Uşaqlığın son gecəsi. Максуд Ибрагимбеков. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Максуд Ибрагимбеков
Издательство: TEAS PRESS
Серия:
Жанр произведения:
Год издания: 0
isbn: 978-9952-532-68-5
Скачать книгу
paltar yumaqdan qurumuş, gömgöy damarları çıxmış əlləri ilə üzünü tutub ağladı. Onun oğlu ilə qızı biz içəri girəndən sonra bir müddət susdu, sonra ikisi də analarının üstünə cumub hönkürtü ilə ağladı.

      Biz – polkovniklər, generallar, marşallar – onun qarşısında dayanıb susurduq. Hamı boğazında düyünlənmiş qəhəri udmağa çalışırdı. Zənnimcə, biz ona demək istəyirdik ki, həyatda heç bir ağac, hətta dünyadakı ən gözəl ağac belə insanın göz yaşlarına dəymir. Bəlkə də, bir az böyük olsaydıq, elə belə də deyərdik… Bir də, kim bilir axı, böyüklər belə vəziyyətlərə düşəndə nə deyirlər.

      Hamımız dönüb qərargaha qayıtdıq. Poqon və ulduz almaq üçün yığdığımız pulun hamısını götürüb Kubinkaya getdik. 28-ci məhəllənin uşaqları da arxamızca düşüb gəldilər. Kubinkada tinglər satılan yeri xeyli axtardıq. Bizə köynək, donuz və ət konservi, kokos yağı təklif edirdilər. Deyirdik, bura yumurta tozu, patefon valı almağa gəlməmişik. Deyirdik, püstə tingi axtarırıq. Nəhayət, tinglər satılan yeri tapdıq. Bankalarda müxtəlif toxumlar satılırdı.

      Satıcıya yaxınlaşıb ondan püstə tingi istədik.

      – Banan ağacı axtarırsınız? – deyən satıcı qonşusuna göz vurdu.

      Dedik, püstə tingi axtarırıq və əlimizdə olan pulu ona verdik. Satıcı yerdə dəstələyib qoyduğu tinglərin arasından birini seçib bizə uzatdı. Dedi ki, bu, xalis püstə ağacıdır, bundan yaxşısını tapa bilmərik. Sonra məsləhət gördü ki, ağacın dibinə tez-tez su verək.

      Hamımız növbə ilə onu evə apardıq. Bütün günü əlləşib onun üçün çala qazdıq, torpağını yumşaltdıq, sonra ağac üçün peyin gətirməyə getdik, 28-ci məhəllənin uşaqları da bizə qoşuldu.

      Bütün bu işləri görüb qurtardıqdan sonra birlikdə təzə qonşumuzun evinə gedib ona dedik ki, təzə püstə ağacı əkmişik, daha ağlamaq lazım deyil, sadəcə bundan sonra ehtiyatlı olmalıdır, daha onun dibinə qələvili su tökməsə, hər şey öz qaydası ilə gedəcək.

      O hamımızın başını sığalladı, sonra dedi ki, tez gedək, yoxsa o özünü ağlamaqdan saxlaya bilməz. Səsi də qəribə idi, elə bil nəsə onu çox incidir, ağrıdırdı. Sifəti də ağlamaqdan pörtmüşdü, amma yenə də gözəl idi. Deyəsən, bizi yola salandan sonra o, yenə ağladı, ya da kim bilir, bəlkə də, bizə elə gəldi.

      Axşam anam dedi ki, təzə qonşumuzun əri müharibədə həlak olub və o, dünən qara kağız alıb. Həmin gün həyətdə dava-dava oynamadıq…

      Ağacımız böyüdü, ancaq, sən demə, bu, püstə ağacı yox, tamam başqa növ imiş. Biz vaxtlı-vaxtında onun dibinə su veririk, təzə qonşumuz isə – bir də ki, nə təzə, artıq üstündən 20 il keçib – ağaca hər kəsdən çox qulluq edir. Qonşularımız bu ağacın kölgəsinə yığışıb söhbət edir və heç kəs onun püstə ağacı olmadığına təəssüflənmir.

1968

      ƏLVİDA, “MİLEDİ”

      Bu yay “Üç muşketyor”u oxuduq. Açığını deyim, belə bir kitabın mövcudluğundan çox gec xəbər tutmuşduq. Əvvəlcə “Bakkommuna” kinoteatrında filmini göstərdilər və küçəmizdə hər kəs “var-var-var-var-vara” oxuya-oxuya gəzirdi. Hələ indi də “var-var-var-var-vara”nın mənasını bilmirəm, ancaq o vaxt hər kəs D´Artanyanın möhtəşəm mahnısını oxuyurdu və bu, çox gözəl alınırdı, üstəlik, xorla oxuyanda adama lap ləzzət edirdi. Sonra Cəbrayıl əmi gəlib dedi ki, belə bir kitab var – “Üç muşketyor” və onu fransız yazıçısı Düma yazıb.

