Kəndimizdə bir gözəl var. Salam Qədirzadə. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Salam Qədirzadə
Издательство: Hadaf Neshrleri
Серия: Milli ədəbiyyat
Жанр произведения:
Год издания: 0
isbn: 978-995-256-629-1
Скачать книгу
qartal qanadları sayaq açaraq suya atıldı, ləpələr parçalandı, ətrafa zümrüd damcılar sıçradı.

      Deyəsən, Fikrətin od tutub yanan ürəyinin atəşi bir az söndü, qəlbi sərinləndi…

      Gənclik necə də tez ötüb keçdi!.. Elə bil bunlar srağagün olmuşdu…

      İndi isə Fikrət axşamdan doğum evinin həyətində oturub həyəcan keçirir, dünyaya göz açacaq ilk övladının yolunu gözləyirdi.

      Günəşlə evlənəndən sonra onlar neçə il uşaq həsrətində qalmışdılar. Cavan qadın həkimə getməkdən, dava-dərman içməkdən bezikmişdi. Lakin müalicələr fayda vermirdi. Fikrətin övlad üçün burnunun ucu göynəsə də, Günəşi qüssələnməyə qoymurdu. Qadının isə gecə-gündüz bu barədə düşünməkdən ürəyi qövr eləmişdi. “Kaş, o vaxt heç Fikrətə rast gəlməyəydim! – deyə xəlvətdə göz yaşı axıdaraq sızıldayırdı. – Bəlkə də başqası ilə həyat qursaydı, indi evində çoxdan bir çıraq yandırmışdı. Bu sonsuzluğa bais mənəm.”

      Hətta iş o yerə çatdı ki, bir axşam Günəş əri ilə üz-üzə əyləşib, beynində dörd-beş il gəzdirdiyi fikri dili-dodağı əsə-əsə ona dedi:

      − Fikrətcan, xahiş edirəm bu gün ürəyin sərt olsun, mənə əsla rəhmin gəlməsin. Kimsədən də utanmaq, çəkinmək lazım deyil. Bilirsənmi, əzizim, mən öz xoşbəxtliyimi başqasının bədbəxtliyi üzərində qurmaq istəmirəm. İnan ki, səni sevməsəydim, belə təklif eləməzdim: icazə ver, biz dost kimi ayrılaq. Mən özüm sənə gözəl-göyçək, qəlbi təmiz, ağıllı bir qız tapım, evlən, uşağınız olsun. Axı, sən heç nə deməsən də, mən hər şeyi başa düşürəm. Övladsız yaşamaq dəhşətdir. Neçə ildir bu divarlar arasında vicdan əzabı çəkirəm. Yalvarıram sənə, Fikrət, nə qədər gec deyil, məni özündən uzaqlaşdır…

      Günəş sözünü qurtarmamış, Fikrət gülə-gülə ayağa qalxıb ona yanaşdı, qadının başını mehribanlıqla sinəsinə söykədi, saçlarını oxşadı, yaylığını çıxarıb, əvvəlcə özünün, sonra da Günəşin gözlərini quruladı.

      − Ay qız, sən dəli olmusan, nədir?! – dedi. – Gör ağlına nələr gətirirsən? Guya, mən sənin xətrini uşaqdan az istəyirəm? Bax, bir də belə danışsan, qəlbimə toxunarsan.

      Həmin axşam Fikrət Günəşin fikrini dağıtmaq məqsədi ilə onu zorla geyindirib kinoya apardı.

      −Gedək! – deyə qapıdan çıxanda zarafatla qadına sataşdı. – O vaxt sənin təqsirin üzündən batan biletlərimin heyfini yerdə qoymayacağam.

      Fikrət məktəb direktoru idi. Günəş uşaq bağçasında tərbiyəçi işləyirdi. Lakin bu, heç də onlara övladsızlığı unutdura bilmirdi. Əksinə, kişi şagirdlərdən, qadın körpələrdən ayrılıb evə gəlcək, tənhalığın təsiri ikiqat artırdı.

      Nəhayət, həftələr, aylar keçdi, bir gün yenə həkimdən qayıdan Günəş içəri gircək ərinin boynundan asılıb, utana-utana, lakin çox sevincək halda şad xəbər verdi.

      Fərəhdən Fikrətin gözləri parladı. Qollarını açıb Günəşi bağrına basdı. Hər ikisinin ürək döyüntüləri bir-birinə qarışdı…

      Xadimənin ayaq səsinə Fikrət xəyaldan ayrıldı.

      −Ay balam, sən hələ burdasan? – deyə ağxalatlı qarı ördək yerişi ilə gələrək ona yaxınlaşcaq, yuxulu tərzdə söyləndi. – Gedib evində-eşiyində dincəlsənə!

