Trixi ənənəyə uyğun olaraq öz sülalələrinin mənşəyini Əfrasiyaba bağlayan Qaraxanlılar, uyğur və səlçuqlularla məhdudlaşmamışdır. Əmir Teymur da öz dövlətini Turan dövləti adlandırırdı. Teymurilər sülaləsinin tarixçisi Şərəfəddin Əli Yəzdi Əmir Teymur dövlətinin də Turan dövləti adlandığını yazır, bu məlumat Kazaxıstanın Karsakpay mədənində tapılan və 1391-ci ildə cağatay dilində yazılmış olan bir kitabədə də Teymurun özünü Turanın sultanı adlandırması ilə də təsdiq olunur.
Nadir şah Əfşar da Osmanlı sahə komutanı Hekimoğlu Ali paşaya Osmanlı türkləri ilə eyni etnik kökə malik olduqları fikirlərini özətləyən, azərbaycan türk şivəsində öz əli ilə yazdığı bir məktub göndərmişdir. Bu mektubda o Türkistanı Turan adlandırır və Türkmən boylarının öz öndərləri Çingiz Xan zamanında Turan torpaqlarını tərk edərək İran və Anadoluya köçərək yerləşdiklərini və hamının eyni soy kökə malik olduğunu yazır. (Ernest S. Tucker, 2006, Səh. 37)
Tarixi Turan ərazisində mövcud olan və bu adın çoxsaylı toponimlərdə əks olunduğu digər bir ərazi türklərin ana yurdu olan Sibirdə yerləşirdi. Sibirdəki Turan dövlətinin əsası Çingiz xanın oğlu Cuçi xanın 5-ci oğlu Şeybanı xana savaşdakı qələbələrinə görə kiçik qardaşı Batı xan tərəfindən verilmiş ərazilərdə Şeybaninin varisləri tərəfindən qoyulmuşdu. Əbülqazi Bahadur xan da “Türklərin şəcərəsi” əsərində əsası Çingiz xanın nəvəsi Şeyban xan tərəfindən Sibirdə qoyulmuş dövləti Turan dövləti adlandırır. Şeyban xanın varisləri tərəfindən idarə edilən Turan dövləti Taybuqa xanın dövründə güclü bir dövlətə çevrilərək Qızıl Orda xaricində müstəqil bir xanlıq olmuşdur. Taybuqa Kereyitlərin xanı Toğrul xanın (Van xan) oğlu idi və Çingiz xanın xüsusi himayəsi altında böyümüşdü. Taybuqa xan dövlətinin paytaxtını Çingiz xanın və onun ata tərəfdən əcdadları olan turə boyunun şərəfinə Çinqi Tura adlandırmışdı. Toxtamış xanın dövründə Sibir xanlığı bütün Qızıl Orda ərazisini əhatə edirdi. Əmir Teymurun Toxtamışa qarşı mübarizəsi Sibir-Turan xanlığını xeyli zəiflətmiş və Rus knyazlıqlarının güclənməsinə səbəb olmuşdur.
Turan dövlətinin axırıncı hökmdarı XVI yüzillikdə 44 il hökmranlıq etmiş Kuçum xan olmuşdur. Paytaxtı Çinqi Tura (indiki Tümen şəhəri) şəhəri idi. Turan dövlətini Ataman Yermakın başçılığı ilə rus kazak qoşunu 1595-ci ildə işğal edərək mövcudluğuna son qoymuşdur. Turan xanlığının öz adını Sibirdəki Tura çayının adından götürüldüyü iddia edilir. Əslində isə, istər çay adı, istər dövlətin adı və Sibirin güneyində Tur adı ilə mövcud olan çoxsaylı yer adları yüz illərlə burda mövcud olmuş Turan dövləti və turların adları ilə əlaqədardır. Bu Turan dövləti Şimali Qazaxıstanı, Omsk və Tümen vilayətlərini, Xakasiyanı, qərbdə isə Başqırdıstan da daxil olmaqla, böyük bir ərazini əhatə edirdi.
Turlar Avestada adları qeyd edilən qədim Ön Türklərdir və tarixdən öncəki dövrdən etibarən Cənubi Sibirin avtoxton əhalisi olub Sibirdə bir çox hidronim, toponimlər onların adı ilə adlanmışlar.
Sibirin Barabin və ya Tobol tatar türkləri bir neçə qola bölünürlər. Bunlar Tarlıq, Tobalıq, Tümənlig və Turalıq tatarlarından ibarətdir. Tura şəhəri də onların adından yaranmışdır.
