Pirin kəraməti. Коллектив авторов. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Коллектив авторов
Издательство: Hadaf Neshrleri
Серия: Milli ədəbiyyat
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
bir parça artıq gümüş vermək, mənə görə heç bir təfavüt etməz. Amma sizin kimi əşxasa bir həbbə də puldur. Xudahafiz, yola düşün, gedin! Mənim xəbər göndərməyimə müntəzir olun! (Gedir öz çadırına başı aşağı, yavaş, öz yanında söyləyə-söyləyə) Ümid olsun ki, mən sizə xəbər göndərəcəyəm… Allah qoysa o vaxtadək bir çarə taparam ki, bir də sizin üzünüzü görməyim.

      Nuxulular qurumuş mat qalır.

      (Pərdə salınır)

      Tamam olur.

      CƏLİL MƏMMƏDQULUZADƏ

      Baş yarmaq

      “İrşad” qəzetini oxuyanlar həmin qəzetin 18-ci nömrəsində ikinci səhifənin üçüncü sütununda yazılan sözləri, əlbət ki, oxudular. Orada belə yazılıb: “Baş yarmaq, zəncir vurmaq, Qasım otağı gəzdirmək adətlərinin cümləsi artıq bir günahdır və bunlar İslam şəriətində heç bir kitabda və qanunda yoxdur və hər kəs ki, bu işləri əmələ gətirsə, böyük günahkar hesab olunur”.

      Bu sözlərə şəhər qazısı Mir Məhəmməd Kərim ağa, axund Hacı molla Ruhulla, axund Cavad, axund Ələkbər, axund Şeyx Məhəmmədcavad, axund Hacı Qəvam, axund Hacı molla Ağa, Hacı Mirmöhsün, axund Molla Əbülqasım cənabları yekdil razı olub, imza etdilər”.

      Bir il bundan qabaq bu sözləri mən yuxuda görsəydim və gedib qonşuluğumuzda molla İbrahimə desəydim ki, mənim yuxumu təbir elə, yəqin ki, Molla İbrahim mənə deyərdi: “Sən yuxuda dəli olubsan”.

      Yazıq camaat, biçarə avam, yazıq müsəlman milləti, binəva müsəlmanlar! Dəxi nə oyun qaldı ki, biz mollalar sizin başınıza gətirməmiş olaq?!

      Biçarə müsəlmanlar!

      Bir gün deyirik: “Qatıq ağdır” – deyirsiniz: “Bəli”. Sabah kefimiz istəyəndə deyirik: “Qatıq qaradır” – deyirsiniz: “Bəli”.

      Yazıq müsəlmanlar!

      Bakıda qazılar buyururlar ki, “Baş yarmaq günahdır”, – deyirsiniz: “Bəli”; Naxçıvanda buyururlar ki, “Yarmamaq günahdır” – deyirsiniz: “Bəli”; Ərdəbildə axund mirzə Abdulla buyurur ki, “Qardaşın övrətini almaq və yetimlərini küçəyə salmaq savabdır”, – deyirsiniz: “Bəli”; Danabaş kəndində molla Cəfərqulu buyurur ki, “Bığların qabağını vurdurmamaq həramdır”, – deyirsiniz: “Bəli”. Biçarə müsəlman milləti!

      Bəli, Bakı qazıları, buyurursunuz ki, baş yarmaq günahdır! Çox əcəb! Bəs indiyədək bu sözlər harada idi? Bəs bildir nə deyirdiniz? Bəs üç il bundan irəli niyə dəstə qabağında dolanırdınız və baş yaranlara deyirdiniz: “Ədə, Kərbəlayı Həsən, bərk vur!” Bəs niyə əlinizə dəstmal alıb, ağköynəklərin qanını silirdiniz ki, gözlərini açıb, bir də başlarına vursunlar? Bəs niyə razı olurdunuz biçarə hammallar, fəhlələr və Allahın kasıb bəndələri öz əlləri ilə özlərini naxoş eləyib, aylar ilə müalicəyə möhtac olsunlar və kəsbiruzidən13 qalsınlar? Bəs niyə razı olurdunuz əcnəbilər tamaşaya gəlsinlər və müsəlmanların bu cür işlərini görüb və əkslərini götürüb, kitablar bağlasınlar və tamam yer üzündə bizi “vəhşi”adı ilə adlandırsınlar?

      Yazıq müsəlmanlar!

      Bütün yer üzündə heç bir məmləkət, heç bir tayfa mənim xəyalıma gəlmir ki, orada bir ruhani ya bir alim çıxa minbərə və ağzına gələni deyə və camaat da gözlərini yumub və ağzını göyə tərəf açıb deyə: “Bəli, belədir, qurbanın olum”.

