Ağ qəm. Sədaqət Kərimova. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Sədaqət Kərimova
Издательство: Автор
Серия:
Жанр произведения: Современная зарубежная литература
Год издания: 2013
isbn:
Скачать книгу
yoldaşını əvəz edə bilməz. İnsan belədir, itirməsə, qədir bilməz. Rəhmətə gedən günü anladım ki, onsuz mənim yaşamağımın heç bir mənası yoxdur. İndi hamı öz evində, isti ocağındadır, mənsə tək-tənha, yetim uşaq kimiyəm. – Kişinin gözləri yaşla dolu idi. O, Talihəyə uzun, sınayıcı nəzərlə baxdı:

      – Bəs sənə nə olub?

      Əziz adamını itirmiş bu adamın dərdinin yanında öz dərdi Talihəyə elə əhəmiyyətsiz göründü ki, ondan söhbət açmağı yersiz saydı:

      – Heç, elə-belə.

      – Yəqin sizinkilər indi bərk narahatdırlar. Onlara yazığın gəlsin. Həyatda hər şeyə çarə var, bir ölümdən savayı. – Kişi bunu deyib ah çəkdi. Sonra əlavə etdi: – Çıx get evinə, sətəlcəm olarsan. – Elə dedi ki, Talihə dinməz-söyləməz ayağa durdu. Müsahibinə təsəlli vermək, onun könlünü almaq üçün fikirləşib nə isə demək istədi, amma belə sözlər tapılmadı. Xudahafizləşib ondan aralandı. Sahil bağından bir xeyli uzaqlaşandan sonra dönüb arxaya boylandı. Kişi xeyli aralıdan onu müşayiət edirdi. Talihə saatına baxdı: gecə saat 12-yə 15 dəqiqə qalırdı. Metroya tərəf səmt götürdü.

      * * *

      Zəng səsinə evdəkilərin hamısı çıxdı. Qızları sevinclə onun boynuna sarıldılar. Taleh:

      – Bu nə vaxtdır? – deyə acıqla soruşdu, amma onun qızarmış gözlərini, qəribə vəziyyətini görüb həyacanını gizlədə bilmədi:

      – Bir sey olmayıb ki? – deyə soruşdu.

      – Nə olacaq ki?

      Bu sakit, müəmmalı cavabda nə vardısa, nə əri, nə də qızları daha heç nə soruşmadılar. Aygünlə Aytən ona əynindəki yaş paltarları soyunmaqda kömək etdilər. Sonra Aytən ona qısılıb ağlamsındı:

      – Ay ma, bizi qorxutma da…

      Qızının həyəcanını anlayan Talihə onun üzündən öpdü:

      – Elə yorulmuşam.... Qoy yatım.

      Talihə yerinə haçan uzandığını, gözlərinin haçan yumulduğunu bilmədi.

      * * *

      Yataq otağından inilti səsi eşidiləndə Taleh hövlnak yuxudan oyandı. Gecə saat 3-ün yarısı idi. Televizorda verilişlər quratrmışdı, ekran eləcə işıldayırdı. Bayaqkı inilti tərar olunanda bunun Talihənin səsi olduğunu anladı. Cəld yataq otağının qapısını açdı. Arvadı çarpayısında qan-tər içində idi. Yuxulu halda əlləri ilə boğazından nəyi isə açırdı. “Yəqin yenə boğazına ilan sarılıb,” – deyə düşündü. Arvadına bu cür yuxuların əzab verdiyini bildiyindən əlini onun alnına qoydu, sakitcə, onu yuxudan oyatmadan dedi:

      – Talihə, qorxma, ilanı öldürdüm. Rahat ol, indi aparıb onu basdıracağam. Eşidirsənmi, qorxma, day sənə dəyib dolaşmayacaq.

      Talihə gözlərini açıb ona baxdı. Sonra yenidən yuxuya getdi. Bu dəfə sakit, dərin yuxuya.

      Son vaxtlar tez-tez eyni yuxunu görən arvadına yazığı gəldi. Onun anqlayıb ovurdları batmış zərif sifətinə kədərlə bir xeyli tamaşa etdi. Yuxulu halda da alnı dartılı, qaşları çatılı olan ömür-gün yoldaşına ürəyində yazığı gəldi. O, bu vəziyyətdə elə köməksiz, elə yazıq görünürdü ki! İşləməkdən nazilmiş barmaqları, əllərinin ııtündəki göy damarlar, əynindəki yuyulmaqdan nazilmiş pambıq gecə köynəyi, hər şey, hər şey onun ürəyini qəmlə doldurdu.

