Bundan yararlanan işğal altında əzilən xalqlar öz milli dövlətlərini qurmağa başladılar. Güney Qafqazda da Azərbaycan, Gürcüstan, Ermənistan Respublikaları yaradıldı. Rusiya Birinci Dünya Savaşı illərində Osmanlı dövlətinin daxilində təxribatlar törətmək məqsədilə ermənilərdən ibarət silahlı dəstələr yaratmışdı. Həmin silahlı dəstələr Van, Kars, Ərzurum və b. bölgələrdə on minlərlə dinc əhalini öldürmüş, yüzlərlə kəndi dağıtmış, Osmanlı ordusunun təchizatına ağır zərbə vurmuşdu.
1918-ci ildən isə həmin silahlı dəstələr Güney Qafqazda qırğınlar törətməyə başladı. Yüzlərlə müsəlman kəndi yandırıldı, minlərlə insan öldürüldü. Osmanlı ordusunun müsəlmanlara köməyə gəlməsi qırğınların, dağıntıların qarşısını aldı. Lakin yurdlarından qaçqın düşənlər yerlərinə dönə bilmədilər. 1922-ci ildə keçmiş İrəvan, Naxçıvan xanlıqlarından qaçqın düşmüş müsəlmanların bir qismi yurdlarına dönə bildi.
Rusiya da istəyinə çatdı. Yeni yaradılmış Ermənistan Sovet Sosialist Respublikasında ermənilərin sayı müsəlmanlardan çox oldu. Bu çoxluq da Rusiya siyasətçilərini razı salmadı. İkinci Dünya Savaşından sonra xaricdə yaşayan erməniləri “vətənlərinə” qaytarmaq planı həyata keçirildi. On minlərlə müsəlman ailəsi bu dəfə savaşsız Ermənistandan köçürüldü. Beləcə bölgənin əsas əhalisi yeridilən siyasət nəticəsində milli azlığa çevrildilər.
1988-ci ildən isə ermənilər müsəlmanları tamamilə Ermənistandan çıxarmağa başladılar. Sovetlər Birliyi guya ki, bölgədə sakitlik yaratmaq məqsədilə əsgəri birlik və hərbi texnika göndərdi. Əslində bu hərbi birliklər yerli müsəlmanlara müqavimət göstərmək, köçmək istəməyənlərə təzyiq göstərmək üçün göndərilmişdi. Onlar qarşılarına qoyulan vəzifəni yerinə yetirdilər. 1987-ci ildən başlayan təkəmseyrək köçlər 1988-ci ildə kütləviləşdi. Həmin ilin dekabrında Ermənistanda türklərin və müsəlman kürdlərin qovulması başa çatdı.
30 ildir müsəlmanlar Ermənistana ata-babalarının qəbirlərini ziyarət etməyə gedə bilmirlər. Əvvəlki qarşıdurmalardan, toqquşmalardan 3–4 ildən sonra müsəlmanların bir hissəsi yurdlarına dönə bilirdilərsə, indi 30 il keçməsinə baxmayaraq bir nəfər də olsun doğulub boya-başa çatdığı kəndə, şəhərə gedə bilmir. Lakin bu onları ruhdan salmır. İnanırlar ki, gec-tez ata-baba yurdlarına dönə biləcəklər.
…Yerevandan Göyçəyə gedəndə gölün sahilində salınmış Sevan şəhərinə çatmayınca Göyçə gölü görmək olmur. Isık gölü də yolçular Balıqçı qəsəbəsinə çatmayınca görə bilmirlər. Oxşarlıq olduqca çoxdur. Isık göl dəniz səviyyəsindən 1607, Göyçə göl isə 1902 metr yüksəklikdədir. Göyçə gölün suyu içməli olduğundan qışda buz bağlayır. Isık gölə axan 118 çay və sel gələndə dolan dərələr başlanğıcını qarlı dağlardan, buzlaqlardan götürsə də, donmur. Bu, gölün suyunun duzlu olmasından çox, yeraltı isti qaynaqlarla zəngin olması ilə əlaqəlidir. Gölə bu qədər su gəlməsinə baxmayaraq, oradan bir çay belə axmır.
Yol yoldaşım olan araşdırıcılar yanlarındakılarla sakit-sakit ədəbiyyatdan, tarixdən, ötən günlərdən şirin-şirin söhbət edirlər. Mən isə içimə qapılıb yalnız Göyçəli günləri deyil, yaxın keçmişimizi də yada salıram.
