İlon Mask - Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə. Eşli Vans. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Eşli Vans
Издательство: Altun Kitab
Серия:
Жанр произведения:
Год издания: 0
isbn: 9789952243376 
Скачать книгу
deyildilər. Stoppelman ozamankı vəziyyətini belə təsvir edir: “Mən yıxılmışdım, gərgin və əsəbiydim. İlon mənim gözümdə rok ulduzu kimi bir şeydi. Açıq şəkildə bir anlaşılmazlıq olduğunu hayqırırdım. Ancaq şirkətin vəziyyətinin də yaxşı olduğunu görürdüm. Batırılmaz bir gəmi idi və mən də onu tərk etmək istəmirdim’’. 23 yaşlı Stoppelman iclas otağına girib Thiel və Levçinə hücum etmişdi. Stoppelman “Onlar mənə ürəyimi boşaltmağa izin verdilər, bu da mənim şirkətdə qalmağıma yardım etdi’’ deyir. Mühəndis Branden Spayke isə fərqli düşünürdü: “Arxadan alçaqcasına vurulmuş bir zərbə idi. Əgər qərarı İlonun iştirakı ilə qəbul etsəydilər, mən, bəlkə də, razılaşardım’’.

      2001-ci ilin ortalarına doğru Maskın şirkətdəki mövqeləri hissolunacaq dərəcədə zəiflədi. İyunda Thiel rebrendiq edərək X.com adını PayPal-la əvəzlədi. Mask nadir hallarda ona qarşı göstərilən hörmətsizliyi cavabsız buraxırdı. Ancaq bu dəfə inanılmaz səbir nümayiş etdirdi. Şirkətdə məsləhətçi kimi çalışır və investisiya qoymağa davam edirdi. Bu da onu PayPal-ın ən böyük səhmdarına çevirirdi. Bota bu haqda belə deyirdi: “İlonun yerində bir başqası olsa, qəzəblənib intiqam almaq üçün fürsət axtarardı. Amma o, başqa yol tutdu: bir əsilzadə kimi hərəkət edərək Peter Thieli dəstəklədi’’.

      Sonrakı bir neçə ay Maskın gələcəyi baxımından çox həlledici olacaqdı. “Dotcom’’ avantürası sona yaxınlaşırdı, insanlar nəyin bahasına olursa olsun pullarını nağdlaşdırmaq istəyirdilər. PayPal-ı almaq üçün eBay-dan təklif gələndə çalışanların çoxu “şirkəti satmaq, hətta mümkün qədər tez satmaq” dedilər. Ancaq Mask və Moritz İdarə Heyətini təklifi qəbul etməməyə, bir az gözləyib daha baha qiymətə satmağa çağırdılar. PayPal-ın gəliri ildə 240 milyon dollar idi, özünü elə aparırdı ki, sanki təkbaşına davam gətirə biləcək. Mask və Moritzin müqaviməti bəhrəsini verdi. 2002-ci ilin iyulunda eBay PayPal-ı satın almaq üçün 1,5 milyard pul təklif etdi. İdarə Heyəti və Mask bu sövdələşməyə razı oldular. Mask bu satışdan 250 milyon dollar qazandı, vergilər ödəndikdən sonra onun əlinə 180 milyon dollar keçdi – bu pul ən iddialı layihələri həyata keçirmək üçün kifayət idi.

      PayPal macərasının Mask üçün müsbət və mənfi tərəfləri oldu. Bir lider kimi etibarı zədələndi, hətta mətbuat ilk dəfə onun üstünə düşdü. Confinity-nin ilk işçilərindən Erik Cekson 2004-cü ildə yazdığı “PayPal savaşları: eBay, mətbuat, mafiya və bütün dünya ilə döyüşlər’’ adlı kitabında şirkətin gurultulu və hadisələrlə zəngin həyatını bütün təfsilatı ilə verib. Mask kitabda səhv qərarlar verən, eqoist və inadkar kimi göstərilir. Thiel və Levçin isə dahi qəhrəmanlar kimi təqdim olunublar. Valleywag adlı Silikon Vadisinin dedi-qodu saytı Maska qarşı qaralama kampaniyasını özünün ən sevimli mövzusuna çevirmişdi. Tənqidlər elə bir həddə çatmışdı ki, oxucular Maskın PayPal-ın həmtəsisçisi olduğuna belə şübhələnir, onu “Thielin pulsuz əlavəsi’’ adlandırırdılar. Kitabın dili və bloqlardakı paylaşımlar Maskı baş verənlər barədə öz variantını yazmağa məcbur etmiş, sayta 2200 kəlməlik bir cavab məktubu göndərmişdi.

      Bu elektron məktubda Mask ədəbi istedadı ilə dalaşqan xüsusiyyətini birlədirib hadisələrə öz baxışını ortaya qoydu. O, Erik Ceksonu “yaltaq keçi’’ adlandıraraq stajorluqdan o tərəfə keçə bilməyən və şirkətin yuxarı eşelonlarında baş verənlərdən bixəbər biri olaraq göstərdi. Mask belə yazırdı: “Erik nəşriyyat tapa bilmirdi, kitabı Peter Thielin ona verdiyi pulla nəşr etdirdi. Erik Peterə sitayiş etdiyi üçün nəticə təbiidir: Peter “Cəsur ürək’’dəki Mel Gibson kimi təqdim edilib. Məni isə bir heç, uğursuz adam kimi göstərib”. Daha sonra Mask PayPal-ın həmtəsisçisi olduğunu göstərən bəzi faktları sadalayır – ən böyük səhmdar olmasını, işə qiymətli mütəxəssisləri cəlb etməsinı, uğurlu biznes-ideyalar irəli sürməsinı və s.

