Professor Douelin başı. Александр Беляев. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Александр Беляев
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
Жанр произведения:
Год издания: 0
isbn: 9789952241358 
Скачать книгу
title>

      İlk görüş

      – Buyurun əyləşin.

      Mari Loran yumşaq meşin kresloda oturdu.

      Professor Kern zərfi açıb məktubu oxuduğu müddətdə qız kabineti tələsik gözdən keçirdi.

      Otaq son dərəcə darıxdırıcı olsa da, işlə məşğul olmaq üçün əlverişli idi – diqqəti heç nə yayındırmırdı. Qara palıd ağacından düzəldilmiş mebel, tünd rəngli divarlar, pərdələr.

      Loran Kernə nəzər salanda gülümsədi: professorun özü kabinetin üslubuna uyğun idi. Ağır gövdəsi mebelin bir hissəsinə bənzəyirdi. İri çeşməyi, irəli çıxmış kvadrat şəkilli çənəsi onun sifətinə dekorativ maska görkəmi verirdi.

      – Həmkarım Sabatye sizin barənizdə danışıb. Mənə, doğrudan da, köməkçi lazımdır. Həkimsiniz? Çox yaxşı. – Professor arıq barmağı ilə stolu bir xeyli döyəclədikdən sonra gözlənilməz bir sual verdi: – Susmağı bacarırsınızmı? Siz qadınsınız. Bu, məni heç açmır. Qadınlar boşboğaz olurlar. Üstəlik, gözəlsiniz. Bu isə lap betər.

      – Bunun işlə nə əlaqəsi?

      – Sizin əriniz, nişanlınız, dostluq etdiyiniz bir adam ola bilər. Onda bütün sirlər aləmə yayılar. Siz balıq kimi lal olub burada görəcəyiniz, eşidəcəyiniz hər şey barəsində susmalısınız. Bu şərtimi qəbul edirsiniz? Bu şərti qəbul etməsəniz, əməkdaşlığımız baş tutmayacaq.

      Loran tutuldu.

      – Mən razıyam… ancaq…

      – “Cinayət yoxdursa” demək istəyirsiniz? Tamamilə arxayın ola bilərsiniz. Siz heç bir məsuliyyət daşımayacaqsınız… Əsəbləriniz necə, qaydasındadır?

      – Mən sağlamam.

      – Nəslinizdə ürək, əsəb xəstəliyinə tutulmuş adam olubmu?

      – Xeyr.

      Kern başını razılıqla tərpədib elektrik zənginin düyməsini basdı.

      Qapı səssizcə açıldı. Yarıqaranlıq otaqda qara kostyumlu zəncinin yalnız gözləri ağarırdı.

      – Con, madmazel Loranı laboratoriya ilə tanış edin.

      Zənci başının işarəsi ilə Lorana ardınca gəlməsini təklif edib ikinci qapını açdı.

      Darıxdırıcı kabinetin yarıqaranlığından sonra divarların ağlığı onun gözlərini qamaşdırdı. Cərrahiyyə alətləri düzülmüş şkafların şüşələri parıldayırdı, polad və alüminium cihazlar bərq vururdu.

      Otağın ortasında böyük stol var idi. Stolun yanındakı şüşə qutuda insan ürəyi döyünürdü. Ürək borucuqlar vasitəsilə balonlara birləşdirilmişdi.

      Loran üzünü yana çevirəndə diksindi. Ona insan başı baxırdı – bədəndən ayrılmış baş!

      Bu baş dördkünc şüşə lövhəyə bərkidilmişdi. Lövhə hündür metal ayaqlar üstündə dururdu. Kəsilmiş arteriya və venalara qoşa-qoşa keçirilən borucuqlar şüşə lövhənin dəliklərindən keçib balonlara gedirdi. Nisbətən yoğun bir borucuq isə boğazla iri bir silindri birləşdirirdi.

      Baş kirpiklərini qırpa-qırpa kədərlə Lorana baxırdı. Bədəndən ayrılmış başın normal şüura malik oduğuna şübhə yox idi.

      Bu başın yaxın zamanlarda vəfat etmiş görkəmli cərrah Douelin başına çox oxşadığı Loranın nəzərindən qaçmadı. Professor Douel kəsilmiş bədən üzvlərini diriltməklə məşhurlaşmışdı. Mari Loran onun mühazirələrində dəfələrlə olduğundan bu geniş alnı, dalğalı gümüşü saçları, mavi gözləri yaxşı yadında saxlamışdı. Bəli, bu, həqiqətən də, professor Douelin başı idi, yalnız burnu və dodaqları bir qədər nazilmiş, yanaqları dartılmış, gözləri çuxura düşmüş, ağ dərisi sarımtıl rəng almışdı.

      Loran sehrlənmiş kimi nəzərlərini bu mavi gözlərdən ayıra bilmirdi.

      Baş səs çıxartmadan dodaqlarını tərpətdi.

