İliada. Гомер. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Гомер
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
Жанр произведения:
Год издания: 0
isbn: 9789952240924 
Скачать книгу
bütün Asiyanın hökmdarı olacaq. İkinci Afina gəlir, Parisi ən gözəl və ən müdrik adam edəcəyinə söz verir. Üçüncü Afrodita gəlir və Parisə deyir:

      − Sən necə də yaraşıqlısan! Belə bir oğlan bu dərədə çoban olmamalıdır. Niyə şəhərə gedib daha yaxşı yaşamırsan? İstəyirsən lap spartalı Helena ilə evlən. Əminəm ki, o səni görən kimi ərini atıb sevgilin olacaq. Sən heç Helena barədə eşitmisən?

      Paris Helena barədə eşitmədiyini deyir. Afrodita isə Helenanı çox tərifləyir və and içir ki, alma ona verilsə, o, Parislə Helenanın qovuşmasına kömək edəcək. Paris çox düşünmədən almanı Afroditaya verir. Bu, Hera ilə Afinanın qəzəbinə səbəb olur və onlar birlikdə Troyanı necə məhv edəcəklərini fikirləşirlər.

      Bir müddət sonra Paris və Agelay Troyaya yarışlara öküz aparırlar. Orada yarışlarda iştirak edən Paris üç mükafat qazanır və hökmdar Priamın oğullarına qalib gəlir. Özlərini təhqir olunmuş hesab edən Priamın oğulları onu öldürmək istəyirlər, bunu görən Agelay Priamın yanına qaçıb Parisin onun, yəni Priamın oğlu olduğunu deyir və illər öncə baş verənləri danışır. Bundan sonra Paris atasının sarayına gətirilir və onun haqları bərpa olunur. Lakin baxıcılar buna yenə də etiraz edir, onun Troyanın məhvinə səbəb olacağını söyləyirlər. Priam isə cavabında deyir ki, mənim gözəl oğlum ölməkdənsə, qoy Troya dağılsın!

Paris və Helena

      Sparta hökmdarı Menelay bir dəfə Troyaya gəlib oradakı məbəddə qurbanlar kəsir və Parisin sarayında qonaq olur. Bunun əvəzində Paris də Spartaya gedib Menelayın qonağı olur. Ümumiyyətlə, qədim Yunanıstanda qonaq ən hörmətli şəxs hesab olunur və toxunulmaz sayılırdı. Buna görə də Menelay evinə gəlmiş Paris üçün doqquz gün ziyafət təşkil edir. Paris isə bu müddət ərzində Helenaya öz sevgisini bəyan edir. Bu arada Menelay qəflətən ölmüş babasının dəfni üçün Krit adasına getməli olur və qonaqları ilə Helenanı tək qoyur. Bundan istifadə edən Parislə Helena Menelayın sərvətinin çox hissəsini, Helenanın uşaqlarından yalnız oğlu Plisfeni götürüb Spartadan qaçırlar. Onlar Menelaydan qorxduqları üçün aylarla Yunanıstanın bir sıra şəhərlərində gizlənməli olurlar. Nəhayət, gedib Troyaya çatırlar və onların toyu olur. Helenanın gözəlliyi hamını valeh edir, Priam isə and içir ki, onu özü qoruyacaq.

Troya müharibəsi

      Helena ilə Paris Spartanı tərk edən kimi ilahlar İridanı Menelayın yanına Krit adasına göndərirlər. İrida olanları Menelaya xəbər verir. O, qəzəb içində Spartaya dönür və Helena ilə birlikdə sərvətinin də aparıldığını görür. Parisdən intiqam almaq istəyən Menelay qardaşı Aqamemnonun yanına yollanır və kömək istəyir. Aqamemnon isə vaxtilə Helenaya elçi düşən sərkərdələri yanına çağırtdırır. Daha sonra onlara Pilos hökmdarı Nestor, Krit hökmdarı İdomeney, mirmidonların hökmdarı Axilles, onun dostu Patrokl və başqa məşhur yunan sərkərdələri qoşulur 29 hökmdarın 1200 gəmisindən ibarət görünməmiş bir donanma Troyaya tərəf üz tutur. Beləliklə, Aqamemnonun başçılığı altında Troyaya qarşı müharibə başlanır.

      Bu müharibədə axeylilərə ilahələr Afina, Hera, Fetida, ilahlar Hermes, Hefest və Poseydon, troyalılara isə ilahə Afrodita, Artemida, Latona, ilahlar Apollon və Ares kömək edirdilər.

      Homerin “İliada” poeması müharibənin onuncu ilinin təsvirindən başlayır. Əslində, buna qədər hər iki tərəf doqquz il müharibə aparır. Üstünlük vaxtaşırı gah axeylilərə, gah da troyalılara keçir.

