9 May Qələbə günü ərəfəsində veteranları məktəblərdə, idarələrdə, təşkilatlarda təşkil olunan rəsmi tədbirə dəvət edirlər. Onlara gül, suvenir hədiyyə edir, onlarla şəkillər çəkdirirlər. Tədbirlərdə çıxış edənlər veteranlara xitabən deyirlər ki, sağ olun, bizi, ölkəmizi faşizmdən qorudunuz. Sonra həmin bu adamlar elə həmin bu veteranlara küçədə, yasda, avtobusda müharibədən söz düşəndə deyirlər ki, niyə qoymadınız nemeslər gəlib buraları alsın. Bu, konkret riyakarlıq idi. Onu da qeyd edim ki, veterandan veterana da fərq vardı. Elə veteran vardı ki, öz imtiyazlarından maksimum istifadə edirdi. Eləsi də vardı ki, imtiyazlarından çox da istifadə edə bilmirdi.
Hər veteran hökumətdən “Zapı” hədiyyə alanda əyalətin pijon gəncləri dəli olurdular. Çünki, veteranlara hədiyyə verilən “Zapı”ların üstündə “zerkalnı”, cüt nömrələr olurdu. Bu da o zamanın pijon, modabaz, ədabaz gənclərini cinləndirirdi. Adamlar cüt nömrə almaq üçün özlərini oda-közə vururdular, tanışlıqlardan istifadə edirdilər, ətək-ətək pul xərcləyirdilər, amma hökumət götürüb cüt nömrəni “Zapı”-nın üstündə veteranlara verirdi: 11-11, 22-22, 33-33, 44-44, 55-55… pijon gənclərin can atdığı belə- belə gözəl nömrələr. Təsəvvür edin ki, sən ədabaz, modabaz bir gəncsən. Sənin üstündə əsdiyin, üstünə toz qondurmadığın, bütün günü təkərlərini qaraltdığın “Jiquli”nin nömrəsi nə bilim, tutaq ki, 34-91-dir. Bazarda tum satan bir qoca kişinin sürdüyü “Zapı”nın nömrəsi isə 99-99. Adamın təyziqi qalxar, yoxsa qalxmaz? Əlbəttə qalxar.
Elə veteran vardı ki, hökumətdən hədiyyə aldığı “Zapı”nı özü sürürdü. Bəzi veteranlar isə hökumətdən aldığı “Zapı”nı sürmək üçün uşaqlarından birinə verirdi. Qadınlar, xüsusən də cavan qadınlar “Zapı”ya minməyə utanırdılar. Məsələn, tanıdığım bir veteran vardı. Onun gəlini qaynatasının hökumətdən hədiyyə aldığı “Zapı”ya hikkəsindən heç minmədi. Deyirdi ki, camaatın gəlini “Volqa”da, “Jiquli”də gəzir, məni öldürsələr də“Zapı”ya oturmaram. Uşaqlar isə kef edirdilər. Onların heç nə vecinə deyildi. Həvəslə “Zapı”larda gəzirdilər. Hökumətin veteranlara payladığı “Zapı”lardan qazanan elə uşaqlar oldu. Maşınlar tamam yararsız hala düşəndə uşaqların oyuncağına çevrilirdilər.
“Zapı”yla bağlı daha bir söhbət yadıma düşür. Bir nəfər finti-fruşka, forslu bir qız almışdı. Kişi arada arvadını cırnatmaq üçün deyərdi ki: “İstəyirəm bir “Zapı” alam”. Arvad isə belə cavab verərdi: “Zapı”nın təkəri bu qapıya dəysə üstümə nöyüt töküb özümü yandıracam”. O arvad sonralar doğrudan da üstünə nöyüt töküb yandırdı. Amma “Zapı”ya görə yox, tamam başqa səbəbə görə. Eşitmişdi ki, əri başqa arvad saxlayır. Bu dəhşətli reallığa dözməmiş, üstünə nöyüt töküb özünü yandırmışdı.
