Qoca Xəttabıç. Лазарь Лагин. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Лазарь Лагин
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
Жанр произведения:
Год издания: 0
isbn: 9789952245219
Скачать книгу
sözlərini bitirdiyi anda həyat yoldaşının ağlamaqdan qızarmış gözlərini gördü və təəccüblə nə baş verdiyini soruşdu.

      – Şura, – Tatyana ərinə belə müraciət edirdi, – Seryojenka… bizim Seryoja…

      Krujkinin bət-bənizi ağardı.

      – Seryojaya nə olub?

      Tatyananın dediklərindən belə məlum oldu ki, onların oğlu səhər məktəbə gedib, lakin hələ də evə qayıtmayıb…

      7

      – Əla işdi, hə? – deyə qoca Xəttabıç özündənrazı halda Volkadan soruşdu və məmnuniyyətlə bərbərxanadan qaçan qoyunlara baxdı. – Düzü, mən onları daha ağır cəzalandırmaq, məsələn, göydən ildırımla vurmaq istəyirdim. Lakin bu heç də yaxşı iş deyil. Üstəlik, belə bir şeyi hər kəs edə bilər. Mən isə qeyri-adiliyi sevirəm.

      Qoca açıq-aydın iltifat istəyirdi. Lakin gördüklərindən əti ürpəşən Volka, buna baxmayaraq, özündə cəsarət tapıb ayağa qalxdı.

      – İldırım çaxması heç kəsi vura bilməz. İnsanları atmosferdəki elektrik cərəyanının boşalması vurur. Bunu istənilən məktəbli bilir.

      – Dəxli yoxdur! – deyə qoca mısmırığını sallayaraq oğlanla mübahisə etməmək üçün dərinə getmək istəmədi. Lakin dərhal da anladı ki, heç də düzgün səs tonu ilə danışmır, ona görə də qırışmış simasında təbəssüm yarandı. – Bu insanların necə qoyuna çevrildiyini gülmədən xatırlaya bilmirəm, ey gənclərin ən müdriki! Həqiqətən də, əcəb gülməli idi, elə deyilmi?

      Di gəl, Volka baş verənlərdə gülməli heç nə görmürdü. Hətta bütün bunlar onu dəhşətə gətirmişdi. Axı qoyunlar ət üçün kəsilə bilərdi. Bir sözlə, qoca Xəttabıç yenə də açıq-aşkar şəkildə həddini aşmışdı. Düzdür, bərbəri və bərbərxanadakı digərlərini, ən pis halda, xalq qarşısında qoyun kimi danlamaq mümkün idi. Lakin onları qoyuna çevirmək… Bu artıq ağ oldu! Üstəlik, axı bərbər hələ Volkanın üzünü tamam təraş eləməmişdi.

      Oğlan kədərlə boş bərbərxanaya baxırdı.

      – Bilirsənmi, ey gözümün bəbəyi, – Xəttabıç isə lovğalanmaqda davam edirdi, – çoxdandır ki, mən belə həzz almamışdım! Axırıncı dəfə Bağdadda rüşvətxor bir hakimi məhlula çevirib sonra da onu tanış bir əczaçıya vermişdim. Həmin əczaçı da gün çıxandan gün batana kimi həmin məhluldan ən acı, lakin ən lazımlı dərmanlar hazırlamışdı. Əladır, hə?

      – Çox gözəl, Həsən Əbdürrəhman ibn Xəttab! Lap möhtəşəmdir! – Volka bu dəfə tam səmimi idi.

      – Bilirdim ki, bəyənəcəksən, – qoca müştəbehliyindən qalmadı, sonra da əlavə etdi: – Yaxşı, indi gedək. Bu iyrənc bərbərxananı artıq görmək istəmirəm!

      Bundan sonra o, Volkanın qolundan tutub çölə çıxarmaq istədi.

      – Bəs boş qalmış bərbərxananın kassasındakı pullar? Bəs oradakı ülgüclər, digər alətlər? – deyə qəhrəmanımız qışqırdı. – Axı içəridə kimsənin olmadığını görüb onları oğurlaya bilərlər!

      – Oğurlasınlar, – Xəttabıç tövrünü pozmadan cavab verdi, – o şitqulu bərbərə və böyür-başındakılara bu da azdır.

      – Bu nə cəfəngiyyatdır danışırsan?! – Volka qəzəbləndi. – Bərbərxanadakıları qoyuna çevirməklə kifa-yət qədər ağır şəkildə cəzalandırmısan. Əlavə cəza nə deməkdir? Ağlını başına yığ, ey qoca sarsaq!

