İlon Mask - Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə. Eşli Vans. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Eşli Vans
Издательство: Altun Kitab
Серия:
Жанр произведения:
Год издания: 0
isbn: 9789952243376 
Скачать книгу
bütün istəkləri qaradərili qulluqçular tərəfindən anında yerinə yetirilirdi. Varlılar, adətən, özlərini ciddi məşğuliyyətlərlə yormurdular. Onlar inanılmaz gecə həyatı ilə fərqlənirdilər – fırlanan şişdə bişirilmiş quzular, su yerinə axan şərablar, gec saatlara qədər ağalarını əyləndirən qaradərili rəqqasələr. Uşaqlara isə dayələr baxırdı. Təbiət bənzərsiz dərəcədə gözəl idi, yaşamağa stimul verirdi. Zaman məfhumu da Qərbdən fərqli idi: Cənubi Afrikada zamanın qədrini bilmir, ona barmaqarası baxırdılar. “Bu dəqiqə’’ dedikləri beş dəqiqə də çəkə bilərdi, beş saat da. Qədim mədəniyyətlərdəki kimi hər şeyə azadlıq hissi hakimdi. Hər yerdə Afrika qitəsinin azğın enerjisi hiss olunurdu.

      Ancaq bu xoşa gələn şeylərin arxasında aparteid kabusu dolaşırdı. Cənubi Afrika şiddət, amansızlıq və fiziki zorakılığın daşdığı nəhəng qazan kimi qaynayırdı. Qaradərili qəbilələr və xüsusilə də ağlarla qaralar arasında toqquşmalar səngimirdi. Maskın uşaqlığı aparteidin ən qanlı və ən mənfur epizodları ilə eyni vaxtlara düşdü. Yüzlərlə qaradərili tələbənin ölümü ilə nəticələnən Soueto üsyanı zamanı Maskın cəmi 4 yaşı vardı. Cənubi Afrika irqçi siyasətinə görə uzun illər başqa ölkələr tərəfindən sanksiyalara məruz qaldı. Mask uşaq vaxtı xaricə gedəndə oradakı insanların Cənubi Afrikada baş verənlərə münasibətini görürdü. Digər ağdərili uşaqlar kimi o da utanc hissi keçirir, ölkəsindəki vəziyyətin bərbad olduğunu anlayırdı.

      Pretoriya və bəyaz afrikalı mədəniyyəti Maskın xarakterinə təsir etdi. O torpaqların kişilərinə xas ifrat dərəcədə sərt davranış müsbət qarşılanır, güclü, əzələli gənclərə hörmət edilirdi. Mask isə fərqli idi: utancaq, sakit halı ilə sanki bir yabançı kimi yaşayırdı. O, zaman keçdikcə insanlığı xilas etmək düşüncəsinin nə qədər doğru olduğunu görürdü. Ancaq Mask Cənubi Afrikanın konkret problemləri üzərində deyil, bəşəriyyətin gələcəyi haqqında düşünməyə başladı. Amerikanı çoxları kimi o da böyük fürsətlər ölkəsi və arzuların həyata keçdiyi arena kimi təsəvvür edirdi. İndi baxın, bu hekayə də səmimi bir şəkildə “bəşəriyyətin maariflənməsi’’ haqda düşünən, Cənubi Afrikadan çıxmış sakit bir oğlan uşağının Amerikanın ən cəsur və işgüzar iş adamı olmasının hekayəsidir.

      Mask Amerikaya iyirmi yaşlarında gəlir. Buna onun soykökünə qayıtması kimi də məna verirlər. Genealoji ağacı Maskın ana tərəfdən babalarının İsveçrə almanlarından olub Haldeman soyadı daşıdığını göstərir. Onlar Avropadan Nyu-Yorka Amerikadakı müstəqillik müharibəsi zamanı (ing. American War of Independence – ABŞ-ın müstəqilliyinin 1776-da elanı ilə nəticələnmiş 1775–83-cü illərdəki müharibə – İ.N.) köçüblər, oradan isə İllinoys və Minnesotaya səpələniblər. Maskın dayısı, ailənin qeyri-rəsmi tarixçisi sayılan Skott Haldeman bu haqda belə deyir: “Biz fermer ailəsindən gəlirik, içimizdə vətəndaş müharibəsində barrikadaların fərqli tərəfindən də insanlar olub’’.

      Uşaqlığında adı fərqli və qəribə olduğu üçün oğlanlar Maskı cırnadırmışlar. Ona 1872-ci ildə İllinoysda dünyaya gəlmiş ulu babası Con İlon Haldemanın adını veriblər. İlon Haldeman sonralar Minnesota ştatına köçür və orada Almeda Ceyn Norman adlı qadınla evlənir. 1902-ci ildə Minnesotanın Peko şəhərində onların Coşua Norman Haldeman adlı oğulları doğulur.

