Qafqaz günləri. Banin (Ümmülbanu). Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Banin (Ümmülbanu)
Издательство: Hadaf Neshrleri
Серия: Xatirə ədəbiyyatı
Жанр произведения:
Год издания: 0
isbn: 978-995-255-778-7
Скачать книгу
qızı ilə evlənmişdi. Həmin qadınla evləndiyi gündən (onda altı yaşım vardı) ölümünə qədər babam Moskvada ikonlarla dolu bir mənzildə yaşamışdı. Təzə arvadına görə bütün nəslindən üz çevirsə də, həmin qadın babamla yola getmirmiş. Hər müsəlman üçün ibrət sayıla biləcək bu əhvalat, görəsən, atamı da xristian qızı ilə evlənmək fikrindən çəkindirirdimi? Amma hər halda, qohumlarımız onun ikinci dəfə evlənməsini çox gözləməli oldular.

      Şəhərdəki evimizin üçüncü mərtəbəsi bizim üçün ayrılmışdı. Evin hər iki tərəfində başqa binalar vardı və bir üzü də paralel küçəyə baxırdı. Hər iki tərəfə bir-birinin eyni olan iki mənzil yerləşirdi. Bu evləri aradakı həyət ayırsa da, uzun dəhlizlər birləşdirirdi.

      Biz bacılar fröyleyn Anna ilə birgə binanın cənub tərəfində, həmişə gün döyən mənzildə yaşayırdıq. Şimal üzdəki alaqaranlıq, sakit mənzildə isə atam səfərlər arası günlərini keçirirdi. Bizim qürurla "qəbul otaqları" adlandırdığımız böyük yemək otağı və royal qoyulmuş zal da burada yerləşirdi. Bayram günlərində fröyleyn Anna böyük bacım Leylaya həmin royalda musiqi parçaları çaldırıb başqa tərbiyəçiləri mat qoyurdu. Buradakı kamodlardan birinin üstünə qızıl suyuna çəkilmiş, əlində lampa tutmuş zənci fiquru qoyulmuşdu. Lampanı ancaq böyük mərasimlərdə yandırırdılar və mən də onun tamaşasından doymazdım. Bəlkə də ilk dəfə elə həmin heykəlciyə tamaşa edə-edə dövlətli olduğumuza sevinmişdim.

      Adi günlərdə həmin salona təsadüfi hallarda girirdik. Bütün vaxtımız geniş, işıqlı təlim-təhsil zalında ötürdü. Burada bir piano da vardı. Bu piano dərs alətiydi və bizə əzab verirdi. Az qala, bütün gün dörd bacıdan hansımızsa piano arxasında oturaraq naşı barmaqlarımızla darıxa-darıxa şirmayı dilləri döyəcləyirdik. Qammalar, arpejiolar göydən yağar, Motsartın sonatasını üzüb əldən salardıq. Bu qarışıq musiqi səsləri arasında biz gülür, ağlayır, etiraz edir, fröyleyn Annanın himayəsi altında boya başa çatırdıq. Fröyleyn Anna irsi əlamətlərimizi heçə endirib, özünün təmiz sentimental alman qızı ruhunu qəlbimizə köçürməyə çalışırdı. O bizi yaraşıqlı, yumşaq qəlbli Qretşenlərə çevirmək istəyirdi. Amma əcdadlarımızın irsiyyəti canımızda idi: böyüdükcə yambızlarımız kobudlaşır, burnumuz uzanıb sallanır, döşlərimiz o vaxtlar dəbdə olan dənizçi köynəyinin altında şişib iriləşir, üzümüzdəki narın tüklər uzanıb qaralırdı. Zavallı fröyleyn Anna da bizim belə böyüməyimizə mat-mat tamaşa edirdi. Nə qədər ki, ancaq bədənimiz dəyişirdi, fröyleyn Anna bir təhər dözürdü. Elə ki, qəlbimiz, ruhumuz dəyişməyə başladı, işlər korlandı. On üç yaşa yenicə yetmiş bacım Leyla günlərin birində bığ yeri təzəcə qaralmış qaynar gözlü əmioğlumuza vurulduğunu açıqca bildirdi. Fröyleyn Anna bu əhvalata çox təəccübləndi və elə həmin vaxtdan rahatlığını itirdi. Canına qəsd edərək böyük canfəşanlıqla bizi bir müddət qoruya bildi. Amma bütün ömrü şübhə və sıxıntı içində keçirdi. Biz isə qoruq qadağasına dözmədiyimiz dayəyə kinli və qəddar olmağa başlayırdıq. Şərqli qızların avropalı həmyaşıdlarına nisbətən sərt heysiyyətli olması bizim şıltaqlığımıza azca haqq qazandırsa da, bununla fröyleyn Annanın dərdi azalmırdı.

      Nə qədər ki, kiçik idik, biz onu lap çox sevirdik. Hər halda mən özüm onu ürəkdən sevdiyimə əmin idim və inanmıram ki, anaya məhəbbət başqa cür də ola bilər. O mənim gözümdə ən gözəl qadın idi. Səhərlər ağzını açıb vurğunluqla uzun, sığallı, sarışın saçlarını daramasına tamaşa edirdim; ağ dərisi səhərin işığında gözümü qamaşdırırdı, mavi gözləri isə mehribanlıqla mənə baxırdı. Onda özümü xoşbəxt sanırdım. Bibilərim, bibim uşaqları, bacılarım, əmilərim, bir sözlə, hamımız qaraşın idik. Təkcə fröyleyn Anna başqa bir dünyadan gəlmişdi, qəribə, gözəl, parıltılı bir məxluq idi.

