Xristofor Kolumb. Я. М. Свет. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Я. М. Свет
Издательство: Altun Kitab
Серия: Tarixi yaradanlar
Жанр произведения:
Год издания: 0
isbn: 9789952244670
Скачать книгу
edir ki, layihənin müəllifi nüfuzlu şəxslərin etibarını qazanaraq kralla kraliçanın qəbuluna dərhal düşə bilmişdi. Bunda Rabidə monastırı başçısının verdiyi zəmanət kağızının rolu da danılmazdır. De Marçena həmin məktubu vermişdi ki, Kolumb onu kraliçanın müşaviri Ernando de Talaveraya çatdırsın. Talavera Salamankada ilahiyyat təhsili almışdı və Prado kəndində monastırın başçısı olmuşdu. Həmin vaxtlar monastıra tez-tez baş çəkən İzabella sonradan onu məsləhətçi vəzifəsinə götürmüşdü.

      Talavera Kolumbun layihəsi ilə tanış olduqdan sonra dövlət maraqlarından çıxış etdi: layihəyə soyuq yanaşdı. Çünki onun uğur gətirəcəyinə şübhə ilə yanaşırdı. Üstəlik, hesab edirdi ki, Qranada ilə müharibə getdiyi bir vaxtda xarici ekspedisiyalara ehtiyac yoxdur.

      Lakin onu da demək lazımdır ki, sarayda Talavera olmasa, Kolumb kral cütlüyünün qəbuluna belə tez (beşinci ayda) düşə bilməzdi.

      1486-cı il yanvarın 20-də İzabella və Ferdinandla görüşən görkəmli dənizçi gəmi səfərinə çıxacağı marşrutu cızdığı dünya xəritəsini onlara göstərdi. Lakin kral və kraliça da Kolumbun layihəsinə şübhə ilə yanaşdılar.

      Dieqo Kolonun xahişi ilə Andres Karral adında birinin 1512-ci ildə məhkəmə zamanı verdiyi çox maraqlı ifadəsi var. Kolon həmin vaxt atasının mirası ilə bağlı Kastiliya krallığına məhkəmə davası açmışdı. Həmin ifadəyə görə, ətrafındakılar krala məsləhət görüblər ki, Admirala inanmasın. Onda Admiral xahiş edib ki, kral layihə ilə bağlı yekun fikir bildirməyi etibar etdiyi adama tapşırsın. Ferdinand razılaşır və bunu müqəddəs Fransisko ordeninin bir rahibinə həvalə edir. Həmin rahib sonradan alihəzrətə deyir ki, Admiralın layihəsinə güvənmək olar.

      Ekspert qismində rəy bildirən bu şəxs Antonio de Marçena idi!

      1486-cı il fevralın 24-də Marçena kral cütlüyünün qəbuluna gəldi. Onları Kolumbun layihəsini qiymətləndirmək üçün xüsusi komissiya yaratmağa inandırdı. Ardınca isə təklif etdi ki, dostu Ernando de Talavera komissiyanın rəhbəri təyin olunsun.

      Bundan sonra kral və kraliça xüsusi komissiyanın yaradılmasını tapşırdılar. Komissiyaya astroloqlar və dənizçilər daxil edildi. Talaveranın köməkçisi isə hüquqşünas və diplomat Rodriqo de Maldonado oldu.

      De Maldonado 1479–1480-ci illərdə Kastiliya ilə Portuqaliya arasında sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı çox mürəkkəb danışıqlarda iştirak etmişdi. Tərəflər iki ölkənin hüdudlarını orijinal tərzdə bölmüşdülər. Xəritədə üfüqi xətt çəkilmişdi. Həmin xətt Kanar adalarının cənubundan keçirdi. Bütün okean və xətdən cənubdakı torpaqlar Portuqaliyanın, Kanar adaları və Okeanın şimaldakı hissəsi Kastiliyanın idi.

      Maldonado narahat idi ki, Kolumbun layihəsi iki ölkə arasındakı bu razılığı poza bilər.

      1486-cı ilin payızınadək Talaveranın rəhbəri olduğu komissiya dəfələrlə toplaşdı və Kolumbun layihəsini qızğın şəkildə müzakirə etdi. Lakin son qərar verilmədi.

      1487-ci ildə Kastiliya qoşunu Qranada əmirliyinin ikinci böyük şəhəri Malaqanı bir neçə aylıq mühasirədən sonra ələ keçirdi. Bu qələbəyə hədsiz sevinən kral cütlüyü Kolumbu Kordovadakı iqamətgahlarına çağırdı. Həmin görüş Kolumbun ümidlərini doğrultmadı. Kral cütlüyü görkəmli dənizçiyə layihəni maliyyələşdirməklə bağlı qəti cavab vermədi. Lakin həmin il oktyabrın 15-də əlahəzrətin əmri ilə xəzinədən Kolumba pul ayrıldı.

      Elə həmin vaxt Xristofor Kordovada Beatris Enrikes de Arana ilə tanış oldu. Qızın onda on doqquz-iyirmi yaşı olardı.