      Bəli, müsəlman qardaşlar, indi Bakıda sizə qazılar deyirlər ki, müsəlman kitablarında baş yarmaq yazılmayıb; amma bir il bundan qabaq sizə deyirdilər ki, müsəlmanın yetmiş iki min kitabı var və bu kitabların əsl və mötəbəri “İxtiyarat” kitabıdır və bu kitabda yazılıb ki, Təbrizin kənarında bir çeşmə var ki, hər baş yaran gəlib bu çeşmədə başının yarasını yusa, haman dəm yarası yaxşı olar.

      Amma indi bu sözlər hara, o sözlər hara!!!

      Məscidlərimiz

      Bizim məscidlərə cəm olanlara diqqət eləsək, görərik ki, məscidə gələnlər ancaq fəhlə, hammal, kənkan, dilənçi, dəllək, pinəçi, nalbənd, çərçi və xırda-xuruş alış-verişçilər, baqqallar, kərbəlayı və məşədilər və kasıb hacılardır. Əgər əcnəbi millətin birinin yolu bizim məscidlərə düşsə, elə yəqin edər ki, müsəlman içində bir dənə də rəğbətli, dövlətli, səliqəli, təmiz və nəcib adam, bir dənə də bəy, xan, qulluqçu, oxumuş və sahibmənsəb yoxdur; yəqin edər ki, bizim müsəlman camaatı ibarətdir məhz cırıq-mırıq, ac və kasıb fəhlə-fühlədən, avam məşədi və kərbəlayılardan.

      Niyə xan və bəylərimiz, oxumuş və sahibmənsəblərimiz məsciddən qaçırlar?

      Peterburqda on min müsəlman var. Bunların içində neçə-neçə mütəşəxxis14 sahibmənsəblər, generallar, polkovniklər, obrazovannılar, təbiblər, tələbələr, xanlar və mülkədarlar var. Amma Peterburqun tək bir məscidinə yığılan ancaq kasıb tatarlardır ki, peşələri evləri gəzib köhnə paltar, köhnə qaloş və çəkmə və çirkli dava şüşələri alıb satmaqdır. Moskva, həmçinin Tiflisdə sünnü məscidinə gedənlər ancaq Qazan tatarlarıdır ki, peşələri fayton sürməkdir. Şiə məscidinə gedənlər İran fəhlələri və hammallarıdır. Bakıda milyonçular və oxumuşlar məscidə getməzlər. Danabaş kəndində məscidə gedənlər ancaq kasıb kəndlilərdir, mülkədarlar məscidə gəlməzlər.

      Kimdir dövlətliləri, oxumuşları məsciddən qaçırdan?

      Bunu mən bir neçə dəfə bəzi məscidə getməyənlərdən sual eləmişəm və bu barədə bir neçə cavablar eşitmişəm. Əgər başağrısı olmasa, həmin cavabları yazaram.

      Bir dəfə bir cavan bəyzadədən soruşdum ki, niyə məscidə gəlmirsən? Cavan mənə belə cavab verdi:

      – Ay Molla Nəsrəddin, Allah atana rəhmət eləsin, axır mən başıma nə daş salım? Şalvarım elə dardı ki, diz üstə oturmaq heç mümkün deyil. Məsciddə də ustul yoxdu ki, ustul üstə oturasan. Qalmışam məəttəl. Dəxi nə çarə qılım?

      Bu, bəyzadənin cavabı.

      Bir dəfə bir dövlətli xandan soruşdum ki, niyə məscidə gəlmirsən? Xan da belə cavab verdi:

      – Əzizim Molla Nəsrəddin baba, mənim bu barədə heç təqsirim yoxdu. Məscidə getməməyimin səbəbi budur ki, məscidə gedəndə bilmirəm cibimə nə qədər pul qoyum. Məscidlərimiz ibadətxanalıqdan çıxıb, dilənçixana olublar. Mən girən kimi dünya və aləmin ac seyidləri və mollaları gəlib sərçə kimi düzülürlər minbərin pillələrinə və başlayırlar pul istəməyə.

      Mən xana dedim ki, mollaların bir yandan məvacibləri yoxdur, bəs siz onlara pul verməyəndə, onlar hardan çörək tapıb yesinlər? Xan cavab verdi ki, bunun mənə dəxli yoxdur.

      Bu da dövlətli xanın cavabı.

      O ki qaldı oxumuşlar, məscidə gəlməməklərinə bunlar da bir neçə səbəb qoyurlar. Əvvələn deyirlər ki, məscidə cəm olanların çoxusu keçəl adamlardır və məlumdur ki, keçəllər həmişə başlarına quyruq yağı sürtürlər. Odur ki, məscidlərdən həmişə qovurma bozbaşının