Polyanna bir neçə addım geri çəkilib dayandı:
– Doğru deyirsiniz, xalacan. Heç imkan vermədim ki, mənə diqqətlə baxasınız. Əslində, üzümdə bu qədər çoxlu çil varkən, heç bilmirəm, mənə baxmağa dəyərmi? Ən əsası isə niyə qara yox, qırmızı paltar geyindiyimi sizə izah etməliyəm. Yolda Nensiyə atamın dediklərini…
– Atanın dedikləri mənim üçün maraqlı deyil! Səhv etmirəmsə, sənin kiçik bir çamadanın olmalı idi.
Polyanna yenidən şən səslə dilləndi:
– Əlbəttə var, xalacan. Onu mənə Xeyriyyə Cəmiyyətindən hədiyyə ediblər. Təəssüf ki, çox əşyam yoxdur. Axır vaxtlar Xeyriyyə Cəmiyyətinə mənim kimi kiçik qızlara yaraşacaq şeylər bağışlamırdılar. Çamadanımda atamın bir neçə kitabı, bir də bəzi xırda-para şeylər var. Atamın dediyinə görə…
Xanım Polli bu dəfə qızın sözünü daha sərt şəkildə kəsərək dedi:
– Polyanna! Bunu qulağında sırğa elə. Yanımda atandan danışmağını istəmirəm. Başa düşdünmü?
Birdən-birə Polyannanın gözləri yaşardı. Titrək səslə dilləndi:
– Polli xala, yəni siz… siz…
Amma sözünün arxasını gətirə bilmədi. Xanım Polli acıqla dedi:
– İndi səninlə birlikdə yuxarı – otağına çıxacağıq.
Qadın irəlidə, Polyanna isə arxasınca çardağa doğru qalxdılar. Qızcığazın gözlərindən xırda yaş damlaları süzülürdü. Ürəyində dedi: “Görünür, atamdan danışmağı ona görə istəmir ki, mən üzülməyim. Atamı xatırladıqca nə qədər kədərləndiyimi, hər halda, o da bilir”
Bu ehtimal qızı sakitləşdirdi. Göz yaşları qurudu. Yenidən əvvəlki şən Polyanna oldu. Yuxarı qalxarkən başını açıq qapılardan içəri uzadır, otaqları gözucu nəzərdən keçirirdi. Otaqlarda gördüyü gözəl əşyalar onu heyran etmişdi. Ayaq basdığı xalçalar yosun kimi yumşaq idi. Atlaz pərdələr, geniş və bəzəkli divanlar, divarlardan asılmış qızıl suyuna çəkili çərçivələrdəki rəsmlər… Bütün bu gördükləri Polyannanın heyranlığını birə-beş artırırdı. Pilləkənlə çardağa doğru qalxarkən qızcığaz, nəhayət, aradakı sükutu pozdu:
– Polli xala, necə gözəl əşyalarınız var! Əminəm ki, bu qədər varlı olduğunuza görə çox məmnunsunuz!
Xanım Polli geri çevrilib sərt nəzərlərlə Polyannaya baxdı və dedi:
– Ayıb olsun, Polyanna! Məni dəhşətə gətirirsən! Bu sənin ağlına necə gələ bilərdi?
– Xalacan, yoxsa varlı deyilsinizmi?
– Var-dövlətlə ancaq axmaqlar və acgözlər öyünə bilərlər.
Polyanna əlavə sual verməyib susdu. O artıq öz otağını xəyalında canlandırmağa başlamışdı. Qızın təsəvvüründə onun otağı geniş və işıqlı idi. Yerə əlvan xalçalar döşənmişdi. Divarlardan cürbəcür rəngli şəkillər asılmışdı. Pəncərələrində isə parıltılı pərdələr yellənirdi.
Polyanna qurduğu bu xəyaldan çox həyəcanlandı və otağını görmək üçün ürəyi uçundu. Bu vaxt xanım Polli başqa bir qapı açdı, onlar artıq başqa pilləkənlə qalxmağa başlamışdılar. Dəhliz bomboş idi, üstəlik, hava o qədər isti idi ki, az qalırdı adam boğulsun.
