Mənim mübarizəm - 8. Seymur Baycan. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Seymur Baycan
Издательство: Alatoran yayınları
Серия: Mənim Mübarizəm
Жанр произведения:
Год издания: 0
isbn:
Скачать книгу
görmək istəyirsinizsə, o zaman zəhmət olmasa İvo Andriçin “Drina körpüsü” əsərini oxuyun. “Gecəyarısı uşaqları” ilə “Drina körpüsü” arasındakı dəhşətli fərqi, uçurumu elə ilk səhifələrdəcə hiss edəcəksiniz. Bu mənada Qorkinin “Klim Samginin həyatı” əsəri də kifayət qədər gözəl nümunədir.

      Yaxşı tutaq ki, Mirmehdi, Qismət, Rəvan Cavid gəncdirlər, “Gecəyarısı uşaqları”nın tiraji, məşhurluğu, aldığı mükafatlar onların gözünü qorxudub, bəs İlqar Əlfioğlu kimi tərcübəli, dərin mütaliəli adam necə Salam Rüşdinin tilovuna düşüb? İlqar bəylə Şərif Ağayarın “Gecəyarı uşaqları” barədə söhbətlərinə qulaq asdım. Həm İlqar bəyin, həm də Şərif Ağayarın mövqeyinə, fikirlərinə görə xeyli dilxor oldum. Bu yaşda parıltıya aldanmaq , əsərin tirajından, məşhurluğundan, aldığı mükafatlardan qorxmaq , “bəzəkli konfet kağızına bükülmüş cəfəngiyyata” bəh-bəhlə bəy tərifi vurmaq, yumşaq desəm ayıb sayılmalıdır.

      Bəs Qanun nəşriyyatının direktoru Şahbaz Xuduoğlu hansı fikirlə, hansı məqsədlə, hansı niyyətlə “Gecəyarısı uşaqları” adlı cəfəngiyyatı nəşr edib? Bu mənasız, axmaq kitabın əvəzinə çox rahatlıqla azı iki qiymətli əsəri nəşr etmək olardı. Məsələn, Anri Barbüsün “Atəş”, Riçard Oldinqtonun “Qəhrəmanın ölümü” əsərlərini.

* * *

      Kitabları oxuduqdan sonra tanıdığım münasib insanlara ötürürəm. Boğazıma diri ilan salsalar da “Gecəyarısı uşaqları” adlı cəfəngiyyatı heç kimə, hətta düşmənimə də ötürə bilmərəm. Belə bir kitabı evdə saxlamaq da zərərlidir. Hər dəfə görəndə qanım qaralacaq və yəqin ki, bu kitabdan evə mənfi enerji yayılacaq. Axşam gəzintisinə çıxanda başdanbaşa saxta təsvirlərdən ibarət olan, mənə olmazın zülmü vermiş bu kitabı birbaşa zibil qutusuna tullayacam və bu hərəkətimə görə mənəvi əzab zad da çəkməyəcəm. “Gecəyarısı uşaqları”nın yeri zibil qutusudur.

      Adətən yazılarda fürsətdən istifadə edib oxuculara hansısa əsəri oxumağı tövsiyə edirəm. Bu dəfə tərsinə olacaq. Oxuculara “Gecəyarısı uşaqları”nı oxumamağı şiddətlə tövsiyə edirəm. Bu kitabı yalnız bir şərtlə, romanı necə yazmamağı öyrənmək məqsədi ilə oxumaq olar.

      “Zapı” haqqında bədii-fəlsəfi esse

      “Mən bayquşam, eybəcər quşam, mən həm özümün, həm də balalarımın yaşaması üçün başqa quşları öldürürəm, mən öldürmək eşqi ilə, ölümlə məşğul oluram. Quş balalarını bəzən yuvasında ovlamaq üstündə siz məni təqsirləndirirsiz, amma siz bütün canlıları məhv edirsiz. Siz öz kitablarınızda quşların sürətlə uçmasından, qəşəngliyindən, sevişməsindən, məharətlə yuva tikməsindən, ana quşların öz balalarının qayğısına qalmasından ürək dolusu danışırsız, amma elə oradaca quşların necə bişirilməsindən, ilin nə vaxtında onların daha dadlı olmasından söhbət açırsız…”

Şarl De Koster “Ulenşpigel əfsanəsi” əsərindən

      Yaddaşın qəribə hoqqaları olur. Dayandığın yerdə səninlə duzsuz, şit zarafatlar edir. Baş aça bilmirsən yaddaş səndən nə istəyir, qarnının dərdi nədir. Məsələnin ən qəribə tərəfi isə ondan ibarətdir ki, yaş artıqca yaxın keçmişdə baş verən hadisələr yox, daha çox uzaq keçmişdə baş verən hadisələr adamın yadına düşür. Özü də uzaq keçmişdə şahidi, iştirakçısı olduğun hadisələr, gördüyün səhnələr, mənzərələr ən gözlənilməz yerlərdə, anlarda partlayışdan sonra suyun üzərinə çıxan balıqlar kimi qəfildən yaddaşın dərinliklərindən üzə çıxaraq adamı hazırlıqsız vəziyyətdə yaxalayır.

