Hekayələr. Лев Толстой. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Лев Толстой
Издательство: Altun Kitab
Серия: Hekayə ustaları
Жанр произведения:
Год издания: 0
isbn: 9789952242157 
Скачать книгу
vardır. İnsan kəskin düşünməyi və ona verilən suallara, onların yalnız həmişəlik olaraq sual qalması üçün cavab verməməyi öyrənsəydi! Əgər o başa düşsəydi ki, hər bir fikir həm saxta və həm də ədalətlidir! Birtərəfliliyi və insanın bütün həqiqəti qavraya bilməzliyi ilə saxtadır, insan səyinin bir cəhətinin ifadə etməsi ilə ədalətlidir. İnsanlar əbədi hərəkət edən bu intəhasız xeyir və şər qat-qarışığında özlərinə bölmələr düzəldir, bu dənizdə xəyali xətlər çəkərək gözləyirlər ki, beləliklə də, dəniz bölünəcəkdir. Başqa nöqteyi-nəzərdən, başqa baxımdan milyonlarca belə bölmələr yoxdur. Doğrudur, bu bölmələr yüz illər boyu yaranır, lakin əsrlər keçib, milyon əsrlər də keçəcək. Sivilizasiya – nemətdir, vəhşilik – şərdir; azadlıq – nemətdir, əsarət – şərdir. Bax təsəvvür olunan bu bilik insan təbiətində olan instinktiv, ibtidai xeyirxahlıq tələbini öldürür. Kim təyin edib mənə deyə bilər ki, nə azadlıqdır, nə despotizmdir, nə sivilizasiyadır, nə vəhşilikdir? Bunlardan birinin və ya başqasının hüdudu haradadır? Bu xeyir və şər meyarı kimin qəlbində möhkəmdir ki, onun vasitəsilə bu uzaqlaşan dolaşıq faktları ölçə bilsin? Kimdə böyük bir ağıl vardır ki, heç olmasa, hərəkətsiz ötüb-keçən faktları qavrayıb onları təyin edə bilsin? Kim elə bir vəziyyət görüb ki, onda xeyirlə şər bir yerdə olmamış olsun? Və mən nə üçün bilirəm ki, birini o birindən çox görürəm, ona görəmi ki, lazımi yerdə dayanmamışam? Kim həyatdan, heç olmasa, bir anlığa tamamilə ayrıla bilər ki, ona yuxarıdan müstəqil baxa bilsin? Bizim bircə, yalnız bircə qüsursuz rəhbərimiz vardır, bu da hamımıza birlikdə və hərəyə təklikdə nüfuz edən, hərəyə lazım olan şeyə bir meyil bəxş edən ümumdünya ruhudur. Bu həmin ruhdur ki, ağaca günəşə doğru ucalmağı əmr edir, çiçəyə əmr edir ki, üzü payıza toxum buraxsın və bizə də əmr edir ki, qeyri-ixtiyari bir-birimizə qısılaq.

      Təkcə bu qüsursuz, müqəddəs səs sivilizasiyanın gurultulu, sürətli inkişafını zəiflədir. Kim insandır, kim vəhşidir: müğənninin nimdaş paltarını görərək qəzəblə stolun arxasından durub qaçan və müğənninin zəhməti müqabilində ona gəlirinin milyondabir hissəsini verməyən və indi öz işıqlı rahat otağında oturaraq Çindəki vəziyyəti rahatca müzakirə edən, oradakı qatilləri ədalətli hesab edən lordmu, ya da cibində cəmi bir frank olan, həbs edilmək təhlükəsi altında iyirmi il heç kimə zərər toxundurmadan dağları və dərələri gəzərək öz mahnısı ilə insanlara təsəlli verən, təhqir olunan və bayaq az qala mehmanxanadan qovulan, indi isə utandırılıb yorğun, ac halda, harada isə çürük saman üstündə yatmağa gedən müğənnimi?

      Bu zaman şəhərdə, gecənin dilsiz sükutu içərisindən, uzaqdan balaca adamın gitarasının və özünün səsini eşitdim.

      – Yox, – qeyri-ixtiyari səsləndim, – ona acımağa və lorda qəzəblənməyə ixtiyarın yoxdur. Bu adamlardan hər birinin qəlbində ona daxili səadəti kim ölçmüşdür? Budur, indi o, haradasa çirkli bir astanada oturaraq parlaq aylı səmaya baxır və sakit, ətirli gecədə fərəhlə oxuyur, onun qəlbində nə danlaq, nə qəzəb və nə də peşmanlıq hissi var. Kim bilir, indi bu zəngin və uca divarların arxasında yaşayan insanların ürəklərində nələr baş verir? Kim bilir, bu balaca adamın qəlbində yaşayan bu qədər qayğısız, mülayim həyat sevinci və dünyadan razılıq sevinci onların hamısında varmı? Bu ziddiyyətlərin yaşamasına əmr və icazə verənin mərhəmət və hikməti tükənməzdir. Yalnız sənə – onun qanunlarına, niyyətlərinə kobud, qanunsuzcasına nüfuz etməyə çalışan zavallı soxulcana, yalnız sənə bu, ziddiyyət kimi görünür. O özünün ölçülməz parlaq yüksəkliyindən mülayimcəsinə baxır və sizin hamınızın ziddiyyətlə daim hərəkət etdiyiniz bu intəhasız harmoniyaya sevinir. Sən öz təkəbbürünlə ümumi qanunlardan qopmaq istəyirdin. Yox, sən də xidmətçilərə olan kiçik, mənasız qəzəbinlə, sən də əbədiyyət və intəhasızlığın ahəngdar tələbinə cavab vermisən…

