Ümumiyyətlə isə həmin dövrdə Florensiya elm, sənət məbədinə çevrilmişdi. Şimali Apennin dağlarının ətəklərində, Arno çayı sahilində yerləşən bu şəhərə «Florensiya» adını vaxtilə romalılar vermişdilər. Mənası «çiçəklənən» deməkdi. Florensiya bir çox məşhur rəssamların, heykəltəraşların, elm və ədəbiyyat adamlarının vətənidir. Elə XVI yüzillikdə start götürən Renessans dövrü[4] də buradan başlayıb və Avropaya yayılıb. Bir sözlə, Florensiya öz adının mənasını artıqlaması ilə doğruldub. Orada doğulması isə Leonardo üçün həqiqətən böyük şans idi…
Şagirdlik dövrü
Leonardo on iki yaşına qədər Vinçidə yaşadı. 1464-cü ildə, analığı dünyasını dəyişəndən sonra, tək qalmış atası onu özüylə Florensiyaya apardı. Artıq şəhərdə yaşasa da, Leonardo doğma kəndin ab-havasını unuda bilmirdi. Təsadüfi deyil ki, sonralar onun qeydləri arasında yaradıcılığa yeni başlayan bir rəssama ünvanlanan aşağıdakı məsləhət də yer alacaqdı: «Şəhəri tərk et, qohumlardan, dostlardan ayrıl, dağlara, vadilərə, düzənliklərə get».
O da maraqlıdır ki, kənd həyatına nə qədər aludə olsa da, Leonardo, demək olar, bütün həyatını Florensiya, Milan və Roma kimi iri şəhərlərdə keçirdi.
İlk vaxtlarda Leonardo atasıyla qalırdı. O, burada ibtidai təhsil aldı, şagird kimi işə düzəldi. Amma yaxşı əlaqələri olan ser Pyero övladının sənədlərini öz qanuni oğlu kimi rəsmiləşdirmədi. Da Vinçinin heykəltəraşlığa, rəssamlığa meyil etdiyini görən Pyero onu öz varisi kimi görmək istəmirdi.
Leonardo solaxay idi və sağdan sola, üstəlik, hərfləri də tərsinə çevirərək yazırdı. XVI yüzilliyin tanınmış rəssamı və tarixçisi Georgio Vazari qeyd edir: «Xüsusi təcrübəsi olmayanlar onun xəttini oxuya bilmir. Onun xəttini oxumaq üçün güzgü lazımdır».
Bəzi araşdırmaçıların iddiasına görə, Leonardo belə bir yazı üsulundan nəyəsə görə kod kimi istifadə edirmiş. Lakin bu doğru deyil: axı onun xəttini güzgünün köməyi ilə də oxumaq olur, adi gözlə də. Sadəcə, da Vinçi solaxay olduğu üçün belə yazmaq ona rahat idi. Leonardonun solaxay olması onun rəsm çəkmə metodunda da özünü göstərir: o, şəkli də sağdan sola çəkirdi ki, əli ilə kətanı kirlətməsin.
14 yaşı tamam olandan sonra Leonardo atasının köməyi ilə Florensiyanın ən yaxşı rəssamlıq emalatxanalarından birində işləməyə başladı. Emalatxanada hökm sürən mədəni və işgüzar ab-havanı oradakı avadanlıqların siyahısından da hiss etmək olurdu: nahar stolu, çarpayılar, qlobus, italyan dilində çoxlu kitablar… Kitabların arasında məşhur Roma şairi Ovidinin (e.ə. 43–17) və XIV yüzilliyin görkəmli italyan şairi Petrarkanın latın dilindən tərcümə olunmuş kitabları, eləcə də Florensiyanın tanınmış yazıçılarından Franko Sakkettinin (1332–1400) qısa yumoristik novellaları yer alırdı. Bu müəlliflərin yaradıcılığı Leonardonun yetişməsində xüsusi rol oynamışdı. Emalatxanada riyaziyyatdan tutmuş, anatomiya, antik mədəniyyət, musiqi və fəlsəfəyə aid ən müxtəlif mövzular ətrafında söhbətlər aparılırdı.
Emalatxanada çalışanlar, adətən, elə orada qalır, yeməklərini də orada yeyirdilər. Rəsmlər və digər sənət əsərlərinə imza qoyulmurdu: çünki bu əsərlər fərdi yaradıcılıq məhsulu sayılmırdı. Ona görə bir çox rəsm əsərləri emalatxana sahibi Verokkionun adına çıxılır. Emalatxana sahibinin məqsədi dahi rəssamlar yetişdirmək yox, müştərilərin sifarişini yerinə yetirib qazanc əldə etmək idi. Qeyd etmək yerinə düşər ki, əsl adı Andrea di Çione olan Verokkionun emalatxanası çox məşhur idi. Hətta Florensiyanın ən yaxşı rəssamlıq emalatxanası sayılırdı.