      PayPal-ın o günləri haqda kimlə danışdımsa, hamı Mask haqqında formalaşmış ümumi fikirlə razıdır. Onlar Ceksonun sözlərinin xəyal aləminin məhsulu olduğunu qeyd edirlər. Ceksonun belə yanaşmasında Confinity-nin X.com üzərində qələbəsinin də rolu olub. Bota PayPal-da çox adamın yaddaşla bağlı problemi olduğunu deyirdi.

      Ancaq eyni adamlar Maskın brendinqin idarə edilməsindəki səhvlərini və fırıldaqçılıqla bağlı texnoloji məsələləri yaxşı idarə etmədiyini də qeyd edirdilər. Bota bunlar haqda belə deyirdi: “Əgər Mask CEO vəzifəsində bir az da qalsaydı, şirkət iflas edəcəkdi. İlonun o dövrdəki səhvləri biznesin risklərini artırırdı’’.

      Maskın PayPal-ın guya həqiqi təsisçisi olmadığı haqda danışılanlar reallığı əks etdirmir. Thiel, Levçin və şirkətin başqa rəhbərləri də eyni şeyləri dilə gətirirdilər. Söz-söhbətlərə cavab olaraq Mask əks-hücuma keçdi, bu da ona həqiqəti söyləmək və tarixi ədaləti müdafiə etmək üçün fürsət verdi. PayPal-ın keçmiş PR müdiri Vins Sollito Maskın ictimaiyyətlə əlaqələr məsələsinə baxışı haqda belə deyir: “Onun PR haqda anlayışı bundan ibarətdir ki, buraxılan səhvləri düzəltmək lazımdır. Əks təqdirdə səhvlər təkrarlanaraq presedent olacaq. Sonra o səhvlərin hər biri üçün vuruşaraq həqiqəti ortaya çıxartmağa məcbur qalacaqsan. Mask hər məsələni şəxsi olaraq qəbul edir və qarşıdurmadan çəkinmirdi’’.

      O günlərdə Maskı ağına-bozuna baxmadan qabağa getmək həvəsinə görə tənqid edirdilər. Onun konfrontasiyaya meyli, çoxbilmişlik ədası və eqoizmi rəhbərlik etdiyi şirkətlərdə dərin çatlar yaradırdı. Nə qədər özünü ağır aparmağa çalışsa da, bu, investorları və təcrübəli menecerləri öz tərəfinə çəkmək üçün kifayət etmirdi. Zip2-də olduğu kimi PayPal-da da bu qənatə gəldilər ki, Mask CEO vəzifəsinə yaramır. Onun “satılmış işbaz”, texnologiyaları ona-buna peşkəş verən olduğunu söyləmək yalan olardı. Maskın ən azğın qarayaxanları bu ifadələri şəxsi söhbətlərlə yanaşı, camaat qarşısında da dilə gətirirdilər. Onlardan bəziləri Maskın xarakteri və hərəkətləri haqda getdikcə daha ağır kəlmələrdən istifadə edir, Maskı iş həyatında qeyri-etik, ünsiyyətdə isə vəhşi kimi qələmə verirdilər. Mənimlə söhbətlərində kitabda adlarının çəkilməsinə razı olmadılar. Bu adamlar Maskın onları məhkəmədə süründürəcəyi və bizneslərini batıracağından ehtiyat edirdilər.

      Bunları qiymətləndirmək üçün tənqidləri Maskın nailiyyətləri ilə müqayisə etmək lazımdır. Onun insanları anlama və şəbəkədəki istifadəçilərin yaratdığı texnoloji trendləri görən anadangəlmə bir fəhmi vardı. Çoxları internetin nə olduğunu anlamağa çalışarkən Mask artıq onun məqsədyönlü inkişaf mexanizmlərini hazırlayırdı. O, kahin kimi bir çox texnoloji yenilikləri – kataloqlar, xəritələr, tematik saytlar və s.-ni öncədən görmüşdü. Bu yeniliklər indi internetin ayrılmaz parçalarıdır. İnsanlar Amazon.com və eBay-dan alış-veriş etməyə alışdıqdan sonra Mask tam təşəkküllü internet bankçılığına doğru böyük sıçrayış etdi. O, standart maliyyə mexanizmlərini onlayn edəcək, daha sonra isə yeni konseptlərlə bu sahəni modernləşdirəcəkdi. İnsan təbiətinin dərin bilicisi olduğunu göstərərək qurduğu şirkətlərə marketinq, texnologiyalar və maliyyə sahələrində müstəsna uğurlar qazandırdı. Mask sahibkarlıqla yüksək səviyyədə məşğul oldu; investorlar və mətbuatla çox az adam onun kimi çalışa bilirdi. Bunları edərkən insanlarla çoxmu sərt davranırdı?