Kor çalğıçı. Владимир Короленко. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Владимир Короленко
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
Жанр произведения:
Год издания: 0
isbn: 9789952244083 
Скачать книгу
boynuna bağlanmış zınqırovların dınqıltısı eşidilməz olur, belə vaxtlarda uşağa elə gəlirdi ki, bütün bunlar həmahəng şəkildə birləşir, asta-asta çəkilib pəncərəyə tərəf uçur. Sonra isə uzun müddət xoş səslər çıxararaq onun yatağının üstündə fırlanır, qeyri-adi xəyallar doğururlar. Ertəsi gün səhər o, xoşhallıqla oyanır və anasına müraciət edərək maraqla soruşurdu:

      – Dünən… o nə idi? O necə şeydir?

      Anası işin nə yerdə olduğunu bilmədiyindən belə düşünürdü ki, gecələr gördüyü yuxular uşağı narahat edir. O özü onu yatağına uzadır, qayğıkeş ana kimi üstündə xaç çəkir, uşaq mürgüləməyə başlayan kimi isə çıxıb gedirdi. Lakin sabahı gün uşaq yenə axşamdan bəri onu narahat edən qəşəng şeylər haqqında anasına danışırdı:

      – Ana, elə yaxşı, elə gözəldir ki!

      Bu axşam ana söhbətin nədən getdiyini aydınlaşdırmaq üçün uşağın yatağı yanında bir qədər çox qalmağı qərara aldı. O, çarpayının yaxınlığında qoyulmuş stulda oturub əlindəki hörgüyə davam edə-edə oğlunun – Petrusun nəfəs almasına qulaq verirdi. Sanki uşaq dərin yuxuda idi, lakin birdən qaranlıqda onun ahəstə səsi eşidildi:

      – Ana, sən burdasan?

      – Hə, oğlum, burdayam…

      – Sən dur get, o səndən qorxur, buna görə də indiyə qədər gəlib çıxmayıb. Yuxuya getməyimə az qalıb, lakin o hələ də gəlməyib.

      Təəccüblənmiş ana uşağın bu dediklərinə heç bir məna verə bilmir, daha doğrusu, onun sözlərindən bir şey başa düşmürdü. Uşaq öz yuxuları haqqında elə bir inamla danışırdı ki, guya bütün bunlar həqiqət idi.

      Anası qalxıb oğlunu öpməyə əyildi və gizlincə bağça tərəfdən açıq pəncərəyə yaxınlaşmağa qərar verib yavaşca otaqdan çıxdı.

      Bağı hərlənib pəncərənin yanına gəlib çatmamışdı ki, məsələ aydın oldu. Ana birdən tövlə tərəfdən cənub küləyinin xışıltısına qarışaraq gələn mülayim, lətif fit səsi eşitdi. O bu səsin uşağın mürgüləmə saatlarına təsadüf etdiyini anladı, başa düşdü ki, məhz bu səs uşağın yuxusuna qarışıb onu xəyallar aləminə aparırmış.

      Qadın özü də bir neçə dəqiqə dayandı, ürəkdən çalınan fiti dinlədi, oğlunun məhz bu fit səsindən belə xoşhallandığına arxayın oldu, sonra bağın qaranlıq xiyabanı ilə Maksim dayının yanına getdi. Yolboyu o: «İohim yaxşı çalır. Çox qəribədir, üzdən kobud görünən bu nökərdə nə qədər incə hiss varmış!» – deyə düşünürdü…

      8

      İohim, doğrudan da, yaxşı çalırdı. Kamanda «Kazak», yaxud polyakların ürəkaçan «Krakovyak» havasını heç kəs onun kimi yaxşı çala bilmirdi. Bəzən o, kafenin bir küncündəki skamyada oturur, kamanı çənəsinə yaxınlaşdırır, hündür dəri papağını arxaya çəkərək əlindəki əyri yayı tarım çəkilmiş simlər üzərində gəzdirirdi. Bu zaman kafedə az adam tapılırdı ki, yerində otura bilsin. Hətta onunla bərabər kontrabasçalan taygöz qoca yəhudi Yankel belə cuşa gəlirdi.

      Bir gün İohim qonşu panın həyət qulluqçularından Mariya adlı qıza vuruldu. Həmin gündən bəri o nədənsə şən kamanını yerə qoydu. Qızın qəlbini ovsunlamaqda kaman ona kömək edə bilmədi: Mariya ağasının nökərini bu çalğıçı oğlandan üstün tutdu. Həmin gündən kamanının səsi nə yeməkxanada, nə də gənc qız və oğlanların toplaşdığı axşam yığıncaqlarında eşidildi. O, kamanını tövlədəki payanın üstündən asdı, rütubətin bu sevimli alətə zərər verəcəyini isə nəzərə almadı. Beləcə, kamanın simləri bir-birinin ardınca qırılıb töküldü. Bu simlər elə gurultulu qopub tökülürdülər ki, hətta atlar belə bundan mütəəssir olaraq kişnəyir, başlarını heyrətlə qəzəblənmiş sahiblərinə çevirirdilər.

