Professor Douelin başı. Александр Беляев. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Александр Беляев
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
Жанр произведения:
Год издания: 0
isbn: 9789952241358 
Скачать книгу
anlaşılmaz gurultu var idi. Yenidən gözlərimi yumdum. Bildiyiniz kimi, insan ölərkən bütün hissiyyat orqanlarının fəaliyyəti eyni vaxtda dayanmır. Əvvəlcə adam dadbilmə duyğusunu itirir, sonra görmə qabiliyyətini, daha sonra eşitməkdən qalır. Görünür, dirilmə zamanı həmin ardıcıllıq əksinə olur. Xeyli müddətdən sonra göz qapaqlarımı təzədən qaldırdım. Sanki suyun çox dərin qatlarına enmişdim. Yaşılımtıl duman çəkiləndə Kernin sifətini sezdim, həm də səsini eşitdim: “Özünüzə gəldinizmi? Sizi yenidən sağ görməyimə çox şadam”. Aşağıya baxanda düz çənəmin altında stol gördüm. Bir az kənardakı stolun üstünə kiminsə başsız bədəni qoyulmuşdu. Bədən mənə olduqca tanış gəldi. Şüşə qutuda ürək döyünürdü. Heyrətlə Kernə baxdım. Hələ heç nə anlamırdım. Əlimi uzatmaq istədim, ancaq əllərim yox idi. “Bu nə işdir”, – deyə Kerndən soruşmaq istədim, yalnız dodaqlarım səssizcə tərpəndi. Kern isə mənə baxıb gülümsəyirdi. “Tanıya bilmirsiniz? – başı ilə stola işarə edərək dedi. – Sizin bədəninizdir. Canınız təngnəfəslikdən birdəfəlik xilas oldu”. O hələ zarafat da edirdi!.. Mən hər şeyi başa düşdüm.

      – Bütün bunlardan sonra siz yenə də onunla işləyirsiniz? – Loran hiddətlə soruşdu. – Oğru, qatil olduğu halda şöhrət zirvəsinə qalxmaqda Kernə kömək edirsiniz? Məni bağışlayın, professor, amma sizi başa düşmürəm. Doğrudanmı, etiraz etmədən, itaətlə ona işləyirsiniz?

      Baş qəmli-qəmli gülümsədi.

      – Demək istəyirsiniz ki, baş üsyan etməlidir?! Mən intihar etməkdən də məhrumam.

      – Axı ona işləməkdən boyun qaçıra bilərdiniz!

      – Açığını bilmək istəyirsinizsə, bunu da sınaqdan çıxarmışam. Ancaq mənim üsyanım Kernin beynimdən istifadə etməsindən irəli gəlmirdi. Yeni varlığıma öyrəşə bilmirdim. Belə yaşamaqdansa, ölümü üstün tuturdum. Elmi işi davam etdirməkdən boyun qaçıranda o, ən qəddar tədbirlərə əl atdı. Elektrodları gicgahlarıma bərkidib cərəyan buraxmazdan əvvəl mülayim tərzdə dedi: “Əziz həmkar, siz tamamilə mənim ixtiyarımdasınız. Sizə ən dəhşətli işgəncələr verərəm, heç kim də məni cəzalandıra bilməz. Həyatınızın ağır olduğunu anlayıram, ancaq bu, mənim günahım deyil. Odur ki bu işi sülhlə qurtarmaq daha yaxşı olmazmı?” Dodaqlarım səssizcə “yox” sözünü pıçıldadı. “Məni məyus edirsiniz, həmkar”, – deyib Kern başıma elektrik cərəyanı buraxdı. Elə bil közərmiş şişlə beynimi deşdilər. “İndi necəsiniz?” – həkim xəstədən soruşurmuş kimi, qayğı ilə xəbər aldı. Mən yenidən “yox” deyəndə cərəyanı gücləndirdi. Elə bildim başım alovlanır. Ağrı dözülməz idi. Şüurum tutqunlaşdı. Şüurumu itirməyi, ölməyi necə də arzulayırdım. Əfsuslar olsun ki, bunların heç biri baş vermədi. Kern papiros çəkib, tüstünü üzümə üfürür, başımı odda qızdırmaqda davam edirdi. Artıq məni dilə tutmağa çalışmırdı. Gözlərimi açanda göstərdiyim inaddan onun quduzlaşdığını gördüm. “Lənət şeytana! Beyniniz mənə lazım olmasaydı, bu saat onu qızardıb itimə verərdim!” Elektrodları başımdan qoparıb uzaqlaşdı. Amma sevinmək hələ tez idi. Tezliklə geri qayıdıb başımı qidalandıran məhlula əzablı ağrılar verən qüvvətli maddələr daxil etdi. Sifətimi turşudanda soruşdu: “Hə, həmkar, qərara gəlirsiniz? Hələ yox?” Lənətlər yağdıra-yağdıra çıxıb getdi. Qələbəmə sevinirdim. Bir neçə gün Kern laboratoriyada görünmədi, mən isə ölüb xilas olacağımı gözləməkdə idim. Beşinci gün heç nə olmamış kimi, fit çala-çala gəldi. Mənə baxmadan işi davam etdirməyə başladı. İki-üç gün ona göz qoydum. İş məni maraqlandırmaya bilməzdi. Onun təcrübələr zamanı işimizin nəticələrini tamamilə korlaya biləcək səhvlərə yol verdiyini görəndə dözmədim. Ona işarə etdim. Kern razılıq ifadə edən təbəssümlə: “Çoxdan belə olmalı idi!” – dedi və boğazıma hava buraxdı. O vaxtdan yenə işə rəhbərlik edirəm.

