Hekayələr. Лев Толстой. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Лев Толстой
Издательство: Altun Kitab
Серия: Hekayə ustaları
Жанр произведения:
Год издания: 0
isbn: 9789952242157 
Скачать книгу
boylana-boylana döngələrdə otərəf-butərəfə gəzən qadınlarla rastlaşmaq mənim qüssəmi nəinki dağıtmadı, əksinə, daha da artırdı. Ətrafıma baxmadan və heç bir şey fikirləşmədən, ancaq yatmaqla belə əhvali-ruhiyyədən qurtara biləcəyim ümidi ilə evə qayıtdıqda küçələr tamam qaranlığa qərq olmuşdu. İçimdə ruhən bir soyuqluq, tənhalıq və ağırlıq hiss etdim. Belə hallar bəzən təzə yerə köçdüyün zaman, heç bir səbəb olmadan baş verir.

      Mən ancaq ayaqlarımın altına baxaraq sahil küçəsi ilə Şveytserqofa tərəf gedirdim. Birdən qəribə, lakin son dərəcə xoş və əziz bir musiqi səsi məni sarsıtdı. O, bir an içərisində ruhumu oynatdı. Qəlbim sanki parlaq bir işıqla nurlandı. Kefim duruldu. Yuxulu diqqətim təzədən ətrafdakı əşyalara yönəldi. Bayaq laqeyd qaldığım gecənin və gölün gözəlliyi birdən-birə yeni bir şey kimi məni məftun etdi. Qeyri-ixtiyari olaraq bir anlığa boz, parçalı buludları sezilən və qalxan ayın nuru ilə işıqlaşan tutqun səmanı da, tünd-yaşıl hamar gölü və onda əks olunan işıqları da, uzaqdakı çənli dağları da görə bildim. Bataqlıqdakı qurbağaların quruldaşmasını və o biri sahildən bildirçinlərin tər şehə qarışmış qaqqıltılarını da eşitdim. Düz qarşımda, musiqi səsinin eşidildiyi və diqqətimin yönəldiyi yerdə, alaqaranlıqda adamların yarımdövrə vurub dayandıqlarını və onların qabağında, azca aralıda qara geyimli, balaca bir adamın durduğunu gördüm. Adamların və balaca adamın arxasında tünd-bozumtul və göy səmada bağın bir neçə qələməsi öz boyları ilə seçilir, qüllənin düz, mil ucları qədim kilsənin hər iki yanından əzəmətlə yüksəlirdi.

      Mən yaxınlaşdıqca musiqi səsi daha da aydınlaşırdı. Gitaranın axşam havasında məlahətlə titrəyən dolu akkordlarını aydın ayırd eləyə bilirdim və bir neçə səs bir-birinə qoşularaq mahnının bəzi qabarıq yerlərini oxuyur və onun təsirini gücləndirirdi. Mahnı xoş və məlahətli mazurka7 ruhunda idi. Səslər gah yaxından, gah uzaqdan gəlirdi, gah tenor, gah bas, gah da donqultulu tirol8 çalarlı boğaz fistolası9 eşidilirdi. Bu, mahnı deyil, mahnının yüngül eskizi idi. Başa düşə bilmirdim ki, bu nədir, lakin gözəl idi. Gitaranın bu məlahətli, zərif akkordları, bu xoş, xəfif mahnı və qara geyimli balaca adamın tənha görkəmi tutqun gölün, işıqlanan ayın, iki nəhəng mil ucu sükut içərisində göyə dirənən qüllənin və bağın tutqun qələmələrinin fantastik aləmində çox qəribə və son dərəcə gözəl idi, ya da mənə elə gəlirdi.

      Həyatın bütün dolaşıq və qapalı təəssüratları birdən-birə məndən ötrü mənalandı və füsünkar bir şəkil aldı. Daxilimdə elə bil tər ətirli bir çiçək açıldı. Bircə dəqiqə bundan qabaq duyduğum yorğunluq, pərişanlıq, dünyada hər şeyə qarşı laqeydlik əvəzinə birdən-birə məhəbbət ehtiyacı, dolğun ümid və səbəbi bilinməyən həyat sevinci duydum. “Daha nə istəyirsən? – deyə qeyri-ixtiyari düşündüm. – Diqqətlə bax, hər tərəfdən səni gözəllik və poeziya dövrəyə alıb. Onu gücün çatdıqca bol-bol içinə çək, həzz al, bundan artıq daha sənə nə lazımdır! Hər şey, hər şey sənindir…”

