Əncir dәyәndә babası yuxudan tezdәn durar, acqarına ağacdan dərdiyi şirin, sarı әncirlәri yeyə-yeyə nәvәsini yuxudan oyatmaq üçün:
Əncir sabahi,
Doldur tabaği,
Aç qaşqabaği,
Ay sarı sabahi!..
– deyә oxuyar, nəvəsini də şәfalı meyvәlәrdən yemәyә çağırardı. Qız da gülərək:
Ənciri yemədün getdün,
Dәrdüvi demәdün getdün.
– deyib oxuya-oxuya babasına qoşulardı. Hәrdәn hәyәti süpürmәyә vaxtı çatmazdı, gecә әsәn xәzri onun «işini görәrdi». Sәhәr hәyәtin qumunu yayılmış, tәmiz görәndә deyәrdi:
– Hә, bax bir, baba, külәk gör hәyәti necә süpürüb!
Qoca gülәrdi:
– Hә, qızım, xәzri tәnbәl arvadların imdadına çatıb, bu gecә zir-zibillәrini ört-basdır elәyib.
Hәrdәn Xeyransa arvad ona «kişi sәni oğlundan da çox istәyir, heç o vaxtlar oğluna belә mehr saldığını, belә qucağına aldığını görmәmişdik», – deyәrdi. Bir dәfә babasından soruşdu:
– Baba, ay baba, deyirlәr, mәni ata-anamdan da çox istәyirsәn, düzdür?
– Düzdür, – kişinin gözlәri qıyıldı.
– Nöşün?
– Nәvә şirindir, şirin şeydir.
– Nöşün?
– Nöşünü yoxdur ki, qızım… Bax, ata-anan әkdiyim ağacdır, sәn dә onun meyvәsi… Heç görmüsәn, ağac yeyilә? Meyvәni yeyәrlәr, mәnim balam, meyvәni.
Bu sözlәrdən sonra qoca nәvәsini bağrına basır, saçlarını sığallayırdı.
İndi Qazi bәy olmayanda o gah babasının, gah da Xeyransa xalanın sәsini eşidir, kövrәlir, şirin uşaqlıq boğazını qәhәrlәndirirdi.
Qazi bәyi sevmәyindәn peşman deyildi. Amma doğma yurdu, hәyәti, qoca babası vә ona ananı, nәnәni әvәz edən qonşuları Xeyransa xala üçün çox darıxırdı.
Arabir Qazi bəylə qılınc məşqindən, ya ovdan qayıdanda qoca babaya baş çəkirdilər. Qız o saat ayaqqabılarını atıb qızıl qumlar üstündə ayaqyalın gəzir, quyudan su çəkir, babasının pal-paltarını yuyur, qab-qacağını qumla sürtüb təmizləyir, ev-eşiyə əl gəzdirirdi. Amma, bununla belə, bu gəlişlər yad qonaq təsiri bağışlayırdı. Qapının o biri üzündə səbirsiz köhlən kişnəyib onları çağırırdı. Qazi bəy onun iş görməsinə bir söz deməsə də, qızın qəfəsdən buraxılan təki nə edəcəyini lazımınca bilməyən, pərvaz etməyə qorxan quş kimi hərəkət etdiyini görür, dodaqlarında xəfif, istehzalı bir təbəssüm oynayırdı. Yəni «naxırçı qızı naxırçılığını arzulayar».
Qazi bəy saray şənliklərindən məhrum edilən Sultanım xanımı anasının acığına əsl bir saray mələkəsi kimi yetişdirmək arzusuna düşdü. Yavaş-yavaş özü bildiklərindən qıza öyrətməyə, ona dərs deməyə başladı. Sultanım xanım bilikləri elə təbii, fitri istedadla qavrayırdı ki, cavan müəllim işə daha böyük həvəslə girişdi. Az müddət ərzində qız oxuyub-yazmağa başladı. Şahzadə tez-tez gənc döyüşçü paltarı geymiş Sultanım xanımla atlanır, saraydan yalnız özünə və atası Şirvanşaha məlum olan gizli yolla seyrə çıxır, gözlərdən iraq bir yerdə onunla ox atır, qılınc oynadır, at çapırdı.
