Hekayələr. Абдурагим-бек Ахвердов. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Абдурагим-бек Ахвердов
Издательство: Altun Kitab
Серия: Hekayə ustaları
Жанр произведения:
Год издания: 0
isbn: 9789952242218
Скачать книгу
şad olub nökəri göndərdi, çayçı dükanından çay gətirsin, əyləşdilər söhbətə.

Əkbər Rüstəmi neçə il idi görməmişdi, ona görə gözün onun üzündən kəsməyib danışığına qulaq asırdı. Amma Rüstəmin sifətində heç cavanlıq nişanəsi görünmürdü, hərçənd onun sinni Əkbərdən artıq deyildisə də, yenə ondan on beş yaş böyük görünürdü. Gözlərinin altının göyərtisi onun yuxusuz gecələr keçirməyinə şəhadət edirdi.

Əkbər yoldaşının bu neçə ildə harada olduğunu sual elədi.

Rüstəm papağı götürüb yerə qoydu və cibindən bir gümüş papiros qutusu çıxardıb Əkbərə təklif elədi və Əkbərin papiros çəkməməyini bilib, özü birini yandırıb, bir-iki qullab alıb dedi:

– Qardaşım Əkbər! Bu neçə ildə başıma o qədər qəzavü-qədər gəlib ki, nə deməklə və nə yazmaqla qurtarmaz. Vallah, bilmirəm, haradan sənə söyləyim – Parisdənmi, Berlindənmi, Vyanadanmı və yaxud bizim Peterburqdanmı?! Sən bilirsən ki, mən burada oxumaq istəməyib atama dedim ki, gərək məni hökmən Parisə göndərəsən. Yazıq kişi də nə anlayır ki, dördüncü klasdan qaçmış heyvanı Parisin heç bir tövləsinə qoymazlar. Kişidən min manat pul vurub “ağam Allah saxlasın”… birbaş Parisə. Paris nə Paris! Yer üzünün behişti desəm, yenə xəta eləməmişəm! Nə küçələr, nə bazarlar, nə mehmanxanalar, nə teatrlar və kafeşantanlar!.. Görəsən, bilmərrə əqlini itirib dəli olarsan. O xanımları ki mən Parisin kafeşantanlarında görmüşəm, sən görəsən, Məcnunə dönüb biyabanə düşərsən. Necə xanımlar: şəhbaz baxışlı, ahu gözlü, şirin hərəkətli, şəhd sözlü! Sən də deyirsən, dünya görürəm? Ərik, kişmişin şirəsinə bulana-bulana gün keçirirsən, deyirsən ki, elə dünyanın zindəganı budur.

Bu yerdə Əkbər Rüstəmin sözünü kəsib dedi:

– Rüstəm, bağışla, sən dünyagörmüş adamsan, amma mən avamam, bəs bir-iki dəfə kafeşantan sözü dedin, o nə deməkdir?

– Kafeşantan, yəni xurma çuvalı… xa-xa-xa!.. Kafeşantan, yəni behiştin bir guşəsi! O yerdir ki, orada həm ruhun ləzzət aparır, həm bədənin! O yerdir ki, orada cəmi dünyanın qeydi yadından çıxır, yəni gözəllər məclisi, yəqin, Sədidə oxuyubsan: “Bə məcmən ki, dər ayənd şahidani dü aləm!”21 Kafeşantanda cəm olurlar Parisin gözəlləri. Həm sənin üçün teatr gətirirlər, həm oynuyurlar, həm oxuyurlar və xahiş etsən, səninlə şam edib sübhədək sənə mehman olurlar. Xülasə, nə deyim, görməmisən, bilməzsən. Şənidən key büvəd manəndi didən22. Dəxi nə ərz eləyim, üç aydan sonra baxdım gördüm min manatdan ancaq iki yüz frank ki, eləsin bizim pul yetmiş beş manat cibimdə pul qalıb. Atama tel vurub min manat da istədim və daldan da bir kağız yazdım ki, hər ay mənə üç yüz manat pul göndərməsən, özümü öldürəcəyəm. Atam min manatı göndərib sonra da bir kağız yazmışdı ki, bala, mənim gözümün ağı-qarası sənsən, dövlətim hamısı sənə qalasıdır, mən sənə ayda beş yüz manat da göndərim, ancaq sən oxu, adam ol və korluq çəkmə. Binəva kişi belə fikir edirdi ki, bəli, mənim oğlum oxuyub böyük yaranal23 olub gələcək. Mən də ona baxıb fəxr edəcəyəm, dəxi demirdi ki, oğlu pulu ondan ötrü istəyir ki, onun vasitəsilə dünyadan kam alsın. Bir də sənə deyim ki, mənim atamdan axmaq kişi dünyada az tapılar. Belə güman edir ki, dünya ondan ötrü yaranıb ki, bazara gedib, evə gəlib çörək yeyib, namaz qılıb yatasan. Neyləyim, bircə gecə kafeşantanda əyləşə, onda görər ki, dünya nədən ötrüdür və insan nə üçün yaranıb. Yazıq kişi, əvam kişi!

