Professor Douelin başı. Александр Беляев. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Александр Беляев
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
Жанр произведения:
Год издания: 0
isbn: 9789952241358 
Скачать книгу
yeni sakinləri

      Səhər professor Kernin laboratoriyasındakı əməliyyat masasının üzərinə, həqiqətən də, iki təzə meyit qoyulmuşdu. Nümayiş etdirmək üçün nəzərdə tutulmuş bu iki yeni başdan professor Douelin varlığını gizli saxlamaq lazım idi.

      Kişi meyidi yol qəzasında həlak olmuş bir fəhləyə məxsus idi. Onun qüvvətli bədəni əzilmişdi. Yarıaçıq gözlərində qorxu donub qalmışdı.

      Kern başı ilə solğun sifətli yaraşıqlı qadın meyidinə işarə etdi.

      – Bar müğənnisidir. Sərxoş dələduzların mübahisəsi zamanı bircə güllə ilə öldürülüb. Düz ürəyindən dəyib, görürsünüz? Adam bilərəkdən vurmaq istəsə, heç belə dəqiq dəyməz.

      Professor Kern cəld işləyirdi. Tezliklə başlar gövdələrdən ayrıldı, bədənlər aparıldı. Başlar hündür masalarda yerləşdirildi. Xirtdəyə, vena və yuxu arteriyalarına borucuqlar keçirildi.

      Kern sevinirdi. Onun təntənəsi yaxınlaşırdı. Uğur qazanacağına əsla şübhə etmirdi.

      Başların nümayişinə və professor Kernin elmi cəmiyyətdə edəcəyi məruzəyə görkəmli alimlər dəvət olunmuşdu. Qəzetlərdə Kernin dühasını tərifləyən məqalələr verilirdi.

      Professor Kern əllərini yudu, siqar yandırıb qarşısındakı başları məmnunluqla seyr etdi və dedi:

      – Təkcə kranları açmaq qalır ki, başlar dirilsin. Hə, buyurun, madmazel, hər üç kranı açın. Bu böyük silindrdəki zəhər deyil, sıxılmış havadır.

      Loran özünü o yerə qoymadı.

      Kern birdən qaşqabağını töküb ciddi görkəm alaraq dedi:

      – Ancaq professor Douelin kranını açmağa icazə vermirəm. Onun səs telləri zədələnib…

      Loranın şübhəli nəzərlərini hiss edib əsəbi halda əlavə etdi:

      – Qadağan edirəm, vəssalam! Başınıza böyük bəlalar açmaq istəmirsinizsə, sözə qulaq asın. Hə, indi isə başlayaq.

      Loran kranları açdı. Əvvəlcə fəhlənin başı həyat əlamətlərini büruzə verməyə başladı. Göz qapaqları hiss ediləcək dərəcədə titrədi, bəbəkləri şəffaflaşdı.

      – Yaşayır! – Kern çığırdı. – Hava axınını artırın.

      Loran kranı bir az da açdı. Hava boğazda fışıldadı.

      – Bu, nədir?.. Haradayam? – baş dilləndi.

      – Xəstəxanadasınız, əziz dost, – Kern dedi.

      – Xəstəxanada? – Baş gözlərini dolandırıb öz altında boşluq gördü. – Bəs ayaqlarıma nə olub? Əllərim hanı? Bədənimi də görmürəm. Bu, nə həngamədir?

      – Bədənin xurd-xəşil olmuşdu, quzum, kəsib atdıq. Bircə başın salamat qalıb.

      – Necə yəni “kəsib atdıq”? Bu, nə deməkdir? Mən razılıq vermirəm! Bu, nə cür əməliyyatdır! Belə vəziyyətdə mən kimə lazımam? Tək bir başla çörək qazana bilməzsən. Mənə qollarım lazımdır. Bizim xəstəxanalara yaxşı bələdəm. Az-maz saxlayandan sonra “sağalmısan” deyib atacaqlar küçəyə.

      Onun danışıq tərzi, qarayanız çil-çil sifəti, sadəlövh nəzərlərlə baxan mavi gözləri kənd adamı olduğundan xəbər verirdi.

      – Adınız nədir? – professor Kern soruşdu.

      – Tomas Buş.

