Bundan sonra isə hadisələr çox sürətlə inkişaf etdi: 1148-ci ildə Unar Müanəddin qarın yatalağı xəstəliyindən dünyasını dəyişdi. Dəməşqdə hakimiyyət onun qanuni varisi on altı yaşlı Abak Mücirəddinə keçdi. Fəqət yaşının azlığına baxmayaraq Abak eyş-işrətə, kef-damağa çox meyilli idi. Dəməşq kimi bir şəhərin hakimliyinə onun nə ağlı, nə təcrübəsi, nə də istedadı çatışırdı. Atasının yerinə keçən kimi vergiləri artırdı, xoşu gəlmədiyi hər kəsi edam etdirməyə başladı. Bununla da Dəməşqin həm kübar, həm də sadə təbəqəsini özünə qarşı qaldırdı.
Belə bir vaxtda Nurəddinin şöhrəti isə get-gedə artmaqda idi. Onun haqda sadə, vicdanlı və islam inanclarına sadiq biri olduğunu deyirdilər. Əslində, bu deyilənlərdə heç bir şişirtmə yoxdur: atasından fərqli olaraq Nurəddin nəinki özü şərab içirdi, hətta əsgərlərinə də bunu qadağan eləmişdi. Hələbdə bir-birinin ardınca ruhani məktəblər tikdirir, eyni zamanda sadiq sərkərdəsi Şirkuhla birgə Qüds və digər müqəddəs torpaqları xaçlılardan azad etmək üçün planlar qururdu. Onların fikrincə, bu planı həyata keçirmək üçün öncə Misirdən Suriyaya qədər böyük bir ərazi nəzarət altına alınmalı idi. Hələb onsuz da Nurəddinin əlində idi. Qalırdı Dəməşq və Mosulu tutmaq; yalnız bundan sonra Misir barədə düşünmək olardı.
Beləliklə, Mahmud Nurəddinin ordusu iki dəfə Dəməşq qapılarında zühur etdi. O hər dəfə məqsədinin şəhər əhalisini firəng özbaşınalıqlarından qorumaq və onlara qarşı vuruşmaq üçün müsəlman qüvvələrini birləşdirmək olduğunu söylədi. Lakin hər ikisində də Abak Qüds kralı III Balduini köməyə çağırdı. Bu isə Dəməşqin müsəlman əhalisinin kəskin narazılığına səbəb oldu. Tezliklə Mahmud Nurəddinin adamları belə bir şayiə yaydılar ki, şəhəri onlara təslim etmək istəməyən Abakın yaxın ətrafı dar ayaqda Dəməşq hakiminin özünü aradan götürmək istəyir. Nəticədə gənc hökmdar ən sadiq adamlarını edam etdirdi, böyür-başında bir nəfər də inanılmış adamı qalmadı. Ancaq qəribədir ki, Abak Nəcməddinə toxunmamışdı. O, əvvəlkitək şəhərdə qalabəyi idi.
Hadisələrin sonrakı gedişində Nəcməddinin oynadığı rol barədə tarixçilərin fikri müxtəlifdir. Lakin bir məsələ çox az şübhə doğurur ki, Dəməşqin Mahmud Nurəddinə təslim edilməsində həlledici rolu məhz şəhərin qalabəyi oynamışdı. O, qəti olaraq bu fikirdə idi ki, nəyin bahasına olursa olsun, müsəlmanların bir-birinin qanını tökməsinə yol verilməməlidir. Görünür, Dəməşqi mühafizə edən əsgərləri də buna inandıra bilmişdi…
Beləliklə, 1154-cü il aprelin 18-də Nurəddinlə Şirkuh növbəti dəfə Dəməşq qapılarına yaxınlaşdılar. Abak kömək üçün yenidən III Balduinə üz tutdu. Ancaq Qüds kralı yardıma gecikdi. Aprelin 25-də Mahmud Nurəddinin əsgərləri heç bir müqavimətə rast gəlmədən Dəməşqin qala divarlarına dırmaşdılar. Elə buradaca – qala divarlarının üstündə Nəcməddinlə Şirkuh görüşüb qucaqlaşdılar.
Şəhər əhalisi Nurəddini Dəməşq qapısının girişində sevinclə qarşıladı. Nurəddin camaatın gözündəki ədalətli və mərhəmətli hökmdar obrazına xələl gətirməmək üçün Abaka toxunmadı. Hətta ona qarşı çox səxavətli davrandı: ailəsini və var-dövlətini götürüb şəhəri tərk etməsinə icazə verdi.
