Ovod. Этель Лилиан Войнич. Читать онлайн. Newlib. NEWLIB.NET

Автор: Этель Лилиан Войнич
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
Жанр произведения:
Год издания: 0
isbn: 9789952241297 
Скачать книгу
etdirə bilərik. Əmin ola bilərsiniz ki, özünüzü yaxşı aparsanız, sizinlə ciddi rəftar etməyəcəyik.

      – Məndən nə istəyirsiniz?

      – Mənə ancaq təşkilat və onun üzvləri haqqında bildiyiniz şeyləri açıb söyləməyiniz lazımdır. Amma ilk növbədə deyin görüm: Bollanı çoxdan tanıyırsınız?

      – Dediyiniz adamı tanımıram…

      – Bəs bu məktub yadınızdadır?

      Artur ona verilən məktubu tanıdı: bu məktubu payızda bir tələbə yoldaşına yazmışdı.

      Artur inkar etdi, amma səsi onun get-gedə əsəbiləşdiyini büruzə verirdi. Aclıq, pis hava, yuxusuz gecələr onu əldən salmışdı.

      – Berton, unutmayın ki, siz lazım olan kimi davranmasanız, mən çox ciddi tədbir görməli olacağam.

      – Necə istəyirsiniz, elə də edin.

      Tutulduğu gündən hələ bir ay keçməsə də, Arturla polkovnik arasında əməlli-başlı ədavət yaranmışdı. Bu gərgin mübarizənin uzanması Arturun əsəblərini əməlli-başlı korlayırdı. Nəhayət, bir gün nəzarətçi içəri girib onun pal-paltarını yığışdırmağa başladı.

      – Mənim əşyalarımı niyə götürürsünüz?

      – Sizi buraxırlar.

      – O birilərini də buraxırlar?

      Sualının cavabında nifrət dolu bir mızıltı eşitdi:

      – Yoxsa Bollanı nəzərdə tutursunuz?

      – Bollanı da, o birilərini də.

      – İndi ki yoldaşı onu ələ verib, yəqin, Bollanı hələ buraxmazlar… Belə də alçaqlıq olar?

      – Yoldaşı ələ verib? Bu, nə deməkdir? Hə… Məsələ aydındır. Bollaya deyiblər ki, onu mən ələ vermişəm. Bilirsiniz, mənə də demişdilər ki, məni Bolla ələ verib. Axı Bolla elə axmaq deyil ki, buna inansın.

      – Deməli, bu, yalandır? Sizin sözünüzü Bollaya çatdıracağam. Bilirsiniz, bir də onu deyiblər ki, siz onu qısqanclıq üstündə ələ vermisiniz… Guya ikiniz də bir qızı sevirmişsiniz.

      Arturu dəhşət bürüdü:

      – Bir qız?! Qısqanclıq?! Bunu haradan biliblər? Haradan biliblər bunu?

      – Dayanın! Mən sizə inanıram. Amma, bəlkə, günahlarınızı etiraf edəndə nə isə demisiniz?

      – Bu, yalandır! – Artur boğula-boğula qışqırdı.

      – Əlbəttə, siz daha yaxşı bilərsiniz. Ancaq tələyə düşən tək siz deyilsiniz. İndi casusluq edən bir keşişdən çox danışılır. Sizin dostlarınız onu ifşa ediblər.

      Artur həbsxanadan çıxıb daş pillələrlə küçəyə qalxanda sadə yun paltar geyinmiş, həsir şlyapalı bir qız qollarını açaraq ona sarı yüyürürdü:

      – Artur, mən xoşbəxtəm, çox xoşbəxtəm!

      – Cim! Cim!

      – Qulaq asın, əzizim! O anlaşılmazlığa görə narahat olmayın. Hamı başa düşür ki…

      – Hansı anlaşılmazlıq?

      – Bollanın məktubunu deyirəm. O yazır ki, siz onu ələ vermisiniz. Lakin sizi tanıyanlar bunun cəfəngiyat olduğunu başa düşür.

      – Cemma! Bu… həqiqətdir!

      Cemma yavaş-yavaş geri çəkildi. Onun iri qara gözlərinə dəhşət çökdü. Üzü boynuna sarıdığı şərf kimi ağappaq ağardı.