      Böyük şəhərin qurbanları

      Başın sirrini öyrənəndən sonra Loran Kernə nifrət etməyə başladı. Bu hiss gündən-günə güclənirdi. O, Kernlə qarşılaşanda “Qatil!” deyə bağırmaqdan özünü zorla saxlayırdı.

      Bir dəfə başla təklikdə qalanda Mari:

      – Kern dəhşətli qatildir! – dedi. – Bu barədə məlumat verəcəyəm. Törətdiyi cinayəti aləmə yaymayınca, oğurladığı şöhrəti geri qaytarmayınca sakitləşməyəcəyəm.

      – Sakit olun, özünüzü ələ alın, – Douel onu dilə tutdu. – Mənim ondan qisas almaq fikrim yoxdur. Ancaq bir halda ki, vicdanınızın səsi sizi intiqam almağa çağırır, sizi dilə tutmayacağam, lakin bir xahişim var, tələsməyin. Rica edirəm, təcrübələrimiz yekunlaşana qədər gözləyin. Bu saat Kernin mənə ehtiyacı olduğu kimi, mənim də ona ehtiyacım var. Nə o, mənsiz işi başa çatdıra bilər, nə də mən onsuz. Mənə qalan da elə budur. Mən daha heç nə yarada bilmərəm, başladığım elmi işi isə axıra çatdırmaq lazımdır.

      Kabinetdən addım səsləri gəldi.

      Loran tez kranı bağladı. Əlinə keçən ilk kitabı götürüb əyləşsə də, qəzəbdən hələ özünə gəlməmişdi. Douelin başı isə mürgüləyirmiş kimi göz qapaqlarını endirdi.

      Professor Kern içəri girdi. O, şübhəli nəzərlərlə Loranı süzdü.

      – Nə olub? Olmaya nə isə sizi narahat edir? İşlər qaydasındadırmı?

      – Hər şey qaydasındadır… Bir az ailədə söz-söhbət…

      – Qoyun nəbzinizi yoxlayım.

      Loran könülsüz halda əlini uzatdı.

      – Şiddətlə vurur… Əsəbləriniz gərgindir… Əlbəttə, əsəbi adam üçün ağır işdir. Bununla belə, sizdən razıyam. Maaşınızı ikiqat artırıram.

      – Təşəkkür edirəm, mənə lazım deyil.

      – Pul kimə lazım deyil? Axı ailəniz var.

      Loran dillənmədi.

      – Hə, məsələ belədir. Hazırlıq görmək lazımdır. Professor Douelin başını laboratoriyanın arxasındakı otağa keçiririk… Müvəqqəti olaraq, həmkar. Yatmamısınız ki? – deyə başa müraciət etdi. – Sabah bura iki təzə meyit gətirəcəklər. Onlardan bir cüt qəşəng, danışan baş düzəldib elmi cəmiyyətə göstərərik. Kəşfimizi ortaya çıxarmağın vaxtı çatıb.

      Kern təzədən sınayıcı nəzərlərlə Lorana baxdı.

      Nifrətini vaxtından əvvəl büruzə verməmək üçün Loran laqeyd görkəm almağa çalışdı və ağlına gələn ilk sualı verdi:

      – Kimlərin meyitləri gətiriləsidir?

      – Qabaqcadan bunu heç kəs bilmir. Çünki onlar hələ meyit deyil, dipdiri, səndən, məndən sağlam adamlardır. Mən buna tamamilə əminəm. Çünki mənə tamamilə sağlam adamların başları lazımdır. Ancaq sabah həmin adamları ölüm gözləyir. Bir saat keçməmiş isə bu cəsədlər iş stolunun üstündə olacaqlar. Bu, mənim boynuma.

      Kerndən hər şey gözləyən Loran ona elə qorxmuş nəzərlərlə baxdı ki, professor bir anlığa çaşdı, sonra qəhqəhə çəkdi:

      – Burada