Turalılar sibirin qədim türk boylarından olub Tobol çayının qolu olan Tura çayının hər iki sahilində, Tavda və İset çaylarının arasında məskunlaşıblar. Onlar Turin və Tümen şəhərlərində də məskunlaşıblar. Özlərini Kuçum xanın varisləri hesab edirlər, əkinçilik və ticarətlə məşğul olurlar. Turalıqların bir hissəsi də Kazan ətrafında yaşayırlar. (Wamberi H. 1885, Səh. 100–115)
Sibir xalqlarından olan Turalar islamı qəbul etdiyi dövrlərdə, xüsusən də Kuçum xan və onun varisi Abdulla xan dövründə şamançılıq və sibir türklərinin milli dini olan tanrıçılıq dini təqib olunurdu.
II FƏSİL. Tarixdə İran-Turan savaşları və İran dövlətinin mənşəyi məsəlsi
Fərat və Dəclə çaylarından başlayaraq Hindistana, Bəsrə körfəzindən Xəzər dənizinə qədər böyük bir coğrafi ərazini əhatə edən İran yaylası min illər ərzində müxtəlif xalqların, qədim və zəngin mədəniyyətlərin beşiyi rolunu oynamışdır. Orta Asiyadan qərbə doğru min illərlə davam edən əsas etibarı ilə türklərdən ibarət etnik köçlər bu coğrafiyada dərin izlər buraxmış və təməlini turanlı öntürklərin təşkil etdiyi qədim mədəniyyətlər meydana gətirmişdir.
Tarix səhnəsinə çox gec dövürlərdə qədəm qoyan və bəşər tarixinin ən gənc irqi kimi qəbul edilən hind-avropalıların iranlı ari qolunun Mərkəzi Asiyaya gələrək turanlı öntürklərin ərazilərində məskunlaşmaları tarixdə İran-Turan müharibələri adı ilə tanınan və iki irq arasında uzun əsrlər boyunca davam etməkdə olan mübarizəyə səbəb olmuşdur. Turanlı türklərin işğalçı iranlı arilərə qarşı mübarizəsi bir sıra fars və ərəb dilli qaynaqlarla yanaşı Avesta mətnlərində, Təbərinin, Məsudinin, İbn Əl-Əsirin əsərlərində, Firdovsinin “Şahnamə” poemasında da öz geniş əksini tapmışdır.
Sovet-rus Arxeologiya elmində hind-iran dillərinin daşıyıcılarını Sibirin cənubunda və Kazaxıstanda aşkar edilən Andronovo mədəniyyəti ilə əlaqələndirən bir fərziyyə mövcuddur. Ehtimal olunur ki, ilk öncə hind-ari tayfaları hərəkət edərək onların bir qismi İranın şərqinə daxil olmuş və ordan da Ön Asiyaya keçmişlər, əsas kütlə isə qərbi Hindistana yayılmışlar. Lakin elmdə onların qərbə doğru hərəkəti haqqında qəti dəlillər mövcud deyil, onlar Qafqazın cənubunda, İranda və Zaqros dağlarının toponimikasında hər hansı bir iz buraxmamışlar.
Öz ilkin vətənləri Balkanlardan hərəkət edən hind-avropalı arilər şərq isiqamətindəki hərəkətləri zamanı iki qola ayrılmışlar. Onların hind-ari qolu Sibirin cənubu üzərindən Orta Asiyaya yenmiş və burda yerli avtoxton turanlı əhalinin ciddi müqaviməti ilə üzləşdiklərindən daha şərqə doğru hərəkət edərək Hindistan ərazilərində məskunlaşmışlar. Riqveda və digər sanskrit ədəbiyyatda həmin hind-arilərin Hindistanda daha qədimlərdən məskunlaşmış olan Turvaşa, Yada, Çaka kimi turanlı tayfaları ilə qarşıdurmalarından bəhs etməkdədirlər.
Hind-avropalıların iranlı ari qolu Balkanlardan hərəkət edərək Qafqaz dağları üzərindən Azərbaycana gəlmiş və burda yerli turanlı əhalinin ciddi müqaviməti ilə qarşılaşdıqlarından daha cənuba doğru hərəkət etmişlər. Məhz yerli turanlı əhalinin ciddi müqaviməti ilə üzləşdiklərindən iranlı arilərin Azərbaycanın Arazdan şimal ərazilərində hər hansı bir qədim etnik anklavları mövcud deyil. Azərbaycanın həmin ərazisində mövcud olan azsaylı irandilli tatlar və dağlılar Sasanilər hakimiyyətinin daha gec dövrlərində xəzərlərə qarşı mübarizə prosesində özlərinə dayaq yaratmaq məqsədilə köçürülüb yerləşdirilmişlər.
Azərbaycan ərazisində müqavimətlə üzləşən irandilli arilər Xəzərin güneyindəki Hirkaniyada və ilk öncə Zaqros dağlarının şimal-qərbində, Urmiyə gölünün güneyindəki Barsua adlanan ölkədə yerləşmişlər. Barsualılar subar-kassi mənşəyinə malik turanlı xalq idi. Onların hakim sülalə boyu Artalılar adlanırdılar.