      Kolumb ilə Beatris birgə yaşamağa başladılar. Bir müddət sonra, 1488-ci ilin avqustunda isə oğulları Fernando dünyaya gəldi.

      Kolumb Beatrislə nikah bağlamayıb, bu da görkəmli dəniz səyyahının bir çox bioqrafını son dərəcə heyrətləndirir.

      Sonradan vəziyyət Kolumbu öz sevgilisini və yeni doğulan körpəni tərk etməyə məcbur etdi. Ancaq o, Beatrisi unutmadı, üstəlik, böyük oğlu Dieqoya tapşırdı ki, tez-tez onları yoluxsun.

      Dieqo atasının iradəsini yerinə yetirdi. Lakin gələcəkdə Beatrisdən olan oğlu Fernando bir dəfə belə Kolumbu xatırlamayacaq, hətta öz məzar kitabəsində atasının adını yazdırmağı «unudacaqdı».

      Fernandonu bağışlamaq çətindir, ancaq onu başa düşmək olar. O, Kolumbun qeyri-qanuni oğlu hesab edilirdi, ata mirasına haqqı çatmırdı. Kastiliya qanunları ailənin kiçik uşaqlarına, üstəlik, qeyri-qanuni oğullara qarşı amansız idi. Yalnız böyük oğullar atanın varisi ola bilərdilər.

      Kolumbun isə həyatında payız sevgisi dərin iz qoyub. Şübhəsiz ki, Beatris yüksək mənəviyyata sahib idi. Məhz buna görə taleyin üz döndərdiyi Kolumbu ağır günlər yaşadığı bir vaxtda sevib, ondan heç zaman maddi olaraq heç nə tələb etməyib. Gənc qadına, əsasən, doğmaları kömək edib, ona qayğı göstəriblər. Nikahsız olduğu halda dünyaya uşaq gətirdiyi üçün yaranan qeybətlərə, dedi-qodulara mətanətlə sinə gərib. Bu dedi-qodular, qeybətlər tədricən öləziyib, çünki Kordovada adət-ənənələr Kastiliyanın şimalı ilə müqayisədə bir o qədər də sərt deyildi. Burada təsadüfi əlaqələr kəskin qınaq obyektinə çevrilmirdi.

      Kolumb isə sonralar öz təzə qohumlarını layiqincə qiymətləndirmiş, onlara daim etibar eləmişdi. Beatrisin əmizadəsi Dieqo de Arana ilk gəmi səfərində görkəmli dənizçinin ən sadiq silahdaşı olmuşdu. Kolumb Yeni Dünyada avropalıların ilk yaşayış məntəqəsi sayılan Navidad qalasının komendant vəzifəsini də ona həvalə etmişdi.

***

      Kolumb həmişə aza qane olan adam idi. Ancaq kasıbyana yaşamaq üçün belə hər ay ən azından iki-üç min maravedi23 xərcləmək lazım gəlirdi. Kral cütlüyü isə ona 1487-ci ildə vur-tut on min maravedi vermişdi. Beatrislə eşq yaşamağa başlayanda Kolumbun xərcləri artmışdı. Odur ki kral və kraliçanın verdiyi pul azlıq edirdi.

      Kolumb 1488-ci ilin birinci yarısında eşitdi ki, Portuqaliya kralı II Juan bir il əvvəl Azor adalarının kapitan-qubernatoru Fernana Dulmonu sirli Yeddi şəhər adalarını24 axtarmağa göndərib.

      Doğrudan da, Dulmo və Madeyra sakini Afonso di İştreyto ilə kral 1486-cı ilin iyulunda müqavilə bağlamışdı. Müqaviləyə görə, II Juan hələ kəşf edilməmiş Yeddi şəhər adalarını «Fernan Dulmo və varislərinə» bağışlamışdı.

      Bu ekspedisiya haqqında başqa məlumat yoxdur. Ola bilsin, Dulmonun ekspedisiyası heç açıq dənizə çıxmamışdı. Ancaq bu xəbər Kolumbu narahat etməyə bilməzdi. Axı onun məqsədi kral II Juana məlum idi və Dulmonun ekspedisiyasına Asiyaya qərb yolunun axtarışına cəhd kimi baxmaq olardı.

      Bu səbəbdən Kolumb II Juana məktub ünvanladı və ona öz xidmətini təklif etdi. Kral məktubu dərhal cavablandırdı. O, Kolumbu «bizim dəyərli dostumuz» adlandıraraq Portuqaliyaya dəvət etdi.

      Kral məktubu 1488-ci il martın 20-də imzaladı və Sevilyaya göndərdi. Ancaq bu məktubu alan Kolumb dərhal Lissabona yollanmadı. O, kral cütlüyünün sarayında bəxtini bir daha sınamaq qərarına gəldi.

      1488-ci il martın sonunda Kolumb Valensiyaya gəldi, daha sonra isə kral və kraliçanın məiyyətləri ilə onların arxasınca Mursiyaya getdi. Lakin İzabella ilə Ferdinandın qəbuluna


<p>23</p>

Maravedi – Portuqaliya və İspaniyada pul vahidi

<p>24</p>

Yeddi qızıl şəhər – Pireney yarımadasında orta əsrlərdə yaranan əfsanə