Artur sanki qanadlanmışdı. Cemma ilə eyni bir məqsəd uğrunda çalışdığı üçün özünü xoşbəxt hiss edirdi.
Axşam seminariyaya gedəndə Montanelli onu yeni rektorla tanış etdi. Rektor öz otağına getdikdən sonra isə o, Artura tərəf dönüb fikirli-fikirli dilləndi:
– Artur, əgər Romaya getməyimə etirazın varsa… Mən getməkdən imtina edə bilərəm.
– Padre! Bəs yepiskopluq?!
– Ah, Artur! Səndən məhrum olandan sonra yepiskopluğun mənə nə xeyri olacaq?!
– Mən heç nə başa düşmürəm. Padre, aydın deyin görüm, sizi nə narahat edir?
– Mən sənə görə narahatam. Düzünü de: sənin qarşında bir təhlükə var?
– Padre, biz hamımız Allahın hökmündəyik. Hər şey ola bilər. Lakin siz qayıdıb gələnə kimi məni heç bir təhlükə gözləmir.
– Qulaq as, əzizim! Sən “getmə” desən, mən getmərəm. Mənə elə gəlir ki, sənə yaxın olsam, təhlükədən uzaq olarsan.
– Padre, məncə, siz yorğunsunuz. Romaya gedib yaxşı dincəlməlisiniz.
– Yaxşı. Bəlkə də, sən haqlısan. Mən sabah yola düşəcəyəm, – desə də, Montanellinin üzündəki narahatlıq ifadəsi silinməmişdi.
Dördüncü fəsil
Montanelli gedəndən bir neçə gün sonra Artur seminariya kitabxanasına kitab almağa getmişdi. Pilləkəndə ona rast gələn yeni rektor kitabxanadakı kitablarla bağlı kömək istədi. Artur lazım olan izahatları verdikdən sonra getmək istəsə də, rektor onu saxladı:
– Yox, yox! Xahiş edirəm, getməyin. Qalın, axşam yeməyini bir yerdə yeyək.
Söhbət zamanı yeni rektor Artura günahlarını etiraf etmək üçün onun yanına gəlməyi təklif etdikdə oğlan onun təklifini məmnuniyyətlə qəbul etdi. Rektor ona səmimi insan təsiri bağışlamışdı.
Pasxa bayramından əvvəl Artur Cemmadan məktub aldı. Cemma onu evlərinə dəvət edirdi: “Mütləq bizə gəlin, sizi dostum Bolla ilə tanış etmək istəyirəm. O da buradadır, biz hər gün bir yerdə kitab oxuyuruq”.
Bu sözləri oxuyanda Arturun üzü qıpqırmızı qızardı: “Bollanın orada nə işi var? Cemma niyə onunla kitab oxuyur? Keçən iclasda onun Cemmaya vurulduğu aydın görünürdü. İndi də onunla bir yerdədir”.
Elə o dəqiqə Artur bu qısqanclığına görə xəcalət çəkməyə başladı. Cümə axşamı kilsədə yeni rektora günahlarını etiraf edərkən də bu peşmanlığını dilə gətirdi:
– Mən öz yoldaşıma qarşı qısqanclıq hislərinə qapılmaqda, kin bəsləməkdə günahkaram.
– Yoldaşınızın müvəffəqiyyəti və ya təcrübəsi sizə nisbətən çox olduğuna görə ona paxıllıq edirsiniz?
– Bəli, qismən buna görə. Amma bundan başqa… Mən… sevdiyim qızı ona qısqandım.
– Oğlum, elə bil hər şeyi açıb danışmırsınız. Sanki qəlbinizdə daha mühüm bir söz var.
Arturun dili dolaşdı:
– Mən ona görə həmin yoldaşıma paxıllıq elədim ki, mənsub olduğum “Gənc İtaliya” təşkilatı mənə tapşırılmalı olan bir işi ona tapşırdı.
– Bu iş nədən ibarət idi?
– Gəmi ilə gətirilən siyasi kitabları qəbul etmək, onları gizlətmək üçün bir yer tapmaq lazım idi.