Xanım Polli, nəhayət, dəhlizin sonundakı qapını açdı və dedi:
– Sənin otağın bax budur, Polyanna! Artıq çamadanını da gətiriblər. Açarı üstündədirmi?
Polyanna xalasını dinləmirdi. O, yerindəcə donub-qalmışdı. Təsəvvür etdiyi otağın əvəzində gözü qarşısında tamam başqa bir mənzərə vardı! Bayaqdan dil- boğaza qoymayan qızın dili sanki tutulmuşdu.
Verdiyi suala cavab ala bilməyən xanım Polli bağırdı:
– Polyanna! Səndən nəsə soruşarkən mənə dərhal cavab verməlisən, başa düşdün?
Qız çaşqın halda dilləndi:
– Bəli, xalacan, başa düşdüm.
– Belə baxıram ki, otaqda hər şey yerbəyer edilib. Bir azdan Nensi gəlib digər əşyalarını da yerləşdirməyə kömək edər. Şam yeməyi saat altıdadır. Gecikmə!
Polli Harrinqton sözlərini tamamlayıb sərt addımlarla otaqdan çıxdı.
Polyanna otaqda tək qaldı. O, ətrafa kədərli gözlərlə baxırdı. Özünü ağlamaqdan güclə saxlayırdı. Otağını belə təsəvvür etmirdi! Hər tərəf boş və darıxdırıcı idi. Hətta pəncərələrdə adi pərdə belə yox idi.
Əşyalarını boşaltmalı idi. Bir-iki addım atmışdı ki, ayaqları dolaşdı. Yıxılmamaq üçün tutacaq heç nə yox idi. Odur ki qızcığaz çamadanın yanında yerə çökdü. Artıq özünü saxlaya bilmədi və hönkür-hönkür ağlamağa başladı.
Nensi onun otağına gəlib qızı bu vəziyyətdə görəndə ürəyi ağrıdı. Dərhal yerə əyilib onu qolları arasına aldı və dedi:
– Mən elə belə də bilirdim. Bilirdim ki, səni yerdə və göz yaşları içində görəcəyəm.
Polyanna başını etiraz edirmişcəsinə yelləyib dedi:
– Yox, Nensi, yox, bu hala düşməyimin səbəbi sənin düşündüyün şey deyil. Sadəcə, Allah və mələklərin atamı öz yanlarına aparması ilə hələ də barışa bilmirəm. Onun üçün darıxıram.
– Keçər, əzizim, hər şey düzələr. Ağlama, bəsdi. Açarı ver, çamadandan paltarlarını çıxarım.
Polyanna hıçqırmağa davam edərək açarı Nensiyə uzatdı:
– Onsuz da çamadanda çıxarılmalı olan düz-əməlli heç nə yoxdur.
– Elə isə lap yaxşı! Onları yerbəyer etmək daha asan olar.
– Haqlısan, Nensi, – qızcığaz göz yaşlarını silib xəfifcə gülümsədi. – Hər zərərdə bir xeyir var, elə deyilmi?
Xidmətçi qız Polyannanın sözlərinə bir qədər təəccüblənsə də, heç nə demədi. Çamadanı boşaltmağa başlayanda qəlbi sızıldadı. Paltarlar təmiz olsa da, həm az idi, həm də köhnəlmişdi. Onlarla bərabər, sandıqdan bir neçə kitab da çıxdı.
Nensi əşyaları yerləşdirməklə məşğul olmağa başladı. Polyanna isə gözlərini boş divarlarda gəzdirməkdə idi. Yeganə təsəllisi divarlarda bir dənə də olsa güzgünün olmaması idi. Deməli, belədə üzündəki çilləri də görməyəcəkdi. Bundan yaxşı nə ola bilərdi?
Birdən qızcığaz pəncərəyə tərəf yüyürdü və maraqla çölə baxmağa başladı. Sonra isə əllərini bir-birinə çırparaq qışqırdı:
– Bura bax, Nensi, bura bax! Gör necə də gözəl mənzərədir. Uzaqda ağaclar və kiçik evlər var. Hətta saat qülləsi də görünür. Çay gümüş kimi parlayır. Hamısı çox gözəldir, çoox! Bu pəncərədən görünən mənzərə ən gözəl tablodan belə daha gözəldir.