      – Məsələ belədir, Tomas… Siz heç nədən korluq çəkməyəcəksiniz. Narahat olmayın, sizi küçəyə də atmayacaqlar.

      – Mən heç nə başa düşmürəm, bizi havayı yedizdirəcəksiniz, yoxsa pulla yarmarkalarda göstərəcəksiniz?

      – Göstərməyinə göstərəcəyik, amma yarmarkalarda yox. Alimlərə göstərəcəyik. İndi isə dincəlin, – deyib Kern qadın başına tərəf döndü. – Brike, nədənsə, özünü gözlətməyə məcbur edir.

      – Bu, nədir? – Tomas soruşdu.

      – Görürsünüz, darıxmayasınız deyə, yanınıza xanım da dəvət etmişik… – professor Kern dilləndi. – Loran, onun kranını bağlayın bizə mane olmasın.

      Brikenin başı dirilib danışmaq iqtidarında olan kimi xırıltılı səslə zarımağa başladı:

      – Ah, ah, mənim bədənim… Mənim bədbəxt bədənim… Siz mənim başıma nə oyun açıbsınız?! Belə qalmaqdansa, ölmək yaxşıdır!

      Brike bir qədər sakitləşdikdən sonra professor Kernin izahatlarını səssizcə dinləməyə başladı və dedi:

      – Deyirsiniz məni diriltmisiniz? Nə qədər savadsız olsam da, başın bədənsiz yaşaya bilməyəcəyini anlayıram. Elə isə bu nə sehrdir?

      – Bu, elmin nailiyyətidir.

      – Elminiz belə möcüzələrə qadirdisə, onda mənə başqa bir bədən də calaya bilərsiniz. Axmaq Jor güllə ilə sinəmi parçaladı. Ancaq gülləni alnına sıxan qızlar məgər azdır? Onlardan birinin bədənini kəsib mənim başıma bitişdirə bilməzsiniz? İntəhası, bədənləri əvvəlcə mənə göstərməlisiniz. Mütləq qəşəng bədən seçmək lazımdır.

      Brike sonra Lorandan güzgü istəyib bir xeyli özünə tamaşa etdi.

      – Dəhşətdir!.. Siz mənim saçlarımı daraya bilərsiniz?

      Kern qımışaraq dedi:

      – Loran, işiniz artdı. Təbii ki, mükafatınız da artırılacaq.

      Professor Kern laboratoriyanı tərk etdikdən sonra, Loran Douelin başını yoluxmağa getdi. Douelin gözlərindən qəm-qüssə yağırdı.

      – Yazıq, mənim zavallım, – deyə Loran pıçıldadı. – Tezliklə intiqamınız alınacaq!

      Başın işarəsilə Loran hava kranını açdı.

      – Yaxşısı budur ki, mənə təcrübələrin necə keçdiyindən danışasınız, – baş kədərlə gülümsədi.

      Başlar əylənirlər

      Douelə nisbətən Tomas və Brikenin başları öz yeni varlıqlarına daha çətin alışırdılar. Douelin beyni indi də əvvəllər olduğu kimi elmi işlərlə məşğul idi. Tomas və Brike isə sadə adamlar olduqlarından, bədənsiz yaşayışın onlar üçün heç bir mənası yox idi. Təbii ki, onlar çox tez darıxmağa başladılar.

      – Məgər bu da həyatdır? – Tomas şikayətlənirdi. – Kötük kimi bir yerdə bitib qalmışam. Divarlardakı hər dəlmə-deşiyə azı min dəfə baxmışam. Heç nə ilə məşğul ola bilmirəm.

      Başların ovqatı Kerni narahat edirdi. Nümayiş olunacaqları günə qədər onlar xiffətdən ölə bilərdilər.

      Bir müddət onları filmlərlə əyləndirməyə çalışdılar. Ancaq qəhrəmanların cəld hərəkətləri, döyüş səhnələri, uşaqlığını keçirtdiyi kənd mənzərələri Tomasa pis təsir etdi. Kübar cəmiyyətin bal səhnəsi, rəqs edən gözəl qadınların zinətli geyimləri isə Brikeni əməllicə sarsıtdı.

      – İlahi, mən necə qəşəng rəqs edərdim! – Brike göz yaşları içində