      Con İlon Haldeman oğlunun doğulmasından 2 il sonra şəkər xəstəliyinə tutulur. O zaman bu diaqnoz ölüm cəzasına bərabər sayılırdı. 32 yaşı olanda ona 6 ay ömrü qaldığını deyirlər. Az da olsa tibb bacısı təcrübəsi olan arvadı Almeda onun ömrünü uzatmaq üçün müalicə üsulları axtarır. Kayropraktik üsulunu (yun. chiropractic – Amerikada populyar olan alternativ, manipulyativ tibb – İ.N.) Con İlona tətbiq edir. O bu müalicə ilə beş il daha yaşayır. Bundan sonra onlar kayropraktik ənənəsi olan ailə kimi də tanınırlar. Almeda kayropraktik məktəbini bitirdikdən sonra 1905-ci ildən həkim kimi fəaliyyətə başlayır. Maskın ulu nənəsi daha sonra öz klinikasını açıb Kanadanın ilk kayropraktik həkimi olur.

      Ekssentrik və çox fərqli bir insan olan Coşua Norman İlon Maskın babası idi və o hər zaman İlon üçün nümunə olmuşdur. Coşua Norman sağlam və müstəqil uşaq kimi böyüyürdü. 1907-ci ildə ailəsi Saskaçevan düzünə köçür. O, 7 yaşında olarkən atası vəfat edir və erkən yaşda çalışmağa alışır. Yaşadığı yerin çılpaq təbiətini sevir, at minməyi öyrənir, boks və güləşlə məşğul olur. Ata olan həvəsindəndir ki, rodeo (kovboyların idman müsabiqəsi) yarışları təşkil edir. Ailə şəkillərində əynində dəri getr, əlində isə lasso var. Yeniyetməykən Coşua Ayova ştatının Palmera şəhərindəki kayropraktik məktəbində oxumağa gedir. Təhsilini başa vurub Saskaçevana qayıdır, amma fermerliklə məşğul olur.

      Depressiya illərində (ing. Great Depression – 1930-cu illərdə Amerikada tüğyan edən Böyük İqtisadi Böhran – İ.N.) Coşua Haldeman maliyyə böhranı keçirir. Fermer təsərrüfatı üçün avadanlıq alarkən istifadə etdiyi bank kreditini qaytara bilmir və nəticədə beş min akr (iki min hektardan çox) torpaqları əlindən alınır. Skott Haldeman atasının o vaxtdan banklara inanmadığını deyir. Skott atasının yolu ilə getmir, kayropraktik təhsili alaraq onurğa sütunu ağrıları üzrə dünyanın ən önəmli ekspertlərindən biri olur.

      Fermer təsərrüfatı əldən çıxınca Coşua Haldeman köçəri həyat tərzi sürür. 190 sm-lik boyu ilə inşaat meydançalarında muzdlu fəhlə kimi çalışır. Bir ara Saskaçevanda partiya quraraq siyasətlə də məşğul olur, qəzet buraxır, mühafizəkar və antisosialist yazılar yazır. Nəhayət, o da həyatını manual terapiya ilə bağlayır. O, 1948-ci ildə Kanada vətəndaşı olan rəqs müəlliməsi Uinnifred (Uin) Jozefin Fletçer ilə evlənir. Bu evlilikdən onun bir oğlu və üç qızı olur. Qızların ikisi əkizdilər: Key və Mey. Mey İlon Maskın anasıdır.

      Ailə 20 otaqdan ibarət üçmərtəbəli evdə yaşayırdı. Uinnifred burada açdığı rəqs studiyasında dərs verirdi. Hər zaman yenilik və macəra axtarışında olan Coşua Haldeman isə uçmağa meyil salır və özünə təyyarə alır. Haldeman arvadı və uşaqları ilə şəxsi təyyarələrində Şimali Amerikanı gəzdikcə xeyli tanınmağa başladılar. Siyasi tədbirlər və kayropraktiklə bağlı iclaslara təyyarəsi ilə gəlib-gedirdi. Sonralar arvadı ilə birgə “Haldemanlar uçuşda’’ adlı kitab da yazdı.

      Haldemanın həyatı öz axarı ilə gedirdi, amma 1950-ci ildə o hər şeyi atdı. Həkim və siyasətçi olan Haldeman dövlətin insanların həyatına müdaxilə etməsinə qarşı çıxır, Kanada bürokratiyasını çox zəhlətökən görürdü. Evində söyüş söyməyi, siqaret çəkməyi, koka-kola içməyi və rafinə edilmiş undan istifadə etməyi qadağan etmişdi. Haldeman Kanadada mənəviyyatın çökdüyünü iddia edirdi. Ən əsası isə Haldeman macərasız yaşaya bilmirdi. Evlərini və rəqs studiyasını satıb Cənubi Afrikaya köçməyə qərar verir. Haldeman o vaxta qədər orada heç olmamışdı. Skott Haldeman atasına 1948-ci il modeli olan Bellanca Cruisaire təyyarəsini sökməyə və onu Afrikaya göndərmək üçün konteynerə yükləməsinə yardım etdiyini xatırlayır. Afrikada təyyarəni yenidən yığıb ondan yaşamaq üçün yer arayışında istifadə etdilər. Nəhayət, Pretoriyaya yerləşməyə qərar verdilər və Haldeman yenidən manual praktikasına başladı.

      Ailənin macəra ruhu sərhəd tanımırdı. 1952-ci ildə Coşua və Uin 22 min mil (35 min km) qət edərək