STYOPKA
Budur, bahar gəldi, həddi-büluğa çatmamış qız kimi mehriban və anlamaz bahar!
Kəndin döngələrində palçıq dizə çıxır. Adamlar çəpərlər boyunca payalardan tutub gedirlər. İşdi-şayət, “Zaqotskot”dan3 olan hər hansı bir əmi bu payaların birindən yapışsa, dərhal da elə onun əlində qalacaq, çünki “Zaqotskot”dan olan kişilərin hamısı şişman, sifətləri isə sanki qırmızı mahud kimi cadar-cadar olur. Bağ sahibləri elə hey deyinir, söyüş yağdırırlar:
– Ay müftəxor, sənin öz çəkmələrinə heyfin gəlir deyə mən hər yaz gələndə çəpərə yeni paya vurmalıyam?
– Əgər hörülü çəpərə heyfin gəlirsə, onda yola bir az daş tök.
– Sənin qolların quruyub məgər, götür tök də…
– Əgər belə ağıllısansa, onda bağırma…
Gecələr isə əkin yerlərində altdan əriməyə başlayan qar kədərlə köks ötürərək çökməyə başlayır. Çay qırağındakı qovaq ağacında nəsə cingilti ilə çatlayır: pi-u. Çayın buzu əriyib çayaşağı axır. Lakin hələ tək-tək buz parçaları gün işığında parıldayaraq öz sürüşkən qarınları ilə qumdaşını ovudur. Çayın dirsəyində buzlar göyərmiş sifətlərini sudan çıxarır, çınqılları dağıdır, sonra çevrilib yoluna davam edir – ölməyə gedir. Dəlisov rütubətli külək elə hey hərlənir, adamın başını da hərləndirir. Kəskin peyin iyi gəlir. Axşamlar, yatmazdan əvvəl adamlar mehribanlaşırlar.
Həyətlərdə sacayağının üstündə bir ailəni doydurmağa qadir çuqun şorba qazanları tərləyir. Şən ocaqlar rəqs edir, nəm çırpılar çartıldayır. İlıq havada adam xəyala dalır. Artıq gün keçib. Aram-aram, tələsmədən, o qədər də əhəmiyyəti olmayan söhbətlər edilir. Sabah yeni gün olacaq, yenə görüləsi işlər çıxacaq. Hələliksə dincəlmək, papiros çəkmək, taleyin dalınca deyinmək, Allah bilir nələr haqda düşünmək olar. Bəlkə, həyat – həmin o tale – bir az başqa cür, bir az daha yaxşı ola bilərdi… Amma belə də pis deyil, buna da şükür.
Belə dalğın, xoş bir axşamçağı, geniş yolun yanından ötərək Stepan Voyevodin doğma kəndlərinə gəldi.
O biri səmtdən – həyətlərin seyrək olduğu tərəfdən gəldi. Gün boyu günəşin istisindən qızmış yamacda oturub dərindən köks ötürdü. Sonra kəndə baxmağa başladı. Görünür, bütün günü piyada ayaq döymüş, ona görə də bərk yorulmuşdu.
Beləcə xeyli oturdu, baxdı.
Sonra qalxdı və kəndə getdi.
Yermolay Voyevodin hələ də anbarda eşələnirdi. Arabası üçün uzun ağac yonurdu. İçəridən şamağacı yonqarının, maxorka və soyumaqda olan yonulmuş taxtanın iyi gəlirdi. Anbar alaqaranlıq idi. Yermolay gözlərini qıyır və rəndə hər dəfə düyünə toxunanda o, adəti üzrə, nəvazişlə söyüş söyürdü.
… Bu dəm oğlu Stepan qapıda peyda oldu.
– Xoş gördük, dədə!
Yermolay başını qaldırıb xeyli oğluna baxdı… Sonra burun dəliyinin biri ilə bərkdən fınxırıb, qadınların etdiyi kimi, sətin köynəyinin ətəyi ilə sildi. Yenə diqqətlə oğluna baxdı.