      Uşaqlıq illərimin, az qala, bütün xoş anları onunla bağlıdır. Bir dəfə milad bayramı səhəri alaqaranlıqda gözlərimi açanda mənə elə gəldi ki, çarpayımın yanında nə isə parıldayır. Yana çevriləndə duydum ki, həmin şey parıldamaqla yanaşı, gözəl ətir də saçır. Əlimi uzadanda barmağıma tikan batdı; bu, küknar ağacı idi – xristian uşaqlarının yolka ağacı. Fröyleyn Annanın xəlvəti alıb bizə yedirtdiyi Frankfurt kolbasası kimi bu ağac da dünyamızı dəyişmək üçün alınmışdı. Bəlkə də, İslam tarixində birinci dəfə idi ki, müsəlman uşaqlarının otağında bəzəkli yolka qoyulmuşdu. Neçə illərdi bizi belə xoşbəxtlikdən məhrum etmişdilər. Axır ki, günlərin bir günüdə atamınmı, nənəminmi, bəlkə də elə ikisinin də birdən iradəsi qırıldı və yolka ağacı evimizə gəldi. Bu ağac məni tilsimləmişdi, həyəcan və sevincdən, elə bil dilim tutulmuşdu. Ağacın başına sakitcə dolanır, ona toxunur, qoxusunu ciyərlərimə çəkirdim. Ağac gözəl bəzədilmişdi: üstündən gümüşü saçaqlar, rəngbərəng kürəciklər, qırmızı, yaşıl şamlar, xırdaca qanadlı məlakələr sallanırdı. Dibinə isə ağ pambıq döşənmişdi. O gün xoşbəxt gün idi: nə alman dili dərslərini hazırladıq, nə feilləri təslif etdik, nə də Motsartın əsərlərini çaldıq. Həmin gün ancaq gözəllik yaşayırdı, bütün pis cəhətlər yoxa çıxmışdı. Hələ üstəlik, fröyleyn Anna söz verdi ki, bizi Alman Qadınları Cəmiyyətinə aparacaq. Bu hörmətli, dindar bir cəmiyyət idi və biz, böyük həvəslə ora gedir, yüzlərcə gənc, yaxud qarımış alman qızına qoşulub dadlı çərəzlər yeyir, pivə içirdik. Mərasimdən sonra isə Tanrının şərəfinə dini mahnılar oxuyurduq, maraqlı burasıdır ki, biz dörd müsəlman qızı həmin dini mahnıları həvəslə oxuyurduq. Belə bir həyat yeniliyi və mərasim dəyişikliyi bizi valeh edirdi. Amma bu barədə evdə heç nə demirdik, çünki peyğəmbər belə hərəkətlərə icazə vermirdi. Həmişə düzlük tərəfdarı olan fröyleyn Anna bu yerdə hiylə işlətməyə məcbur olurdu; zavallı qadın həvəsimizi nəzərə alaraq, bizi ciddi təsiri olmayan belə mərasimlərdən məhrum etmək istəmirdi. Amma xristian dini şən bayram mərasimlərini rəhmdilliklə bizə göstərsə də, mənəviyyatımızı tamam dəyişməkdə ehtiyyatla, incəliklə hərəkət edirdi. Həmin iş isə əslində çətin deyildi, çünki atam da, ailəmiz də, müsəlmançılığa sadiq olanlar da, bizə təlim vermək qeydinə qalmırdılar. Mənə heç dua da öyrətməmişdilər. Qurandan isə kiçicik bir surə əzbərləmişdim. Dini əqidəm elə korlanmışdı ki, nənəmə sataşmaq istəyəndə, arvadın qarşısında açıq Quran, yaxud namaz qılan anları seçirdim. Onu namaz üstündə bezikdirir, şalının ucunu, yaxud ətəyini dartır, Quran qoyulmuş kətilin ətrafında atılıb-düşür, üz-gözümü əyib gözlərinə baxırdım. Nənəm də ibadətini kəsib acıqlanmadan, mülayim səslə məni məzəmmətləyir, yenə mızıltı ilə namaz qılırdı.

      Dini mərasimlər, məsələn, Novruz, ya da Ramazan ayının son günü rəsmi və kütləvi bayramlar idi. Mənim belə bayramlardan xoşum gəlirdi, çünki həmin günlər şənlənirdim.

      Martın 21-də qeyd olunan Novruz (həmin gün baharın ilk gününə təsadüf edir) uşaqların varlanma bayramı idi. Bütün günü evdən-evə qaçır, qonum-qonşunu təbrik edirdik. Əvvəlcə bizi şirniyyata qonaq edirdilər, çoxlu dadlı paylar alırdıq. Masaların üstü müxtəlif şirniyyat və ləziz yeməklərlə dolu olurdu. Hər masanı bəzəyən bayram xonçası ilə ailənin mədəni səviyyəsini təyin etmək mümkündür. Sadə evlərin süfrəsində ancaq yerli şirniyyat, mer-meyvə və bişmiş yumurta olurdu.