      Məsələn, təxminən bir ay əvvəl parkda gəzirdim. Gəzintidən əvvəl bir-iki bokal pivə içmişdim. Pivə də hamıya məlumdur ki, dəvə yüküdür. Adamın zəhləsini tökür. Təbii ehtiyacımı ödəmək üçün elə parkda yerləşən ictimai tualetə girməli oldum. Adətən təbii ehtiyacımı ödəyəndə aşağı tərəfə baxmıram. Uşaqlıqdan belə adət etmişəm. Dönə-dönə üzr istəyirəm, cinsi orqanım həddindən artıq balaca olduğu üçün aşağı baxanda qanım qaralır. Düzdür, bunun həyatıma, taleyimə elə bir ciddi istisi-soyuğu, təsiri yoxdur. Mənim üçün bu həyatda hər şeydən və hamıdan vacib, qiymətli şey yaxşı yazı yazmaqdır, amma yenə də, bütün hallarda hara fırlatsan da kişiyəm, aşağı baxanda qanım qaralır. Ona görə də təbii ehtiyacımı ödəyəndə aşağı tərəfə baxmıram, yuxarı tərəfə baxıram. Başımı bacardığım qədər dik tuturam. Burdan belə bir nəticəyə gəlmək olar ki, kişinin cinsi orqanı nə qədər balacadırsa başını bir o qədər də dik tutur. Yaxud da tam əksinə. Kişinin cinsi orqanı nə qədər böyükdürsə başını bir o qədər də aşağı salır. Atalar düz deyirmiş: “Bar verən ağac, başını aşağı salar”.

      Parkda yerləşən ictimai tualetdə təbii ehtiyacımı ödəyəndə adətimə uyğun olaraq yenə də başımı bacardığım qədər dik tutdum. İstər-istəməz ictimai tualetin tavanına baxdım. Tavanda nə görsəm yaxşıdır? Gördüm ki, tavandan hörümçək toru sallanır. Torda isə qurumuş milçək cəsədi lap yüngülcə yellənir. Anidən yaddaşım qıcıqlandı. Bir anda məktəbimizin tualeti yadıma düşdü. Məktəbimizin tulaetinin tavanından da həmişə hörümçək toru sallanırdı və hörümçək torunda mütləq qurumuş milçək cəsədi olurdu. Daha sonra xidmət etdiyim hərbi hissədəki tualeti xatırladım. Çünki orada da vəziyyət eyni idi. Beləcə həyatımın müxtəlif dövrlərində, müxtəlif məkanlarda gördüyüm tualetləri bir-bir məcburən xatırlamalı oldum. Bax, yaddaş adamla belə qəribə-qəribə zarafatlar edir.

      İndi də iki-üç gündür uşaqlıqda gördüyüm “Zapı”ları xatırlamaqdayam. Niyə? Bilmirəm. Səbəbi heç özümə də aydın deyil…

      Sakit, boz, hadisəsiz, davasız-dalaşsız günlərin birində ətrafa sürətlə xəbər yayıldı ki, bazarın girəcəyində tum satan M. adlı qoca kişiyə hökumət “Zapı” hədiyyə edib. Tum satan qoca bir kişiyə hökumətin maşın hədiyyə etməsinin əyalətdə məmə yeyəndən pəpə yeyənə qədər hər kəsin müzakirə etdiyi hadisəyə çevrilməmək şansı yoxdur. Əyalətin öz qanunları, öz ritmi var. Çexov “Qılaflı adam” hekayəsində yazır: “Bizim əyalətdə adamlar darıxmamaq üçün nə oyunlardan çıxmırlar, nə qədər lüzumsuz, mənasız hərəkətlər edirlər. Bunların hamısı əsl işləri görməməkdən irəli gəlir. Məsələn, bu Belikovu evləndirmək bizim nəyimizə lazımdır, axı bu adamı evli təsəvvür etmək belə mümkün deyildi. Direktorun və inspektorun arvadları, həm də bizim gimnaziya xanımlarının hamısı hərəkətə gəldilər, hətta gəşəngləşdilər də, elə bil ki, artıq həyatın məqsədini kəşf etmişdilər…”

      M. ikinci dünya müharibəsinin iştirakçısı idi. 9 Mayda, Qələbə günü gəzintisində o kişinin sinəsini ordenli, medallı görəndə bu mənzərə mənə bir az qəribə gəlirdi. Müharibədə iştirak etmiş, orden, medal almış adam görəsən niyə bazarda tum satır? Axı bu kişinin bazarda tum satması müharibədən bəhs edən, dəfələrlə baxdığımız filmlərlə, müharibəylə bağlı rəsmi təbliğatla daban-dabana ziddiyyət təşkil edirdi.

      Burada icazənizlə balaca bir haşiyə çıxmalı olacam. Sovet zamanında müharibə veteranlarına sırf xalqın münasibəti heç də yaxşı