      Loranın əsəbləri tab gətirmədi. O, az qala huşunu itirmişdi. Zənci onun qoluna girib otaqdan çıxartdı.

      Loran kresloda oturaraq:

      – Dəhşətdir, dəhşətdir, – deyə təkrar edirdi.

      Professor Kern barmaqları ilə dinməzcə stolu döyəcləyirdi.

      – Doğrudanmı, bu baş…

      – Professor Douelindir? – Kern onun sözünü kəsərək dedi. – Bəli, Douelindir. Vəfat etmiş möhtərəm həmkarımın yenidən həyata qaytardığım başıdır. Təəssüf ki, onun təkcə başını dirildə bilmişəm. Yazıq Douel çarəsi hələ tapılmayan azara mübtəla olmuşdu. Ölərkən bədənini birlikdə apardığımız elmi təcrübələr üçün vəsiyyət etdi. Mən də işə başlayıb, loru dildə desək, tək ruhunu deyil, şüurunu da dirildə bildim. İndiyə qədər insanlar ölümü dəhşətli sayırdılar. Məgər ölüləri diriltmək bəşəriyyətin ən böyük arzusu olmayıbmı?

      – Mən belə dirilməkdənsə, özümə ölüm arzulayardım.

      – Düzdür, belə dirilmə narahatlıqdır. Zavallı Douelə bu cür natamam görkəmdə camaat qarşısında görünmək yaxşı düşməzdi. Ona görə təcrübəni gizli saxlayırıq. Douelin öz arzusu belədir.

      – Bəs professor Douel, daha doğrusu, onun başı bu arzunu necə ifadə etdi? Baş danışa bilirmi?

      Professor Kernin üzündə ani çaşqınlıq sezildi.

      – Yox… Douelin başı danışmır. Eşidir, anlayır, üzünün mimikası ilə cavab verir. – Söhbətin mövzusunu dəyişmək üçün Kern soruşdu: – Demək, təklifimi qəbul edirsiniz? Çox gözəl. Sabah səhər doqquz üçün sizi gözləyirəm. Ancaq yadınızdan çıxarmayın: susmaq, susmaq, yenə də susmaq.

      Kranın sirri

      Mari Loranın həyatı asan keçməmişdi. Atası öləndə qızın on yeddi yaşı vardı. Xəstə anasının qayğıları da onun üstünə düşmüşdü. Həkimliyi oxuyub qurtarandan sonra bir xeyli iş axtardı. İşin qəribəliyinə baxmayaraq, professor Kernin təklifi onun üçün vəziyyətdən çıxış yolu oldu.

      İki həftə olardı ki, Kernin yanında işləyirdi. Görməli olduğu iş o qədər də çətin deyildi. Gün ərzində başın həyatını təmin edən cihizlara nəzarət etməli idi. Gecələr isə bu işi Con görürdü.

      Professor Kern nə iş görəcəyini ona göstərmişdi. Ancaq boğaza gedən nisbətən yoğun borunun kranını açmağı ciddi qadağan etmişdi:

      – Kran açılsa, baş dərhal həlak olar.

      Mari tədricən başa alışmış, hətta onunla bir qədər dostlaşmışdı da. Səhərlər təmiz havadan yanaqları qızarmış halda laboratoriyaya daxil olanda baş gülümsəyir, göz qapaqlarını tərpədib salam verirdi. Az sonra aralarında məhdud da olsa, şərti bir dil yarandı. Göz qapaqlarını endirməsi “hə”, yuxarı baxması “yox”u bildirirdi.

      Loran çox ehtiyatla Douelin üzünü su ilə qarışdırılmış spirtlə yuyur, qulaqlarını pambıqla silir, saçlarını qaydaya salır, xüsusi borucuqlar daxil etməklə ağzını və burnunu yuyurdu.

      Onun əlləri başa ehmalca toxunanda Douelin sifətində bu təmasdan razılıq ifadəsi yaranırdı.

      – Bu gün hava çox xoşdur, – Loran danışırdı. – Səma gömgöydür. Hava təmiz, şaxtalıdır. Adam köks dolusu nəfəs almaq istəyir. Bir baxın, günəş necə şəfəq saçır, lap yazda olduğu kimidir.

      Belə anlarda professor Douelin dodaqları kədərlə büzülür, qəmli nəzərləri pəncərəyə dikilirdi. Qızın özünə acığı tutur, yüngülcə qızarır, başın imkanı xaricində olan hər hansı bir şey barədə danışmaqdan özünü saxlayırdı. Mari bu başa köməksiz, təbiətin özü tərəfindən incidilmiş bir uşağa olduğu kimi analıq şəfqətilə yanaşırdı.

      Səhərlər professor Kern gələnə qədər baş mütaliə ilə məşğul olurdu. Loran təbabətə aid son jurnal və kitabları gətirib başa göstərirdi. Baş onları gözdən keçirir, lazımi məqalədə qaşlarını tərpədirdi.