Məhşər. Muğanna İsa. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Muğanna İsa
Издательство: Hadaf Neshrleri
Серия: Milli ədəbiyyat
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
dövrəsindəki yeddi karvansaranın yeddisindən də dərvişlər qoşun kimi çıxmışdılar, şişuclu mütrüb papaqlarını göyə ata-ata, heybətli «Yahu, Yahu» qışqırtıları ilə,vəliəhdi müşayiət etmişdilər və onun bir-birinin ardınca atdığı kisələrdən atların dırnaqlarının altına səpələnən qızıl-gümüşü yığışdırıb şəhərə qayıtmışdılar. Kimisi qoldan, kimisi qıçdan şikəst olan, hətta üz-gözlərində də köhnə döyüş yaralarının izi qalan bu adamların keçmişdə kim olduqlarını bilmək çətin deyildi. Əyinlərində asım-asım cır-cındırla və mütrüb papağı ilə diqqəti yayındırıb mənsubiyyətlərini gizlətsələr də, onlar indinin özündə də dərviş əsası əvəzində əllərində silah-batqan gəzdirirdilər. Ya da batqanın yumruq irilikdə qurğuşununu bellərinə sarıdıqları mumyalı kəmənd ipinin ucuna bağlayırdılar. Karvansaraların aralarındakı bazarlarda qurğuşunları başları üzərində fırladaraq, qəhqəhə ilə darğaları qovur, tacirlərin, sövdəgərlərin yük taylarını, çuvallarını, səbətlərini açıb dağıdırdılar, cır-cındırları arasında gəzdirdikləri dəri torbaları doldurub qoz, fındıq, xurma, sucuq yeyə-yeyə, «Yahu, Yahu» qışqıra-qışqıra, bütün günü küçə və meydanlarda dolaşırdılar. Bu qışqırtılar Əmir Teymurun hər yerdə hökm sürən yazılmamış qanunlarının və Miranşahın qoyub getdiyi hakimiyyətin səsi idi. Novruz və tacgüzarlıq günlərində, qurban bayramında, mövludda[35] və orucluqda dərvişlərin birbaş saraya doluşub, şah məscidinin ətrafında, Şeyx Əzəmin iqamətgahının hücrələrində yurd saldıqlarını, xüsusilə şeyxin müridlərinin bu əlləri batqanlı adamlara necə itaətlə qulluq etdiklərini görəndə, İbrahim hakimiyyəti üzərindəki hakimiyyətin ağırlığını daha çox duyur, bu ağırlığın altında sıxıldığını, saraya təpilən xəbərgirləri buradan qovmağa belə qabil olmayıb kiçildiyini hiss edirdi. O əmin idi ki, Şeyx Əzəmlə müridlərinin dərvişlərə qulluğu və itaəti də Şirvanşahın Əmir Teymura sədaqətini göstərir. Buna görə də şeyxin əlləri batqanlı dərvişlərlə ünsiyyətindən nəinki şübhələnmir, əksinə, bayramlarda öz mətbəxindən şeyxin iqamətgahına ətirli, ədviyyatlı xörəklər göndərib, bu ünsiyyəti daha da dərinləşdirirdi ki, dərvişlərdən teymurilərin Əlincə düşərgəsinə və Sultaniyyəyə gedənlər orada ancaq xoş sözlər danışsınlar. İndi belə çıxırdı ki, dərvişlərlə şeyxin ünsiyyətini dərinləşdirməklə İbrahim öz ayağı altında qazılan quyunu dərinləşdirmişdi. Miranşaha xidmət edən alimənsəb, doğrudanmı, şeyx Əzəmdi? Doğrudanmı, İbrahim bu qədər kor və fəhmsiz olmuşdu?!

      O, meydanda vurnuxub, gah fəal elçilərinə, gah da ibadət otağının tək pəncərəsinə tərəf baxırdı. Sinəsində elə təlaş vardı ki, elə bil iki yerə parçalanıb eyni vaxtda həm elçilərlə, həm də şeyxlə danışmaq istəyirdi. Lakin dumanlı bir şübhə İbrahimi Nəsiminin üstünə qaytardı. Bu vaxta qədər onda heç kəsin görmədiyi hiddətlə:

      – Xəyanət bəni insanın mayasındadır! Mənim təbəəm Miranşaha xəbər çatdıra bilər, – dedi.

      – Bəs sizə kim çatdırıb bu xəbərləri?

      Nəsimi bu dəfə tamamilə sakitcə dedi:

      – Fəzl müridi çatdırır, şahım.

      – Fəzl müridi Miranşahın hüzurunda oturur?!

      Nəsimi istər-istəməz gülümsünüb:

      – Müridimiz Əmir Teymurun öz hüzurunda oturur, – dedi və dərhal hiss etdi ki, bundan sonra «namaz» baş tutmaya bilməz.

