Qılınc və qələm. Мамед Саид Ордубади. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Мамед Саид Ордубади
Издательство: Hadaf Neshrleri
Серия: Milli ədəbiyyat
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
alın, həyəcanını sakit etməyə çalışın. O, sizin Rənanızı da məhv edər.

      Şair Qətibənin bağbanına qulaq asa-asa gedirdi. Qətibənin bu sevgi macərasından yaxasını nə vəchlə qurtaracağı barəsində düşünürdü. Rənaya qarşı düzələn sui-qəsd Nizamini hər şeydən artıq düşündürürdü. Qətibə oturan yerə bir neçə qədəm qalmış qoca bağban dayandı. Nizami isə Qətibəyə doğru irəlilədi. Qız şairi gördüyü zaman bütün vücudu titrəməyə başladı. Şair birinci dəfə idi ki, Qətibəni bu vəziyyətdə görürdü. Qız ayağa qalxıb bir neçə qədəm irəlilədi, lakin vücudunda baş verən zəlzələ onun qədəm atmasına mane oldu, dayanıb titrəməyə başladı.

      Qətibə yalnız yerimək deyil, Nizamiyə salam verməyə və danışmağa belə cəsarət etmirdi. Çünki o, öz sevgisinin ümidsizliyə təsadüf etdiyini yəqin edirdi. O bilirdi ki, birtərəfli sevgi heç bir zaman müvəffəqiyyət qazana bilməz. Onun salam verməməsinə və danışmamasına səbəb Nizaminin dilindən çıxa biləcək “yox, sevmirəm” kəlmələrini eşitməkdən qorxması idi. Lakin o, öz xariqüladə gözəlliyindən ümidini kəsməmişdi. Nizami kimi şairin bu qədər yüksək bir gözəlliyə xor baxmayacağına inanırdı. O, öz qəlbində deyirdi: “Ərəb, türk və rum qanından yaradılan bu möcüzə gənc şairin qəlbini əsir edə bilər”. O elə düşünürdü ki, dünyanın qəlbini çırpındıran bu gözlər gənc şairin də qəlbini çırpındıra biləcəkdir. Qətibə elə fikir edirdi ki, şeir, payız narı kimi titrəyən döşlər, gül yarpağına istehza yağdıran dodaqlar, gülümsər qara gözlər və sairə gözəlliklər üzərində qurulduğu üçün şair də bu ilham mənbəyini əlindən buraxmayacaqdır. Buna görə də Qətibə baş örtüsünü götürüb bir neçə qədəm daha şairə tərəf irəlilədi, daş-qaşa, incilərə, ipəklərə bürünmüş bu gözəl, canlı bir xəzinə kimi şairə yaxınlaşdı.

      Qətibə öz gözəlliyi, öz əzəməti və dəbdəbəsi ilə hərəkət edib şairə doğru gəldiyi zaman Nizami də üstünə bir kabus və bir qorxunun yaxınlaşdığını hiss edir və nə vəchlə öz qəlbinə hakim ola biləcəyi barəsində düşünürdü. Lakin o, bu qorxunu özündən rədd etmək üçün o qədər də çətinlik çəkmədi, bir an keçmədən sanki Rəna gəlib onunla Qətibənin arasında hayil olub durdu, şair gözlərini açdığı zaman artıq Qətibəyə deyil, Rənaya baxırdı.

      Nizami Hüsaməddinlə olan söhbətin Qətibəyə yetişdiyini yəqin edirdi. Qızın bütün baxış və duruşu da bunu göstərirdi. Heç şübhə yox idi ki, Qətibə bu gün Nizamidən qəti cavab almağa gəlmişdi. Bu isə şair üçün hər bir məsələdən çətin idi.

      Nəhayət, Qətibə qara gözlərinin qapaqlarını böyük bir tərəddüdlə qaldırıb şairin üzünə baxdı, yavaşdan:

      − Axşamın xeyir olsun! – dedi və əlini Nizamiyə uzatdı.

      Şair, qızın əlini əlinə aldığı zaman onun külək qarşısında titrəyən incə bir şaxə kimi titrədiyini hiss etdi. Buna görə də utana-utana qızın salamının cavabını verməyə məcbur oldu:

      − Əleykəssalam, möhtərəm qız, mən bu əlin daima xoşbəxt olmasını istəyirəm, – dedi.

      Qız əlini Nizaminin əlindən çəkmək istəmirdi, o, bununla öz sevgisini şairin qəlbinə aşılamağı düşünürdü. Eyni zamanda şairin: “Mən bu əlin daima xoşbəxt olmasını istəyirəm” dediyinə qarşı cavab hazırlayırdı. Lakin bu çox da asan deyildi, çünki o qarşısında duran şairin bir qala qədər sarsılmaz olduğunu anlayırdı. Buna görə onun arzu qanadları qırılır, o yüksək aləmlərə uçmaq istərkən özünü yenilməz və sevgisində inadlı olan bir gəncin qarşısında görürdü. Qətibə bu fəthedilməz qalaya sahiblənmək istərkən özündə bir acizlik hiss edirdi; çünki o, Nizaminin qadın gözəlliyi qarşısında sarsılmaz olduğunu bir neçə kərə sınaq etmişdi.