      – Bəli. Onun adını mən dedim. İlahi! – Artur pıçıldadı. Birdən Cemmanın yanında olduğunu dərk etdi:

      – Cemma, məni düz başa düşmədiniz!

      Artur qıza yaxınlaşanda Cemma çığıraraq geri çəkildi:

      – Mənə toxunmayın!

      – Siz Allah, qulaq asın! Mənim günahım yoxdur… mən… – Artur onun əlindən tutaraq həyəcanla dedi.

      – Rədd olun! Buraxın əlimi! Rədd olun!

      Cemma əlini Arturun əlindən çəkib oğlanın üzünə bir şillə vurdu. Arturun gözlərinə duman çökdü. Bir anlığa Cemmanın rəngi qaçmış üzündən, əllərindən başqa heç nə görmədi. Sonra duman dağıldı… Ətrafına baxıb tək olduğunu gördü.

      Altıncı fəsil

      Artur evlərinə çatanda hava lap qaralmışdı. O, küçələrdə məqsədsiz dolaşdığını xatırlasa da, harada və nə üçün bu qədər gəzdiyini xatırlaya bilmirdi. Yuxarı qalxanda xidmətçilərdən biri ilə qarşılaşdı. Xidmətçi Artura etinasız bir nəzər salıb dedi:

      – Ağalar qonaq gediblər, gec qayıdarlar.

      Artur saata baxdı. Onun kifayət qədər vaxtı var idi.

      Xidmətçi sözünə davam etdi:

      – Xanım elə bu gün sizinlə mühüm bir məsələ haqqında danışmaq istəyir. Xahiş etdi ki, onu gözləyəsiniz.

      – Yaxşı, xanıma deyərsiniz ki, o gələnə kimi yatmayacağam.

      Artur öz otağına keçib qapını bağladı.

      Bəli, hər şeyə son qoymaq lazım idi. Özünü necə öldürəcəyi ilə bağlı aydın bir təsəvvürü yox idi. Ancaq bunu mümkün qədər tez etmək istəyirdi.

      Pəncərənin yuxarısına böyük bir mismar vurulmuşdu. Artur stulun üstünə çıxıb onu yoxladı: mismar möhkəm idi, onu saxlaya bilərdi. Birdən stolun üstündə Montanellinin xətti ilə yazılmış bir məktub gördü:

      “Əzizim! Azad edildiyin gün səni görə bilmədiyim üçün çox məyusam. Məni yas yerinə çağırıblar. Sabah səhər tezdən yanıma gəl”.

      Artur ah çəkib məktubu yerinə qoyarkən düşündü: “Zavallı padre!”

      Küçədə insanlar gülür, danışırdılar. Arturun dünyaya gözünü açandan bəri heç bir şey dəyişməmişdi. Ətrafda heç bir şey insan qəlbinin, canlı bir insan qəlbinin şikəst olması ilə başqa bir şəklə düşməmişdi. Fontanlarda fəvvarə vuran sular parıldayır, sərçələr civildəşirdi, onlar dünən də belə civildəşirdilər, sabah da civildəşəcəklər… Amma o… artıq ölüb.

      Artur çarpayının qırağında oturub əllərini söykənəcəyin üzərində çarpazladı, başını əlləri üzərinə qoydu.

      …O, qapı zənginin səsini eşidib qorxu içində yerindən qalxdı. Budur, onlar gəldilər, amma o mürgüləyərək bu cür qiymətli vaxtı əldən vermişdi. Özünü öldürə bilməmişdi! İndi bu insanların üzünü görəcək, ədavətli səslərini eşidəcəkdi!…

      Artur döşəkağını götürüb tələsə-tələsə cırmağa başladı. Pilləkəndə ayaq səsləri eşidildi. O tələsir, ayaq səsləri isə yaxınlaşırdı. Qan gicgahlarında vurur, qulaqlarında səslənirdi. Tələsmək lazımdır. İlahi! Beşcə dəqiqə vaxt olsaydı!

      Qapı döyüldü. Döşəkağı parçaları Arturun əlindən yerə düşdü. O, tərpənmir, nəfəsini qısaraq diqqətlə qulaq asırdı. Yuliyanın