      −Gərək bağışlayasan, xala, sənə də zəhmət verirəm. Axşamdan neçə yol əziyyətimi çəkmisən.

      Qarı skamyada onunla yanaşı əyləşdi, qayğıkeşliklə xəbər aldı:

      −Yaxşı, bu siftəsidir, yoxsa yenə uşağınız var?

      Fikrət siqaretini sümürüb cavab verdi:

      −İlkimiz bu olacaq. Ancaq… bizim Günəş beş-altı ildə nə əzab çəkib mən bilirəm. Doğrudan, bəzi qadınların işi müsibətdir.

      −Eh… Hələ bu harasıdır, − deyə xadimə başını tərpədərək köksünü ötürdü. – Qızcığazın əziyyətli günləri qabaqdadır. Övlad böyüdüb, boya-başa çatdırmaq, tərbiyə vermək, sənə asanmı gəlir? Qərəz, ana səbri böyükdür; yenə çox şükür ki, gec də olsa, bu bir dənəni tapmısınız. Onsuz ailənin nə ləzzəti, ay bala. Uşaqsız arvad – meyvəsiz ağac – ikisi də birdir. – Qarı əlini ağzına tutub əsnəyərək, ayağa qalxdı. – Mən gedim, nigaran qalma, azad olan kimi sənə xəbər gətirəcəyəm, − deyə azacıq uzaqlaşmışdı ki, Fikrət arxadan zarafatla ona eşitdirdi:

      −Xala, çalış oğlan olsun!

      Sübhün açılmasına az qalmışdı. Dan yeri söküldükcə üfüqlər rəngini dəyişərək tədricən bozarırdı.

      Fikrət yuxusunu qovmaq üçün durub gəzinməyə başladı. Ətrafda sakitlik idi. Qarşıdakı ağaclar arasından görünən doğum evinin bir neçə pəncərəsindən işıq gəlirdi. Ara-sıra əsən zəif gilavar yarpaqları xışıldadır və haradansa qucaq-qucaq gətirdiyi güllərin, çiçəklərin ətrini həyətə səpələyirdi.

      “Kaş Günəşin oğlu olaydı! – deyə həsrətlə düşünən Fikrət iri bir çinarın gövdəsinə söykənib, qollarını sinəsi üstə çarpazladı. – Anamın da arzu-kamı ürəyində qalmazdı. Uşağa atamın adını qoyardıq. Eh… Bir o günü görsəydim ki, balam təzəcə ayaq açıb, əlindən tutmuşam, mənimlə yanaşı büdrəyə-büdrəyə addımlayır, hərdən də şirin dillə ağlı kəsənlərdən danışır…”

      Fikrət bu arzulardan məst olmuş kimi fərəhlə gülümsəyib, gözlərini yumdu… Günəşi evlərində beşik başında təsəvvürünə gətirdi, onun laylasını eşitdi. Otaqda pərdə-pərdə qanad çalan həzin səsdə nə gözəl bir incəlik vardı. Görəsən, öz doğma balasının beşiyini yırğalamayan hansı müğənni qadın belə lətafətlə layla deyə bilərdi?! Bu mahnının qayğı, məhəbbət, nəvaziş dolu hər kəlməsi dildən, dodaqdan deyil, ana ürəyinin dərinliklərindən axıb gəlir, körpənin yuxusuna qarışaraq onu sanki ağ bir örpək üstündə göylərə uçurur, başqa aləmlərə aparır…

      Fikrət durduğu yerdə bir neçə dəqiqə mürgüləmişdi; gözlərini açanda xadimənin yenə qarşısında dayanaraq, gülə-gülə ona baxdığını gördü.

      −Xala, sənsən?! Nə xəbərlə gəlmisən?!

      Qarı tezliklə cavab vermədi; qəsdən intizar yaratmaq üçün xeyli susdu, sonra haçandan-haçana şad bir səslə, ucadan dedi:

      −Gözün aydın, oğlun oldu!

      Bu nidalar təzə açılan səhərin sakitliyində əks-səda verdi.

      Fikrət çaşdı, özünü itirdiyindən nə edəcəyini bilmədi. Sevincdən irəli atılaraq qarını elə möhkəm qucaqladı ki, sümükləri şaqqıldadı, onun qax kimi qırışmış üzündən öpdü…

      Doğum evinin hündür darvazası qabağında mavi rəngli bir “Moskviç” dayandı, əlində gül dəstəsi tutmuş Fikrət tez maşından düşüb pillələri tələsik addımlarla iki-iki qalxaraq, yuxarı çıxdı.

      Çox keçmədən bənizi saralmış Günəşlə, onun qoluna girmiş xadimə qapıda göründü.