Ortayaşlı, eynəkli kassir qadın başını pəncərədən çıxardı.
– Nə olub sizə, vətəndaş? – o, narazı halda soruşdu.
– Heç nə, – Nastya cavab verdi. – Anam…
Nastya çevrilib iti addımlarla çıxışa doğru yönəldi.
– Hara belə? – kassir onun arxasınca səsləndi. – Gərək elə o dəqiqə deyəydiniz. Bircə dəqiqə səbir edin.
Elə həmin axşam Nastya yola düşdü. Bütün yol boyunca ona elə gəlirdi ki, qatar güclə gedir. Halbuki qatar yatmış meşənin içindən sürətlə şütüyür, ağacları tüstüyə qərq edir və uzun, xəbərdaredici çığırtısı hər tərəfə yayılırdı.
…Tixon poçt idarəsinə gəldi, poçt işçisi Vasili ilə nə isə pıçıldaşdı, ondan telefon blankı alıb oyan-buyanına baxdı, köynəyinin qolu ilə bığlarını silə-silə blankı öz əyri-üyrü hərfləri ilə xeyli vaxt sərf edərək doldurdu. Sonra blankı ehtiyatla qatladı, papağının altına qoydu və Katerina Petrovnanın evinə sarı yola düzəldi.
Katerina Petrovna artıq onuncu gün idi ki, yerindən qalxmırdı. Heç yeri ağrımırdı, ancaq huşunu itirməsinə vadar edən zəiflik onun sinəsi, başı, ayaqlarını basır və nəfəs almasını çətinləşdirirdi.
Manyuşa artıq altıncı gün idi ki, Katerina Petrovnanın yanından əl çəkmirdi. Gecələr paltarlarını çıxarmadan köhnə divanın üstündə yatırdı. Arabir Manyuşkaya elə gəlirdi ki, Katerina Petrovna daha nəfəs almır. Belə olanda o, qorxudan zarımağa və qarının sağ olduğunu yoxlamaq üçün çağırmağa başlayırdı.
Katerina Petrovna yorğanın altındakı əlini tərpədirdi və Manyuşa sakitləşirdi.
Otağın hər küncünə ta səhərdən bəri noyabr alaqaranlığı çökürdü, amma içəri isti olurdu. Manyuşka sobanı yandırırdı. Şən alov dilləri taxta divarları işıqlandırdıqca Katerina Petrovna ehtiyatla ah çəkirdi – alov otağı lap çoxdan, Nastyanın vaxtında olduğu kimi rahat, sevimli edirdi. Katerina Petrovna gözlərini yumurdu və onlardan bircə damla yaş çıxır, aşağı yuvarlanır, saralmış gicgahla sürüşür və ağarmış saçların arasında yox olurdu.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.