      – İcazə ver, bir şey soruşum, ey ruhumun almazı, mənasını bilmədiyim bu “sarsaq” sözü ilə nə demək istəyirsən? – deyə qoca Xəttabıç maraqla soruşdu.

      Volka xəcalətdən pomidor kimi qızardı. Nə cavab verəcəyini bilmədi. Axırda çıxış yolu tapdı:

      – Başa düşürsən… necə deyim… “Sarsaq” sözü “müdrik adam” deməkdir.

      Xəttabıç həmin sözü arabir işlətmək üçün yaddaşına yazdı. Volka isə əvvəlcə kassanı bağladı, sonra bərbər alətlərini şkafın gözünə yığdı. Lap axırda da bir kənara qoyulmuş lövhəni götürüb pəncərədən asdı. Qoca ilə birlikdə bərbərxanadan çıxıb qapını bərk çırparaq bağladı.

      Lövhədə iri hərflərlə belə yazılmışdı: "Bərbərxana nahar üçün qapalıdır".

      8

      Məhz bu vaxt iki dalandar qoyun sürüsünü qabağına qatıb Qoyunçuluq Elmi-Tədqiqat İnstitutuna tərəf aparırdı. Tıxac aradan qalxmış, avtobuslar, yük maşınları, minik avtomobilləri, tramvay və trolleybuslar yenidən hərəkətə keçmişdi. Mühərriklər işə düşür, siqnallar səslənirdi. Bunları görən Xəttabıçın sifəti dəhşətli dərəcədə dəyişdi və o qışqırdı:

      – Mənim kimi zəif və bədbəxt cinin vay halına! Şeytanların, ifritlərin qüdrətli və amansız şahı Circis mənimlə olan qədim düşmənçiliyi unutmayıb. İndi də ən dəhşətli canavarlarını üstümə göndərib!

      Qoca belə deyib cəld səkidən ayrıldı və qaçmağa üz qoydu. Xeyli aralanandan sonra həsir papağını çıxarıb Volkaya doğru yellədi və havada yavaş-yavaş buxarlanaraq sağollaşdı:

      – Mən səni tapmağa çalışacağam, Volka ibn Alyoşa! Görüşənə qədər!

      Öz aramızda deyim ki, Volka qocanın yoxa çıxmasına sevindi. Bu ondan asılı deyildi. Axı Xəttabıçın ucbatından başına gəlməyən qalmamışdı.

      Oğlan yeni köçdükləri mənzilə gəldi. İçəridə me-bellər yığılıb qurtarmışdı, lakin divanın üstündə nə-dənsə bir yığın paltar qalaqlanmışdı. Görünür, onlara qarderobda yer tapılmamışdı. Yemək otağında isə kitablarla dolu qutuların və məişət əşyalarının əlindən tərpənmək olmurdu. Nənə işdən təzəcə qayıdan oğlu üçün şam yeməyi qoyub şəkil asmaq üçün divarlara mismarlar vurmağa başlamışdı. Ana isə ortalıqdakı əşyaları yerbəyer eləməkdən ötrü vurnuxurdu. Bir sözlə, böyüklərin o qədər qayğıları var idi ki, Volkaya elə də əhəmiyyət vermirdilər. Bu yerinə düşdü, çünki onlar oğlanın üzündəki tükləri görəndə, kim bilir, nə baş verəcəkdi?!

      Böyüklər, evə gec qayıtdığı üçün Volkanı ötəri danlamaqla kifayətləndilər. Hətta imtahanın nəticəsi barədə də soruşmadılar. Volka isə bərk acmasına baxmayaraq, məcburən şam yeməyindən imtina etdi və yorğun olduğunu deyib öz otağına yollandı, çarpayısına uzandı və yuxuya getdi.

      Lakin çox keçmədən ev telefonunun zəngi oğlanı oyatdı. Telefonu ata götürdü və oğlan onun dediklərini eşitdi.

      – Salam… Bəli, mənəm, Nikolay Nikandroviç… Nə?.. Yox, yox… Bəli, evdədir… Zəhmət olmasa. Hələlik, Nikolay Nikandroviç.

      – Zəng edən kim idi? – Volkanın anası maraqlandı.

      Aleksey Alekseyeviç cavab verdi:

      – Jenya Boqoradın atası idi. O, Jenyanın hələ də evə qayıtmamasından narahatdı. Jenyanın bizdə qalıb-qalmadığını və Volkanın evdə olub-olmadığını soruşurdu.

      – Mənim