Leonardo da Vinçi. Уолтер Айзексон. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Уолтер Айзексон
Издательство: Altun Kitab
Серия: Tarixi yaradanlar
Жанр произведения:
Год издания: 0
isbn: 9789952244588
Скачать книгу
mexanizmlərin çertyojunu çəkir; rəssam kimi ideyalarını qeyd edir, ayrı-ayrı şəkillərin ilkin variantını hazırlayır; saray şənliklərinin tərtibatçısı kimi müxtəlif qurğuların eskizini cızır; teatr tamaşalarında istifadə etmək üçün təmsillər, məzhəkələr yazırdı. Vərəqlərin kənarında görməli olduğu işlər, xərclədiyi pullar haqqında qeydlər aparır, hətta xarici görünüşü ilə diqqətini cəlb edən insanların sifət cizgilərini çəkirdi. Bir sözlə, da Vinçinin qeyd kitabçaları müxtəlif fikirlərdən, ideyalardan təşkil olunmuş mozaikanı xatırladırdı.

      Renessans dövründə xüsusilə İtaliyada bu tipli qeyd kitabçaları geniş yayılmışdı; onları «zibaldonu» (qarışıq, həftəbecər) adlandırırdılar. Lakin həmin qeyd kitabçalarının heç biri məzmun etibarilə da Vinçininki qədər zəngin, maraqlı, rəngbərəng deyil. Ümumilikdə on minlərlə səhifədən ibarət bu qeydlər tədqiqatçılar üçün əvəzolunmaz mənbə, Leonardonun yaradıcı axtarışlarının sənədli sübutudur.

      Mütləq deməliyik ki, haqqında danışdığımız əlyazmalarda müəmmalı məqamlar da az deyil. Məsələn, Leonardo öz qeydlərinə tarix qoymadığı üçün onların ardıcıllığını müəyyən etmək mümkünsüzdür. Ölümündən sonra onun bir çox kitabçaları başqalarının əlinə keçdi, sonralar isə auksionlarda satıldı. Bu əlyazmaları toplayan kolleksionerlərdən Pompeo Leonini ayrıca qeyd etmək lazımdır. Milanın məşhur Abroziano muzeyində Leoninin müxtəlif mənbələrdən topladığı 2238 səhifə əlyazma yer alır. Britaniya kitabxanasında isə da Vinçiyə aid 579 səhifəlik əlyazma saxlanılır. Dünyaca məşhur kompüter maqnatı, «Microsoft» şirkətinin qurucusu və sahibi Bill Qeytsin şəxsi kolleksiyasında da Leonardonun qeyd kitabçalarından səhifələrə rast gəlmək mümkündür. Ümumiyyətlə isə da Vinçinin əlyazmaları İtaliya, Fransa, İngiltərə, İspaniya, ABŞ kimi dünyanın müxtəlif ölkələrində qorunur.

      Da Vinçi Milan hersoqunun sarayında

      Nəhayət, Lodoviko Sfortsa günlərin bir günü Leonardo da Vinçini saraya dəvət etdi: ancaq memar və ya mühəndis kimi yox, şənliklərin və tamaşaların quruluşçusu kimi! Məsələ burasındadır ki, hələ Florensiyada, Verokkionun şagirdi olarkən, Leonardo bir neçə teatr tamaşasının və bayram şənliklərinin hazırlanmasında yaxından iştirak etmişdi.

      Lodoviko tarixi, eləcə də Bibliya[14] personajlarının gen-bol yer aldığı tamaşalara xüsusi əhəmiyyət verirdi. Bu tamaşalardan özünün və mənsub olduğu Sfortsa sülaləsinin təbliği məqsədilə gen-bol istifadə edilirdi. Ona görə də Milan hersoqu belə tamaşaları bütöv bir istehsalat sahəsinə çevirmişdi. Memarlar, mexaniklər, musiqiçilər, şairlər, hərbi mühəndislər – tamaşaların hazırlanmasında bütün bu peşə sahibləri yaxından iştirak edirdi. Özünü bu peşə qruplarından hər birinə aid edən Leonardo üçün Sfortsanın sarayında yaxşı imkan yaranmışdı. O, sarayda bir çox tamaşalara tərtibat verdi. Onların arasında «Planetlərin maskaradı» da Vinçiyə xüsusi uğur qazandırdı. Belə ki, Leonardonun yaşıdı olan Lodoviko özünün toy mərasimini təşkil etməyi də ona tapşırdı. 1496-cı ildə o dövrün ən qəribə pyeslərindən birini – Lodovikonun saray şairi Baldassare Takkonenin əsərini də Leonardo səhnələşdirdi.

      Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Da Vinçinin əlyazmaları arasında dekorasiyaları sürətlə dəyişdirən və səhnədə xüsusi effektlər yaradan mexanizmlərin çertyojlarını görmək mümkündür. Teatr tamaşalarının bədii və texniki tərəfləri onu eyni dərəcədə maraqlandırırdı. Leonardonun böyük həvəslə düzəltdiyi mürəkkəb qurğular, mexanizmlər havaya qalxır, fırlanır, yerini dəyişir, canlı kimi hərəkət edirdi. Tamaşaçılar bütün bunları heyranlıqla izləyirdi. Tamaşa tərtibatçısı kimi Leonardo həm öz işindən həzz alır, həm də əldə etdiyi vəsaitlə bütün ehtiyaclarını ödəyə bilirdi. Bu işin başqa bir üstünlüyü də vardı – o, istər-istəməz, fikrində tutduğu, planlaşdırdığı işlərin bir qismini yerinə yetirirdi. Rəssamlıqdan fərqli olaraq tamaşaları vaxtında hazırlayıb təhvil verməli idi. Pərdə qalxınca səhnədə hər şey hazır olmalı idi. Burada ideyaları cilalamaq, daha da təkmilləşdirmək üçün aylarla baş sındırmağa vaxt qalmırdı.

