında isə saraydan uzaqlaşdırdığı arvadı idi. Belə ki, Olimpiadanın qardaşı Epirdəki sarayında Filipə qarşı müxtəlif qisas planları üzərində baş sındırırdı. Belə bir vaxtda Asiyaya yürüşə çıxmaq olmazdı. Bircə yol qalırdı: İsgəndəri qaytarıb onun varislik hüququnu bərpa etmək! Filip özünün məharətli diplomatik gedişləri ilə bu müşkül məsələni yoluna qoymağı bacardı. O, İsgəndəri inandırdı ki, özündən sonra hakimiyyətdə məhz onu görür, bu səbəbdən də keçmişdə baş verənləri unutmaq lazımdır. Lakin Filip arvadının saraya qayıtmasını istəmədi, çünki Olimpiadanın İsgəndəri yenidən öz təsiri altına alacağından, beynini qara-qura fikirlərlə dolduracağından narahat idi. Beləliklə, Olimpiada Epirdə qaldı, İsgəndər isə Makedoniyaya qayıtdı. Lakin Filiplə oğlu arasında əvvəlki qarşılıqlı inam, etimad heç vaxt bərpa olunmadı…
Yunan şəhərlərinin «azad olunması»
Nəhayət, M.ö. 336-cı ilin yayında Filipin təşkil etdiyi 10 min nəfərdən ibarət ordu Kiçik Asiyaya soxuldu. Onun başlıca məqsədi İranın nəzarətindəki yunan şəhərlərinin azad olunması idi. Orduya Parmenion rəhbərlik edirdi. İlk vaxtlar hərbi yürüş olduqca uğurlu şəkildə davam edirdi, belə ki, Xios və Eritreya şəhərləri onun tərəfinə keçdilər. Parmenion Efesə yaxınlaşanda isə şəhər sakinləri üsyana qalxdılar, İranın hakim təyin etdiyi müstəbidi yıxaraq makedoniyalıları salamladılar. Onlar həm də M.ö. V yüzillikdə inşa edilmiş, qədim dünyanın yeddi möcüzəsindən biri sayılan Artemida məbədində Filipin heykəlini də qoydular. Bunu öz təşəbbüsləri, ya Filipin istəyilə etdiklərini demək çətindir, hər halda, həmin addım Makedoniya hökmdarının ürəyincə olmalı idi: axı o, rəhbərə sitayişi və pərəstişi vacib sayırdı!
Hadisələrin bu cür gedişi Filipi gələcəyə dair xeyli ümidləndirmişdi, üstəlik, İranda növbəti saray çevrilişi baş vermiş və şahın öldürülməsilə nəticələnmişdi. Bu dəfə də çevrilişdə həlledici rolu baş vəzir Baqoas oynamışdı. Sonuncu qətldən sonra faktiki olaraq Əhəmənilər sülaləsindən birbaşa varis qalmadı. Bu isə o demək idi ki, İranı yenə daxili ixtilaflar, qarmaqarışıqlıq gözləyir. Lakin belə gözləntilər özünü doğrultmadı: Baqoas taxta sülalənin yan şaxələrindən birinin nümayəndəsi olan Kodomanı əyləşdirdi. III Dara adı ilə taxta çıxan Kodomanın ilk işi isə Baqoasın başqalarına qarşı istifadə etdiyi zəhərlə elə onun özünü öldürmək oldu. Bununla da saray çəkişmələri bir müddət səngidi.
Həmin günlərdə Makedoniyanın qədim paytaxtı Eqada şıdırğı toy hazırlığı gedirdi. Belə ki, İsgəndərin bacısını ərə verirdilər, özü də dayısına – Epir çarına! Filip bu münasibətlə dəbdəbəli bayram düzəltmək, bir hökmdar kimi öz böyüklüyünü nümayiş etdirmək istəyirdi. Hazırlığın qızğın çağında Kleopatra bu dəfə oğlan uşağı dünyaya gətirdi. Sanki yeni dünyaya gələn varisin Makedoniya taxt-tacı üçün nə qədər önəmli olduğunu nəzərə çarpdırmaq üçün, Filip ona Argeadlar sülaləsinin əsasını qoyan əfsanəvi Karanın adını verdi.
Beləliklə, İsgəndərin başının üstünü yenidən qara buludlar aldı. Atasının vədinə baxmayaraq, o, hakimiyyətə gələ bilməyəcəyindən çəkinirdi. İndidən başına bir çarə qılmalı idi. Hökmdarın ətrafındakılardan isə yalnız Antipatr İsgəndərin potensial müttəfiqi ola bilərdi. Lakin bircə onun köməyi ilə nəyə nail olmaq mümkündü?
Belə bir vaxtda Filipin cidd-cəhdlə etiraz etməsinə baxmayaraq, Olimpiada Makedoniyaya qayıtdı. O, toya təşrif buyuran Epirdəki qohumlarla birgə geri dönmüşdü. Bu, İsgəndərin ürəyinə su səpdi: anasının ağlı və sərtliyi saray daxilində vəziyyəti onun xeyrinə dəyişə bilərdi. Toy münasibətilə təşkil edilən bayramın ikinci günü müxtəlif oyunlar keçirilməli idi. Səhər tezdən teatr ağzınacan dolu idi. Tamaşaçılar təntənəli mərasimi maraqla izləyirdilər. On iki tanrı heykəlinin arxasınca Filipin heykəli gətirilirdi. Ellindən gələn