Hekayələr. Абдурагим-бек Ахвердов. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Абдурагим-бек Ахвердов
Издательство: Altun Kitab
Серия: Hekayə ustaları
Жанр произведения:
Год издания: 0
isbn: 9789952242218
Скачать книгу
nə qədər ağladı, yalvardı, kar görmədi. Madam öz şeylərini yığıb mehmanxanaya köçdü. Əkbər hirsdən və xiffətdən naxoş oldu.

Rüstəm bir-iki dəfə onun yanına gəlib sonra tərəddüdü kəsdi. Axır Əkbər ona yazıb təvəqqe etdi ki, bir yanına gəlsin. Cavab gəlmədi. Bir gün Əkbərə xəbər gətirdilər ki, Rüstəm madam San Fua ilə yaxınlaşıb və madamın xərci ilə onunla mehmanxanada olur. Bu xəbər Əkbəri lap mütəğəyyir etdi.

Əkbər bir aydan ziyadə naxoş yatıb durdu ayağa. Bir gün küçə ilə gedərkən gördü, bir gözəl faytonda Rüstəmlə madam San Fua çox mehriban əyləşib ona tərəf gəlirlər. Əkbər əl elədi, faytonu saxladılar. Yaxına gəlib bir güllə madama, birini də Rüstəmə vurub hər ikisini öldürdü və oradan gedib özünü divana təslim etdi.

İki ildən sonra mövqiflərin39 birinə varid olub gördüm, qoca Kərbəlayı Qulaməli mövqifin qabağında dalını divara söykəmiş əyləşib. Soruşdum:

– Kərbəlayı, sən hara, bu yerlər hara?

Dedi:

– Qurbanım olum, əlacım nədir. Qırx il atasının çörəyini yemişəm, əgər onun yaman günündə gözdən qoysam, o çörək mənim gözlərimə durar.

Dedim:

– Kərbəlayı, başa düşə bilmirəm, yaman gün nədir, çörək nədir?

Bu sözün cavabının əvəzinə, bir ahi-sərd çəkib kənarda durmuş bir dəstə soldata əli ilə işarə etdi. Soldatlara tərəf gedib gördüm, ortalarında neçə nəfər dustaq, kimi ayağı zəncirli və kimi zəncirsiz, yerdə əyləşiblər və bir nəfər cavan oğlan baş və bığı ağarmış, bir çuvala başın söykəyib yatıb. Diqqətlə baxanda Əkbəri tanıdım, halətim dəyişdi. Üz döndərib Kərbəlayı Qulaməliyə tərəf qayıtdım. Kərbəlayı soruşdu:

– Gördün?

Dedim:

– Gördüm, Kərbəlayı, bunu haraya aparırlar?

Dedi:

– Kəsiblər, İrqut quberniyasına getsin. Mənim də əlacım yoxdur, qarabaqara dalınca sürünürəm.

Dedim:

– Kərbəlayı, sən qoca adam bir belə yolu gedəmi bilərsən?

Dedi:

– Qurbanın olum, özüm də bilirəm ki, mən heç yana gedib çıxa bilməyəcəyəm, yolda bir yerdə ölüb qalanam, amma getməsəm, qorxuram qiyamət günündə Hacı Xəlilin yanına üzüqara gələm.

Bir azdan sonra dəmiryol qatarı gəlib movqifin qabağında dayandı. Dustaqları bir dəmir pəncərəli vaqona doldurdular və Kərbəlayı Qulaməli dal vaqona minib dedi:

– Qurbanın olum, salamat qal, Allah səni pənahında saxlasın.

Qatar yola düşdü və mən də məhbut40 onun gözdən itənədək dalınca baxdım və bu böhtün içində Sədi mərhumun bir fərdi yadıma düşdü:

“Bu bədan yar gəşt həmsəri-Lut

Xanəndani-nübüvvətəş güm şüd”41.

AYIN ŞAHİDLİYİ

Ey gahi qədim kimi xəmidə,

Gahi pür olan misali-didə.

Füzuli

Yay fəsli təzə daxil olmuşdu. Şəhərin havasının qəlizliyindən, tozundan, zəhmətinin kəsrətindən bir qədər asudalaşmaq və yorulmuş bədəni köhnə halətinə gətirmək üçün kəndə rəvan oldum. Qəndablı kəndinin havası, ələlxüsus gecələri cümləyə məlumdur. Bu kəndin aydınlıq gecələri nə qələmlə və nə dillə vəsfə gələn deyil və məni kəndə çəkən ancaq onun gecələrinin səfası idi.