      Məhz həmin dövrdə düzəltdiyi bəzi qurğular, o cümlədən mexaniki quşlar və aktyorlar üçün qanadlar Leonardonu yeni elmi axtarışlara sövq edirdi. O, quşların uçuşunu öyrənir, uçan aparat düzəltmək barədə düşünürdü. Teatr jestləri ilə yaxından maraqlanan Leonardo sonralar onlardan özünün rəsm əsərlərində istifadə elədi.

      Leonardo Milan hersoqunun sarayına əliboş gəlməmişdi: özünün düzəltdiyi musiqi alətini Lodovikoya hədiyyə gətirmişdi. Bu alət yeddi simli idi və lira adlanırdı. Simlərdən beşini yayla, ikisini isə barmaqla çalmaq lazım idi. Vazari yazır: «At başı formasında düzəldilmiş alətin böyük hissəsi gümüşdən idi. Ümumiyyətlə isə o, kənardan çox qəribə təsir bağışlayırdı; səsi daha gur, daha məlahətli çıxırdı».

      Naməlum bir müəllifin yazdığına görə, Leonardo liranı çox məharətlə çalırdı. Çox zəngin repertuarı vardı, klassik musiqi ilə bərabər, özünün bəstələdiyi musiqi parçalarını da ifa edirdi. Bir dəfə Florensiyada keçirilən musiqi yarışmasında qalib olmuşdu. Dövrünün məşhur həkimlərindən və humanistlərindən[15] biri, eyni zamanda Leonardonu çox yaxından tanıyan Paolo Covio yazır: «O, lira çalır, gözəl səslə oxuyurdu. Bu zaman ətrafdakılar onu heyranlıqla dinləyirdilər». Maraqlıdır ki, da Vinçinin əlyazmaları arasında bəstələdiyi musiqi əsərləri yoxdur. Leonardo hersoqun sarayında ifa edərkən not kağızlarına baxmır, əvvəlcədən heç nə bəstələmirdi – o, sadəcə olaraq, improvizə edirdi.

      Ümumiyyətlə, da Vinçi yeni musiqi alətlərinin hazırlanmasına işinin bir parçası kimi baxırdı. Onun qeyd kitabçalarında həmin alətlərin eskizlərinə tez-tez rast gəlmək olar. Bu qəribə, bənzərsiz musiqi alətləri, doğrudan da, görənləri heyran qoyur. Leonardo əvvəlcə kağız üzərində bir neçə ənənəvi musiqi alətinin rəsmini çəkir, sonra onların əsasında yenisini hazırlayırdı. Bunun üçün o, müxtəlif heyvanların ayrı-ayrı bədən hissələrini birləşdirir, əjdahaya bənzər xəyali məxluq düzəldirdi. Məsələn, düzəltdiyi musiqi alətlərindən biri dimdiyi və qanadı olan, başı isə təkə başına bənzəyən əcaib məxluqu xatırladır. Alətin simlərinin bir ucu həmin məxluqun dişlərinə bağlanıb.

      Leonardo barabanların və simli musiqi alətlərinin çıxardığı səslərin tonallığını[16] nəzarətdə saxlamaq üçün yeni-yeni üsullar fikirləşib tapırdı. Eyni zamanda müxtəlif səs tonu olan baraban tipli alətlər hazırlamağa cəhd edirdi. Məsələn, düzəltdiyi uzun silindrli barabanların birində fleyta dəliklərinə bənzər deşiklər açmışdı. Leonardonun düzəltmək istədiyi ən mürəkkəb musiqi aləti isə violençellə orqanın hibrididir.

      Bir sözlə, Leonardo qarşısına növbəti ciddi məqsəd qoymuşdu: daha mükəmməl musiqi alətləri icad etmək! Nyu-York Metropoliten muzeyində mühafiz işləyən Emanuiel Vinternits yazır: «Da Vinçinin düzəltdiyi alətlər heç də saray əyanları və ya adi tamaşaçılar qarşısında fokus göstərmək üçün nəzərdə tutulmamışdı. O, sadəcə qarşısına müxtəlif məqsədlər qoyur, həmin məqsədlərə çatmaq üçün səy göstərir və buna nail


<p>14</p>

Bibliya – xristianlığın əsasını təşkil edən və müqəddəs hesab olunan kitab

<p>15</p>

Humanist – XIV əsrdə İtaliyada təşəkkül tapan və sonradan digər Avropa ölkələrində geniş vüsət alan humanizm cərəyanının tərəfdarı. Latın mənşəli sözdür, mənası «insani» deməkdir. Humanistlər hesab edirdilər ki, hər kəs şəxsiyyət kimi inkişaf etmək azadlığına malikdir. Bu inkişaf isə yalnız onun öz qabiliyyətləri sayəsində mümkündür.

<p>16</p>

Tonallıq – musiqi ladının (kökünün), xromatik qammanın bu və ya digər pərdəsinin düzülüşündən asılı olaraq çıxardığı səslərin səciyyəvi xüsusiyyəti