Səlahəddin Əyyubi. Петр Ефимович Люкимсон. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Петр Ефимович Люкимсон
Издательство: Altun Kitab
Серия: Tarixi yaradanlar
Жанр произведения:
Год издания: 0
isbn: 9789952244434
Скачать книгу
sarsıtmışdı. Onun kədərli sonluğundan ibrət götürüb yeməyinə xüsusi fikir verməyə başladı, şərabdan imtina etdi, mütəmadi pəhriz saxlamağa başladı. Üstəlik, islamın mühüm buyruqlarına bircə-bircə əməl etməyi qərara aldı. Səlahəddin düşünürdü ki, bu ona gözləmədiyi halda hakimiyyət bəxş edən Allaha da xoş gedər. Çox keçmədən isə gənc sultan yalnız bir şey barədə – müsəlman torpaqlarını xaçlılardan qurtarmaq haqda fikirləşirdi. O özünü inandırmışdı ki, bu müqəddəs vəzifəni Uca Yaradan Dəməşq və Hələbin hakimi Nurəddinə yox, məhz Misirin yeni hökmdarına tapşırıb. Bəhaəddin Şəddad yazır ki, bir dəfə Səlahəddinin belə dediyini öz qulaqları ilə eşidib: «Allah Misirin hakimiyyətini belə asanlıqla mənə bəxş edəndə anladım ki, o, müsəlman aləmini də kafirlərdən məhz mənim əlimlə təmizləmək istəyir».

      Fərqli salnamələr və tarix kitablarından oxuyuruq ki, Misirdə hakimiyyətə gəldiyi ilk aylar Səlahəddin üçün çox ağır keçib. Həmin dövrdə o, dövlət işlərində böyük səriştəsi olan, üstəlik, saray çəkişmələrindən yaxşı baş çıxaran atası Nəcməddin Əyyubun köməyinə ciddi ehtiyac duyurdu. Üstəlik, doğma ailəsindən və bütün qəlbi ilə bağlandığı Dəməşqdən uzaqda özünü olduqca tənha hiss edirdi. Lakin möhkəm iradəsi sayəsində Səlahəddin idarəçilik işlərini axsatmamağa çalışır, hələ əmisinin dövründə başlanan islahatları davam etdirirdi. Tezliklə onun bir çox öndərlik xüsusiyyətləri üzə çıxmağa başlamışdı: Səlahəddin bacarıqlı, işgüzar adamları boşboğaz və yaltaqlardan dərhal fərqləndirir, vəzifələrə təyinat zamanı yalnız birincilərə üstünlük verirdi. Nəticədə gənc sultan qısa vaxtda ətrafına kifayət qədər savadlı kadr toplaya bildi. Ən əsası isə ona tabe olan ordunu gücləndirdi, əsgərlərin sayını artırdı. Həmin dövrdə hər əmirin qoşunu onun öz adıyla adlanırdı. Bu səbəbdən də Səlahəddinə tabe olan qoşun «səlahiyyə» adlandırıldı. Misir yeni işğal olunduğu zaman «səlahiyyə» cəmi 500 döyüşçüdən ibarətdi. Əmisi Şirkuh Əsədəddinin ordusu isə «əsədiyyə» adlanırdı, 1000 döyüşçüsü vardı. Misirdəki Suriya ordusunun əsasını isə «nuriyyə» təşkil edirdi, çünki onu Dəməşq hakimi Nurəddin şəxsən yaratmışdı, baş sərkərdəsi də elə onun özü idi.

      Səlahəddin Misir vəziri elan olunduqdan sonra «nuriyyə» yeni sultana sadiqliyini açıq şəkildə bəyan etmişdi. Lakin gənc vəzir anlayırdı ki, «nuriyyə» o vaxta qədər ona sadiq olacaq ki, onun özü də Nurəddinə sədaqətli olsun, Dəməşq hakiminin əmrlərindən çıxmasın. Odur ki Səlahəddin vaxt itirmədən «səlahiyyə»ni sayca gücləndirməyə başladı. Bu məqsədinə çatmaq üçün isə xeyli səxavətli davranır və Misir xəzinəsindən kifayət qədər qızıl xərcləyirdi.

      Beləliklə, Qahirədəki hakimiyyətini günü-gündən gücləndirən gənc vəzirin davranışları xəlifənin ətrafını narahat etməyə başladı. Onlar Səlahəddini yaxşı tanımadıqlarını indi anlayırdılar. Artıq əl-Ədidin əyanları həm Səlahəddindən, həm də suriyalı gəlmələrdən necə qurtulmaq barədə fikirləşirdilər. Sultan da bunun fərqində idi. Onu ən çox qıcıqlandıran nubiyalı10 hərəmağası Naci idi. Naci xəlifə üzərində böyük təsirə malik idi. Şayiələr gəzirdi ki, o, əl-Ədidi hələ uşaq ikən əsrara11 alışdırmışdı. Buna görə də hərəmağasından asılı vəziyyətə düşmüşdü. Halbuki həm xəlifənin, həm də digər əyanlarının Nacidən ehtiyatlanmasının daha ciddi səbəbi vardı. Belə ki, hərəmağası 40 minlik süvari və 30 minlik piyada qoşuna sahib idi. Əsasən, qaradərililərdən ibarət olan, yaxşı təlim görmüş bu nubiyalı döyüşçülər öz ailələriylə birlikdə Qahirənin ayrıca bir məhəlləsində yaşayırdılar.