4

      Mərmər meydanın dərinliyində fəvvarəli hovuzlarla, sərv ağacları, yasəmən və qızılgül kolları ilə dövrələnmiş sərin bir guşə, bu guşədən o yanda daş barı və dəmir qapı arxasında isə ikinci meydan vardı. Orada, yoğun daş dirəkləri və ümumi ağırlığı, zəhmi ilə sarayın bütün tikililərindən fərqlənən divanxana binasının gecələr səhərə qədər yanan məşəllərin hisindən zolaq-zolaq ləkələnmiş sal qayatək qalın divarları bozarırdı. Bu divarların içərisi bir zaman Kəsranilərin dədə-babalarının qızıl-gümüşlü qılınc və qalxanları, kaman və tirləri, kəmənd, gürz və toppuzları, maral buynuzları, tovuz lələyi, durna teli və sair, uzaq səfər və şikar xatirələri ilə bəzənərmiş. Yuxarı başda, bir cüt qızıl dirək arasından sallanan tül pərdə arxasında, hündür gümüş təxtdə Kəsrani şahları oturarmışlar. İbrahim ilk dəfə buraya qədəm basanda: «Sizin şahınız öz təbəələri ilə pərdə dalından danışmayacaq», – deyib haman pərdəni qoparıb camaatın ayağının altına atmış, qızıl dirəkləri əridib dinar kəsməyi, gümüş təxti isə xəzinəyə təhvil verib, əvəzində buraya adi taxtadan, bəzək-düzəksiz bir təxt qoymağı buyurmuşdu. İndi divanxanada, Əmir Teymurun gümüş ayparalı yaşıl bayrağı altında, haman bəzək-düzəksiz, alçacıq şah təxtindən, bir neçə sandıq, mücrü, kürsü, rəhl[36] və qələm-davatdan, bir də ki, təxtdən kandara qədər döşənmiş xalı-xalça və döşəkcələrdən başqa heç nə yoxdu. İbrahim, çancarlarının müşayiəti ilə gəlib təxtdə oturanda, ikinci namazından sonra vaxtını, adətən, ibadət otağında və xəlvətiyyədə keçirən şahın bu gözlənilməz gəlişindən özlərini itirmiş çıraqdarlar, tavandan nazik zəncirlərlə asılmış qoşapiltə neft çıraqlarını təzəcə yandırıb, təxtin dövrəsindəki qəndil və şamdanlarda şamları yandırmağa tələsirdilər.

      İbrahim əlinin sərt hərəkəti ilə rədd edib onları qovdu.

      Xanəgahın ikinci mərtəbəsindən divanxananın damına, oradan da divarın içərisi ilə burula-burula təxtin arxa tərəfinə enən daş pilləkənin ayağında və kandarda zirehli, dəbilqəli silahdarlar[37] öz yerlərini tutanda, İbrahim onları və hətta bir-birindən balaca, on-on beş yaşlarında xidmət qulamlarını da qovdu.

      Bu saat şaha baxan hər bir göz İbrahimə xəyanət gözü kimi, şah kəlməsini eşidən hər bir qulaq xəyanət qulağı kimi görünürdü. Odur ki, yalnız Gövhərşahla candarlardan və sütunların diblərində qollarını sinələrində çarpazlayıb sütunların kölgələri kimi hərəkətsiz dayanmış iki nəfər buyruq qulamından başqa içəridə heç kəsin qalmadığına əmin olduqdan sonra, divanxananın uzaq dərinliyində başmaqlarını çıxarıb gözləyən bəyaz geyimli elçilərin hüzura gəlməsinə izin verdi.

      Onun sağ əlinin altında, üstünə qırmızı ipək salınmış xırdaca bir mücrü, o mücrünün yumşaq məxmər yerliyində bir zərrəbin və əlifbanın baş hərfi «əlif» şəklində yüngül bir açar vardı. Nə qədər ki, Nəsimi ilə kəlmələşməmişdi, İbrahim o yüngülcə açarı Fəzlullahla Teymur və Teymurla Miranşah arasında siyasətinin açarı hesab edirdi. Şeyx Fəzlullah hüzura gətirildikdə, İbrahim nədənsə hürufiləri də «məqbul sufi» sayan bəzi mötəbər məscid əhlinə və öz üləmasına o açarı göstərib: «Bu açar Şeyx Fəzlullahın müridlərinə məxsusdur. Bununla müridlər şeyxin gizlin qapılarını açırlar», – deyəcəkdi. İbrahim hətta onu da bilirdi ki, açarın üstündə yalnız zərrəbinlə görünməsi mümkün olan otuz iki[38] nöqtə vardı; Fəzlullah, sui-qəsd kimi, şübhəsiz, açarın da düzəlmə olduğunu söyləyib, hər şeyi inkar etdikdə, İbrahim açara


<p>35</p>

Məhəmmədin anadan olduğu gün.

<p>36</p>

Kitabaltı.

<p>37</p>

Silahdarlar səfər vaxtı şahın yolunu adamdan təmizləmək üçün saxlansalar da, başqa vaxtlar saray daxilində keşikçilik də edirdilər.

<p>38</p>

Əlifbada hərflərin sayı, idrak rəmzi, “Əlif” açarla qapı açanlar idrak qapısını açırdılar.