Hekayələr. Василий Шукшин. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Василий Шукшин
Издательство: Altun Kitab
Серия: Hekayə ustaları
Жанр произведения:
Год издания: 0
isbn: 9789952242768 
Скачать книгу
iştirak edib… Ölsələr də, qəhrəmancasına ölüblər. Mən isə on üç yaşımdan oturanam, hələ də otururam – bu gün-sabah yetmiş yaşım olacaq. Gör necə səbirliyəm! Bir soruşan gərəkdi, nədən ötrü çalışmışam? Pula qarşı heç vaxt tamahkar olmamışam, tüpürüm onlara. Böyük adam da ola bilməmişəm. Bir azdan peşəm də ölüb gedəcək, sərraclar heç kəsə lazım olmayacaq. Sual olunur: həyat mənə nə üçün verilmişdi?

      – Uşaqların üçün, – Marfa ciddi cavab verdi.

      Antip Marfanın söhbətə müdaxilə edəcəyini gözləmirdi. Adətən, o, Antipin boş danışığını kobud bir iradla ağzında qoyurdu.

      – Uşaqlar üçün? – Antip canlandı. – Əlbəttə, bir tərəfdən düzdür, digər tərəfdənsə yox, düz deyil.

      – Hansı tərəfdən düz deyil?

      – O tərəfdən ki, təkcə uşaqlar üçün yaşamaq lazım deyil. Bir az da özün üçün yaşamalısan.

      – Sən özün üçün nə edərdin ki?…

      Antip bu suala dərhal cavab tapmadı.

      – Necə yəni nə edərdim? Bir şey fikirləşərdim də… Bəlkə, musiqiçi olardım. O vaxt şəhərdən adam gəlmişdi axı, deyirdi ki, mən anadangəlmə fitri istedadam – qızıl parçası. Qızıl isə nadir tapılır, mən belə düşünürəm. İndi kiməm mən? Adi sərrac.

      – Kəs səsini, sən Allah! – Marfa əlini yellədi. – Boş-boş danışıb zəhlə tökmə…

      – Deməli, başa düşmürsən, – Antip dərindən ah çəkdi.

      Bir müddət susdular.

      Marfa qəfildən ağlamağa başladı. Dəsmalla gözünün yaşını silib dedi:

      – Uşaqlarımızın hərəsi dünyanın bir tərəfinə uçub.

      – Neyləməliydilər ki, bütün ömürləri boyu sənin yanında oturmalı idilər? – Antip söylədi.

      Birdən Marfa:

      – Bəsdi tıqqıldatdın, – dedi. – Otur bir az, uşaqlardan danışaq.

      Antip qımışıb çəkici kənara qoydu.

      – Qocalırsan, Marfa, – deyə o, sevincək dilləndi. – İstəyirsən, sənin üçün çalıb kədərini dağıdım?

      – Çal, – dedi Marfa.

      Antip əllərini, üzünü yuyub darandı:

      – Təzə köynəkciyəzimi ver.

      Marfa siyirmədən onun təzə köynəyini verdi. Antip köynəyi geyib kəməri belinə bağladı. Balalaykanı divardan götürüb qırmızı guşəyə keçdi. Marfaya baxaraq:

      – Konsertimizə başlayırıq! – dedi.

      – Amma şitlik eləmə, – deyə Marfa ona məsləhət verdi.

      – İndi bütün cavanlığımızı yada salarıq, – Antip lovğalanaraq balalaykanı köklədi. – O vaxt əl-ələ verib çəmənlikdə rəqs etdiyimiz yadındadı?

      – Əlbəttə, yadımdadı, niyə yadımda deyil? Hər halda, mən səndən cavanam.

      – Neçə yaş? Üç həftədən bir az artıq?

      – Üç həftə yox, iki il. Mən onda lap sütül idim, sən isə özünü naza qoyurdun.