– Təşkilat da bu işi sənin rəqibinə tapşırdı?
– Bəli, Bollaya tapşırdı. Odur ki, mən onu qısqanmağa başladım.
Yeni rektor nə isə fikirləşib dedi:
– Oğlum, unutmayın ki, siz çox müqəddəs və böyük bir işlə məşğul olursunuz. Çalışın ki, ruhunuz paxıllıqdan və ehtirasdan azad olsun.
Beşinci fəsil
Artur qapının səsinə yuxudan oyandı. Qapı bərk döyülürdü. O, tələsə-tələsə geyinib qapını açdı. Dəhlizdə ayaq səsləri, metal cingiltisi eşidilirdi. Artur bunun nə demək olduğunu dərhal başa düşsə də, xidmətçidən soruşdu:
– Mənə görə gəliblər?
– Bəli! Bir şey gizlətmək lazımdırsa, mən gizlədərəm…
– Gizlətməli bir şey yoxdur.
O, otaqdan çıxıb jandarmları gözləməyə başladı. Jandarmlar axtarışı qurtardıqdan sonra paltosunu geyinib onlarla birlikdə otaqdan çıxdı. Qardaşıgil dustağı yola salmağa çıxmasa da, xidmətçilər onun başına toplaşmışdılar. Artur doluxsunmuş halda xidmətçilərlə vidalaşıb aşağı endi.
Onu orta əsrlərdən qalmış nəhəng bir qalaya saldılar. Həbsxana həyatı Artura çox ağır görünməsə də, rütubət və qaranlıq ona pis təsir edirdi. Həbsxanada yemək də pis idi. Artur bütün vaxtını dua edərək keçirir, səbirlə gözləyirdi. Nəhayət, bir gün onu polkovnikin yanına apardılar və ilk sorğu-sual başladı:
– Artur Berton, “Gənc İtaliya” haqqında nə bilirsiniz?
– Bilirəm ki, bu, siyasi təşkilatdır. Xalqı üsyana qaldırıb, Avstriya ordusunu ölkədən qovmaq istəyir.
– Evinizdən tapılan qəzetləri haradan almısınız?
– Bunu deyə bilmərəm.
– Əlimizdə sizin “Gənc İtaliya” ilə yaxın əlaqəyə malik olmağınız haqqında sənədlər var. Əgər hər şeyi özünüz açıb danışsanız, sizin üçün yaxşı olar!
Bu cansıxıcı sual-cavab get-gedə Arturun zəhləsini tökür, onu əsəbiləşdirirdi. Bir tərəfdən də, Cemmanın və başqa yoldaşlarının taleyi onu çox narahat edirdi. Birdən polkovnik belə bir sual verdi:
– Covanni Bolla ilə son dəfə nə vaxt görüşmüsünüz?
– Belə bir ad mənə tanış deyil.
– Necə? O ki sizin universitet yoldaşınızdır.
– Mən universitet tələbələrinin hamısı ilə tanış deyiləm.
– Bollanı tanımalısınız. Baxın: bu, onun xəttidir. Görürsünüz ki, o, sizi yaxşı tanıyır.
Polkovnik bunu deyib ona bir kağız uzatdı. Kağızın yuxarısında “Protokol” sözü yazılmışdı, aşağısında isə Bollanın imzası var idi. Artur oxumağa başladı. Anladı ki, Bolla həbs edilib. Protokol sual-cavabdan ibarət idi, içində Bollanın təşkilatla əlaqəsi, iclaslar haqqında məlumatlar əks olunmuş və sonda bu sözlər yazılmışdı: “Təşkilatın üzvləri arasında Artur Berton adlı gənc bir ingilis də vardı”.
Artur qıpqırmızı qızardı. Bolla onu ələ vermişdi! Lakin birdən məsələni başa düşdü:
– Bu yalandır! Siz saxta bir kağız hazırlamısınız! Bunu sizin üzünüzdən görürəm. Siz alçaqsınız! Məni tələyə salmaq istəyirsiniz! Siz yalançısınız!
Polkovnik qeyzlə ayağa qalxıb yanındakı zabitlərdən birinə dedi:
– Əmr