– Styopka, sənsən?
– Hə, nədi, yoxsa tanımadın?
– Pah! Ay səni görüm… Elə bildim məni qara basır.
Stepan yüngül çiyin çantasını kandarın ağzında yerə qoyub atasına yaxınlaşdı. Qucaqlaşıb marçıltı ilə öpüşdülər.
– Gəldin?
– Gəldim.
– Nə əcəb belə tez? Biz səni payızda gözləyirdik.
– İşimi görüb qurtardım, tez buraxdılar.
– İşə bax a… Ay səni görüm!.. – Ata oğlunun gəlişinə çox sevinirdi. Amma bilmirdi nə etsin. – Borozya hələ sağdır, – dedi.
– Doğrudan? – Stepan təəccüb etdi. O da nə edəcəyini bilmirdi. Atasını görməyinə o da çox şad idi. – Bəs haradadı o?
– Haradasa veyillənir. Bu şənbə arvadlar ağ paltar yuyub qurumağa sərmişdilər. O hamısını cırıb tökdü. Yaman coşmuşdu it oğlu və başladı didişdirməyə.
– Ağılsız səfeh.
– İstəyirdim güllələyəm onu, düşündüm ki, gəlib inciyərsən…
Dülgər dəzgahının üstündə oturub papiros yandırdılar.
– Bizimkilər salamatdılar? – Stepan soruşdu.
– Pis deyillər. Məhbəs həyatın necə keçdi?
– Pis deyildi, işləyirdik.
– Yəqin ki, mədənlərdə?
– Yox, niyə ki, meşə qırırdıq.
– Hə də. – Yermolay başını buladı. – Axmaqlığın keçib-getdi, heç olmasa?
– Də… – Stepan üzünü bürüşdürdü. – İş onda deyil, dədə.
– Bax, sən, Styopka… – Yermolay papiros tüstüsündən sapsarı olmuş əyri barmağıyla onu hədələdi. – İndi başa düşdün: yumruqlarınla lazım olmayan yerə girmə. Şeytan balaları, dalaşmağa vaxt tapıblar… Burada onsuz da…
– İş onda deyil, – Stepan yenə dilləndi.
Anbarın içinə sürətlə qaranlıq düşürdü. Hələ də ətrafı yonqar və maxorka iyi götürmüşdü.
Stepan dəzgahın üzərindən qalxıb papiros kötüyünü ayaqladı. İçi, demək olar ki, boş olan çantasını qaldırdı.
– Gedək, evdə də görünək.
– Bizim o lalımız, – ata dilləndi, – az qala ərə gedəcəkdi. – Ata nə isə çox mühüm bir şeydən danışmaq istəyirdi, amma ağlına heç nə gəlmirdi.
– Nə oldu? – Stepan təəccüblə soruşdu.
Bilmirsən ağlayasan, ya güləsən…
Anbardan evə gələ-gələ ata əhvalatı danışırdı:
– Bir gün klubdan gəlib mənə əzilə-əzilə deyir ki, bəs adaxlımı evə gətirəcəyəm. Mən isə ona: “Sənə indi elə adaxlı gətirərəm ki, bir həftə yerindən qalxa bilməzsən”, – dedim.
– Bəlkə, nahaq demisən?
– Niyə nahaq? Nahaq… Kimsə aldatmaq istəyib, deyib elə bunun başını bişirərəm, asan yol tapıb. Axı bu vəziyyətdə o kimə lazımdı? Dedim, bu saat sənə elə bir adaxlı gətirərəm ki…
– Adaxlıya bir baxmaq lazım idi. Bəlkə, doğrudan…
Elə bu zaman artırmaya “gəlin” özü, 23 yaşlarında dolu bir qız çıxdı. Qardaşını görən kimi qollarını açıb inək kimi böyürməyə başladı. Onun gözləri çiçək kimi gömgöy idi. Baxışlarında uşaq sadəlövhlüyü hiss olunurdu.
– Me-emm,