Gözəl gecələrin birində bir evin qabağında bir taxt qoyub, bir tərəfində mən və bir tərəfində imperator Birinci Nikolayın əsrində xidmət etmiş əmim əyləşib istirahətə məşğul idik. Həqiqət, nəsimin əsməyi, çəyirtkələrin qanadlarının sızıltısı və yaxın arxın qurbağalarının nəğmələri – hamısı bir-birinə qarışıb ruha sükunət verən qərib bir ahəngi-təbii əmələ gətirmişdi. Düzlərdə əkilmiş taxıl nəsimin qabağında oyan-buyana yatıb dəryatək mövclənirdi və dolu sünbüllər məzlum-məzlum başlarını aşağı salıb qətlinə fərman verilmiş müqəssirlərtək cəlladları olan biçinçilərə müntəzir idilər. Tək-tək boş sünbüllər başlarını yuxarı qalxızıb qürurla sairlərinə baxırdılar. Amma səhv edirdilər, onlar da cəllad əlindən qurtara bilməyəcəkdilər. Ancaq dolu baş, boş başdan artıq kəsiləcəkdi. Taxılın qurtardığı yerdə xırda çayın şırıltısı bilavasitə qulağa gəlirdi və çayın kənarında cərgə ilə boy atmış ər-ərləri42 guya sünbüllər üstündə qarovul qoymuşdular.

Kənd yatmışdı. Nə xoruzlardan, nə itlərdən və nə sair heyvanlardan bir səs çıxmırdı. Qəflətən kəndin ayağında bir xoruz banladı. O saat fikrimə gəldi ki, yəqin, sabah bu xoruzun bivaxt banlamağına görə başı cəllad əlində gedəcək: əlbəttə, bir yerdə ki camaat hamısı yuxuya məşğuldur, küy qalxızıb səs salanın başı gərək kəsilsin!

Bədirlənmiş ay qalxıb, göyün bir qatında durub bu övzaya43 tamaşa edirdi.

Qoca əmim birdən dizi üstə qalxıb papağını gözlərinin üstünə endirdi. O saat bildim ki, keçmiş günləri yadına düşüb, bir qəribə hekayət söyləyəcək. Əmim əvvəl bir dərin ah çəkib dedi:

– Dünyanın xilqətindən indiyədək bu gördüyümüz ay yerin ətrafına dolanır, neçə davalar, neçə min hadisələrə şahid olub, neçə min böyük şəxslər əsrini görüb. Nə olardı, bunun dili olsaydı! Axı nə gözəl söhbətlər edərdi! Şəhadət dedim, bir keyfiyyət yadıma düşdü, qulaq ver, nağıl edim.

Qırx il, ya daha artıq bundan əqdəm mənim xidmət edən vaxtımda bir belə gözəl gecədə Səlman adlı bir şəxs bir qədər çit mal öz atına yüklüyüb bu kənddən o biri kəndə ticarət üçün gedərkən yolu bir dərədən düşdü. Dərənin ortasında bir müsəlləh şəxs Səlmanın qabağını kəsib buyurdu, atdan düşsün. Binəva Səlman ayaqları titrəyə-titrəyə atdan aşağı endi. Quldur onun atını yükü ilə əlindən alıb dedi: “İndi özün də vaxtına hazır ol, çünki axır nəfəsin gərək burada çata. Mən səni buradan salamat buraxmayacağam. Çünki kənd yaxındır, gedib xəbər edərsən, dalımca gəlib məni tutarlar”.

Səlmanın bədəninə lərzə düşdü, dedi: “Ey şəxs! Hər kimsən, mən səni tanımıram, amma görürəm, müsəlmansan, müsəlmanda, nə qədər olsa, bir mərdanə sifət olar. Mən əlsiz-ayaqsız çərçinin44 taqsırı nədir ki, öldürmək istəyirsən? Olan malımı əlimdən aldın, məgər mənim canımdan da sən bir fayda götürəcəksən? Səni and verirəm bizi yaradan bir Allaha, sən gəl mənim canıma qəsd etmə, mən yazıq kişiyəm. Yeddi nəfər balaca uşağın atasıyam, altı aydır arvadım ölüb, mən o uşaqlara həm atalıq, həm analıq edirəm, əgər mən də ölsəm, bil

39

Mövqif – duracaq, stansiya

40

Məhbut – heyrətlənmiş, şaşırdılmış

41

Lutun (İbrahim peyğəmbərin qardaşı oğlu) arvadı pis adamlarla yoldaş oldu, peyğəmbərlik xanədanı itdi.

42

Ər-ər – ardıc ağacı

43

Övza – vəziyyət

44

Çərçi – köhn. gəzərək xırda alver edən adam, gəzərgi alverçi, xırdavatçı