Pirin kəraməti. Коллектив авторов. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Коллектив авторов
Издательство: Hadaf Neshrleri
Серия: Milli ədəbiyyat
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
>pir haqqında əsərlər

      MİRZƏ FƏTƏLİ AXUNDZADƏ

      Hekayəti-Molla İbrahimxəlil kimyagər

      Əfradi-əhli-məcalis

      Molla İbrahimxəlil – kimyagər, gəldəkli

      Molla Həmid – onun şagirdi, samuxlu

      Dərviş Abbas – onun nökəri, iranlı

      Hacı Kərim – zərgər, nuxulu

      Molla Salman – mərhum Molla Cəlil alimin oğlu, nuxulu, mərtub, qəviheykəl

      Məşədi Cabbar – tacir, nuxulu

      Səfər bəy– mülkədar, nuxulu

      Şeyx Salah – xaçmazlı

      Hacı Nuru – şair, nuxulu

      Dördüncü məclis

      Dördüncü məclis genə haman yerdə vaqe olur. Nuxulular vədə verilmiş otuzuncu gündə sübh çağı uzaqdan görünürlər. Molla İbrahimxəlil tez belinə bir ağ fitə bağlayır, biləklərin çirməyib, mütəarif1 ev libasında, çit şəbkulah bağında, əmmaməsiz çadırın qabağında durub, şagirdi Molla Həmidi çağırır. Molla Həmid qabağına gələndən sonra bu növ ilə ona buyruq verir.

      Molla İbrahimxəlil: Molla Həmid, çadırdan tez zərgər kürəsini butəsilə2 kiçik kövrük ilə çıxar, gətir! Kürəni yerə qoy, kövrüyün lüləsini ona keçir, kürəyə od sal, butəni üstünə qoy. Çadırın dalısından kömür çuvalını gətir, kürənin yanına tök. Gir çadıra, bir məcməi içində üç rəngarəng balaca şüşə var və üc rəngarəng bükülmüş kağız var, götür, gətir; sarı bükülmüş kağızı aç içindəki əczanı3 tök butəyə, yaşıl şüşənin suyunu endir butənin içinə, otur kövrüyü bas!

      Bu buyruqlar tamam olandan sonra Molla İbahimxəlil dəmir maşaya yapışıb butəni od üstünə bərkidir. Bu halda birdən çadırın dalından, qıraqda atdan enmiş nuxuluların başları görükür. Molla İbrahimxəlil öz işinə məşğuldur. Aşağı əyilib butəyə baxır, nuxuluları görmür. Amma onlar Molla İbrahimxəlili bu halət ilə görməkdən vəcd edib, şövqdən qaim sövt ilə cığırılar.

      Nuxulular: Səlam-əleykum!..

      Molla İbrahimxəlil (başını qovzuyub): Əleyküməssəlam! Ax, siz bu gün nə üçün buraya ayaq basdınız?! Bu nə işdir ki, məni saldınız! Mən sizə yaxşılıq etmək fikrindəyəm, siz mənim əməyimi və cəfamı zaye etmək firkindəsiniz! Vay! Vay! Ax, ax, ax!..

      Nuxulular (təhəyyür ilə4): Ağa, nə vaqe oldu? Bizdən nə təqsir sadir oldu?5 Biz nə eləmişik?

      Molla İbrahimxəlil (kəmali-yəsdə): Dəxi bundan artıq nə edəcəksiniz ki, bu gün iksir tamam və kamil olan saatda və əcza butədə qaynayan vəqtdə bu yerə ayaq basdınız. Axır iksirin xasiyyəti budur ki, butədə qaynadığı yerin dörd ətraf həvalisində bir ağacadək əcnəbi bəni-adəm ayağı gərək basılmasın. Və illa iksir öz xasiyyətini itirib havaya qalxar və puç olar. Necə ki, Şəkkaki-musəxxiri-əcinnə bu xüsusda təkidati-bəliğə edibdir. Məgər mən öz ixtiyarımla belə abadanlıqdan xaric xəlvət guşəyə özümü çəkmişəm?

      Nuxulular (heyrətlə): Ağa, biz sizin buyruğunuza görə gəldik; otuz gün bu gün tamamdır.

      Molla İbrahimxəlil: Axır mən demişdim ki, otuz gündən sonra. Bunun mənası budur ki, otuz gün oturub otuz birinci gündə gərək gələydiniz ki, iksir hazır olmuş və gümüş kürədən çıxmış olaydı. Siz gəldiniz otuzuncu gündə, iksirin butədə qaynamaq vəqtində. Ax! ax, ax!..

      Nuxulular: Hələ ki, belə ittifaq düşübdür, biz bilməmişik. İndi bunun çarəsi nədir?