İndi, Əkbər, bircə mənə de görüm, sən nəyə lazımsan, oturubsan bu fındığın, şabalıdın içində, özünü də çəkibsən, elə bilirsən, adamsan? Adam deyilsən, heç zad deyilsən! Amma mənim sənə yazığım gəlir, gərək sənə dünyanın ləzzətin göstərəm. Sən bir fikir elə, gör bu növ alış-veriş sənin özünə, dövlətinə yaraşarmı? Atan kişmiş, xurmaya uşaqlıqdan adət etmişdi, ona görə ayrı alış-verişə həvəsi yox idi. Amma keçmiş zaman bir ayrı, bu zaman bir ayrı! Sən mənim məsləhətimə bax: bu dükanı bağla, bir ayrı bəzzaziyə24 mağazası aç, get Moskvadan, Peterburqdan, Parisdən mal gətir. Həm alış-veriş elə, həm də dünyadan ləzzət apar. Əgər xahiş etsən, əvvəl səfərdə mən özüm də sənə yoldaş ola bilərəm. Sən belə güman etmə, mən işrət mədənlərindən savayı, heç bir yerə bələd deyiləm. And olsun sənin canına, elə alış-veriş elərəm ki, bir tacir bacarmıya.

Xülasə… Rüstəm öz sərgüzəştindən bu növ nəql edib Əkbərin halətini digərgun etdi. Axır ayağa qalxıb, Əkbərdən üç günün müddətinə yüz manat qərz25 alıb yola düşdü.

Rüstəm getdi, Əkbər isə dükanda qərarı gəlməyib axşama bir-iki saat qalmış dükanı bağlayıb evə getdi. Anası sual etdi ki, bala, nə üçün belə tez qayıtdın?. Cavab verdi: “Ana, başım bərk ağrıyırdı, otura bilməyib gəldim yatağa”.

Bu, əvvəlinci yalan idi ki, Əkbər anasına dedi. Əkbərin anası qalxıb istəkli oğlu üçün rəxti-xab26 hazır elədi və onu yatırtdı və Kərbəlayı Qulaməli də başının üstündə oturub onun alnını ovmağa məşğul oldu.

O gecə sübhədək Əkbər yata bilmədi. Çünki onun xəyalatı gah Parisin Bulon meşəsini və kafeşantanlarını, gah Peterburqun Nevski prospektini, gah Berlinin Cökə xiyabanını gözünün qabağından keçirirdi. Sübh Əkbər bir şiddətli baş ağrısı ilə oyandı və o günü naxoş olub dükana gedə bilmədi. O biri gün dəftəri qoltuğuna vurub gəldi dükana. Günorta vaxtı Rüstəm gəlib soruşdu ki, qardaş, nə üçün dünən dükanda yox idin. Cavab verdi ki, başım ağrıyırdı, naxoş idim. Çünki səndən ayrılandan sonra gedib bədxab olub27 sübhədək yata bilməmişəm. Rüstəm dedi ki, bu gecə də mən səni qoymayacağam yatasan; mən səni bir qəribə yerə aparacağam ki, indiyədək elə yer görməyibsən və məndən də soruşma ki, səni hara aparacağam. Gedərsən, görərsən. Get evə, faxır28 libasını gey, azandan bir saat keçmiş mən özüm sənin dalınca gələcəyəm.

Əkbər cavab verdi ki, bəlkə, anam razı olmadı. Bu cavaba Rüstəm qarnından yapışıb, yarım saat gülüb dedi: “Ay yazıq uşaq, hələ sən ana ixtiyarından çıxmayıbsan? Rəhmətlik oğlu, sən böyük kişisən, ana nədir, səni qurd yeməyəcək, pişik yeməyəcək! Amma indi ki belədir, deyərsən: “Rüstəm məni evlərinə qonaq çağırıb və deyibdir ki, gəlməsən, inciyərəm” və söz də verərsən ki, tez qayıdarsan”.

Bir az da Rüstəm keçmiş günlərindən laf vurub getdi.

Axşam Əkbər evə gəlib anasından izin istədi və vədə də verdi ki, tez qayıtsın. İzin alıb, təzə libas geyib Rüstəmə müntəzir oldu. Bir az vaxtdan sonra eşitdi ki, qapını dəqqilbab edirlər, bildi ki, Rüstəmdir. Çıxdı küçəyə, gördü Rüstəm bir faytonla qapıda durub. Rüstəm Əkbəri yanına alıb faytonçuya buyurdu: “Sür!” Faytonçu tiri-şəhabtək29 sürüb bir mehmanxananın qabağında dayandı. Əkbər sual elədi ki, Rüstəm, bu nə

21

Bir məclis ki, hər iki dünyanın şahidləri oraya gəlirlər.

22

Eşitmək hara, görmək hara!

23

Yaranal – keçmişdə “general” sözünün canlı dildə işlənən təhrif edilmiş forması

24

Bəzzaziyyə – köhn. parça, arşınmalı

25

Qərz – borc

26

Rəxtxab – yorğan-döşək, yataq

27

Bədxab olmaq – yuxusu qaçmaq

28

Faxır – fəxr edilməyə layiq olan, gözəl

29

Tiri-şəhab – iti sürətlə