      Kaman yerinə İohim yoldan ötən bir nəfərdən tütək aldı. Tütək ağacdan düzəldilmişdi. Görünür, İohim tütəyin ürəkdən qopan asta fəryadı ilə öz acı taleyi arasında daha çox uyğunluq tapırdı. Ya da belə düşünürdü ki, bu alət onun sınıq qəlbinin dərdlərini daha gözəl ifadə edə bilər.

      Ancaq tütək onun ümidlərini doğrultmadı. İohim aləti alıb bir-bir hərtərəfli yoxladı: çevirdi, kəsdi, suya salıb islatdı, günəşdə qurutdu, küləkdə quruması üçün nazik iplə damın üstündən asdı, bütün bunların heç bir faydası olmadı. Tütək bu kəndli oğlanın ürək sözlərinə qulaq asmırdı, mahnı yerinə fit çalır, həzin-həzin inləmək əvəzinə cır və nazik səslər çıxarırdı. Bir sözlə, İohimin əsla xoşuna gəlmirdi. Nəhayət, o, möhkəm hirsləndi, belə qərara gəldi ki, yaxşı tütək düzəltmək hər kəsin hünəri deyil, ona görə də özü tütək düzəltmək fikrinə düşdü. Bir neçə gün o, qaşlarını çataraq çölləri, bataqlıqları gəzdi, hər söyüd ağacına yanaşdı, budaqlarını yoxladı, bir neçəsini kəsdi, lakin heç biri xoşuna gəlmədi. İohim ona lazım olan yaxşı bir budaq tapa bilmirdi. Qaşları yenə də əvvəlki kimi acıqlı bir şəkildə çatılmışdı. Oğlan axtarışını davam etdirərək irəliyə getdi. Axırda tənbəl-tənbəl axan kiçik bir çayın kənarına gəlib çıxdı. Çayın durğun yerindəki su ağ zanbaqları tərpədirdi. Səssiz-səmirsiz mürgüləyərək başlarını çayın qaranlıq və sakit dərinliklərinə sallayan sıx söyüd ağacları buranı küləkdən qoruyurdu. İohim kolları aralayıb çaya yaxınlaşdı. Bir dəqiqə duruxdu, qəfildən nədənsə axtardığını elə burada tapacağını yəqin etdi. Alnındakı qırışıqlar açıldı. Qayışa bağlanmış qatlama bıçağını çəkməsinin boğazından çıxardı. Sonra bir-biriylə pıçıldaşan söyüd kollarına diqqətlə nəzər saldı, axırda da qəti addımlarla suyun üzərinə sallanmış incə və düz budağa yaxınlaşdı. O nə üçünsə əvvəlcə barmaqları ilə budağa bir-iki çırtma vurub yoxladı, onun havada necə yüngülcə tərpəndiyini nəşə ilə seyr etdi, yarpaqlarının səsinə qulaq asdı və başını tərpədərək:

      – Axtardığım, demə, burada imiş! – deyə sevinclə donquldandı. Sonra da bu vaxtadək kəsdiyi çubuqların hamısını çaya tulladı.

      İohim söyüdü qurudub ondan tütək hazırladı. Sonra bir həftəyə qədər tütək nazik ipdən asılı qaldı: günəş onu isidir, külək isə yelləndirirdi. Axırda İohim bıçaqla onu yonub şüşə ilə təmizlədi, mahud parçası ilə də bərk-bərk sildi. Onun baş tərəfi girdə idi. Ortasından aşağı düz, cilalanmış kimi görünən cizgilər enirdi, bunların üstünə o, əyri dəmirlə cürbəcür naxışlar vurmuşdu.

      İohim bir neçə dəfə tütəyi tez-tez çalaraq pərdə-pərdə7 səsini sınadı. Bu zaman həyəcanla başını tərpədir, sevinclə gülür, beləcə, tütəkdən məmnunluğunu ifadə edirdi. Axırda tütəyi götürüb yatağının yanındakı xəlvət bir yerdə gizlətdi. O, tütəyi gündüz dilləndirmək istəmirdi. Bunun əvəzində həmin gecə tövlədən lətif, həzin mahnılar və titrək səslər ətrafa yayıldı. İohim öz tütəyindən çox razı idi. Bu tütək elə bil ki, onun canının bir parçası idi. Alətin çıxardığı səslər elə bil ki, İohimin yanıqlı, həssas ürəyindən


<p>7</p>

Pərdə – bəzi simli musiqi alətlərinin (tar, saz və s.) qolundakı bölmələrdən hər biri. Bunların hər birinə barmaqla və ya mizrabla toxunduqda başqa bir səs çıxarır.