Hansı veteran “Zapı”nı özü sürürdüsə tezliklə xəstələnib ölürdü. Bunun nəticəsində ortalıqda belə bir şayiə fırlanmağa başladı. Guya veteranları tam pulsuz sanatoriyalara, kurortlara göndərmək, onlara ərzaq vermək, müxtəlif formalarda qayğılarına qalmağ hökumətin canını boğazına yığıb. Ona görə də hökumət veteranlardan birdəfəlik can qurtarmaq üçün onlara “Zapı” hədiyyə edib ki, “Zapı”lar veteranları vərəmlədib, çərlədib öldürsünlər. Bəs hökumətdən hədiyyə aldığı “Zapı”nı özü sürən veteranlar niyə ölürdülər? Bunun sadə bir səbəbi vardı. “Zapı”lar tez-tez xarab olurdu. Bildiyiniz kimi “Zapı”nın motoru qabaqda deyil, arxada yerləşir. “Zapı” yolda xarab olanda veteran maşından düşüb özündən aslı olmadan, istər-istəməz qabaq sandığın qapaqını açıb motora baxmaq, oralarda qurdalanmaq istəyirdi. Veteran “Zapı”nın qabaq sandığının qapağını qaldıranda orada motor görmürdü, boşluqla qarşılaşırdı və motorun olmaması, boşluqla qarşılanmaqları onları dəhşətə gətirirdi. Beləcə, motorla deyil, boşluqla qarşılaşmaları onsuz da xeyli qoca olan, əsəbləri pozulmuş, əldən düşmüş veteranları asanlıqla sıradan çıxarırdı. İndi bu söhbət çox adama gülməli görünə bilər, amma o vaxtlar həqiqətən ortalıqda belə söz-söhbətlər gəzirdi.
P.S. Bir dəfə İkinci dünya müharibəsindən bəhs edən sənədli filmə baxırdım. Filmdə alman və sovet veteranları da danışırdılar. Alman veteranları ilə müqayisədə sovet veteranları hər mənada, bir çox cəhətdən çox nimdaş görünürdülər. Filmin altında bir nəfər maraqlı şərh yazmışdı. Yazmışdı ki, bu veteranların geyiminə, yaşadıqları evlərə baxanda müharibədə kimin qalib gəldiyi, kimin məğlub olduğu dəqiq görünür.
Mənim üzümlüyüm
Bəzən təxəyyülün məhsulu yaddaşımızda müqəddəs həqiqət kimi kök salır.
Oxuyacağınız bu mətni bir adama məktub kimi yazırdım. Yazdıqca hiss etdim ki, özümdən aslı olmadan məktub məktubluğundan çıxıb əməlli-başlı suveren yazıya çevrilir. Məktubun məktubluqdan çıxıb suveren yazıya çevrilmə prosesinin qarşısını heç cürə ala bilmirdim. Müqavimət göstərmək də yersiz idi. Mətni yazdıqdan sonra belə qərara gəldim ki, bu mətni elə sırf yazı kimi işləyim və nəticədə həm də müəyyən miqdarda qonorar əldə edim.
Son beş ildə “sənin gözündən düşməkdən qorxuram” sözlərini neçə adamdan eşitmişəm. Hətta elələrindən ki, artıq çoxdan gözümdən düşüblər, ya da onlar əvvəldən mənim üçün bir insan olaraq heç bir əhəmiyyət daşımayıblar. Onlar bir insan olaraq mənim üçün heç bir əhəmiyyət daşıma-yıblarsa, deməli heç gözümdən də düşə bilməzdilər. Amma əhəmiyyət vermədiyim, mənim üçün əhəmiyyət daşımayan adamlar birtərəfli qaydada, öz tərəflərindən əgər həqiqətən də gözümdən düşməkdən qorxurlarsa, lap yaxşı. Ola bilsin bu onları hansısa axmaq, qeyri-əxlaqi, tərbiyəsiz addım atmaqdan çəkindirər. Niyə durub adama deyim ki, sən mənim üçün heç bir əhəmiyyət daşımırsan, gözümdən düşüb, düşməməyinin mənim üçün heç bir əhəmiyyəti, istisi-soyuğu yoxdu. Gözümdən düşməkdən qorxurlarsa, qoy bu elə belə də olsun. Ümumi prosesə xeyri var, ziyanı yoxdu. Bəlkə bununla da adamlara hardasa