Yaxın keçmişimizdən unuda bilmədiklərim
Sovet dövründə bir neçə min kilometr uzaqdakı Qırğızıstana getmək 150–500 kilometrlikdəki Biləsuvar-Astara, Saatlı-Zəngilan bölgələrinə və Naxçıvana getmək qədər asan idi. Bugünkü oxucu yazdığım bu cümləni oxuyanda heyrətlənərək "bu boyda da yalan olar?" deyə bilər. Yaşlı nəsil isə "bunu yazmağın nə mənası var, o vaxtın tələbi belə idi" düşünəcək. Bunları bilsəm də, yazıram. Gənclər üçün yazıram. Sovet dövrünü tərifləyən, o dövr üçün sinov gedənlərin söhbətlərini eşidəndə mənim yazdıqlarımı da yada salıb özləri bir nəticə çıxarsınlar. Məsələ burasındadır ki, Sovet dövründə sərhəd boyu 25 kilometrlik bir məsafə qadağan zolağı sayılırdı. Həmin bölgədə yaşayanlardan başqası oraya getmək istəyəndə mütləq xüsusi icazə almalı idi.
Yalnız yad adamlar deyil, həmin bölgədə doğulub boya-başa çatandan sonra başqa şəhərdə oxumağa, işləməyə gedənlər geri dönəndə arayış təqdim etməli idilər ki, onların valideynləri, qohumları orada yaşayır. Arayış sərhədçilər başa düşsün deyə rus dilində yazılmalıydı. Kənd sovetində rus dilində bilən adam tapılmayanda arayış yazdırmaq problemə çevrilirdi. Rus dilini bilən tapıb arayış yazdırandan sonra onu kənd sovetinin sədrinə, katibinə imzaladıb, möhürlətmək gərək idi. Bu arayış üçün çox vaxt kənd sovetlərinin katibləri "qələmpulu" da alırdılar. Belə çətinliklə alınmış arayışı göndərmək ondan da böyük əziyyət idi. Poçtla göndərilən arayış ya bir həftəyə, on günə çatırdı, ya da yollarda it-bata düşürdü. Yaxınları, əzizləri ölənlər tələsirdilər ki, dəfnə çatsınlar. Belə arayışlar olmayanda sərhədçilər həmin adamları tutub aparırdılar və ya geri qaytarırdılar. Hərbçilərə nə deyirdin de, eşitmək belə istəmirdilər.
Heç qırğızdan seçilirəmmi?!
Salyandan keçəndə Şorsulu deyilən yerdə sərhədçilər gəlib-gedənlərin pasportunu yoxlayırdılar. Oradan Lənkərana 100, Lerikə, Astaraya 130–140 kilometrlik bir məsafə qalsa da, yaxınlıqdakı ən yaxın sərhəd məntəqəsini əsas götürüb ölkənin ortasındaca qadağan zonası yaratmışdılar. Bakıdan Naxçıvana, Yerevana gedən qatarlar isə Əli Bayramlını (indiki Şirvan rayonunu) keçəndən bir az sonra, bu yerlərdən min kilometrlərlə uzaqdan gəlmiş, əsasən də milliyyətcə rus, ukraynalı, belarus və b. millətlərdən olan əsgər və zabitlər hay-küylə qatara minib vaqonlardakı yolçuların pasportlarını yoxlayırdılar. Gecə yarısı adamları yuxudan oyadıb pasportlarını yoxlamaq əsəb gərginliyi yaradırdı. Hələ bu azmış kimi, vaqonun dəhlizində durub Arazın o tayına baxanlara da hirslənirdilər ki, kupelərinizə keçin. Pəncərələrin pərdəsini də örtürdülər ki, o taydakı Vətənə baxan olmasın.
Yol boyu stansiyalarda, Mincivanda, Ordubadda, Culfada, Naxçıvanda vaqondan enib sərhəddən 30–70 kilometr aralıda olan kəndlərə getmək istəyənlərə də icazə verilmirdi. Deyirdilər ki, gərək pasport qeydiyyatın sərhəd bölgəsinə olsun.
Amma Moskvaya, Qazaxıstana, Qırğızıstana, bir sözlə, SSRİ-nin sərhəd və qadağan olmayan bölgələrinə pasportunu cibinə qoyub rahatca gedə bilərdin. Kimsə sənə bir söz deməzdi. Nəqliyyat məsələsi də indikindən çox idi. Qatar və təyyarələr SSRİ-nin hər bucağına işləyirdi.
Viza rejimi Türkmənistana nə qazandırır?
Türkmənistanda yaşayan azərbaycanlıların sayını dəqiq bilmirəm. Sovet dövründə ərə getmiş azərbaycanlı qızları və onların övladlarını son zamanlar türkmən kimi qeydə alırlar. Azərbaycanda, Türkmənistanda yaşayan, bir-biri ilə qohumluq əlaqəsi olmayanların münasibətləri yaxşı olub. Keçmişdə Azərbaycandan, Qafqazdan, hətta Qarsdan, İğdırdan, Urmiyadan, Təbrizdən və başqa bölgələrdən oxumaq, ticarət və ya