      Gündüz baş vermiş narazılığa, ürək ağrıdan söz-söhbətə görə indi öz-özünə acığı tutdu. Talihədən incimək insafsızlıq idi. Yatmış halda o, incidilmiş, xətrinə dəyilmiş uşağa oxşayırdı. Ehmallıca, yuxudan oyatmadan çəkinə-çəkinə əlini onun saçlarında gəzdirdi. Əli balışa toxunanda onun yaş olduğunu görüb sarsıldı. Talihə, kim bilir, nə qədər ağlamış, ağlaya-ağlaya da yuxuya getmişdi. Taleh televizora tamaşa edib vaxtını öldürdüyü vaxt o, yalqız və ümidsiz halda göz yaşlarını balışa boşaltmışdı.

      “Guya ki, birinci dəfədir agalayır.” Daxilindən gələn bu səs onu üşütdü. Etinasızlığına, biganəliyinə, soyuqluğuna görə vicdan əzabı çəkdi, özünə acığı tutdu. Uşaq kimi ağlamaq, içinə yığılmış ağrı-aciları boşaltmaq, yüngülləşmək istədi. Amma, heyhat, o, ağlaya bilmirdi. Axırıncı dəfə haçan ağladığı yadına düşmürdü. Ümumiyyətlə, ağlamışdımı?

      Hər nə idisə, içində bir dəli hönkürtü dolaşırdı, amma gözündən yaş çıxmırdı. Ağlamaq, sən demə o qədər də asan iş deyilmiş.

      Talihənin üzünə uzun, kədərli bir nəzər saldı. Onu bağrına basmaq, uşaq kimi oxşamaq, nəvazişli sözlərlə könlünü almaq, sonra isə ona sığınıb qayğısızca uyumaq necə də gözəl olardı. Bəs niyə bunu etmirdi, niyə etmək istəmirdi? Nə idi ona mane olan, yolunu bağlayan? Bilmirdi. “Nə isə” vardı, bu “nə isə”nin nə adı vardı, nə kimliyi bilinirdi, amma o, mövcud idi. O “nə isə” hər gün, hər saat Talehi Talihədən uzaqlaşdırır, evə bir yadlıq, ögeylik yayırdı. Bu “nə isə‘'yə zəhər dadı qarışmışdı.

      * * *

      Talihə qızıznın geyinib evdən çıxmağa hazırlaşdığını hiis etdi. Amma yataqdan qalxmağa halı yox idi. Onu yola sala bilməyəcəyini düşünəndə qanı qaraldı:

      – Aytən, çörək yemisən?

      – Hə, ana.

      – Bax, düzünü de ha!

      – Dedim də.

      – Güzgünün qabağında pul var, götürərsən.

      – Yaxşı.

      Qapının örtülməsindən Talihənin xəbəri olmadı. Yuxu onu yenidən apardı. Ayılanda artıq saat 10 idi. Cəld yerindən qalxıb bayır qapısını içəridən kilidlədi. Gözü dünəndən güzgünün qabağına qoyduğu pula sataşdı: Aytən onu götürməmişdi. ‘‘Yenə məktəbə piyada getdi,” – deyə kədərlə düşündü. Neçə gün idi ki, o pula kimsə toxunmurdu. Mətbəxə keçib əlini çaynikə toxundurdu: bumbuz idi. “Yenə çay-çörəksiz getdi”. Vaxtında oyanıb qızını yola salmadığına görə ürəyində özünü danladı. Aygünlə Talehin səhərlər çörək yeməməsinə adət etmişdi. Amma Aytənin, onun totuq-motuq Aytəninin aclığa heç davamı yox idi. O, hər iki-üç saatdan bir soyuducunu açıb oradan yemək götürüb iştahla yeməyə adət etmişdi. Onun üçün vaxt məfhumu yox idi. Səhər ertədən də, gecə yarısı da ləzzətlə yeməyə girişərdi. Amma bir aydan artıq idi ki, o, məktəbə ac yollanırdı. Ecdəkilər danlayanda zarafata salırdı: “Qoymazsız arıqlayım?” Amma hamı bilirdi ki, o, yeməyə qənaət edir. Üstəlik məktəbə də piyada gedirdi ki, yol pulu verməsin. Əvvəllər məcbur etsəydilər də bu qədər yolu piyada getməzdi. Amma indi könüllü sürətdə yarım saatlıq yolu pay-piyada gedib-gəlirdi.

      Talihənin ürəyi sıxıldı, çarpayısını yığışdırıb otaqlarda səliqə-sahman yaratmağa başladı. Bir azdan aclığını hiss edib yenidən mətbəxə keçdi. Çaydanı qazın üstünə qoyub soyuducunu açdı: bir parça yağdan və bir yarımçıq banka cemdən başqa burada heç nə yox idi. Yağa neçə gün idi ki, heç kəs əl vurmurdu. Ərzaq qablarını bir-bir yoxlamağa başladı: hamısının içi boş idi.