      Naci gecə-gündüz gənc vəzirdən can qurtarmağın yollarını axtarırdı. Axırda Şavir kimi Qüds kralı I Amorinin ətəyindən yapışmaq qərarına gəldi. Ona belə bir məzmunda məktub yolladı: «Əgər firənglər Qahirə üzərinə yeriyərsə, nubiyalılar da daxildən qiyam qaldırar. Bununla da Səlahəddinin işini bitirə bilərik».

      Səlahəddinin xəlifə sarayındakı casusları Nacinin bu niyyətini öyrənib vəzirə xəbər apardılar. Sultan dərhal hərəmağasının adamlarının həbsini əmr etdi. Ardınca Nacinin şəhərkənarına çıxacağı vaxtı gözləyib onu elə yerindəcə öldürməyi tapşırdı. Bu tapşırıq tezliklə yerinə yetirildi. Hərəmağasının ölüm xəbəri nubiyalılar arasında böyük səs-küyə səbəb oldu. Nubiyalı əsgərlər hərəmağasının qaradərili olduğu üçün öldürüldüyünü bəyan etdilər. Bildirdilər ki, ağdərili Səlahəddin və adamları buna görə cavab verməlidirlər. Səlahəddin nubiyalı sərkərdələrə məktub yollayıb onlara izah etdi ki, Allah qatında müsəlmanların dərisinin hansı rəngdə olmasının heç bir fərqi yoxdur. Yeganə fərq möminlərlə kafirlər arasındakı fərqdir. «Bir sözlə, Naci qaradərili olduğuna görə yox, kafirlərlə işbirliyində olduğuna görə cəzalandırılıb», – məktubda deyilirdi.

      Lakin nubiyalılar Səlahəddinin məktubuna əhəmiyyət vermədilər və yaxşı silahlanmış şəkildə suriyalıların məskunlaşdığı məhəllələrə sarı irəliləməyə başladılar. Əslində, bu, Səlahəddin üçün gözlənilməz deyildi. Odur ki qoşununu əvvəlcədən hazır vəziyyətə gətirmişdi. Suriyalılar nubiyalılardan sayca az idilər. Onlar Nacinin döyüşçülərini ox yağmuru ilə qarşıladılar. Beləcə, Qahirə küçələrində qanlı döyüşlər başladı və bu vuruşma bir neçə həftə davam etdi. Nəhayət, suriyalılar yavaş-yavaş nubiyalıları öz məhəllələrinə doğru sıxışdırmağı bacardılar. Qətlə yetirilmiş hərəmağasının əsgərləri axırda təslim olmaq məcburiyyətində qaldılar. Hər iki tərəf bu döyüşlərdə çoxlu itki verdi. Bununla belə, həm fitnəkar hərəmağasının öldürülməsi, həm nubiyalı döyüşçülərin qaldırdığı qiyamın qətiyyətlə yatırılması istər sərkərdələr, istərsə də sıravi döyüşçülər arasında Səlahəddinin nüfuzunu daha da yüksəltdi. Üstəlik, vəziri Misirin mütləq hakiminə çevirdi. Bununla belə, onun vəziyyəti hələ də xeyli dərəcədə qeyri-müəyyən idi. Məsələ burasındadır ki, Səlahəddin Misirə Dəməşq hakiminin – Nurəddinin əmriylə əmisinə qoşulub gəlmişdi. Belədə formal da olsa, onun əmirlərindən biri sayılırdı. Lakin hakimiyyətin şirinliyini dadan Səlahəddin artıq özünü kimdənsə, o cümlədən Nurəddindən asılı vəziyyətdə görmürdü. Bu vəziyyətdən çıxış yolu axtaran sultanın qarşısında bir neçə əngəl vardı. Maneələrin ən böyüyü isə o idi ki, ətrafındakı suriyalı əmirlər Misirdə şiəliyi ləğv edib yerində «əsl» islam məzhəbini – sünniliyi bərqərar etmək istəyirdilər. Elə Nurəddinin də istəyi bu idi. Ona görə də Səlahəddinə dəfələrlə təklif eləmişdilər ki, xəlifə əl-Ədidi gizlicə aradan götürsün, bununla da Misir «həqiqi» xəlifənin – Bağdad xəlifəsinin təsir dairəsinə keçsin. Lakin bir sıra səbəblər üzündən Səlahəddin bu təklifi qəbul etməyə tələsmirdi. Birincisi, o, əlini gənc xəlifənin qanına bulaşdırmaq istəmirdi. Xəstəhal bir şəxsə əl qaldırmaq, sui-qəsd təşkil etmək Səlahəddinin xarakterinə zidd idi. İkincisi, əl-Ədid hələ ki ona mane olmur, əksinə, bütün qərarları ilə hesablaşırdı. Elə isə, onu aradan götürmək nəyə lazımdır?! Üçüncüsü: Səlahəddin anlayırdı ki, əl-Ədidin hakimiyyətdən uzaqlaşdırılması Nurəddinin özünü


<p>10</p>

Nubiya – Afrikanın şimal-şərqində, müasir Misirin cənubunda, Sudanın şimalında yerləşən bölgə

<p>11</p>

Əsrar – yarpaqlarından narkotik maddə alınan bitki