      ALBERT

I

      Beş nəfər zəngin gənc gecə saat üçdə əylənmək üçün kiçik bir Peterburq balına gəlmişdilər. Çoxlu şampan içilmişdi, cənablardan əksəriyyəti cavan idi, qızlar da gözəldilər, fortepiano və skripkada bir-birinin ardınca polka çalınırdı, rəqs və gurultunun arası kəsilmirdi; ancaq bununla belə, məclis nə isə cansıxıcı və yöndəmsiz idi, nədənsə hamıya elə gəlirdi ki (belə hallar tez-tez olur), bütün bunlar öz qaydasında deyil və gərəksizdir.

      Onlar bir neçə dəfə məclisi canlandırmağa çalışdılar, lakin saxta şənlik cansıxıcılıqdan daha pisdir.

      Beş gəncdən biri həm özündən, həm də başqalarından və bütün gecədən daha çox narazı idi. O, nifrət hissi ilə ayağa qalxıb şlyapasını axtardı və səssiz-səmirsiz getmək üçün bayıra çıxdı.

      Dəhlizdə heç kim yox idi, lakin qapının arxasından qonşu otaqda iki nəfərin mübahisə etdiyini eşitdi. Qadın səsi deyirdi:

      – Olmaz, orada qonaqlar var.

      – Buraxın, xahiş edirəm, heç bir şey eləmərəm! – deyə zəif kişi səsi yalvarırdı.

      Qadın deyirdi:

      – Xanım icazə verməsə, buraxmayacağam. Hara getdin? Ay səni!..

      Qapı taybatay aralandı və astanada qəribə bir kişi fiquru göründü. Xidmətçi qadın qonağı görən kimi ondan əl çəkdi. Qəribə fiqur isə çəkinə-çəkinə baş əyərək, dizdən bükülən ayaqları səndirləyə-səndirləyə otağa daxil oldu. Bu, ortaboylu, dar, əyilmiş kürəyi və uzun, pırtlaşıq saçları olan bir kişi idi. Əynində qısa palto, yırtıq, ensiz şalvar, ayaqlarında qırış-qırış olmuş bulaşıq çəkmə vardı. Qalstuku ip kimi burub uzun ağ boynuna taxmışdı. Kirli köynəyi paltosunun qollarından çıxıb arıq əlləri üstə düşmüşdü. Lakin bədəninin həddindən artıq arıq olmasına baxmayaraq, sifəti zərif və ağdı, hətta seyrək qara saqqalından və bakenbardlarından yuxarıda, yanaqlarında qırmızılıq da nəzərə çarpırdı. Daranmamış saçlarını dala verdiyindən dar və həddindən artıq təmiz alnı açıqda qalmışdı. Qara yorğun gözləri mülayim və bununla belə, təmkinlə qabağa baxırdı. Onların ifadəsi cazibədarlıqla seyrək bığları altından görünən ucları büzüşmüş zərif dodaqlarının ifadəsinə qovuşmuşdu.

      Bir neçə addım atıb dayandı, gəncə tərəf qanrıldı və gülümsədi. O sanki çətinliklə gülümsədi, lakin təbəssüm onun sifətini işıqlandırdıqda gənc də səbəbini bilmədən gülümsədi.

      – O kimdir? – deyə qonaq qəribə fiqur rəqs səsi eşidilən otağa keçəndən sonra pıçıltı ilə xidmətçi qadından soruşdu.

      – Teatrdandır, başıhavalı çalğıçıdır, – deyə xidmətçi qadın cavab verdi, – hərdənbir xanımın yanına gəlir.

      Bu zaman salondan çağırdılar:

      – Delesov, sən hara getdin?

      Delesov dedikləri həmin gənc salona qayıtdı.

      Çalğıçı qapının yanında durub rəqs edənlərə tamaşa eləyirdi. O öz təbəssümü və baxışı ilə, ayaqlarını qaldırıb-qoymaqla bu tamaşadan həzz aldığını bildirirdi.

      Qonaqlardan biri ona dedi:

      – Siz də gəlin, rəqs edin!

      Çalğıçı