      Molla İbrahimxəlil: Dəxi əsla çarəsi yoxdur, nə iksir əmələ gələr, nə gümüş olar, məgərinki siz… Əlac munhəsirdir6 ancaq buna…

      Molla Həmid: Məgərinki… Biz nə eləyək, ağa? Əlac nəyə münhəsirdir?

      Molla İbrahimxəlil: Dəxi ki, gəlibsiniz, laməhalə7 gərəkdir ki, iksir kürədə qaynadığı yerdən uzaqlaşmayasınız. Necə ki, qanuni-kimya təqaza edib, bəşərti ki, əgər öz xeyrinizi axtarırsınız və mənim sizin haqqınızda çəkdiyim cəfanı itirməzsiniz, iksir butədən çıxıb tamam olan zamana qədər ki, bir saatdır başlanıb, itmamına iki saat qalıb, gərəkdir ki, meymunu yadınıza salmayasınız və meymun şəklini xatirinizə gətirməyəsiniz. Əlac buna münhəsirdir; və illa həmin iksir ki, indi bir aydır, müttəsil onun pərvərişində zəhmət çəkirəm, türfətül-eyndə8 puç olub havaya qalxacaqdır.

      Nuxulular (əlac səhl görünməkdən sevinib bir yerdə): Çox yaxşı, ağa, bu bir asan işdir; təki iksirin təkmili buna mövquf9 olsun.

      Molla İbrahimxəlil: Bəli, həmin buna mövqufdur. Allah sizdən razı olsun, mən sizdən razı oldum. Molla Həmid, kövrüyü bas!..

      Molla Həmid kövrüyü basır. Molla İbrahimxəlil butəni dəmir maşa ilə çevirir. İçinə yanındakı əczalardan birisini tökür, şüşələrin birisindən damızır, geri çəklilir. Saatı qoyun cibindən çıxarıb baxır. Bu halda Ağa Zaman Həkim üzünü ona tutub.

      Ağa Zaman həkim: Ağa! Bundan başqa çarə yoxdurmu?

      Molla İbrahimxəlil: Nədən başqa?

      Molla Zaman Həkim: Meymundan başqa ?

      Molla İbrahimxəlil: Kişi, nə danışırsan! Nə söyləyirsən! Vaveyla!!!

      Ağa Zaman Həkim: Axı necə eyləyim, ağa? Meymunu yadımdan çıxara bilmirəm.

      Molla İbrahimxəlil (darılmış və qeyzlənmiş): Kişi, kəs səsini!!! Unut fikrindəkini!!!

      Ağa Zaman Həkim: Baş üstə, ağa!

      Molla İbrahimxəlil (şəyirdi Molla Həmidə qeyzlə): Kövrüyü bərk bas! Yatırsan nədir!

      Əyilir, butəyə baxır, genə bir zad göy bükülmüş kağızdan butəyə tökür. Bu halda nuxululardan birisi, yəni Molla Salman papağını başından götürüb.

      Molla Salman: Uf, nə istidir… Uf, lənətə gələsiniz! Uf, əl çəkməzlər! Çarə yoxdur…

      Molla İbrahimxəlil: Kim lənətə gəlsin? Kimdir əl çəkməyənlər? Nədən çarə yoxdur? Nə söyləyirsən?

      Molla Salman: Uf, çarə yoxdur… Əlac yoxdur…

      Sair nuxulular: Doğrudur, heç çarə yoxdur… Hərgiz mümkün olmur.

      Molla İbrahimxəlil (hamısına qeyzlə): Necə çarə yoxdur? Necə əlac yoxdur? Nə var? Sizə nə olub?

      Molla Salman (yoldaşlarının halətindən və təsdiqindən cürətlənib cavaba iqdam edir): Ağa, tamam dağların heyvanatı meymun şəklinə, böyük həmdunələr10 sifətinə dönüb, uzun quyruqları ilə nəzərimdə basışırlar, üstümə hücum gətirirlər. Uf, bilmirəm necə edim, hara qaçım! Uf, lənətə gələsiniz, meymunlar!.. Lənətə gələsiniz, həmdunələr!

      Sair nuxulular (başların yuxarı qovzuyub): Uf, lənətə gələsiniz meymunlar! Lənətə gələsiniz həmdunələr! Bu nə işdir düşdük.

      Molla İbrahimxəlil cəld butəyə bir zad tullayır ki, nuxulular başları yuxarı görmürlər. Bırdən butədən güllə kimi qığılcımlar sıçrayıb hər tərəfə dağılır, butə part edir. İksiri-mövhum barıt kimi havaya uçur. Od hər tərəfə səpələnir, tüstü havanı basır. Molla Həmid körüyün dalısından hövlnak gerı sıçrayır. Molla İbrahimxəlil ikiəlli saqqalının tükünü yolur; gah dizinə çırpır və gah fəryad edir.

      Molla İbrahimxəlil (nuxululara fəryad ilə): Evinizi Allah yıxsın!