      Antip mehribancasına güldü:

      – Mən, həqiqətən, əla oğlan idim! Yadındadı, sən mənə necə girişirdin?

      – Kim? Mən? Ay Allah! Bəs mənim rəhmətlik dədəm erkək itləri kimin üstünə buraxırdı? Şalvarını hasarımızda qoyub qaçan kim idi?

      – Şalvar, tutaq ki, mənim idi…

      Antip balalaykanı kökləyib qurtardı, balaca başını çiyninin üstünə qoydu, simlərə toxundu… çalmağa başladı. Uzaq gənclik illərinin sakit, işıqlı musiqisi isti və alaqaranlıq daxmaya axdı. Digər axşamlar da xatırlandı. Kefləri bir az qalxdı, bir az kədərləndilər. Həyatın ən mühüm məsələsi barədə düşünməyə başladılar, ancaq necə deyəsən ki, həyatın əsas məsələsi nədir?

      Qırmızı ipək alıb

      Tikmə mənə don, ana.

      Antip astaca oxuyub başı ilə Marfaya işarə etdi. O da ona dəstək verdi:

      Başına dönüm sənin,

      Girmə nahaq ziyana.

      Çox yaxşı oxumasalar da, hər ikisinin əhvalı yüksəldi. Unudulmuş mənzərələr gəldi göz önünə… gah doğma kəndə uzanan cığır, gah çay kənarı, gah pıçıltılı sıx və bir qədər də vahiməli qovaqlıq yada düşdü… Bunların hər birində şirin həyəcan yaradan nəsə vardı. Payız da, təklik də, pul da, boyunduruqlar da sanki yoxa çıxdı…

      Sonra Antip şən hava çaldı. Daxma boyunca oynaya-oynaya, sümükləri çıxmış yançaqlarını burcutdu.

      Ah, oh, gup-ha-gup,

      Guppultu salın bir az!

      Durun, gedin gəzişin,

      Əy-lə-nin az-az!

      Antip öz şənliyi ilə çox gülməli görünürdü. O hoppanmağa başladı… Marfa güldü, sonra ağladı, dərhal göz yaşlarını silib yenə güldü.

      – Ay Allah, sən bir buna bax! Hay-hayı gedib, vay-vayı qalıb, amma ağlında gör nələr var.

      Antip işıq saçırdı. Onun xırda, ağıllı gözləri bic-bic parıldayırdı:

      Of, Marfuşa, Marfacan,

      Söymə məni nahaqdan.

      – Antip, məni şəhərə, yarmarkaya aparmağın yadına gəlir?

      Antip başı ilə “hə” işarəsi verdi.

      Yadımdadır, yadımda,

      Ah, Marfuşam mənim!

      Çölnoxudu ilə mərci

      İstəyir ürəyin sənin!

      – Səfehsən, Antip, – Marfa nəvazişlə dedi, – ağzına nə gəldi oxuyursan.

      Əziz Marfuşam mənim

      Ümumxalq sevincim…

      Marfa gülməkdən uğunub getdi.

      – Vallah, dəlisən, Antip.

      Ah, oh, gup-ha-gup,

      Guppultu salın bir az!

      – Otur, başqa nəsə oxuyaq, – Marfa gözünün yaşını silə-silə dedi.

      Antip bir az təngnəfəs olmuşdu. Gülərək Marfaya baxırdı.

      – Hə! Bəs sən deyirsən, sənin Antipin pisdir!

      – Pis deyil, sarsaqdır, – Marfa düzəliş verdi.

      – Deməli, başa düşmürsən, – bu düzəlişdən zərrə qədər də inciməyən Antip dedi. – Biz səninlə bilirsən necə yaşaya bilərdik?! Can bir qəlbdə. Amma bu lənətə gəlmiş pullar sənə rahatlıq vermədi. Sən incimə, əlbəttə.

      – Mənə pullar yox, pulun olmaması rahatlıq vermir.

      – Bəsdi,