Onu da deyək ki, bu cür emalatxanalarda çalışan sənətkarlar klassik təhsil almır, bu səbəbdən də mədəni elitanın üzvləri sayılmırdılar. Lakin zaman keçdikcə belə rəssamların cəmiyyətdəki statusu da dəyişməyə başladı. Onların bir çoxu öz uğurlu işləri ilə böyük şöhrət qazandılar, beləcə, nüfuzları da yüksəldi.
Leonardo rəssamlıqla bağlı elementar bilikləri ibtidai məktəbdə almışdı, çalışdığı emalatxananın sahibi Verokkiodan isə ilk növbədə həndəsənin gözəlliyini öyrəndi. Bir dəfə Verokkioya monumental mühəndislik işi sifariş edildi: o, ikitonluq böyük bir kürə hazırlamalıydı. Kürəni Florensiyanın baş kilsəsinin qübbəsi üzərində quraşdırmağı planlaşdırırdılar. Sənətin, həndəsi qanunların və mexanikanın köməyi ilə hazırlanmış kürə 1471-ci ildə təntənəli şəkildə kilsənin üzərinə qaldırıldı. Onda Leonardo 19 yaşında idi. Sonralar bu hadisəni tez-tez xatırlayan da Vinçi başa düşdü ki, sənət və mühəndislik işi bir-biriylə sıx bağlı sahələrdir. Tezliklə onun hazırladığı qaldırma mexanizmlərindən Verokkionun emalatxanasında istifadə etməyə başladılar. Leonardo optikaya və işıq şüaları həndəsəsinə xüsusi maraq göstərirdi. Uzun illər ərzində o öz qeyd dəftərçələrində işıq şüalarının fokuslaşdırılması üçün əyri güzgülərin hazırlanması mexanizmi ilə bağlı iki yüzə qədər eskiz çəkmişdir.
Vaxt keçdikcə atası Leonardonun zəngin təxəyyülünü, sənətlə möcüzəvi təbiət hadisələrini bir araya gətirmək bacarığını qiymətləndirməyə, hətta bundan faydalanmağa başladı. Bir dəfə Vinçidə yaşayan bir kəndli taxtadan lövhə düzəltdi. Sonra isə Pyerodan xahiş etdi ki, onu özüylə Florensiyaya aparıb üzərinə boyayla şəkil çəkdirsin. Pyero bu işi görməyi oğluna tapşırdı. Leonardo lövhənin üzərində əjdahaya bənzər – ağzından od saçan qeyri-adi bir məxluq təsvir etməyi qərara aldı. O, şəklin canlı, təbii alınması üçün əsl kərtənkələlər, sisəklər, ilanlar, kəpənəklər, cırcıramalar və yarasalar topladı. Axırda onların görünüşlərini ümumiləşdirərək əcaib bir varlıq düzəltdi. Vazari yazır: «Leonardo öz işinə elə aludə olmuşdu ki, çürüməkdə olan canlıların üfunət iyini belə vecinə almırdı. Pyero lövhəni götürməyə gələndə, əcaib varlığın rəsmini görüb, qorxudan geri çəkildi: bir anlığa ona elə gəldi ki, qarşısındakı əsl heyvandır. Nəticədə o, əsəri özündə saxladı və əvəzində kəndliyə başqa lövhə aldı. Sonralar Pyero əjdaha rəsmli lövhəni Florensiyada tacirlərə yüz dukata[5] satdı. Tacirlər isə həmin lövhəni Milan hersoquna üç yüz dukata satdılar».
Bu əsər Leonardonun fantaziya ilə müşahidəni məharətlə uzlaşdırmaq qabiliyyətini üzə çıxartdı. Sonralar rəssamlıq haqqında traktat[6] yazmağa hazırlaşan rəssam qeyd edəcəkdi: «Əgər sən şəklini çəkmək istədiyin xəyali canlının təbii görünməsini istəyirsənsə – tutalım, bu, ilandır – çoban itinin və ya tulanın başını götür, ona pişik gözləri, yapalaq qulaqları, tazı burnu yapışdır, aslan qaşları, su bağasının boynunu əlavə et…»
Leonardonun ilk uğurları
Mediçilər varlı və nüfuzlu bir ailədir; bu ailənin təmsilçiləri XIII–XVIII əsrlərdə dəfələrlə Florensiya hökmdarı olublar. Onlar Renessans dövrünün görkəmli rəssam, heykəltəraş və memarlarının