      Lakin buna baxmayaraq, o, son qüvvətini meydana qoymuşdu. O həm gözəl idi, həm də gözəlliyindən bir silah kimi istifadə edirdi: əlini şairin əlindən çəkmək istəmirdi, bütün naz, qəmzə, utanmaq, qısqanmaq, rəng verib-rəng almaq, hətta göz yaşları axıtmağı… Hamısını təcrübədən keçirirdi. Nəhayət, özünü ələ alaraq şairə sual verdi:

      − Söylə, şair, söylə! Sən bu əl sahibini xoşbəxt etmək üçün qəti bir söz deyə biləcəksənmi?!

      Qətibə bu sözləri dedikdən sonra yenə də utandı, başını aşağı salıb güləbətin naxışlı barmaqlarına baxmağa başladı. O, axşamın kəskin sərinliklərinə baxmayaraq, tərləmişdi, hər iki tərəfdən yanaqlarına düşən qara saçları yağışda yeni çıxmış yasəmənləri xatırladırdı.

      Şairin vəziyyəti isə çıxılmaz və ağır idi. O öz-özünə düşünür və deyirdi:

      − Bu dünyada sevgi xəstəliyinə tutulmuş bir qıza “yox, sevmirəm” deməkdən daha çətin bir şey təsəvvür etmək olarmı? “Sevmirəm” sözü dəlicəsinə sevən bir qıza zəhər içirmək qədər qorxulu deyilmi? Bu söz qız qəlbi üçün sağalmaz bir yara deyilmi? Bu kəlmə Qətibə kimi məğrur və gözəlliyinə inananlar üçün də unudulmaz bir təhqir idi. Əcəba, həyatdakı bütün incə hissləri özündə mərkəzləşdirən qəlbin nə kimi bir maddə olduğunu təbiblərdən, filosoflardan daha yaxşı öyrənən bir şair sevgisini elan edən bir qızı nə kimi bir vicdanla rədd edə bilər?!

      Şair düşünür, qıza demək üçün sakitedici bir cavab axtarırdı: o cavab “yox” kəlməsilə “bəli” kəlməsini ifadə etməyəcək orta bir kəlmə olmalı idi.

      Qətibə də düşünürdü, o da öz qəlbində Nizaminin verəcəyi cavabı ölçüb-biçirdi. O, fikrində gah şairin böyük əsərlərinin ilhamı kimi təcəssüm edir, onunla məsud bir həyat qurub yüksəklərə qalxır, gah ümidsizliyə enərək təhqir və həsrətlər içərisində çapalayırdı. Cavab vermək istəyən və cavab almaq intizarını çəkənlər bir kərə başlarını qaldırıb bir-birinin üzünə baxdılar, çünki sükut və intizar adi çərçivəsindən kənara çıxırdı.

      Şair qızın ikinci kərə sula verməsinə imkan buraxmamaq üçün sükutu pozaraq dedi:

      − Möhtərəm qız mühüm bir cəhəti unutmamalıdır. Ayaq üstə görüş və ayaqüstü danışıqlar əbədi bir səadətin təşkili üçün çox azdır. Ailə qurmaq insanların həyatında mühüm bir hadisədir. Bu hadisə təsadüfi olmayaraq təbiidir. Bu kimi zəruri hadisələrə qarşı ehtiyatlı və düşüncəli olmaq lazımdır. Həyatı bir-birinə aşılamaq üçün xasiyyət birinci şərtdir. Xasiyyətlərin bir-birilə barışmaması, eyni zamanda onların bir ailə təşkili münasibəti ilə bir-birilə daima qarşı-qarşıya durması, bəzən iki zidd qüvvənin təsadüfündən alınacaq mənfi nəticələri doğurmuş olur. Gözəl qıza bunu da deməliyəm ki, nə qızlar, nə də oğlanlar bir-birlərini sevdikləri zaman qəlbin ixtiyarını kəməndə salıb gözlərin sərəncamına verməməlidirlər. Sevgini qəlbə aşılayan gözlərdir. Gözlər bəzən qəlbi aldada bilər. Biz daima çalışaraq qəlbin, gözün və ağlın vəzifələrini düzgün bir surətdə təqsim etməliyik. İnsan bu üç ünsürün doğru bir surətdə fəaliyyət icra etməsi nəticəsində xoşbəxt ola bilər. Bu cəhətləri nəzərə alaraq bizim ikimiz də bu ünsürün bir-birinə təcavüz etməsinə imkan verməməliyik. Çünki gənclik zamanında insanların gözləri ilə ürəkləri birləşib ağlın qarşısında haqq-hesab verməkdən