Nəcməddin isə tezliklə Nurəddinin əsas məsləhətçisinə çevrildi və onun yaxın çevrəsinə daxil oldu.
Ən maraqlısı isə o idi ki, Dəməşqin yeni hakiminin ətrafında Nəcməddinlə yanaşı, onun oğlu və varisi 26 yaşlı Səlahəddin də vardı.
Səlahəddinin yüksəlişi başlayır
Saray həyatı, əmisi və atasıyla birgə Mahmud Nurəddinin yığıncaqlarında iştirak etməsi, şübhəsiz, Səlahəddin üçün əsl dövlət idarəçiliyi məktəbi oldu. O, gündən-günə artan saray ixtilaflarından belə çox şey öyrənirdi. Tarixdə bu cür qarşıdurmaların, intriqaların yaşanmadığı saray göstərmək mümkünsüzdür.
Bir müddət sonra Səlahəddinin ixtiyarına böyük bir hərbi bölük verildi. O bu bölüyü daim döyüş vəziyyətində saxlamalı idi.
Tədricən Mahmud Nurəddinin ciddi təsiri altına düşən Səlahəddinin dini düşüncələri güclənməyə başladı. O, qatı mühafizəkar müsəlmana çevrilirdi. Bu həmin dövrün müsəlman ziyalılarının çoxu üçün xarakterik idi. Belə ki, çoxları xaçlılar üzərində qələbə qazanmağın həlledici yolunu Quranda yazılanlara qeydsiz-şərtsiz əməl etməkdə görürdü.
Dəməşqi ələ keçirəndən sonra Nurəddin bütün Suriyanı birləşdirmək üçün öz səylərini davam etdirdi, hətta Qüds üzərinə hücumun ilk hazırlıqlarına başladı. Ancaq ağır xəstəliyə tutulması, eləcə də hadisələrin sonrakı gedişi ortaya müəyyən əngəllər çıxardı. Xüsusilə 1163-cü ildə Misirdə yaşananları vurğulamaq lazımdır. Həmin prosesləri diqqətlə izləyən Nurəddinlə Şirkuh qəti qərara gəldilər ki, Misiri Suriyaya birləşdirmək üçün bundan yaxşı fürsət ola bilməz.
Bir az irəli gedib qeyd edək ki, elə Səlahəddinin görkəmli sərkərdə və dövlət xadimi kimi yüksəlişi də məhz o vaxtdan başladı.
Bəs Misirdə nə baş verirdi
1163-cü ildə Fatimilər xilafətinin vəziri Şavir özünün Dilqəm adlı rəqibi tərəfindən taxtdan salındı. Bundan sonra o, Qahirədən Dəməşqə gəldi. Əvvəldə də qeyd etdiyimiz kimi, o vaxtlar xilafət ikiyə parçalanmışdı, nəticədə Bağdadda sünni məzhəbli, Qahirədə isə şiə məzhəbli xəlifə otururdu. Hər ikisində də real hakimiyyət vəzirlərin əlində idi. Odur ki saray çevrilişləri zamanı əsas hədəf vəzirlər olurdu: onlar təkcə vəzifələrini deyil, həyatlarını belə itirə bilirdilər. Lakin Şavirin bəxti gətirib sağ qalmışdı. Özünə sadiq olan bir bölük əsgərlə Dəməşqə gəlib çıxa bilmişdi. Şavir özü ilə Nurəddinə qiymətli hədiyyələr gətirmiş və kömək üçün yalvarmağa başlamışdı. Bunun müqabilində isə Dəməşq hakimindən asılı olmağı qəbul edəcəyinə söz verir, eyni zamanda Misir xəzinəsinin üçdə biri qədər xərac ödəməyi boynuna götürürdü. Xəzinənin illik gəliri isə iki yüz min dinar idi. Bu cür təklifdən imtina etmək çətin olsa da, Şavir Nurəddinə etibarlı adam təsiri bağışlamadı. Odur ki «yox» cavabı verdi. Tezliklə Dəməşqə bu dəfə Fatimilərin yeni vəziri Dilqəmin elçiləri gəldi. Onlar özləri ilə gətirdikləri bahalı hədiyyələrin müqabilində Nurəddindən Şavir ilə tərəfdarlarının Qahirəyə təslim edilməsini istəyirdilər. Nurəddin məsləhət üçün Şirkuhla Nəcməddini yanına çağırdı. Səlahəddinin əmisi Şaviri dəstəkləmək və Misirə qoşun göndərmək tərəfdarı idi. Şirkuh hətta bu qoşuna şəxsən özünün başçılıq etməyə hazır olduğunu da bildirdi. O hesab edirdi ki, əvvəla,