      Cəbrayıl əmi Fransa ilə bağlı bu və digər məsələlərdən xəbərdardır, çünki Parisdə toxuculuq institutunu bitirib. Üstündən uzun illər ötməsinə baxmayaraq, valideynlərimiz və tanışlarımız hələ də elə güman edir ki, Cəbrayıl əmi fransızca mükəmməl danışır. Bəlkə də, həqiqətən, belə idi, ancaq mən o vaxt onun dilindən yeganə fransız sözü eşitmişdim: “Silyans”. “Silyans” “susqunluq” deməkdir. Kimsə Cəbrayıl əminin sözünü kəsəndə o, həmişə “silyans” deyirdi və sonra hər şey yenə öz qaydası ilə, amma bircə kəlmə fransız sözü işlənmədən davam edirdi. Həm də onun məhəllədə fransızca danışa biləcəyi bir adam yox idi.

      Cəbrayıl əmini tez-tez ad gününə dəvət edirdilər, o da məclisə gələndə ad günü keçirilən adamın cinsindən, yaşından asılı olmayaraq həmişə hədiyyə kimi idman şalvarı, mayka, idman ayaqqabısı gətirərdi.

      Məsələ ondadır ki, Cəbrayıl əmi özünü peşəkar idman ustası hesab edirdi, çünki Bədən Tərbiyəsi İnstitutunda dərs deyirdi. İndiyə qədər bilmirəm, o həmin institutda nədən dərs deyib, ancaq bütün mümkün vasitələrdən istifadə edərək idmanın təbliği ilə məşğul olurdu.

      Biz o vaxtlar ancaq ya boksçu, ya da futbolçu olmağı arzulayırdıq. Amma bu, Cəbrayıl əmi köhnə üzlü kitabı gətirib: “Film, demək olar ki, bu kitab əsasında çəkilib, amma, əlbəttə, kitabla filmi müqayisə etmək olmaz”, – deyənə qədər belə idi. Əvvəl elə bildik, filmdən daha çox xoşu gəlib, ancaq sonra başa düşdük ki, əksinədir, odur ki vaxt itirmədən kitabı oxumağa başladıq. Əvvəlcə onu bərkdən oxuduq, sonra növbə ilə özümüz üçün təkrar oxuyub qurtardıq. Biz o kitabı çox sürətlə oxuduq və o vaxtdan bəri həmişə bu kitabı ilk dəfə oxuyan adamlara həsəd aparırıq.

      Daha heç kəs təyyarəçi, yanğınsöndürən, ya da boksçu olmaq istəmirdi. O gündən sonra evimizin damında bircə dənə də olsa, əzik-üzük çərpələng uçmadı. Hamı muşketyor olmuşdu. Tapançalı, qılınclı, başındakı şlyapanı tovuz quşu lələyi ilə bəzəmiş adi muşketyorlar. Daha doğrusu, bu lələklər şlyapalarımızın üstündə tovuz quşu lələyinə çevrilirdi, buna qədər isə onlar Diləfruz xalanın hinduşkalarının quyruğunu bəzəyirdi.

      Hər təzə muşketyorun şlyapasının hazırlanması tükürpərdici çığırtılarla müşahidə olunurdu, kənardan baxan elə bilərdi ki, bu lələkləri Diləfruz xalanın özündən, ya da əzizlərindən qoparırlar. O bizə və nə üçünsə valideynlərimizə də qarğış yağdırırdı. Bu məsələdə əsas vəzifə isə Allahın üzərinə düşürdü. Məsələ ondadır ki, Diləfruz xala inanclı qadındır. O vaxta qədər onun kimi imanlı adam görməmişdim. O, əmin idi ki, Allah var. Bu qadın Allaha gözüyumulu inanırdı və bu səbəbdən istənilən məişət problemini ona qarşı yönəlmiş hücum kimi başa düşürdü. Onun Allahla münasibəti qarşılıqlı anlaşma və bərabərlik şəraitində idi. Özünə azacıq diqqət və hörmət tələb edirdi, bundan artığını istəmirdi. Yalnız Allah onun bu şərtlərini qəbul etdiyi təqdirdə Diləfruz xala ona bütün dövrlərin və xalqların ən möhtəşəm Allahı kimi inam bəsləyirdi.

      Yox, əgər Allahın başı başqalarına qarışardısa, Diləfruz xalanın təbirincə desək, işi-gücü çox olduğu üçün müvəqqəti olaraq onu unudurdusa və bu zaman Diləfruz xalanın planlarına, zövqünə uyğun olmayan işlər baş verirdisə, o zaman… o zaman bu qadın həyətimizin ortasına çıxırdı. Əllərini göyə qaldırıb çığırmağa başlayır, dünən inandığı Allah və onun əshabələri haqqında fikirlərini döşəyirdi. O elə şeylər deyirdi ki, yayın cırhacırına baxmayaraq, bütün mənzillərin qapı-pəncərəsi tələm-tələsik bağlanırdı,