Belə səfərlərin birində Fərrux Yasar ilk dəfə gəlinini süvari geyimində, qılınc məşqi keçən gördü, uzaqdan xeyli seyr etdi və bəyəndi. Gəlinini yanına çağırdı, alnından öpdü.
Şirvanşah Fərrux Yasar saraya qayıdınca mələkəni hüzuruna dəvət etdi.
– Sultanım xanımı saray xanımları cərgəsinə daxil etməyin vaxtı çatıb, – dedi. – Qarşıdakı Mövludi-Nəbi bayramına onu da dəvət elə!
– Bu Sultanım xanım kimdir?
– Gəlinin! Sən onu hələ görməmisən?
– Görməmişəm. Görmək də istəmirəm.
Şirvanşah gülümsündü:
– Əbəs yerə. Əvvəl mən də elə düşünürdüm. Amma görəndən sonra anladım ki, oğlumuz yanılmayıb. O qız bizim əyan və əşrəf qızlarından heç bir şeydə geri qalan deyil. Əksinə, bəlkə, qat-qat üstündür. Çağırtdır. Özün görərsən.
Qazi bəyin fərəhdən uçmağa qanadı yox idi. Bununla belə, qonaqlıqdan əvvəlki bütün gecəni Sultanım xanıma təlim verməklə məşğul oldu. Anasının könlünü almaq üçün nə etməli olacağını gəlinə başa saldı.
Qız gözəllik aşiqi olan mələkəni öz təbii gözəlliyi ilə elə ilk baxışdan məftun etdi. Mələkə onun nəcibliyini, qabiliyyətini gördü, az müddətdə oxuyub-yazmaq və hərbi təlim öyrəndiyini biləndə fərəhləndi. Axı o da ana idi.
Beləliklə, bütün əyan xanımlarının həsədinə səbəb olsa da, Sultanım xanım həm qayınana və qayınatasının məhəbbətini, həm də nökər və qulluqçuların hörmətini qazandı.
Arabir atlanıb Bibiheybətə gedirdi. Hərdən qayınanasını da ziyarətə dəvət eləyirdi. Amma çox vaxt qoca babasının görüşünə tək yollanırdı. Şıx Kəbləli nəvəsinin sarayda kəniz deyil, şahzadə xanım olmasına sevinsə də, onun dəvətini qəbul edib saraya getmədi. Ömrünün sonunacan həyətində tənha yaşadı.
Zənbil içində keçən gün (davamı)
Günəş bir cida boyu qalxmamışdı ki, iri qapılar laybalay açıldı, gələn qoşunun başçıları içəri buraxıldı. Bəhram qazi geniş həyətdə atdan endi. Təəccüb içində idi. Rüstəm padşah ona sufi şeyxi İsmayıl ibn Şeyx Heydərin burada gizləndiyini və bir neçə qasidə rədd cavabı verildiyini, çocuğun amanda saxlandığını demişdi. O, Mirzəli hakimi yaxşı tanıyırdı. Cəngavər adam olduğunu bilirdi. Bilirdi ki, qapısından döyüşsüz bir at deyil, qatır da aparmaq olmaz. Əgər şeyx burda isə, darvaza gələnlərin üzünə nə üçün açılsın?
Hakim Mirzəli gələnləri gülərüzlə, əziz qonaqlar kimi qarşıladı.
– Buyurun, buyurun, Bəhram qazi, siz bu diyara xoş gəlmisiniz, səfa gətirmisiniz.
Gələnlər Mirzəli hakimin ardınca sarayın geniş otaqlarına daxil oldular. Səhər süfrəsi açıldı. Yemək-içmək gətirildi. Bəhram qazi başının adamları ilə bir qədər yeyib-içdikdən sonra üzünü Mirzəli hakimə tutub dedi:
– Padşaha çatan xəbərə görə, Ərdəbil sufilərinin şeyxi İsmayıl ibn Şeyx Heydər ibn Cüneyd burda, sənin amanındadır. Mənim adamlarımı belə xoş üzlə qarşıladığına görə sənə minnətdaram, qardaşım! Amma rica edirəm, əgər iş belə isə, ağzımızı boza vermədən şahın hökmünü icra et və İsmayılı təslim elə. Sənə sərkərdə sözü verirəm ki, o bizdə də amanda olacaq. Özü də şahın dost-doğma bibisi oğludur. Ona heç bir zaval toxunmaz.
«Guya Şeyx İsmayılın