      Yaxınlaşdım. Balaca adam, məlum olduğu kimi, səyyah tirollu idi. O, mehmanxananın pəncərələri qabağında duraraq bir ayağını qabağa qoymuş, başını yuxarı dikmiş halda gitaranı dilləndirir və müxtəlif səslərlə öz məlahətli mahnısını oxuyurdu. İçimdə yaratdığı bu dəyişiklik üçün ona qarşı dərhal şəfqət və minnətdarlıq duydum. Onu sezə bildim ki, müğənninin köhnə qara sürtükü vardı, saçları qara və qısa idi, başına sadə meşşan şlyapası qoymuşdu. Onun üst-başında artistlərə məxsus heç bir əlamət yoxdu, lakin oynaq, uşaqlara xas fərəhli duruşu və hərəkətləri onun kiçik boyu ilə təsirli və eyni zamanda əyləncəli bir mənzərə təşkil edirdi. Gur işıqları yanan mehmanxananın qapılarında, pəncərələrində, balkonlarında gözəl paltarları, geniş ətəkləri olan xanımlar, ağappaq yaxalıqlı cənablar və zərbaftalı qapıçı və nökərlər durmuşdular. Küçədə də adamlar yarımdairə vurub baxırdılar. Bir az o yanda, bulvarda da cökə ağaclarının arasında qəşəng geyinmiş xidmətçilər, ağ papaqlı, qısa xalatlı aşpazlar, bir-biri ilə qucaqlaşmış qızlar və gəzintiyə çıxanlar toplaşmışdılar. Elə bil hamı mənim duyduğumu hiss edirdi. Hamı sükut içərisində müğənninin ətrafında dövrə vurub durmuşdu və diqqətlə dinləyirdi. Hər yer sükut içərisində idi, yalnız mahnı ara verdiyi zaman, haradasa uzaqda, göldən ahəngdar çəkic səsləri eşidilir, bataqlıqda qurbağalar kövrək bir səslə quruldaşır, arabir bildirçinlərin yeknəsəq səsləri ilə kəsilirdi.

      Balaca adam qaranlıqda küçənin ortasında bəndi-bəndə, mahnını-mahnıya calayaraq bülbül kimi ötürdü. Ona lap yaxınlaşdığıma baxmayaraq, mahnı hələ də mənə böyük həzz verirdi. Onun o qədər də güclü olmayan səsi həddindən artıq məlahətli idi və bu səslə yiyələndiyi zəriflik, zövq və ölçü hissi fövqəladə idi və onda böyük fitri istedad olduğunu göstərirdi. Kupletlərin nəqəratını o hər dəfə başqa cür oxuyurdu və məlum olurdu ki, bu məlahətli dəyişikliklər ona asanlıqla və dərhal müyəssər olur.

      Adamların arasında, yuxarıda Şveytserqofda və aşağıda bulvarda tez-tez təqdiredici pıçıltılar eşidilir və hamı ehtiramla susurdu. Balkonlarda və pəncərələrdə, evlərin işığında dirsəklənib baxan kişi və qadınların sayı getdikcə artırdı. Gəzintiyə çıxanlar və sahil küçəsinin hər yerində, kölgədə, cökə ağaclarının yanında kişilər və qadınlar dəstə-dəstə durub dinləyirdilər. Ümumi izdihamdan ayrılan bir neçə zadəgan nökəri və bir nəfər aşpaz mənim yanımda duraraq siqar çəkirdilər. Aşpaz musiqinin gözəlliyini çox həssaslıqla duyurdu və hər yüksək zəngulədə həyəcan və heyrətlə nökərə göz vurub onu dümsükləyir, sanki deyirdi: “Gör bir necə oxuyur, hə?” Nökər açıq bir təbəssümlə (bu təbəssümdə mən onun duyduğu bütün həzzi başa düşdüm), aşpaz dümsüyü müqabilində çiyinlərini çəkdi və bununla da demək istədi ki, onu heyrətə salmaq çox çətindir və guya bundan da yaxşısını çox eşitmişdir.

      Müğənni öskürüb mahnısına ara verdikdə mən nökərdən onun kim olduğunu və buraya tez-tez gəlib-gəlmədiyini soruşdum:

      – Hə, yayda iki dəfə gəlir, – deyə nökər cavab verdi. O, Arqoviyadandır. Bu yolla dilənir.

      – Belələri buraya çox gəlirlər? – soruşdum.

      – Bəli, bəli, – nökər mənim nə barədə soruşduğumu başa düşməyərək cavab verdi. Lakin sonra sualın mənasını başa düşüb əlavə etdi: – Xeyr, xeyr! Burada təkcə onu görürəm. Ondan başqası yoxdur.

      Bu zaman balaca adam birinci mahnısını bitirdi və cəld bir hərəkətlə gitaranı çevirib burnunun altında yerli alman ləhcəsində nə dedisə, ətrafındakılar qəhqəhə çəkib güldülər.

      – Deyir ki, boğazım quruyub, şərab olsaydı, içərdim, – yanımda duran nökər onun dediklərini mənə tərcümə etdi.

      – Doğrudan, o, içməyi sevir?

      – Onların hamısı elə belədir, – deyə nökər gülümsəyərək əlini yellədi.

      Müğənni papağını çıxartdı və gitaranı yellədə-yellədə evə yaxınlaşdı. Başını qaldırıb pəncərələrin


<p>7</p>

Mazurka – polyak xalq rəqsi

<p>8</p>

Tirol – səs, nəğmə çaları; Alp dağı ətrafı xalqların musiqi ahəngi. Tirol Roma imperiyasına daxil olan ərazi olub. Hazırda cənub hissəsi İtaliyaya, qalan hissəsi isə Avstriyaya məxsusdur.

<p>9</p>

Fistola – fleyta növü