      Poemanın “İliada” adlanması Troya şəhərinin həm də İlion adlanması ilə əlaqədardır. Amma bu barədə bir çox araşdırmaçıların fikirləri fərqlidir, belə ki, Troyanın ölkə, İlionun isə bu ölkənin əsas şəhərinin adı olduğunu iddia edənlər də var. “İliada” sözü iki hissədən ibarətdir. “İlion” şəhərin adını bildirir, “-ada” isə “dastan” deməkdir – İlion haqqında dastan.

      Qədim yunan mifologiyası, inancları, adətləri, eləcə də Troya müharibəsi haqqında məlumat əldə etmək üçün Homerin “İliada” poeması, şübhəsiz ki, ən dəyərli ədəbi nümunələrdən biridir.

      Birinci nəğmə

      Bəlalar

      Axeylilərin ordusu naməlum xəstəlikdən qırılırdı. Bu bəlanı onlara günəş ilahı Apollon göndərmişdi. Apollonun qəzəbinin səbəbi isə hökmdar Aqamemnonun kahin Hrisə pislik etməsi idi. Cəsur, mərd Axilles də buna görə Aqamemnona düşmən kəsilmişdi.

      Qoca Hris axeylilərə əsir düşmüş qızını əsarətdən qurtarmaq üçün hər şeyə hazır idi. O, xeyli xərac topladı, Apollonun qızıl çələngi ilə bəzədilmiş əsasını da götürüb Aqamemnonun gəmisinə gəldi və yalvardı:

      − Aqamemnon, Menelay və axeylilər! Olimp ilahları Troyaya qalib gəlməkdə sizə kömək olsunlar və evlərinizə sağ-salamat dönəsiniz! Apollonun xatirinə bu xəracı qəbul edin və qızımı azad edin.

      Bütün axeylilər bu təklifə razı oldular. Lakin Aqamemnon onlarla razılaşmadı. Kahinə təkəbbürlə dedi:

      − Ey qoca, bir də səni gəmilərimin yanında görməyim. Durma artıq, çıx get! Bir də bura gəlsən, Apollonun çələngi sənin köməyinə çatmayacaq. Gənc qızı isə azad etməyəcəyəm. O, mənim evimdə, ya toxucu dəzgahının arxasında, ya da yatağımda qocalacaq. İndi isə rədd ol, sağ qalmaq istəyirsənsə, bir də gözümə görünmə.

      Qoca qorxusundan hökmdara bir söz deyə bilmədi, dənizin sahili ilə səssizcə getdi. Gəmilərdən uzaqlaşan qoca kədər içində Apollona yalvardı: “Gümüş oxlu Apollon, məni eşit. Sənə etdiyim bütün duaların, şərəfinə kəsdiyim bütün qurbanların əvəzində məni eşit və bircə arzumu yerinə yetir: göz yaşlarımın intiqamını axeylilərdən al!”

      Apollon onun yalvarışlarını eşitdi, Olimpdən enərək günahkarları məhv etməyə başladı. Qoşunların yerləşdiyi hər tərəfdə ölülərin yandırıldığı tonqallar alovlandı.

      Apollonun hücumu doqquz gün çəkdi. İlahə Hera axeylilərin qırılmasına dözə bilmirdi. O, sərkərdə Axillesin ağlına saldı ki, axeyliləri məşvərətə yığsın. Axilles onun göstərişinə əməl etdi. Hamı toplaşan kimi Axilles dedi:

      − Özün görürsən, Aqamemnon, adamlarımız müharibədən və bəladan qırılır. Biz gərək kahinlərdən Apollonun bizə nəyə görə qəzəbləndiyini soruşaq. Bəlkə, verdiyimiz andı yerinə yetirməmişik, ya da qurban kəsməyi unutmuşuq?

      Axilles bunu deyən kimi döyüşçülərin arasından Kalxas irəli çıxdı. Müdrik Kalxas yuxuları və baş verən naməlum hadisələri yoza bilirdi. O, üzünü Axillesə tutub dedi:

      − Hökmdar Axilles! Sən Apollonun qəzəbinin səbəbini bilmək istəyirsən. Mən bunu deyərəm, lakin sən məni istər sözünlə, istər silahınla Aqamemnonun qəzəbindən qorumağa söz verməlisən.

      Axilles ona o dəqiqə cavab verdi:

      − Sənin sitayiş etdiyin Apollona and içirəm: nə qədər ki mən sağam, axeylilərin arasından heç kəs, hətta adını çəkdiyin Aqamemnonun özü də sənə əl qaldıra bilməz.

      Kalxas Axillesin sözlərini eşidib ürəkləndi və dedi:

      − Apollon sizə nə anda,